Qaragöz Kuklam

02.12.2021 /
Qaragöz Kuklam

 

 

2500 ildən artıq yaşı olduğu deyilən kukla sənəti lap qədimdən mədəni irs nümunəsi kimi sənət növləri arasında məxsusi yer tutmaqdadır. Zamanın süzgəcindən ələnərək müəyyən dövrlərə çatan kukla sənəti ayin, oyun və daha sonra teatr alətinə, müasir dövrdə isə həm də bədii sənət əsərinə çevrilərək  dünyanın məşhur muzey və qalereyalarında nümayiş olunmaqdadır.  Kuklalar bizi anadan olduğumuz gündən müşayiət edir. Atası ona həmişə kukla alanda gözlərinin qara olmamasından çox təəccüblənən Solmaz xanım gəlinciklərin gözlərini qara qələmlə rəngləyər, istədiyi kimi alınmayanda isə böyüyəndə özüm kukla düzəldəcəyəm deyərdi. Kiçik qızın arzuları hələ uşaqlıqdan onun gələcəkdə yiyələnəcəyi peşəsinin qığılcımlarının işartısı idi.

Solmaz Musayeva 10 aprel 1928-ci ildə Mərdəkan kəndində dövrünün tanınmış ziyalılarından olan publisist Qurban Musayevin ailəsində  dünyaya gəlmişdir. Onun böyüdüyü mühit yaradıcı insanlarla əhatə olunmuşdur. Solmaz xanımın əmisi Xalq yazıçısı Qılman İIkin, xalası oğlu Həsən Seyidbəylinin Musayevlərin evində tez-tez olması balaca qızın sənət aləminə marağını günbəgün artırmasında müstəsna rol oynamışdır.  İllər ötür Solmaz xanım böyüdükcə arzuları da qanadlanır, sənətə olan sevgisi alovlanır, əlindən qələm-kağız düşmür. Bu minvalla  yollar onu Əzim Əzimzadə adına Bakı Rəssamlıq məktəbinə aparır. O, burada  Maral Rəhmanzadə ilə tanış olaraq qrafika sənətinin sirlərini  öyrənir. 1952-ci ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini bitirən Solmaz xanım Muxin adına Ali Bədii Dekorativ-Tətbiqi Sənət İnstitutunun Keramika fakültəsinə əla qiymətlə daxil olsa da çox təəssüf ki, ailə vəziyyəti ilə bağlı olaraq təhsilini yarımçıq qoymağa məcbur olur.

Solmaz Musayeva 1965-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Rəssamın həyat və fəaliyyətinin əsas dövrü Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı ilə bağlıdır. O, bu teatrda 1965-1981-ci illərdə  quruluşçu rəssam, 1987-ci ilədən isə baş rəssam kimi  fəaliyyət göstərmişdir. Onun   ilk tamaşası “Şəngülüm, Şüngülüm və Məngülüm”  olmuşdur. 25 il işlədiyi müddətdə Solmaz xanım 60-dan çox tamaşaya səhnə tərtibatı vermişdir. Onun A.Qaydarın “Malçiş-Kibalçiş”, S.Marşakın “Bu ev kimin evidir?”, Ü.Hacıbəylinin “O olmasın, bu olsun”, Ə.Abbasovun “Şəngülüm, Şüngülüm, Məngülüm”, X.Əlibəylinin “Cunquş”, Anarın “Qaravəlli”, T.Mütəllibovun “Meşə nağılı”, F.Sadığın “Yumaq top”, M.Atəşin “Cırtdan”, M.Seyidzadənin “Sehrli nar” və s. kimi yaddaqalan, uşaqların sevdiyi tamaşalrının adlarını qeyd etmək mümkündür. Kukla Teatrını möcüzələr teatrı adlandıran Solmaz xanımın kukla sənəti üzrə təhsili olmasa da dünya miqyasında keçirilən kukla teatr festivallarında iştirak etməsi onun üçün əsl sənət məktəbi olmuşdur.

Tamilla Məhərrəmova ilə bir çox səhnə əsərlərinə həyat verən Solmaz Musayevanın birgə iş birliyi olan “”Sehirli quyu” tamaşası Zaqafqaziya Teatrlarının festivalında uğurla nümayış olunmuşdur. Habelə, “Cunquş” tamaşası  Hindistanda, “O olmasın, bu olsun” tamaşası Özbəkistanda böyük rəğbət qazanaraq tamaşaçı diqqətindən yayınmamışdır.

Teatr rəssamlığı ilə yanaşı Solmaz Musayeva təsviri sənətin digər sahələrində də öz qabiliyyət və istedadını nümayiş etdirərək  6 cizgi filminə quruluş vermişdir.  "İlham" kukla cizgi filmi 1974-cü ildə Özbəkistanın paytaxtı Daşkənddə keçirilən beynəlxalq festivalda I dərəcəli diploma, "Göyçək Fatma" kukla cizgi filmi 1976-cı ildə Gürcüstan Rəssamlar İttifaqının xüsusi diplomuna layiq görülmüşdür. Azərbaycanda istehsal olunan ilk kukla cizgi filmlərinin rəssamı olan Solmaz Musayeva bu filmləri rejissor Vaqif Behbudovla birlikdə ərsəyə gətirmişdir.

Solmaz Musayeva dünya miqyasında keçirilən Kukla Teatrı festivallarının daim iştirakçısı olmuşdur. Onun 1993-cü ildə Pakistanda keçirilən Şərq ölkələrinin tətbiqi sənət üzrə festivalda təqdim etdiyi gəlinciklər baş örtüklərindən tutmuş çarıqlarına qədər milli koloritdə, Azərbaycanın ayrı-ayrı bölgələrinə məxsus libaslarda olması ilə diqqət mərkəzində olmuşdur.  Festivalın ən marqlı iştirakçısı hesab edilən Solmaz xanım bu festivalda I dərəcəli mükafata layiq görülmüşdür. Azərbaycan rəssamını artıq dünyanın bir çox yerlərində yaxşı tanıyır və onun sənətinə rəğbət göstərirdilər.

25 kukladan ibarət zəngin koloritli "Azərbaycan qadın toyu" kompozisiyası 1995-ci ildə Səttar Bəhlulzadə adına sərgi salonda Novruz sərgisində nümayiş etdirilmişdir. O zaman sərgidə iştirak edən ümummilli lider Heydər Əliyevin kuklalar çox xoşuna gəlmiş və müəlliflə maraqlanmışdır. Sənəti və sənətkarı həmişə yüksək səviyyədə qiymətləndirən ulu öndər Solmaz Musayevanın istedadını  dəyərləndirərək ona işlərində uğurlar arzulamışdır. Rəssam ömrünün sonuna kimi onun yaradıcılığı barəsində deyilmiş xoş sözləri dərin minnətdarlıqla xatırlamışdır. Həmin əsər Avstraliyada keçirilən spartakiada zamanı da ekspozisiyada  nümayiş etdirilmişdir.

Solmaz Musayevanın yaradıcılığında  "Şuşalı qadına Şirvanlı xanım qonaq gəlib" adlı əsərini xüsusi vurğu ilə qeyd etmək lazımdır. Hər iki bölgənin geyimlərindəki özünəməxsusluğu bütün elementlərdə vurğulayan Solmaz xanım tamaşaçılarını sanki sehirli aləmə aparır. Əlbəttə rəssamın hər əsəri haqqında geniş danışmaq mümkündür. Amma onu qeyd etmək lazımdır ki, Şuşa mövzusu hər bir azərbaycanlı üçün incə məqam və həssas mövzudur. Çox təssüf ki, ömür Solmaz xanımın “Şuşa sən azadsan!” qələbə dolu kəlmələrini eşitməsinə vəfa vermədi. Böyük məhəbbət və xiffətlə yaratdığı "Şuşalı qadına Şirvanlı xanım qonaq gəlib" əsəri hal-hazırda  UNESCO-nun mənzil qərargahının daimi eksponatıdır.

1987-ci ildən fərdi yaradıcılıqla məşğul olan rəssamın dörd mindən artıq milli etnoqrafik kuklaları yerli və xarici ölkələrin məşhur muzeylərində, şəxsi kolleksiyalarda saxlanmaqdadır. Azərbaycan Dövlət Rəsm Qalereyasının kolleksiyasında Solmaz Musayevanın 8 əsəri qorunur.

İlk kukla rəssamı Solmaz  Musayevanın yaradıcılığı yüksək qiymətləndirilmişdir. O, 2007-ci ildə Azərbaycan Respublikasının Əməkdar rəssamı fəxri adı ilə təltif olunmuşdur.

Nağılvari kompozisiyalar, çoxsaylı obrazlardan ibarət kukla ansambllarının müəllifi  Əməkdar rəssam Solmaz Musayeva 21 oktyabr 2016-cı ildə Bakı şəhərində vəfat etmişdir.

 

Könül Vəliyeva 

Azərbaycan Dövlət Rəsm Qalereyasının kiçik elmi işçisi