Heykəltəraşlıqda Nizami Gəncəvi obrazları

21.01.2022 / Yeni nəşrlər
Heykəltəraşlıqda Nizami Gəncəvi obrazları

Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi şair Nizami Gəncəvinin anadan olmasının 880 illiyi ilə əlaqədar, 2021-ci ilin  “Nizami Gəncəvi ili”  elan edilməsi  Nizami irsinin öyrənilməsi baxımından əhəmiyyətli hadisədir.

Dahi şair və mütəfəkkir Nizami Gəncəvinin yaradıcılığı Azərbaycan ədəbiyyatı ilə yanaşı, orta əsrlərdən bəri incəsənətin müxtəlif sahələrinə göstərdiyi misilsiz təsiri ilə səciyyəvidir. XII əsr Azərbaycan tarixi, adət-ənənələri, məişəti haqqında məlumatları şairin poemalarından əldə edən sənətkarlar müxtəlif sahələrdə Nizami obrazlarını, onun poemalarındakı mövzulardan bəhrələnərək canlandırmışlar. Onun xalq dilinə, adət-ənənələrinə yaxın, ülvi məhəbbəti, əxlaqi-tərbiyəvi ideyaları təcəssüm etdirən əsərləri bugün də aktualdır.

Paytaxtın və respublikanın ayrı-ayrı bölgələrinin ən mötəbər yerlərində Nizami Gəncəvinin heykəllərinə  rast gələ bilərik. Şairin obrazına həsr olunmuş abidələr onun yalnız doğma vətəni  ilə məhdudlaşmır, dünya şöhrətli yazıçıya müxtəlif illərdə dünyanın bir sıra ölkələrində heykəllər ucaldılmışdır.

1939-cu ildə Nizami Gəncəvinin 800 illik yubileyi ilə əlaqədar, şairin rəngkarlıq obrazının yaradılması üçün elan edilən müsabiqədə rəssam Qəzənfər Xalıqov akademiklər - şərqşünas Yevgeni Bertles, filosof Heydər Hüseynov və ədəbiyyatşünas-Həmid Araslının məsləhətlərindən yararlanmış, şairin surətinə uyğun simanı yaratmağa müvəffəq olaraq, müsabiqənin qalibi seçilmişdir. Beləliklə, Qəzənfər Xalıqovun yaratmış olduğu portret gələcəkdə şairin obrazını yaradan sənətkarlar üçün nümunə oldu. Bu hadisədən sonra Nizami Gəncəvinin obrazını əks etdirən heykəlin qoyulması üçün Ümumittifaq müsabiqəsi keçirildi. Heykəltəraş Fuad Əbdürrəhmanov şairə həsr olunmuş müsabiqəyə iki variantda heykəl hazırlamışdı. Bu obrazı əks etdirən heykəlin ikinci variantı 1946-cı ildə Gəncə şəhərində qoyuldu. Heykəl 2009-cu ildə bərpa edilmiş, mərmər postament bürünclə əvəz olunmuşdur.

Şairin doğma şəhərində onun xatirəsinin əbədiləşdirilməsi bu monumental heykəl ilə bitmir, onun daha bir heykəli Gəncə şəhərindəki məqbərəsinin yaxınlığında qoyulub.  Heykəltəraş ağac altında oturmuş şairin ağır fiqurunu statiklikdən uzaqlaşdırmaq üçün şeir deyən tərzdə təsvir etmişdir. Lakin Nizami Gəncəvinin əsərlərində olan maraqlı səhnələri əks etdirən heykəl parçalarının da qoyulması bu kompleksi daha da canlandırmışdı. Burada biz, öküzü çiyninə qaldıran Fitnəni, Bisütun dağını dələn Fərhadı, Nüşabənin görüşünə gələn İskəndərin obrazlarını görə bilərik. Bu layihənin müəllifi Əməkdar memar, Şərq ölkələri Beynəlxalq Memarlıq Akademiyasının müxbir üzvü Fərman İmamquliyev və heykəltəraş Qorxmaz Sücəddinovdur.

Nizami Gəncəviyə həsr olunmuş heykəllərdən biri də Gəncə şəhərinin baş memarı, heykəltəraş - Şərif Şərifova məxsusdur (2012). O, Gəncənin abu-havasını Nizami dühası və qəhrəmanlıq ruhuna kökləyən yaradıcı insanlardan biridir. Bu heykəl şairin 1949-cu ildə Bakıda ucaldılan fiquru ilə oxşarlıq təşkil edir. Fərqi postamenti izləyərkən hiss etmək olur. Şərif Şərifov müsahibələrinin birində: “Bu dahi mütəfəkkirimizin işıqlı obrazı bizim xalqı həmişə yüksək pillələrə qaldırır. Odur ki, Nizaminin doğma şəhərinin ilk görüşdəcə yaradacağı təəssürat onun dühasının bəşəri miqyasına uyğun olmalı idi” - deyə qeyd etmişdir. 

Nizami Gəncəvinin 1949-cu ildə Bakının mərkəzində, Nizami Meydanında ucaldılmış heykəli memorial abidədir və bu tunc heykəlin ümumi hündürlüyü 9 metrdir. Fiqurun baxış nöqtəsi Nizami Gəncəvinin adını daşıyan Azərbaycan Ədəbiyyat Muzeyinə yönəlmişdir. Burada şairin bir əli belinə sarılmış qurşağındadır, digər əlində isə bükülmüş kağız tutmuşdur. Heykəltəraş  fiqurun bir ayağını digərinə nisbətən bir addım irəli verərək dinamikaya nail olur. Abidənin binalarla əhatə olunması tamaşaçının uzaqdan baxış nöqtəsini məhdudlaşdırsa da, park boyu mərkəzi pillələrlə yuxarı qalxdıqca fiquru ön hissədən aydın izləmək mümkündür. Məsələ ondadır ki, heykəl öncədən şairin adını daşıyan muzeyin heykəl kompleksini tamamlamaq məqsədi ilə ucaldılmışdır. Abidəyə xüsusi görkəm verən səkkizbucaqlı postamentin yeddi tunc lövhəsi üzərindəki barelyeflər rəssam Qəzənfər Xalıqovun “Xəmsə”dən götürülmüş mövzulara çəkdiyi eskizlər əsasında hazırlanmışdır. Şairin yaradıcılığını açıqlama xarakteri daşıyan bu barelyeflərin müəllifi A.Xryunovdur. Tunc lövhələrdə “Fərhadın Bisütun dağını yarması” (Xosrov və Şirin), “İskəndərin Nüşabə ilə görüşü” (İskəndərnamə), “Nuşirəvan və bayquşların söhbəti” (Sirlər Xəzinəsi), “Leyli və Məcnun mədrəsədə” (Leyli və Məcnun), “Fərhad və Xosrovun görüşü” (Xosrov və Şirin), “Bəhram Gurun əjdahanı öldürməsi” (Yeddi Gözəl) kimi lirik, drammatik, gərgin süjetlər əks olunmuşdur. Bu heykəl bədii tərtibat baxımından  Fuad Əbdürrəhmanovun müəllifi olduğu Nizami Gəncəvinin Gəncə şəhərində qoyulmuş  ikinci heykəlindən daha zəngin idi.

Yarım əsrdən çoxdur ki, Bakının mərkəzini, Nizami Gəncəvinin “Yeddi gözəl” poemasından götürülmüş qəhrəmanı “Bəhram Gurun əjdahanı öldürməsi” mövzusunda ucaldılmış heykəli bəzəyir. 1959-cu ildə ərsəyə gətirilən kompozisiyanın müəllifləri - Aslan Rüstəmov, Albert Mustafayev və Qorxmaz Sücəddinovdur.  Funiklyorun qarşısında,  dinamik tərzdə həll olunmuş heykəlin hündürlüyü 3,5 metr, fəvvarənin diametri 20 metrdir. Bəhram Gurun  heykəli  Bakıda ilk heykəlli-fəvvarə hesab olunur. Əsərin qəhrəmanı əlində qılıncını sıyırmış və  arxaya dartılmış şəkildə, qıvrılmış əjdahanın başına zərbə endirən zaman təsvir olunmuşdur. Bu yolla, gənc heykəltəraşlar  Bəhram Gurun əjdaha ilə mübarizəsini ustalıqla qabartmış,  heykəlin plastik həllində dinamikliyə nail olmuşdular. 2007-ci ildə heykəl Azərbaycan Rəssamlar İttifaqının Bədii Fondu tərəfindən bərpa edilmişdir. Monumental görünüşü ilə diqqətləri  cəlb edən heykəl Bakı şəhərinin simvollarından birinə çevrilmişdir.

Uzun müddət şairin obrazını yaratmağa çalışan heykəltəraş Tokay Məmmədov da müəllimi Fuad Əbdürrəhmanovun yaratdığı “Nizami” heykəlindən təsirlənmiş, ilk dəfə  Nizami Gəncəvinin ağacdan təsvirini yonub, hazırlamışdı. Heykəltəraşın yaratdığı portret 1955 - ci ildə Varşavada sərgilərdə uğurla nümayiş etdirilib və əsər şairin adını daşıyan Ədəbiyyat Muzeyində qorunub saxlanılır.

80-ci illərin sonlarında Bakının Fəvvarələr meydanını Telman və Eldar Zeynalov qardaşlarının birgə ərsəyə gətirdikləri Nizami Gəncəvi “Xəmsə”sinə həsr olunmuş kompozisiya tamamlayırdı. Kompozisiyanın eskizinin ölçüsünü heykəltəraş Rəşid Hüseynov böyütmüşdür. Monumental çoxfiqurlu kompozisiya hovuzun üzərində qoyulmuş, dörd tərəfdən əfsanəvi obrazlarla tamamlanmışdır. Bu kompozisiya Fəvvarələr meydanında abadlıq və yenidənqurma işlərinin aparılması ilə əlaqədar olaraq meydanın müasir görünüşünə uyğun gəlmədiyi üçün götürüldü.

2007-ci ildə Sumqayıt şəhərində, Nizami meydanının mərkəzində Nizami Gəncəvinin abidəsi ucaldılmışdır. Hündürlüyü 4 metrə yaxın olan tunc heykəlin müəllifi İsa Məmmədxanovdur.

Orta əsrlər şərq ədəbiyyatının  görkəmli mütəfəkkirlərindən biri hesab edilən şair həmçinin  humanist filosof idi. Onun fikirləri, nəsihətləri dünyanın dörd tərəfinə yayılmışdır. Ona görə də Nizami Gəncəvinin monumental heykəl və büstlərinin  dünyanın bir çox ölkələrində ucaldılması təəccüblü hal deyil. Sənətkarlar şairi gah əyləşmiş halda, gah ayaq üstə, bəzən əlində kitab, bəzən isə əlində lələk qələmi (pero) ilə, dahi şəxsiyyətin mənəvi zənginliyini və  obrazının fərdi cəhətlərini heykəllərdə əks etdirməyə nail olmuşdular.

Nizami Gəncəvinin daha bir heykəli Rusiyanın paytaxtı Moskvada yerləşir. Azərbaycanın Rusiyadakı səfirliyi yaxınlığında yerləşən heykəlin açılış mərasimi 1991-ci ildə baş tutub. Abidənin müəllifləri Telman və Eldar Zeynalov qardaşlarıdır. Səkkizbucaqlı postamentdə ucaldılan şairin fiquru oturmuş vəziyyətdə, əlləri dizi üstə qoyulmuş kitab üzərində təsvir edilib. Geyimi ənənəvi şərq üslubunda olan Nizami Gəncəvinin  obrazında incə lirizm və təbilik duyulur.

Şairin Sankt-Peterburq şəhərinin Kamennoostrovski prospektində yerləşən bağçadakı heykəlinin əsası 1996-cı ildə qoyulsa da, 2002-ci ildə şəhərin 300 illik yubileyinə Azərbaycanın hədiyyəsi olaraq təqdim olunmuşdur. Hündürlüyü 5 metr, tunc materialdan tökülmüş heykəlin müəllifi heykəltəraş Görüş Babayev, memarı isə Rusiyanın Əməkdar rəssamı Feliks Romanovskidir. 150 sm-lik səkkizguşəli ulduz formasında düzəldilmiş postament üzərində ucaldılmış Nizaminin tağ altında oturmuş statik fiquru, əlində kitab şərq üslubunda işlənmişdir. Postamentin üzərində Azərbaycan dilində "Nizami Gəncəvi" sözləri yazılmışdır. Abidənin açılışında Azərbaycan prezidenti, ümummilli lider Heydər Əliyev və Rusiya prezidenti Vladimir Putin iştirak etmişilər. Vladimir Putin abidənin açılışını şəhərin təntənəli və sevincli hadisəsi kimi qiymətləndirmiş, Nizamini böyük şair olmaqla yanaşı, dahi humanist adlandırmış və onun yaradıcılığının bütün insan bəşəriyyətinə məxsus olduğunu qeyd etmişdir.

Nizami Gəncəvi yaradıcılığı özbək klassik incəsənətindən də yan keçməmişdir, Nizami irsindən təsirlənərək özbək ədibləri və sənətkarları çox maraqlı əsərlər yaradıblar.  2004-cü il Özbəkistanın paytaxtı Daşkənddə Nizami Gəncəvinin büstünün açılışı olub. Abidənin müəllifi İlham Cabbarovdur. Sənətkar şairi bir əlində kitab ilə digər əlini sinəsinə sıxmış şəkildə təsvir edərək, büstü maraqlı kompozisiya ilə tamamlamışdır. Heykəl Özbəkistan Pedaqoji Universitetinin yaxınlığında yerləşdirilmişdir.

Rusiya Federasiyası Çuvaş Respublikasının paytaxtı Çeboksari şəhərində də 2004-cü ildə filosof, mütəfəkkir, bütün mədəni dünyaya nadir poetik irs qoymuş dahi Azərbaycan şairi Nizami Gəncəviyə aid abidə ucaldılmışdır. Bu təşəbbüs Ümumrusiya Azərbaycan Konqresinə məxsusdur və Ali Attestasiya Komissiyasının Çelyabinsk bölgəsindəki regional şöbəsi tərəfindən həyata keçirilmişdir. Abidə Nizami adına bir küçədə qoyulmuşdur. Böyük Nizamiyə həsr olunmuş heykəlin müəllifi məşhur azərbaycanlı heykəltəraş, dünya şöhrətli şəxs Ömər Eldarovdur.

2005-ci ildə Azərbaycan Mədəniyyət Günləri çərçivəsində Moldovanın paytaxtı Kişinyov şəhərində şairin daha bir büstü qoyulmuşdur. 2012-ci ildə əsaslı yenidənqurma işlərindən sonra həmin ərazidə Nizami Gəncəvinin adını daşıyan park da salındı. Abidənin memarı Semyon Şoyxet və heykəltəraşı Azərbaycanın Xalq rəssamı Akif Əsgərovdur. Abidə başında çalma olan, şərq geyimli bir şairi təsvir edən qranit büstdən ibarətdir. Postamenti qırmızı qranitdən hazırlanmışdır və şərq ornamentləri ilə bəzədilmiş, üzərində ingilis dilində şairin adı, doğum və ölüm tarixləri yazılmışdır.

Azərbaycanın Müstəqillik əldə etməsinin 20 illiyi münasibəti ilə keçirilən tədbirlər çərçivəsində 2011-ci ildə Meksikanın Akapulko şəhərində Nizami Gəncəvinin xatirəsinə abidə ucaldılmışdır. 2012-ci ildə Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycan Respublikasının Prezidentinin "Azərbaycanın dahi şairi Nizami Gəncəvinin 870 illiyi haqqında" sərəncamına əsasən dahi mütəfəkkirin heykəlləri ucaldılmışdır. Bu münasibətlə İtaliyanın paytaxtı Roma şəhərində “Villa Borghese” parkında görkəmli şair Nizami Gəncəvinin abidəsinin açılışı olmuşdur. Abidənin müəllifləri Xalq rəssamı Səlhab Məmmədov və Əməkdar rəssam Əli İbadullayevdir. Layihə, Roma şəhəri Hökumətinin tarix və incəsənət üzrə komissiya tərəfindən təsdiqlənmişdi. Heykəlin postamentində İtalyanca “Azərbaycan Respublikasının Roma şəhərinə hədiyyəsi” yazılmışdır. Əlində lələk qələm, kürsüdə əyləşmiş formada həll olunmuş heykəlin geyimindəki qatlar şairin monumental heykəlinə ağırlıq verir, dahi şairin məğrur obrazını tamamlayır.

Nizami Gəncəvinin 870 illiyi ərəfəsində (2012) Çinin paytaxtı Pekində,  Çaoyan parkında klassik Azərbaycan ədəbiyyatının görkəmli şairinin büst abidəsi yerləşdirilmişdi. Büstün müəllifi məşhur Çin heykəltəraşı Yuan Sikundur.  Şairin başında çalma təsvir edildiyi büstün üzərində çin və ingilis dillərində şairin adı, doğum və ölüm illəri, həmçinin "Böyük Azərbaycan şairi, alimi və mütəfəkkiri" ifadəsi yazılmışdır. Aşağıda Azərbaycan və Çin dillərinə tərcümə edilmiş, şairdən bir sitat da var.

2016-cı ildə Sloveniyanın paytaxtı - Lyublyananın şimal şəhər parkında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin büst abidəsinin açılış mərasimi keçirilmişdi. Abidənin müəllifi əslən azərbaycanlı Ukraynanın Xalq rəssamı, heykəltəraş və memar Seyfəddin Qurbanovdur.

Xalqlar arasında sülhün, dostluğun möhkəmləndirilməsinə yönəlmiş maarifləndirici tədbirlər çərçivəsində Rusiyanın "Mədəniyyətlərin Dialoqu - Bir Dünya" Beynəlxalq Xeyriyyə İctimai Fondu dünyanın böyük elm və incəsənət xadimlərinə abidələr ucaldır. Bunların arasında Aleksey Leonovun Nizami Gəncəvinin tuncdan heykəltəraşlıq portreti də var. 2016-cı ildə qoyulmuş abidə Rusiyanın “Etnomir” əsas etnoqrafik muzey-parkında yerləşir. Görkəmli şair müdrik baxışlarını səmaya tuşlamış, bir əlini ürəyinə sıxaraq, digərində açıq kitab tutmuş və əsərlərinin fəlsəfəsində əks olunan həyatın anlaşılmaz mənasını sanki açıqlayan tərzdə həll olunmuşdur. Heykəltəraş Aleksey Leonovun şairin obrazına bu üslubda yanaşması, geyimindəki qatları, çalmasının xüsusi incəliklə işləməsi, onu Nizami Gəncəviyə həsr olunmuş digər heykəllərdən fərqləndirir. Heykəltəraş həmçinin, şairin  çoxda hündür olmayan postamentində Azərbaycan dilində şairin adı və doğum tarixini qeyd etmişdir.

2020-ci ildə Dərbəndin Narın –Qala meydanında görkəmli şairin xatirəsinə abidə ucaldılıb. Bu abidənin müəllifi heykəltəraş Məhəmməd Əli Əliyevdir. Monumental heykəl qranit və tuncdan düzəldilmişdir. Şair iş başında - əlində pero ilə təsvir edilib.Bundan öncə bu ərazidə şairin 1992-ci ildə  gipsdən düzəldilmiş heykəli var idi. Şairin adına salınmış park Dərbəndin mərkəzindədir və şəhərin ən böyük parkı hesab olunur.

“Nizami Gəncəvi İli” çərçivəsində (2021) Ukraynanın ikinci ən böyük şəhəri olan Xarkovda Ukrayna-Azərbaycan dostluğu küçəsində Azərbaycan poeziyasının klassiki, filosof və Orta əsr Şərqinin fikir adamı Nizami Gəncəvinin abidəsinin açılışı baş tutub. Nizami abidəsinin müəllifi Ukraynanın Xalq rəssamı, azərbaycanlı Katib Məmmədovdur. Abidənin və onun yerləşdiyi parkın yenidən qurulması işləri Azərbaycanın Xarkov şəhərində fəxri konsulu Əfqan Salmanov tərəfindən həyata keçirilib.

Qüdrətli söz və fikir ustadının insanlığı daim əxlaqi kamilliyə çağıran, yüksək mənəvi keyfiyyətlər aşılayan yaradıcılığı hər zaman diqqət mərkəzində olmuşdur. Buna görə də şairin yaradıcılığına bələd olan təsviri sənət ustaları “Nizami irsi”ni müxtəlif sənət sahələrində sınamış, şairin portretini yaratmış, eləcə də əsərlərinin mövzularınından bəhrələnərək Azərbaycan və dünya incəsənətini zənginləşdirən müxtəlif əsərlər ərsəyə gətirmişdilər. Təsviri sənətin heykəltəraşlıq növündə Nizami Gəncəviyə müraciət edən sənətkarlar dahi şairə memorial xarakterli heykəllər ucaldır, onun əsərlərindən səhnələri əyaniləşdirirlər. Azərbaycanın bir çox şəhər və rayon mərkəzlərində ucaldılan şairin obrazı bəzən iş başında əlində qələm (pero) ilə, bəzən fikirlərə dalmış, yaxud fəlsəfi fikirlərinin söyləyərkən, bəzən isə dahi şairin sadəcə şəxsiyyətinin qüdrətini göstərmək məqsədi ilə təsvir olunub. Orta əsr klassik şərq ədəbiyyatının dahi şairinin geyimi demək olar ki, bütün monumetal heykəllərdə eynilik təşkil edir. Ustad şairin heykəli çox vaxt hündür postament üzərində qoyulsa da, bəzən bu hündürlüyün minimuma endirildiyinin də şahidi oluruq. Bu faktorlar əsasən heykəlin hansı şəraitdə və məkanda qoyulması ilə bağlı olmuşdur. XX əsrin ortalarından, daha dəqiq desək şairin 800 illik yubileyindən başlayaraq, istər sovet dövründə, istərsə də sovet hakimiyyəti dağıldıqdan sonra Nizami Gəncəviyə abidələr ucaldılmağa davam etdirilir.

 

Dürdanə Qurbanova

Azərbaycan Dövlət Rəsm Qalereyasının kiçik elmi işçisi

Məqalə "Mədəniyyət" jurnalında çap olunub.