Yaradıcılığını zəhmətə və zəhmətkeş insana həsr edən fırça ustası

19.11.2021 / Yeni nəşrlər
Yaradıcılığını zəhmətə və zəhmətkeş insana həsr edən fırça ustası

 

      XX əsrin əvvəllərində yeni rejimin bərqərar olması, Dünya müharibəsi dövründə durğunluq, müharibədən sonra yetişən gənc nəslin istedadlı nümayəndələrini daha coşğun həvəslə çalışmağa sövq edirdi. Bu dövrdə fəaliyyət göstərən  Xalq rəssamı Nadir Qasımov da rəssamlar sırasında təkrarsız izini qoymuşdur. Nadir Sadıq oğlu Qasımov 1928-ci il may ayının 22-də Bakı şəhərində anadan olmuşdur. O, 1941-1946-cı illərdə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində təhsil almış, 1947-ci ildə isə istedadlı rəssam Sankt-Peterburq Rəssamlıq Akademiyasında təhsilini davam etdirmişdir. Sevənləri Nadir Qasımovu realist, eyni zamanda sərt üslubun romantiki kimi tanıyır.
        O dövrdə məişət janrının inkişafı demokratik və realistik rəngkarlıq tendensiyalarının yaranmasından və incəsənətdə qoyulmuş vacib sosial problemlərdən irəli gəlir,  rəssamların xalqın həyatına və sadə insanların əmək fəaliyyətinə müraciəti ilə bağlı idi. Rəssamlar şəxsi və cəmiyyət həyatının bütün incəliklərini, onun çatışmazlıqlarını, cəmiyyətdən çıxmış insanın əziyyətlərini, ümidlərini, tənhalığı, müqavimətini, özünün müdafiəsi üçün hazırlığını analiz və tədqiq etməyə başladılar. Əmək-şərəf, ləyaqət, şöhrət və qəhrəmanlıq əlamətidir. SSRİ-nin bütün məqsədlərini bu ideya müəyyən edirdi və hamının dilində yekdilliklə səslənirdi. Bu cür formalaşmış cəmiyyətdə bütün əməklə məşğul olan peşə sahibləri məhz bu fikirlərin ardınca gedirdilər. Rəssamlar isə əməyi xüsusilə tərənnüm etməyə  başlamışdılar. Sovet rəngkarlığında “Sərt üslub” kütlələrdən ayrı düşmür, cəmiyyətə yararlı və başa düşülən olmağa çalışırdı. Onların əsərlərində tikinti sahəsində çalışanlar, geoloqlar, kolxozçular, qəhrəman neftçilər, dəniz və dağlar, dəmir dirəklər yer alırdı. Bu üslubun istiqmətini tutan, yaradıcılığı boyu sərt üslubun inkişaf etməsində xüsusi rolu olan, ona milli ənənələrimizin ruhunu verən boyakar Nadir Qasımovun əmək mövzusunda yaratdığı əsərlər neft buruqlarında çalışan neftçi əməyi ilə bitmir. O, Azərbaycanın müxtəlif sənaye şəhərlərinə səfər edir, burada zəhmətkeş xalqın əməyini də nümayiş etdirməyə müəssər olur. Yaradıcılığının əvvələrində rəssam əməyi tərənnüm edən etüdləri ilə yadda qalıb. Bu etüdlərdə ümumiləşdirilmiş formada təbiət qoynunda, kənd təsərrüfatının müxtəlif sahələrində çalışan zəhmətkeş insanların çətin sezilən siluetləri görünür. Bu etüdlərdən “Çay tarlasında” (1960) adlandırdığı əsərini misal göstərmək olar. Qeyd etdiyimiz kimi rəssam burada insanları iş başında dağ mənzərəsinin fonunda təsvir etmişdi. Rəng çalarlarının uğurlu seçimi nəticəsində rəssam insan zəhmətini və təbiəti vahid ritmə tabe etmiş, vəhdət halında göstərə bilmişdir.
        Nadir Qasımovun əmək mövzusunda işlədiyi uğurlu əsərlərindən biri də 1958-ci ildə  ərsəyə  gətirdiyi  “İliç buxtasının qurudulması”na (Dövlət Rəsm Qalereyasının fondunda qorunur) həsr etdiyi tablosu olmuşdur. Bu əsərdə zəhmətkeşlər dəniz buxtasının doldurulması zamanı ağır əmək prosesində, iş başında təsvir olunublar. Çoxfiqurlu və mürəkkəb kompozisiyalı tabloda gərgin əmək şəraitində fəaliyyət göstərən zəhmətkeşlərin xarakteri ön planda diqqəti cəlb edən bir fəhlənin obrazı ilə ümumiləşdirilmişdir. Kompozisiya elə qurulmuşdur ki, məkan daxilində uzaq məsafədən önə doğru mövzunu ətraflı şəkildə şərh etmək mümkündür. Bu əsərdə yorulmadan çalışan fəhlələrin təsvirində kəskin dinamika müşahidə edilir. Nadir Qasımov işıq və kölgə effektinə “İliç buxtasının qurudulması” əsərində isti və soyuq rəng çalarlarının keçidləri vasitəsi ilə nail olmuşdur. Bu sənət nümunəsini rəssamın yaradıcılığının ilkin dövrü üçün ən uğurlu tablolarından hesab etsək yanılmarıq. “İliç buxtasının qurudulması” (1958) əsəri onun iri həcmli monumental tablolarından olub, insan əməyini lirik şəkildə ifadə edir və rəssamın yaradıcılıq potensialını üzə çıxaran əsərlərindəndir. Bu təsvirin süjet xətti sözün əsl mənasında neftçilərin gündəlik həyat tərzinin qəhrəmanlıqdan ibarət olduğunu aşılayırdı. Nadir Qasımovun “İliç buxtasının qurudulması” əsərinin maraqlı tarixçəsi var. Onu qeyd edək ki, İliç buxtası rəssam tərəfindən müəyyən dəyişikliklər edilməklə üç dəfə təsvir olunub. Bu dövrdə bir çox rəssamlar “İliç buxtasının qurudulmasına həsr olunmuş əsərlər yaratmışdılar, çünki İliç buxtası ilk neft sənayesi obyekti idi. Azərbaycanda Sovet hakimiyyəti bərqərar olduqdan sonra neft daşlarından hələ əvvəl də neft şəhərində, polad sütunlar üzərində Qasımovun həmyerliləri adi bel, araba, arabalara qoşulmuş atların köməyi ilə dənizə yollarını davam edir və buxtanı qurudaraq neft çıxarırdılar. Nadir Qasımov İliç buxtasına özünəməxsus yanaşır və buxtanın doldurulması anını göstərmək qərarına gəlir. Bu dönəmdə rəssamın mənzərə janrına da meyli güclənir. Həm də sənaye mənzərələri çəkmək istəyi artır və  o, İliç buxtasını üçüncü dəfə təsvir edir. Lakin bu dəfə əmək mövzusunda deyil, mənzərə təsviri kimi kətana köçürür və nəticə uğurlu alınır.
     O, çoxsaylı ezamiyyətlərdən bir-birindən maraqlı tablolarla qayıdır. Müəllif, xalqın əməyini təsvir edərkən onların əzmini, iradəsini, əməyə olan rəğbətini və sevgisini nümayiş etdirir. Rəssam zəhmətkeşlər arasında qadın əməyini yüksək qiymətləndirir, romantik ruhlu əsrarəngiz əsərlər yaradırdı. Mahir fırça ustası Lənkəran, Mingəçevir, Daşkəsən, Naxçıvan və digər gözəl Azərbaycan torpaqlarını qarış-qarış gəzir, insanları təbiət qoynunda çalışan vəziyyətdə təsvir ediridi.
    O, Lənkəranda ezamiyyətdə olan zaman “Lənkəran qızları” (1967), “Çəltik tarlasında”  (1960), “Rəfiqələr” (1969), “Lənkəran çayçıları” adlı maraqlı tabloları ərsəyə gətirir.
Rəssamların təsvirlərinin əsas obrazları böyük və məsuliyyətli, öz təcrübəsi olan, özünə inamlı və daxilən motivasiyası olan xüsusi tip sovet qəhrəmanları idi. “Çəltik tarlasında” (1964) əsəri də qadın əməyini tərənnüm edən möhtəşəm bir sənət nümunəsidir. Əsərin ideya məzmununun təməlində dövrün çalışqan, zəhmətkeş qadınlarının əməyə olan sevgisi dayanır. Bu əsərə baxarkən tamaşaçı şux rənglərin təzadının və rəngarəng çalarların hökm sürdüyü  dinamik  kompozisiyaya malik  löhvə ilə  qarşılaşır. Əsərdə açıq çəhrayı, tünd yaşıl, qırmızı, ağ rəngin çalarlarının ritmik qovuşması harmonik şəkildə bir birini tamamlayır. Burada qollarını çırmayıb çəltik yığan, öndə məğrur duruşu ilə diqqəti cəlb edən qadın fiqurlarında dinamika öz əksini tapmışdır. Kontur xətlər və sərt yaxmalar əsərin məzmununu daha da qabardıb. Rəssamın bu qəbildən olan, qadın obrazlarını  ümumiləşdirildiyi “Lənkəran qızları” (1967) əsərində Azərbaycan qadınının zəhmətkeşliyi, çalışqanlığı ilə yanaşı gözəlliyi və mərdliyini ifadəli bir şəkildə görünür. Başında ağır yük daşıyan Lənkəranlı qızlar qüvvəli və cəsurdular.
       Nadir Qasımov zəhmətlə bağlı bütün əsərlərində yalnız Azərbaycan xalqının zəhmətkeş kütlələrini canlandırırdı. Onun əsərləri milli ovqatdan ayrı düşmür, hər vəhclə xalqımızın zəhmətkeş oğul və qızlarını əsərlərində süjetin mərkəzində saxlayırdı. Bu silsiləyə daxil digər maraqlı əsər rəssamın “Rəfiqələr” (1969) adlandırdığı romantik ruhlu bir əsəridir. “Lənkəran qızları” əsərində olduğu kimi rəssam burda da üç qadın obrazını canlandırıb. Bu iki əsər arasındakı fərq odur ki, “Rəfiqələr” əsəri daha rəngarəng tərzdə həll olunmuşdur. Rəssam bu əsərində xırdalıqlara varmış, sərt yaxmaların gücü ilə əməyin insandan tələb etdiyi iradəni, təbiətə  müqavimət göstərə bilmək qabiliyyətini açıb göstərirdi. Burada qadın obrazlarının üz ifadələrində qayğı  və cəsarət oxunur. Nadir Qasımov cənub bölgəsində olarkən kətana köçürdüyü əmək mövzusundakı əsərlərinin süjetini gündəlik həyatda rastlaşdığı motivlərdən götürürdü. “Lənkəran çayçıları” (1967) əsərinin də cizgiləri dinamik vurğulanmışdır. Bu əsərdə biz ümumiləşdirilmiş üç qadın fiqurunun təsviri ilə rastlaşırıq. Rəssam əsərin süjetində çay sahəsində çalışan qadınların məharətini göstərir. Burada qadınlar topladıqları məhsulu tərəziyə qoyarkən təsvir olunublar. Sanki qadınlar tərəziyə qoyduqları çay yarpaqlarının çoxluğu ilə yarışa girib, məharətləri ilə qürrələnirlər. Qadınların geyimi, simalarındakı nur ilə rəssam əsərə milli ruh qatıb. O, təkcə əməyi önə çıxartmır, qadınların xarakterindəki zərifliyi, həlimliyi ilə Azərbaycan qadınlarının mehriban xarakterini açıqlayır. “Lənkəran çayçıları” əsəri Dövlət Rəsm Qalereyasının fondunda qorunur. Doğma xalqın adət ənənələrini, rəngarəng libaslarını, incə naxışlarını ürəkdən sevən rəssam “Lənkəran çayçıları”, “Rəfiqələr”,  “Çəltik tarlasında”, “Lənkəran qızları” adlı əsərlərində qadınlarımızın mənəvi aləmini fırçaya almışdır. Əsərlərdə obrazların sakit dialoqu hökm sürür. Göründüyü  kimi Lənkəranlı zəhmətkeşlərin gündəlik qayğıları, həyat tərzi və milli  xüsusiyyətlər rəssamın daim diqqət mərkəzində idi. Bütünlükdə isə Nadir Qasımov yaradıcılığının diqqətçəkən olması onun müraciət etdiyi təsvir motivlərini obrazlı təqdim etməsindən qaynaqlanır. Bu da heç şübhəsiz onun nəhayətsiz fantaziyaya malik olmasının, adi reallığı yaddaqalan irreallığa çevirə bilmək istedadının nəticəsidir.”
        Nadir Qasımovun “Pambıq tayasında” (1963) əsəri də müvəffəqiyyətli əsələrindəndir. O, kənd adamlarının simasını və səfalı təbiət mənzərələrini canlandırır, tarlalarda və yaylaqlarda çalışan kolxozçuların əməyinə maraq göstərir, onların timsalında ümumiləşdirici tablolar yaradırdı. Rəssam xalqın məişətində baş verən dəyişikliklərə, yenilik əlamətlərinə həssaslıqla yanaşır, əsərlərini ailə, məişət, əməyə sevgi mövzusunda davam etdirirdi. Əsərdə kollektiv əməyin poeziyasından doğan nikbin əhval-ruhiyyə üstündür. Bu tabloda da insanların mənəvi aləminə nüfuz etmək cəhətdən rəssamın xüsusi qabiliyyətinin mövcudluğunun bir daha şahidi oluruq. O, “Pambıq tayasında” əsəri ilə  ilk dəfə idi ki, yaradıcılığında yaşlı və  gənc nəsli bu qədər yaxından yanaşı təsvir ediridi.
        Azərbaycanın dağ rayonlarında olan rəssam mədən şaxtaçıları mövzusu üzərində çalışır və onların əməyini 1961-1964–cü illərdə yaratdığı “Mədəndən qayıdanlar”, “Daşkəsən səhəri”, “Sonuncu reys”, “Daşkəsənlilər”, “Daşkəsən dağlarında”, “Daşkəsəndə qış” əsərlərində vəsf edir. Təbii ki, Daşkəsən sənayesinin o zaman rəssamların  mövzusuna çevrilməsi təsadüfi deyildi. Çünki iri sənaye mərkəzlərindən biri idi. Bu baxımdan “Daşkəsən mənzərəsi” (1967) əsərində Nadir Qasımov ağır yük maşınlarını təsvir etməklə gərgin iş prosesini əyani şəkildə canlandırır. Rəssam bu dəfə enişli-yoxuşlu dağ yollarında hərəkət edən yük maşınların təsviri hesabına dinamik kompozisiya qurur. Belə kompozisiya quruluşu yaratmaq rəssamdan böyük ustalıq və səbr tələb edir.
       Təbii ki, rus təsviri sənətində baş verən hadisələr SSRİ-nin tərkibində olan digər dövlətlərdə də öz əksini tapırdı. Ölkədən kənarda rus təsviri incəsənətinin xırdalıqlarına bələd olan rəssamlar ölkəyə qayıdarkən bu xüsusiyyətləri əsərlərində özünəməxsus şəkildə şərh edirdilər. Bu dövrdə qeyd etdiyimiz kimi insan əməyinin tərənnümü ön plana çəkilir. Sərt yaxmalarla əməyin mənəvi xüsusiyyəti əsərlərdə açıq şəkildə sərgilənir. Bu qəbildən olan əsərlər sırasında “Xəzər nefti” adlanan əsər dayanır. İnsan əməyinin gözəlliyini tərənnüm edən bu əsər maraqlı kompozisiya quruluşuna malikdir. Kompozisiyada nefçilərdən ibarət fiqurlar ön hissədə yerləşdirilib dinamik tərzdə həll olunmuşdur. Arxa planda gümüşü çənlər-rezervuarlar yorğun fəhlələrin fonu kimi çıxış edir.
     Nadir Qasımov respublikanın müxtəlif guşələrinə yaradıcılıq səfərləri zamanı yaratdığı əmək və məişət mövzulu tablolarında müraciət etdiyi motivləri romantik ruhla, yüksək sənətkarlığı sayəsində ifadə edə bilmişdir. “Rəfiqələr”, “Çəltik sahəsində”, “Lənkəran qızları”, “Bazarda” və digər əsərləri ona görə duyğulandırıcı və yaddaqalan olmuşlar ki, onlarda görüntülər rəssamın ruhi prizmasından keçirməklə rənglərə bələnmişdir. Bu cür bədii yanaşma həm də onun hər bir əsərinin təbiət və insanın vəhdət şəkilində ifadəsində cəm olmuşdur. Bu da Nadir Qasımovun sonsuz fantaziyaya malik olmasını, qısa zaman kəsiyində  bədii sınaqlardan uğurla çıxdığını təsdiqləmişdir.

Nəticə. Nadir Qasımovun yaradıcılığında sənaye mənzərələri, sərt üslub kontekstində yazılan məqalədə Vətən müharibəsindən sonrakı illərdə qurub–yaradan insanların, müharibə qəhrəmanlarının, kənd zəhmətkeşlərinin, fəhlələrin əməyinin rəssamın əsərlərinin əsas mövzusunu təşkil etməsindən bəhs olunur. Məqalədə həmçinin, rəssamın diqqət mərkəzində dayanan, əməyi ilə qürrələnən insan obrazlarından danışılır. Rəngkarın xarici ölkələrdə, Azərbaycanın bir çox rayonlarında baş tutan ezamiyyətləri nəticəsində ərsəyə gətirdiyi çoxsaylı əsərləri təhlil olunmuşdur.

 

Dürdanə Qurbanova

Azərbaycan Dövlət Rəsm Qalereyasının

kiçik elmi işçisi