Rəssamların “doğma” obrazları

26.11.2021 /
Rəssamların “doğma” obrazları

Tarix boyu insanlar vəfat etmiş insanların simalarını, xatirələrini unutmamaq üçün və ya müəyyən ritualların yerinə yetirilməsi, ruhların tərk etdiyi bədənləri tapması və s. səbəblərlə simalarını ölümsüzləşdirmək üçün təsvirlərini əks etdirirmişlər.

Portret- fotoşəkil, rəsm, heykəl və s. sənət növlərində obrazın həm xarici görünüşü, həm də psixoloji xarakterini əks etdirərək təsvir olunan əsərlərdir. Bu əsərlərin əsas məqsədi insanın görünüşünü, şəxsiyyətini və ruh halını əks etdirməkdir. Məlum olan ən qədim portret Fransada Vilhonneur mağarasında 27000 yaşı olan divar rəsmi hesab olunmasına baxmayaraq, Krallar və imperatorlar kimi zadəganlara aid olmayan ilk portretlərdən Fayum mumya portretlərini xüsusi qeyd etmək lazımdır. Misirin Fayum ərazisindəki məzarlarda, mumyaların qoyulduğu tabutlara çəkilən bu portretlər, quru iqlim şəraiti sayəsində bu günə qədər gəlib çatmışdır. Bunlar, müxtəlif freskalar xaricində, bu günə çatmış olan ilk portret növü hesab edilir. Roma heykəltəraşlığında portretlər, xüsusilə idealizə olunmadan real təsvirlərdə verilirdi. IV əsrdən başlayaraq insanların görünüşləri idealizə edilmiş formalarda təsvir edilirdi. Avropada real portret anlayışına qayıdış orta əsrin sonlarında Fransada əsasən Burgonya əyalətində başlandı.

Antik sivilizasiyalar arasında portretlər yaradan bir neçə mədəniyyətdən biri də Perudakı Moche tayfasıdır. Bu əsərlərdə obrazların anatomik xüsusiyyətləri detallı şəkildə və dəqiqliklə təsvir edilmişdir. Portretləri çəkilən şəxslər hakim zümrə, rahiblər, döyüşçülər və məşhur sənətçilər olmuşdur. Bu şəxslər həyatlarının müxtəlif mərhələlərində təsvir olunurdu. Hətta “tanrıların” portretləri də yaradılırdı. Bu əsərlərdə saç stilləri, geyimləri və üz makiyajları kimi detallara, mövzulara xüsusi əhəmiyyət verilirdi. Dünyada ən məşhur portret əsəri dünya şöhrətli rəssam Leonardo da Vinçinin naməlum qadın "Mona Lisa"nın portretidir.

Portret janrının bir başqa növü avtoportretdir. Avtoportret yunan mənşəli söz olub “öz” mənasını verir. Rəssamların və ya heykəltəraşların öz portretlərini yaratması avtoportret adlanır. Avtoportretlər sənətkarın şəxsiyyətini və yaradıcılığına xas olan yalnız özünün duya bildiyi keyfiyyətləri əks etdirir. Bir sözlə, rəssam öz daxili aləmini izləyiciyə çatdırmağa çalışır və ya obrazını yaradaraq əbədiləşdirir. Avtoportret müxtəlif rakurslardan və müxtəlif vasitələrlə çəkilir. Bir çox halda avtoportretlərin çəkilməsində köməkçi vasitə kimi güzgüdən istifadə olunur. Bu janrın ən qədim nümunəsinin antik dövr heykəltəraşı Fidi tərəfindən yaradıldığı hesab edilir və bu rəsmə görə o, ömrünün sonuna qədər zindana salınmışdır. Dünya incəsənətində sonralar da Sandro Botiçelli, Pol Qoqen, Rafael Santi, Albrext Dürer, Tisian, Rembrandt, Pablo Pikasso, Vinsent van Qoq, Pol Sezan, El Qreko, Frida Kalo və s. məşhur rəssamlar tərəfindən maraqlı avtoportretlər çəkilmişdir.

Qeyri-adi avtoportretlərin müəllifi olan Vinsent Van Qoqun rəvayətlərdən birinə əsasən bir qadına vurulması, ruhi pozuntulara gətirib çıxarmışdı. Böyük psixoloji sarsıntı keçirdiyi dövrlərdə qulağını kəsən holland rəssamın “Kəsilmiş qulaqla avtoportret” əsəri yaddaqalan qeyri-adi avtoportretlərdən olmuşdur. Avtoportretləri ilə diqqəti özünə çəkən bir digər rəssam ispan sənətkar Pablo Picassodur. Onun yaradıcılığının müxtəlif mərhələlərində yaratdığı avtoportretlərində kəskin dəyişikliklərin səbəbi psixoloji problemlərinin olmasıdır. 18 yaşında yaratdığı əsərlə 90 yaşlarında çəkdiyi əsərlər arasında bu fərq kəskin görünür. Yaradıcılığında avtoportretlərlə məşhur bir digər rəssam isə, Frida Kalodur. Sonsuz sayda "Fridalar" təsvir etmiş rəssamın izahı: “Mən daha çox öz rəsmlərimi çəkirəm… Ona görə ki, əsasən tək qalıram, özümlə oluram. Həm də Frida mənim ən yaxşı bələd olduğum mövzudur.” Frida Kalonun ən məşhur avtoportretlərindən biri – “Frida.. Dieqo.. Və əzablar!” rəsm əsəridir.

Azərbaycan təsviri sənətində avtoportretin banisi Bəhruz Kəngərli hesab edilir. Tağı Tağıyev, Rasim Babayev, Toğrul Nərimanbəyov, Tofiq Ağababayev, Nağdəli Xəlilov, Faiq Əkbərov və s. rəssamlar Azərbaycan incəsənətində bu janrın nümayəndələri olan sənətkarlar sırasındadır. Azərbaycan rəssamlarının avtoportretlərində milli ab-hava hiss olunur. Belə əsərlərə Toğrul Nərimanbəyov “Avtopotret”, Tağı Tağıyev “Xalça satan. Avtoportret” və s. əsərlər də bu janrın yaddaqalan nümunələrindəndir.

 

Azərbaycan Dövlət Rəsm Qalereyasının kiçik elmi işçisi

Şəbnəm Əzizova