Nizami Gəncəvi irsi təsviri sənətdə

24.01.2022 / Yeni nəşrlər
Nizami Gəncəvi irsi təsviri sənətdə

 

 

      Azərbaycan və dünya ədəbiyyatı xəzinəsinə misilsiz söz inciləri bəxş etmiş dahi şair və mütəfəkkir Nizami Gəncəvi (1141-1209) fikir tarixində silinməz izlər qoymuş, nəinki ölkəmizdə, Şərqdə, bu hüdudlardan çox-çox uzaqlarda da ölməz, həmişə yaşar əsərləri ilə böyük şöhrət qazanmışdır. Yaradıcılığa dövrünün ədəbi ənənəsinə uyğun olaraq lirik şeirlər - qəsidə, qəzəl və rübailərlə başlayan Şeyx Nizami qısa bir zaman ərzində öz "Divan"ını tərtib etmiş və bənzərsiz  bədii irsi ilə məkansızlıq və zamansızlıq qazanmış şair kimi çox məşhurlaşmışdır.

       N.Gəncəvi öz “Xəmsə"si ("Sirlər xəzinəsi", "Xosrov və Şirin", "Leyli və Məcnun", "Yeddi gözəl", "İskəndərnamə") ilə dünya ədəbiyyatına tamamilə yeni poetik nəfəs gətirib. Azərbaycan şairinin bədii irsində Şərq ədəbi-mədəni dəyərləri o dövrün antik ədəbi-mədəni mühiti ilə səsləşən etik-mənəvi məziyyətlərlə çulğalaşaraq, kamillik zirvəsində qərar tutub və  bəşərilik aşılayan qaynağa çevrilib. Nizami yaradıcılığı daim diqqət mərkəzində olub nəsillərdən-nəsillərə ötürülərək, hər bir dövr üçün aktuallıq kəsb etdiyindən, fəlsəfi tutumu müxtəlif xalqların ədəbi məkanı ilə yanaşı, incəsənətin digər növlərinin də inkişafına öz təsirini göstərib.

       Tarixən Nizami yaradıcılığı yüksək qiymətləndirilmiş, onun xatirəsinə müsabiqələr həsr edilmiş, yüksək səviyyədə təşkil olunmuş yubileyləri keçirilmişdir. Şairin doğma şəhəri Gəncədə məqbərəsi, respublikamızın müxtəlif şəhərlərində, o cümlədən Moskva, Sankt-Peterburq və Romada heykəlləri ucaldılmışdır. Azərbaycanın klassik ədəbi-mədəni irsinə həmişə diqqət yetirən Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1979-cu ildə qəbul olunmuş “Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” qərar Nizami yaradıcılığının tədqiqi və təbliği baxımından böyük əhəmiyyətə malikdir.

      Dövlətimizin başçısı İlham Əliyev qüdrətli söz və fikir ustadının insanları daim əxlaqi kamilliyə çağıran yaradıcılığının bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyətini nəzərə alaraq, 2021-ci ilin “Nizami Gəncəvi ili" elan olunması barədə sərəncam imzalayıb. Azərbaycan poeziyası korifeylərinin, onların şedevr əsərlərinin unudulmamasına, yaşadılmasına yönəlmiş bütün bu məqsədyönlü addımlar dahi sənətkarın irsinin qorunub saxlanılması, nəsillərdən-nəsillərə ötürülməsi üçün çox gərəklidir.  

     İncəsənətin müxtəlif sahələrində Nizami və onun ədəbi ideyaları hər zaman sənətkarların diqqət mərkəzində olduğundan, “Xəmsə”nin motivləri zaman-zaman süjetli xalçalarda əks olunmuş, kətanlarda maraqlı təsvirlərə çevrilmiş, əlyazmaları miniatür üslublu illüstrasiyalarla daha da gözəlləşdirmiş, eləcə də mozaik təsvirlər və vitrajlar şəkilində monumental sənət nümunələrində tərənnüm edilmişdir.

        Məlumdur ki, Azərbaycan miniatürünün orta əsrləri əhatə edən inkişafında poeziyanın xüsusi rolu var. “Poeziya allahı”nın nəsihətlərin geniş yer aldığı və tərbiyəvi əhəmiyyətinə görə seçilən əsərləri rəssamları bu poemalara illüstrasiyalar çəkməyə, əlyazmaları miniatürlərlə bəzəməyə sövq etmişdir. Həmin poemalardaki hekayələrin çoxluğu baxımından sənətkarlar mövzu seçməkdə demək olar ki, qıtlıq duymamışlar. Onların arasında müəllifin mütərəqqi fikirlərinin rəngkarlığa uğurlu transferini reallaşdıran saysız-hesabsız miniatürlər mövcuddur. Qeyd etmək lazımdır ki, “Xəmsə” ünvanlı bu əsərləri say etibarilə yalnız Firdövsinin “Şahnamə”sinə çəkilmiş miniatürlərlə müqayisə etmək mümkündür. Adıçəkilən sənət nümunələrindən Nizami Gəncəvi “Xəmsə”sinin 1539-1543-cü illər nüsxəsinə həsr olunmuş miniatürlər xüsusi yer tutur. Onun bədii tərtibatında o dövrün bir neçə məşhur rəssamı iştirak etmişdir.

        Orta əsrlərin tanınmış miniatür ustalarından Sultan Məhəmməd, Mirzə Əli, Mir Seyid Əli, Müzəffər Əli, Mir Müsəvvir, Ağa Mirək və başqa miniatür məktəbləri nümayəndələrinin ərsəyə gətirdikləri saysız əsərlər Nizami “Xəmsə”sindən ilhamlanmanın nəticəsidir. Bu miniatürlərdə  əxlaqi-tərbiyəvi motivlər qabardılır, şairin dərin fəlsəfi fikirləri daha da açıq-əyani bədii tutum alır. Həmçinin tarixi şəxsiyyətlərin psixoloji aləminin, onların gündəlik həyatının və dövrün adət-ənənələrinin şahidi oluruq. Bütün bunlar yüksək mənəvi keyfiyyətlərə malik Nizami irsini əyani şəkildə görməyə imkan yaradır.

      Miniatürlərlə yanaşı, Nizami obrazları dünya muzeylərini bəzəyən qədim süjetli Azərbaycan xalçalarında da mühüm yer tutur. Baxmayaraq ki, xalçaların ən qədimiləri dövrümüzə qədər gəlib çatmasa da, XVI və XVII əsrlərə aid  Kirman və Kaşan xalçalarının yüksək bədii dəyərə malik olmaları,  əvvəllər buna bənzər daha qədim toxuculuq nümunələrinin mövcudluğunu söyləməyə əsas verir. Hər iki xalçanın süjeti Nizaminin “Leyli və Məcnun”, “Xosrov və Şirin” poemalarından götürülüb. XVI əsrə aid Kirman xalçasında “Xosrovun çimən Şirini  seyr etməsi” və “Leylinin səhrada Məcnunla görüşü” səhnələri, Kaşan xalçasının künc ləçəklərində isə “Leylinin səhrada Məcnunla görüşü” səhnəsi təsvir edilib. Bundan əlavə, XX əsrin əvvəllərində digər toxuculuq nümunələri -“Sirlər xəzinəsi”, “İskəndərnamə” poemalarının motivləri əsasında “Bəhram Gur ovda”, “Bəhram Gur və Çoban”, “Bəhram Gur və Fitnə ovda”, “İskəndərin cadugərlərlə döyüşü” adlı xalçalar toxunub. 

1940-cı ildə Nizami Gəncəvinin anadan olmasının 800 illik yubileyinə hazırlıq ərəfəsində onun obrazının yaradılması üzrə ümumittifaq müsabiqəsindən sonra şairin həyat və yaradıcılığı yerli və xarici rəssamların ilham mənbəyinə çevrildi. Həmin müsabiqənin qalibləri isə Qəzənfər Xalıqov (rəngkarlıq üzrə) və Fuad Əbdürrəhmanov (heykəltəraşlıq üzrə) oldu.

Elə o vaxt əlamətdar yubileylə əlaqədar beş süjetli xalça toxunmuşdur. Görkəmli xalçaçı rəssam Lətif Kərimovun rəhbərliyi altında ərsəyə gətirilən bu əsərlər “Ədalətli Nuşirəvanla vəzirin söhbəti”, “Şirinin Bisütun dağına Fərhadın görüşünə getməsi”, “Məcnun vəhşi heyvanlar arasında” , “İskəndər və Nüşabə”  adlanır. Müasir dövrdə də Azərbaycan xalçaçılıq sənətində Nizami irsinə müraciət edən xalçaçı rəssamlarımız az deyil. Xalq rəssamı Eldar Mikayılzadə və rəssam Eldar Hacıyev yaradıcılığında Nizami Gəncəviyə ünvanlanmış əsərlər xüsusi yer tutur. Onların hazırladıqları “Xəmsə” xalçaları mürəkkəb kompozisiyası, müxtəlif poemalardan əxz olunmuş süjetlərin yüksək sənətkarlıqla bir araya gətirilməsi, ümumi bədii tutumun mənəvi-fəlsəfi qata bələnməsi ilə yadda qalır.

Bakı metrosunun “Nizami” stansiyasının vestübülündə yer almış çoxsayl mozaik pannolar (1973-1976-cı illər) bədii həllinin monumentallığı ilə göz oxşayır. Məkanın “Yeraltı muzey” kimi dəyərləndirilməsi də ilk növbədə buradakı on doqquz Nizami Gəncəvi ünvanlı mozaik lövhələrin yüksək bədii dəyər daşımasından qaynaqlanır. Xalq rəssamı Mikayıl Abdullayev tərəfindən yaradılmış bu mozaik pannolarda şairin obrazı ilə yanaşı, “Xəmsə”nin dillər əzbəri olan motivləri bədii görkəm almışdır. Odur ki, Bakı metrosunun bu stansiyası dünyanın on ən yaxşı tərtibatlı stansiyası sırasına daxil edilmişdir.

Azərbaycan mədəni irs xəzinəsinin zənginliyi, bütün bu və digər yubiley tədbirləri, klassik dühaların yaradıcılığından ilhamlanaraq  ərsəyə gələn nailiyyətlər, həmin sənət məbədlərinə neçə illər bundan sonra da üz tutulacağına bir daha əminliklə əsas verir. Nizami, xalqımızı BMT-də YUNESKO xətti ilə tanıdan ilk şəxs olduğuna görə biz ona həmişə minnətdar olmalıyıq.

Xanım Rzayeva Məmmədrza qızı

Azərbaycan Dövlət Rəsm Qalereyasının əməkdaşı

Məqalə "Mədəniyyət" jurnalında çap olunub.