Arif Əziz - Sənəti ilə ölkələrə körpü salan rəssam

05.01.2022 /
Arif Əziz - Sənəti ilə ölkələrə körpü salan rəssam

          Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi,  professor,  Dünya Rəssamlıq Akademiyasının həqiqi üzvü və bu qurumun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Arif Əziz 60 ilə yaxın yaradıcılıq fəaliyyəti ərzində Azərbaycan təsviri sənətinin inkişafına göstərdiyi xidmətlərə, mədəniyyətimizi xarici ölkələrdə layiqincə təmsil etdiyinə görə dəfələrlə diplom, orden və fəxri adlarla təltif olunmuşdur. Elə bu zəhmətin nəticəsidir ki,  nəinki Azərbaycanda o cümlədən, dünyanın bir çox ölkələrində tanınır və sevilir. Yaradıcılığı daim diqqət mərkəzində olmaqla sənətşünasların tədqiqat obyektinə çevrilmişdir.

           Arif Əziz Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirdikdən sonra  1966-1971-ci illərdə S.Q. Stroqanov adına Moskva Dövlət Ali-Bədii Sənaye Rəssamlıq İnstitutunda  “Sənaye qrafikası, qrafik dizayn” ixtisası üzrə təhsil alıb. 1971-ci ildə Poloniya Universitetində “Qrafik dizayn” üzrə təkmilləşmə kursu keçib. Elə həmin ildə vətənə qayıdaraq M.Əliyev adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətə dəvət olunur. Öz üzərində daim işləyən sənətdə kamilləşməyə doğru gedən rəssam 1973-1975-ci illərdə SSRİ Xalq rəssamları Mikayıl Abdullayev və Yevgeni Kibrikin yaradıcılıq emalatxanasında təhsilini davam etdirib.

          O, həmçinin Azərbaycan Dizaynerlər İttifaqı, Beynəlxalq Reklam Assosasiyasının üzvü və YUNESKO-nun sülhməramlı səfiridir.

          1971-ci ildən etibarən rəssamın bədii yaradıcılıq istiqaməti ilə pedaqoji fəaliyyəti bərabər, addım-addım irəliləməyə başlayır. Beləliklə o, Azərbaycanda ilk qrafik dizayner kimi tanınır, plakatlar, loqolar, ekslibrislər, afişalar, portretlər ilə yanaşı dəzgah rəngkarlığında da bir-birindən maraqlı əsərlər ərsəyə gətirir. Elə bu illərdən başlayaraq rəssam ayrı-ayrı ölkələrdə keçirilən sərgilərdə iştirak edir və onun fərdi sərgiləri təşkil olunur.

           Hər bir rəssamın fırçasında ilk növbədə yaşadığı mühitin təsirindən yaranan təəssüratlar öz əksini tapır. Arif Əzizin Abşeronu, Bakı bağlarını, dəniz mənzərələrini canlandırdığı əsərlərində milli ruh ilə qovuşan yeni ideyalar özünəməxsus üslub xüsusiyyətləri əmələ gətirir. Bu üslub rəssamın dəst-xəttidir. Həmin dəst-xəttidir ki, keçmiş ilə gələcəyin, ənənə ilə yeniliyin sintezini tətbiq etməklə onun yaradıcılıq yolunu formalaşdırır. Arif Əzizin yaradıclığının başqa bir tərəfi bu əsərlərin insanın yaddaşına həkk olunmasıdır. Daha çox mücərrəd elementli, dekorativ xüsusiyyətli əsərləri ilə böyük ustalıqla tamaşaçının qəlbinə yol açır, onu düşündürür,  əsərin hər tərəfində cizgilərin, xətlərin, fiqurların  arasında  gizlənən məqamların axtarışı, duyğuların düşüncəyə çevrilməsi ilə nəticələnir. Abstraksiya elə bu cəhətdən maraqlıdır ki,  nəzəri cəlb edir, insan gördüyünün mənasını araşdırır. Bu rəssamın yaradıcılıq uğurudur və hər zaman sənətkarlıq baxımından yüksək qiymətləndirilir.

         Getdikcə rəssamın yaradıcılığında abstrakt səpkili tablolar daha sıx-sıx görünməyə başlayır. Belə ki, əsərlərində təzadlı rəng qammasına müraciət edir,  şərti fiqurlu,  mücərrəd kompozisiyalı əsərlərin sayı artır. Onun plakatlarında yazılı ifadənin yerini təsvirli, obrazlı ifadə tutur və yüksək bədii ifadə gücünə malik nümunələr yaranır.

         Arif Əzizin keçmiş sosialist ölkələrinin demək olar ki, hamısında, Finlandiya, Almaniya, Fransa, İtaliya, Madaqaskar, Türkiyə, İran  kimi dövlətlərdə müxtəlif zamanlarda sərgiləri təşkil olunmuş, o, Azərbaycan təsviri sənətini, mədəniyyətimizi xarici ölkələrdə uğurla təmsil etmişdir.

           Görkəmli sənətkar Baltikyanı ölkələrə xüsusilə, Vilnüs şəhərinə səfəri zamanı tarixi memarlıq abidələri, qırmızı kirəmitli evlər, daş döşəməli səliqəli küçələr, insanlar, adət-ənənələr və əfsanələrdən təsirlənərək etüdlər edir, portretlər işləyir. Vilnüs silsiləsinə daxil olan “Annanın müqəddəs tonqalı”, “Sevgililər”, “Pribaltika” kimi ofortları, “Vilnüs” linoqravürü, natürmort və portretlərini 1968-ci ildə Polşada keçirilən sərgidə nümayiş etdirib.

        1974-1975-ci illərdə tanınmış teatr rejissoru, SSRİ Xalq artisti Andrey Qonçarov Moskvada Nikolay Erdmanın “İntiharçı” adlı tragikomediyasının tamaşasını hazırlayarkən öz ideyaları, müasirliyi ilə diqqətini çəkən Arif Əzizi də tragikomediyaya bədii tərtibat verməyə dəvət etmişdir. Lakin gənc rəssamın bu sahədə təcrübəsizliyinə baxmayaraq, tragikomediyaya tərtibat verir və tamaşa uğurlu alınır.

        1976-cı ildə Arif Əziz Oleq İbrahimov və Arif Hüseynov ilə birlikdə Sibirə,  Baykal–Amur Magistralının  tikintisi ilə əlaqədar yaradıcılıq ezamiyyətinə göndərilirlər. Arif müəllim  Sovet dönəminin əsas  “Hər şey vətən üçün, hər şey xalq üçün” şüarı altında çalışan insanların yüksək ideyalarını, niyyətlərini ifadə edən plakatlara imza atır. Bu səpkidə onun “Tayqanı ram edirik”, “Gələcək bizi zəfərlərə səsləyir”, “Baykal-Amur magistralı başa çatdırılacaqdır”, “BAM mərdlik məktəbidir” kimi romantik üslubda, müasir baxışda, obrazlı təfəkkürə əsaslanan plakatlar silsiləsi yaranır. Sənətkarın bu plakatları çağırış əhəmiyyətli idilər. Qısa və lakonik ifadə vasitələrinin köməyi ilə geniş fikir formalaşdıra bilməsi rəssamın güclü təfəkkürünün məhsuludur. Bu plakatlarda gələcəyə ümidlə baxan insanların ümumiləşdirilmiş obrazları öz əksini tapır. Arif Əzizin plakatlarının əsas xüsusiyyəti ondadır ki, nəinki informasiya daşıyıcı əhəmiyyətə malikdir, həmçinin maarifləndirici əhəmiyyət kəsb edərək müasir günümüzdə də öz təsir qüvvəsini itirməmişdir. Bütün belə zəhmətlər qarşılıqsız qalmamış, SSRİ Rəssamlar İttifaqı yenilikçi rəssamı V.İ.Lenin komsomolu mükafatına layiq görmüşdür.

           1983-1986-cı illərdə rəssam Afrikaya-Seneqala dəvət alır. “Bakı və bakılılar” adlı sərgidə onun əsərləri Seneqalın nümayəndə heyəti tərəfindən yüksək qiymətləndirilir. Bir-birindən maraqlı isti və əlvan rənglərə bürünmüş əsərləri yaradıcılığına yeni rəng qatır. Onun “Zənbilli oğlan” , “Tələbə”, “Gid” adlı tabloları bu səpkidəndir. Daha sonra onun nisbətən abstrakt lövhələri “Oyanış” adlı silsiləsinə daxil olur. “Savanna” və “Qayıqlar” əsərində isə o, Seneqal mənzərələrini dekorativ üslubda kətana köçürür. Rəssam Afrika incəsənəti ilə yaxından tanış olaraq, aldığı təəssüratlardan “Seneqallı qızlar” , “Gülsatan qız”, “Baobab” kimi  maraqlı  kompozisiyalı əsərlər yaradır. Seneqal mövzusu emosional ruhlu, güclü rəng qamması, effektli kompozisiyası ilə yaradıcılığında böyük rol oynamış, onu zənginləşdirmişdir.

        Seneqalda olarkən portret janrına da müraciət edir. Bu baxımdan “Balıqçı”, “Afrikalı gənc qadın”, “Bunqalo qarşısında iki qadın” əsərlərində rəssam afrikalı insanın mənəvi aləmini böyük ustalıqla ifadəli təqdimatına çalışmışdır. “Portret” əsərində istedadlı qrafik üz cizgilərinin müxtəlif formalarına işıq-kölgə vasitəsi ilə nail ola bilmişdir.

         Arif Əzizin xarici səfərləri ilbəil genişlənir, dünyanın dörd bir yanına ezamiyyətləri  baş tutur. 1981-ci ildə öz  sivilizasiyası ilə fərqlənən Hindistana yola düşür. Rəssam Hindistanın özünəməxsus mədəniyyəti, tarixi, adət-ənənələri ilə yaxından tanışlıq imkanı qazanır. Səfər zamanı Azərbaycan Sənayesi Nailiyyətləri çərçivəsində o, Azərbaycan sənayesinin nailiyyətlərini özündə əks etdirən pavilyonun tərtibatını verir və bununla yanaşı həm də fərdi sərgisini nümayiş etdirir. Bu sərgilərin davamı olaraq  Dehli, Bombey, Mədras, Aqra şəhərlərində və Şri-Lankada da sərgilər keçirilir. Bu Əsərlərində  Hindistana xas şux rənglər, adət-ənənələr, əhval-ruhiyyə duyulur. Sərgi ilə bağlı xatirələrində Arif Əziz qeyd edir ki, “Bütün rənglərin bir-birinə uyğun gəldiyini məhz Hindistanda anladım”. Burada da o, yorulmadan yaradıcılığını zənginləşdirməyin yollarını axtarır.

            90-cı illərdən etibarən rəssamın yaradıclığında əsaslı dəyişikliklər baş verir, Arif Əziz dünyada bəyaz əsərlər silsiləsi ilə öz sözünü deməyə başlayır, fəaliyyətinin “Bəyaz” dövrünə qədəm qoyur. Ağ rəngin hökm sürdüyü bu tablolar ölkəbəölkə gəzir, insanlar Azərbaycan təsviri sənətinin müasir tərəflərini yenilikçi rəssamın gözü  ilə tanımağa başlayırlar. Rəssamın özünün də qeyd etdiyi kimi, hər bir musiqiçi 7 notu tanısa da, heç də hər bəstəkar bu notların köməyi ilə əsrarəngiz musiqilər  bəstələyə bilmir. Rəssamlıqda da bu belədir. Rənglər müxtəlifdir. Düzgün, yerində istifadə edilməzsə, rəng yaxmasından başqa bir şey olmuyacaqdır. Arif Əzizin  əsərlərində isə  rəssamın yüksək sənətkarlıq bacarığından irəli gələrək ağ rəngin bolluğu  bədii tərtibatını zövqlə təşkil edir.

         Arif Əziz mahiyyətdə -dünyanı dərkdə müasir olmağa çalışır. 1996-2009-cu illərdə Türkiyədə “Bəyazlar” silsiləsindən sərgilərindən sonra Türkiyə kütləvi informasiya vasitələri bu sərgilərə münasibət bildirərkən müəllifi “Arif Bəyaz” adlandırmışıdılar. Bəyaz dövrə aid silsiləyə “Qədim mesajlar”, “Kaleydeskop”, “Şəkildə şəkil”, “Kosmik xəritə”, “Qalaktikanın göz qırpması”, “Kosmik atəşfəşanlıq”, “Kosmik aldanış”, “Səma sırsırası” kimi əsərləri daxildir.

         2013-cü ildə Parisdə rəssamın “Ulduz” Fransa – Azərbaycan Mədəni Əlaqələr Cəmiyyətinin və “CİFAL Groupe”un Azərbaycan nümayəndəliyinin dəstəyi ilə təşkil olunmuş 40-dək əsərinin nümayiş olunduğu sərgisi baş tutur. Fransanın məşhur dizaynerləri Jan Klod Jitrua, Kristof Gilarme, Tilman Qrav, məşhur maneken və aktrisa Sara Marşal, media nümayəndələrinin iştirak etdiyi sərgidə Arif Əzizin üslubunu müasir rəssamlıqda bir inqilab kimi dəyərləndirib və əsərlərini ənənəvi rəssamlıqla abstrakt rəssamlığın vəhdətindən yaranmış təkrarsız yaradıcılıq inciləri adlandırmışdılar.

      Rəsmlərdə mövcud olan ritm, harmoniya, rənglərin bir biri ilə son dərəcə uyumu sanki rənglərin rəqsinə bənzəyir. Bunu Fransa səfərinə həsr olunmuş “Mulen Ruj” silsiləsindən olan əsərlərində də hiss etmək mümkündür. Rəssamın Qərb insanının ruhunu, duyğularını və baxışını əks etdirdiyi bu əsərlər mahiyyət etibarilə müasir günün incəsənətini təbliğ edir. Silsiləyə daxil olan əsərlərdə gözləri maska  bəzəyi ilə örtülü qadın obrazlarını müxtəlif istiqamətlərdən axan rəngli xətlərin harmoniyası tamamlayır. Bu rəngarəng xətlər bir-birinə keçərək xaotik forma alır. Rəssam xətlər ilə sirli baxışlı qadını sintez edərək əsərə daha da mistik abu-hava bəxş edir. Beləliklə, rəngkar bu silsilədən olan işlərdə fiqurativ rəngli xətləri qəsdən müxtəlif istiqamətlərdən yağdıraraq  tabloda dinamikaya və emosional durumun ortaya çıxmasına nail olur.

        2015-ci ildə Almaniyanın paytaxtı Berlin şəhərində yerləşən “Gallery Schulz”  qalereyasında fırça ustasının “Rəngin ruhu” adlı fərdi sərgisi keçirildi. Sərgidə çıxış edən “Gallery Schulz”  qalereyasının sahibi  Mixail Şults Arif Əziz yaradıcılığını Azərbaycan Sovet incəsənəti ilə müasir Azərbaycan incəsənəti arasında əlaqəndirici kimi qiymətləndirmişdi. “Arif Əzizin yaradıcılığı hər zaman dəyişən və abstrakt olub. Sənəti ilə yaxından tanış olduqda, onun bədii yaradıcılığının inkişafını və düşüncə tərzini anlamaq olar”. Müəllif isə öz çıxışında bildirib ki, “Azərbaycan müstəqil dövlət olduqdan sonra rəssamların yaradıcılığına yeni nəfəs verildi. Sovet  dövrünün əsas götürdüyü “Sosialist realizmi”-nin mövcud qadağaları aradan götürüldü.”  Bütün bunlara baxmayaraq rəssamın müasirliyə meylliyi əsərlərindən yan ötmədi. O, öz əsərlərində təsviri sənətin yeni ifadə vasitələrini axtarır, Qərb incəsənəti elementləri ilə milli ənənələri unikal şəkildə birləşdirməyi bacardı.

         Londona səfər 2018-ci ildə baş tutdu. Beynəlxalq səviyyədə tanınan rəssamın əsərlərinə bu dəfə ayrı rakursdan baxılır. Belə ki, tanınmış Alman modelyer Leoni Merger 2017-ci ildə Berlin və London moda həftələrində nümayiş etdirilmiş və tənqidçilər tərəfindən bəyənilmiş “Qarabağ”  kolleksiyasından sonra ərsəyə gətirdiyi ikinci layihəsi öz müasir yaradıcılıq tərzi ilə diqqəti cəlb edən Arif Əzizin rəsm əsərlərini öz geyimlərində əks etdirmək qərarına gəldi. “Arif Əziz buraxılışı” kimi tanınan yeni kolleksiya başlanğıc nöqtəsini rəssamın “Bəyaz” dövründən götürmüşdür. Leoni Mergen sənətkarın əsərlərində  hökm sürən ağ rəngin mistikası,  cizgilərin ritmik həlli, müasirlik və harmoniya modelyerin yeni kolleksiyasını işləyib hazırlamasına ilham vermişdir.

           2019-cu ilin mart ayında Arif Əzizin Türkiyədə növbəti fərdi sərgisi təşkil olunur. Bu dəfə İstanbulun Üsküdar Bələdiyyəsinin və TEAS Pressin təşkilatçılığı ilə “Nevmekan Sahil” sərgi salonunda “Bəyaz körpü” adlı fərdi sərgisi ilə sənətsevənləri sevindirdi. Sərgidə rəssamın müxtəlif illərdə yaratdığı 133 əsər nümayiş olunmuşdu. Bu zaman Üsküdar Bələdiyyəsinin başçısı Hilmi Türkmen Arif Əzizin Azərbaycan-Türkiyə mədəni münasibətlərinin inkişafındakı əhəmiyyətli rolunu qeyd edərək rəssama “Təşəkkürnamə” təqdim edir. Onun 1970-ci illərdən başlayaraq bugünədək qrafika, rəngkarlıq, dizayn, teatr dekorasiyası sahələrində yaratdığı əsərlər tamaşaçılar tərəfindən böyük maraqla qarşılandı. Sərgi salonunun iki mərtəbəsini əhatə edən ekspozisiyanın  konsepti  Arif Əziz yaradıcılıq yolunun  fərqli məqamlarını, onun bədii spesifikasını, rəssamın fərdi manerasını izləyicilərə açıqlamaq idi. Tədbir çərçivəsində 8 Mart Beynəlxalq Qadınlar Günü ilə bağlı Üsküdarda keçirilən III “İz buraxan qadınlar zirvəsi” tədbirində Arif Əziz “Bəyaz” adlı əsərini Türkiyənin “Yaşılay” cəmiyyətinin  və “İslam işbirliyi” təşkilatının prezidenti Esra Erdoğan Albayraka hədiyyə etmişdir.

           Arif Əzizin yarım əsrdən çox yaradıcılıq fəaliyyətindən hələ çox danışmaq olar.. Dəfələrlə ABŞ, Rusiya, Finlandiya, İran, Türkiyə, Seneqal, Almaniya, Fransa və digər ölkələrdə fərdi yaradıcılıq sərgiləri keçirilən rəssamın əsərləri Moskvada “Şərq muzeyi”ndə, Tehranda “Şəhriyar muzeyi”ndə, Ankarada “Dövlət muzeyi”ndə , Bakıda Milli İncəsənət Muzeyində, bir çox sənətsevərlərin şəxsi kolleksiyasında və s. saxlanılır.Gərgin əməyinin nəticəsi olaraq, 2018-ci ildə o, Azərbaycan Respublikasının Prezidentinin fərmanına əsasən “Şöhrət” ordeniylə təltif edilmiş və  Azərbaycanın Xalq Rəssamı fəxri adına layiq görülmüşdür. Arif Əzizin sərgiləri, nailiyyətləri və  müasir fərqli manerası ilə Azərbaycan təsviri incəsənətinə yeni tövhələrini verməyə davam edir, onu dünyada tanıdır və öz sözünü rəsmin dili ilə sənətsevərlərə çatdırır...

 

Qurbanova Dürdanə  

Azərbaycan Dövlət Rəsm Qalereyasının kiçik elmi işçisi

Məqalə "Mədəniyyət" jurnalında çap olunub.