Erməni vandalizmi cəzasız qalmamalıdır

24.12.2021 /
Erməni vandalizmi cəzasız qalmamalıdır

Zəfər ruhu ilə yaşadığımız 2021-ci il başa çatmaqdadır. Azərbaycan tarixinin şanlı səhifəsi olan 44 günlük Vətən müharibəsində otuzillik əsarətdən qurtulan yurd yerlərimizdə geniş bərpa-quruculuq işləri başlanıb. Erməni işğalçıları otuz ilə yaxın bir müddətdə bu yerlərdə daşı-daş üstə qoymayıblar. Tar-mar edilən şəhər, qəsəbə və kəndlərimizlə bərabər yüzlərlə tarixi-mədəniyyət, memarlıq abidələrimiz də məhv edilib.

Qarabağımızın tacı olan Şuşada, Laçında, Ağdamda, Kəlbəcərdə və digər işğal olunmuş ərazilərimizdə məbədlər, qəbiristanlıqlar, məzarüstü abidələr, türbələr yerlə yeksan edilib, yararsız hala salınıb. Bu illər ərzində uçuq-sökük vəziyyətə gətirilən məscidlərimiz barbarlar tərəfindən tövləyə çevrilmiş, mədəni irsimizin bir hissəsi olan alban xristian məbədlərinin memarlığı, üzərindəki yazılar dəyişdirilərək erməniləşdirilmişdi.

Təəssüf ki, bu illər ərzində erməni vandallarının törətdiyi bəşəri cinayətlər,  “Dünya mədəni və təbii irsin mühafizəsi haqqında” UNESCO-nun 1972-ci il Konvensiyası, “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyası kimi beynəlxalq sənədlərin kobud şəkildə pozulması dünya birliyi tərəfindən laqeydliklə qarşılanıb.

Bu gün mədəniyyətimizin paytaxtı Şuşada erməni barbarlığının qurbanı olmuş abidələrimiz bərpa edilir. Ermənilərin gülləbaran etdikləri abidələr – Natəvanın, Üzeyir bəyin, Bülbülün büstləri – bu gün əzəli məkanında, Şuşadadır. Molla Pənah Vaqifin türbəsi qısa müddətdə yüksək səviyyədə yenidən bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.

Amma ermənilər tərəfindən dağıdılmış elə tarixi abidələrimiz var ki, onların bərpası qeyri-mümkündür. Laçında Həmzə Sultan, Soltan Əhməd saraylarını, Füzulidə XIII əsrə aid olan Əhmədalılar, Arğalı, Babı, Mir Əli  türbələrini, XVII-XVIII əsrə aid karvansaraları, məscidləri, İbrahim türbəsini, Qubadlıda IV əsrə aid ibadətgah mağarasını, Qalalı qalasını, Göy qalanı buna misal çəkmək olar. Siyahını istənilən qədər artırmaq mümkündür. Çünki Qarabağ ərazisi qədim yaşayış məskəni, hər dövrü əks etdirən tarixi abidələrlə zəngin bir torpaq olub.

Bir ilə yaxındır ki, işğaldan azad edilmiş ərazilərdə Mədəniyyət Nazirliyi tərəfindən monitorinqlər aparılır, nəticələri barədə beynəlxalq təşkilatlara – UNESCO və İCESCO-ya məlumat verilir.

Ermənilərin mədəni irsimizə vurduğu ziyan hesablanaraq beynəlxalq hüquq normaları, konvensiyaların tələblərinə müvafiq olaraq işğalçıdan təzminat tələb edilməlidir. Beynəlxalq instansiyalar vasitəsilə Ermənistan məcbur edilməlidir ki, qəsb edib apardıqları tarixi-mədəni irs nümunələrini geri qaytarsınlar. İnanırıq ki, bu istiqamətdə görülən işlər özünün müsbət nəticəsini verəcək, erməni vandallarının törətdiyi vəhşiliklər dünya ictimaiyyətinə olduğu kimi çatdırılacaq, onlar beynəlxalq səviyyədə cəzalarını alacaqlar.

Rəna ŞAHİRZAYEVA
Azərbaycan Dövlət Rəsm Qalereyasının elmi işçisi

Məqalə "Mədəniyyət" qəzetində çap olunub.