XƏBƏRLƏR
Estetik baxışın “səhnə arxası” (incəsənət, neyrologiya və psixoanaliz)
Sənət psixologiyası təcrübə ilə yanaşı, estetika və qavrayış psixologiyası ilə də sıx bağlıdır.
Təhtəlşüurdan doğan yaradıcı ifadə və simvollaşdırma bədii yaradıcılığın əsas ilham qaynaqlarıdır. Fərdin şüuraltı onun daxili aləmi, daxili vəziyyətidir. Bununla belə, insanların daxili dünyalarını öyrənməyin ən təsirli yollarından biri onların şüuraltılarını anlamağa, analiz etməyə çalışmaqdır.
Salvador Dali “Sürrealizm”i və onun qeyri-adi rəsm əsərləri öz aktuallığını, şöhrətini və müəmmasını hələ də qorumağa davam edir.
Dalinin önəmli əsərlərindən biri "Yaddaşın davamlılığı" əsəridir. Bu qəbildən olan əsərlərin sənətə, elmə yoxsa fantaziya aləminə əsaslandığını, hansı birinin prinsiplərini özündə daşıdığını bilmək daha maraqlı olardı...
O cümlədən, neyroloji və fəlsəfi qavrayışların arxasında gizlənən psixologiyanın sürrealizmə və digər müasir incəsənət hərəkatlarına hansı formada təsir etdiyi də olduqca maraq doğuran mövzudur.
Əgər söhbət sürrealizmdən və mücərrəd səciyyə daşıyan əsərlərdən gedirsə, onlara sadəcə təsvir olunandan ibarət kimi baxmaq və estetik qiymətləndirmək məqsədəuyğun sayılmaz.
Ümumiyyətlə sənət əsərinin özü kimi psixologiyası da mürəkkəb bir mövzudur. Həmişə əsərlərin özündə daşıdığı bir çox mürəkkəb ünsürlər, predmetlər izaholunmaz çətinlikdə qarşımıza çıxa bilirlər.
Rəssam fırça, mürəkkəb, qələm, karandaş və ya boya ilə bir sənət əsəri yaradır. Bu əsər portret, peyzaj, natürmort və ya süjetli əsər ola bilər. Janrından, texnologiyasından və tərzindən fərqli olaraq onun əsaslandığı psixologiya da öz müxtəlifliyini, individuallığını qoruyub saxlayır. Bu daha vacib mənanı öz üzərinə götürür. Bu da ona gətirib çıxarır ki, incəsənət ilk növbədə, psixoloji təsirinə görə müxtəlif insanlar üçün fərqli məna daşıyır. Sənət psixologiyası təcrübə ilə yanaşı, estetika və qavrayış psixologiyası ilə sıx bağlıdır.
Bəs nədir qavrayış? Qavrayış hiss üzvlərinə bilavasitə təsir edən cisim və hadisələrin bütün əlamət, xassələrin bütövlükdə inikasından ibarət olan idrak prosesidir. Hamımızın beş əsas hiss orqanı var - görmə, eşitmə, toxunma, qoxu və dad. Bu hisslər vasitəsilə biz cisimləri, mühitləri hətta duyğuları tanıya bilirik. Məhz incəsənətin, onun psixologiyasının qavranması da bu hisslər və əvvəlki təcrübələrimiz ilə gördüklərimizi necə şərh etdiyimizə əsaslanır.
İnsan təxəyyülünün məhsulu olan sənət əsəri estetika və vizual təcrübə ilə bir bütün təşkil edir. Əksər sənət nümunələrinin arxasında duran bədii sənət psixologiyası, konsepsiyası bəzən təsəvvür etmədiyimizdən daha dərin kökə və mahiyyətə malik ola bilər.
İnsan psixologiyasından qaynaqlanan hər bir predmetlə yanaşı, sənət əsəri ümumiyyətlə incəsənət psixologiyası Baumqarten və Kant kimi bir çox filosofların illərdir araşdırdıqları və nəticəyə gəldikləri unikal perspektivlərlə bu günümüz üçün az da olsa müəyyən qədər bir baza yaradaraq öz izahını tapa bilir.
İncəsənət və Psixologiya arasındakı əlaqə;
“Psixoanalizin atası” kimi tanınan Ziqmund Freyd həm də incəsənət aludəçisi olan kolleksioner idi. Təsadüf deyil ki, o, rəssamların həyat və yaradıcılıq fəaliyyətləri ilə bağlı bir çox məqalələr yazıb. Ən çox toxunduğu mövzu da incəsənət və psixologiya arasındakı əlaqə və münasibətdir. Bu münasibət haqqında bir çox sənət tarixçiləri və tənqidçiləri, eləcə də rəssamların özləri yazmışlar. Freydin 1899-cu ildə yazdığı “Yuxuların şərhi” əsəri XX əsrin əvvəllərində dadaizm və sürrealizm kimi sənət cərəyanlarına böyük təsir göstərmişdir. Bu şərh incəsənətə böyük təsir göstərəcək olan psixoanalizin inkişafına təkan verdi. Fransız şairi Andre Breton, bu fikirlərdən çox təsirlənərək, 1924-cü ildə ilk "Sürrealist Manifesti"nin (Manifeste du surréalisme) əsasını qoydu. Freydin yaradıcılıqda enerji mənbəyi kimi gördüyü qeyri-şüuri vəziyyət, bayğın və ağlasığmazlıq haqqında anlayış və fikirləri sürrealizmin inkişafında mühüm rol oynamışdır. Freydin XX əsrə olan güclü təsiri danılmazdır. Bununla belə, filosofun incəsənət və psixologiyaya dair tədqiqatları vizual, estetik təsvirdən mücərrəd sənətə doğru açılan yolun ilk ilham mənbəyi oldu.
Sənətkarlar əsrlər boyu öz yaradıcılıq qabiliyyətlərindən təkcə gözəllik və dekor üçün istifadə etməmişlər, həm də öz daxili düşüncə və hisslərini, eləcə də inanclarını ifadə etmək üçün də istifadə etmişlər.
Bir çox rəssamlar üçün bu proses onlara öz şəxsi travmaları, emosional vəziyyətləri ilə üzləşməyə və onlarla mübarizə aparmağa sövq etmişdir. Emosional vəziyyət nədir? Niyə emosiyalar bu qədər vacib rol oynayır? İncəsənətə baxışın əsas tənzimləyicisi olan duyğularımız emosional vəziyyətin yaranmasında iştirak edirlər. Bu vəziyyət də qavrayış prosesinin incəsənət psixologiyasına göstərdiyi təsiri yaradır. Məsələn, əgər rəsm əsərinə baxan şəxs həmin an xoşbəxtdirsə bu onu qavrayış şəklinə də müəyyən təsirini göstərəcəkdir. Yaxud da, tam əksinə kədərli və ya qəzəblidirsə bu, nəticədə onun rəsm əsərini aqressiv şərhinə gətirib çıxaracaqdır.
Neyron və onun sənətlə əlaqəsi;
Neyron sinir sisteminin əsas vahididir və beynin müxtəlif hissələri arasında məlumat ötürmək öhdəliyini daşıyır. Davamlı olaraq yeni məlumat nümunələri yaradıb ötürdüyü üçün onu sənətkara bənzətmək olar. Neyronlar düşüncə, şüur və emosiyaların tənzimlənməsində əsas rol oynayan faktorlardır. Beyin qəbul etdiyi duyğunu və ya informasiyanı mənalandırmaq, qavramaq üçün mütamadi bir şəkildə işləyir. Neyron və yaradıcı prosesin əlaqəli olduğu da burdan aydın olur.
İzləyici bir rəsmə baxdığı zaman, onu öz şəxsi təcrübələrinə əsaslanaraq, dərk etdiyi kimi şərh edir. Buna bənzər bir proses, beyin xarici aləmdən gələn sensor məlumatı şərh edərkən baş verir. Neyron məhz bu estetik prosesdən məsuldur. Özəl sensor funksiyalara malik neyronlar ətraf mühitdəki informasiyalara reaksiya verir və neyronlardan gələn elektrokimyəvi siqnallar daha sonra beyinə ötürülür. Siqnallar beynə daxil olduğu zaman onlar müxtəlif kateqoriyalara bölünür. Beyin daha sonra ötürülən hər bir mesajı ayrı-ayrılıqda deşifrə edərək sensual xarakterli sensor girişi qəbul etməyə başlayır. Bunun üçün çalışan geniş neyron şəbəkələr daimi bir şəkildə qəbul etdiyi informasiyaları emal və analiz edir.
Beynin incəsənətə təsiri;
Beyin düşüncələrə, duyğulara və hisslərə cavabdeh olan bir orqandır. Ona görə də yaradıcı insanlar duyğularını sənət əsərləri ilə ifadə etməyə çalışırlar. Beynin emal etdiyi informasiya rəssamın individual tərzi və unikal baxış nöqtəsi ilə püxtələşərək yaradıcılıq fəaliyyətində özünü büruzə verir.
İncəsənət psixoterapiyada necə istifadə olunur;
İncəsənətin psixoterapiyada necə istifadə olunduğu terapevtdən və xəstədən asılı olaraq dəyişə bilər. Bəziləri bunu sözlə ifadə edə bilməyərək, duyğu və emosiyaları ifadə etmək üçün istifadə edirlər.
İncəsənət insanların sözlər, təsvirlər və bədən dili ilə ünsiyyət qurma üsuludur. Bu, insanlara emosiyaları sərbəst buraxmağa, düşüncələrini ifadə etməyə və şəxsiyyətlərini araşdırmağa imkan verir. İncəsənət psixoterapiyada insanların emosional və zehni vəziyyətini araşdırmaq üsulu kimi istifadə olunur. İncəsənət əsəri şüuraltı və qeyri-şüuri zehnin fikirlərini, eləcə də əks fikirlərini araşdırmaq üçün istifadə edilə bilər. Buna görə də Art-terapiyanı təcrübə edənlərin əksərinin müsbət nəticə əldə etməsi təsadüf sayıla bilməz. Hətta deyə bilərəm ki, bu nəticələr hələ gələcəyə yönələn və püxtələşməyə çalışan art-terapiya sahəsində aysberqin görünən hissəsidir.
Psixi sağlamlıqda yaradıcılığın rolu;
Yaradıcılıq psixi sağlamlıq üçün mühüm amildir, çünki o, insanlara özünü ifadə etməyə və duyğularını kəşf etməyə imkan verir. O, həm də insanlara yeni ideyalar və problemlərin həlli yollarını tapmağa kömək edən vasitədir.
Bir sözlə, incəsənət saysız-hesabsız formaları və şərhləri olan geniş bir anlayışdır. İncəsənətin hər bir kəs üçün necə və nə məna daşıdığına qərar vermək imkanı elə həmin şəxsə məxsusdur. Amma bu prosesə də düzgün aspektdən yanaşmaq lazımdır;
İlk öncə bədii ifadənin mahiyyətini dərk etmək lazımdır. Bədii ifadənin mahiyyəti incəsənətin bir çox sahəsində təcəssüm olunur. Axı sənətkarın və yaratdığı sənət nümunəsinin ifadə edilməsi və əsərin nədən ibarət olduğunun təsnifi getdikcə çətinləşir...
İncəsənətin bütün sahələri ifadəlidir. Lakin hər bir sənət nümunəsinin mənası və öhdəlikləri müxtəlifdir. Məsələn, təsviri sənət üçün işlətdiyimiz “ekspressivlik” termini rəqs, musiqi və teatr kimi sahələrə də aid edilə bilər. Bilirik ki, rəqs sadəcə hərəkətlərdən, fəndlərdən, xoreoqrafiyadan ibarət deyil. Sadaladıqlarımızdan hər birinin doğura biləcəyi hisslərdən də ibarətdir.
Sənət psixologiyası insanın daxili ifadəsidir və onun gözəllik anlayışı öz individual şərhində tamamilə fərqlənə bilməkdədir. Elə ilk öncə abstrakt incəsənət tərzlərinin adını çəkək. Onun arxasında hər kəs üçün fərqli məna kəsb edəcək tamamilə fərqli duyğular doğuracaq çoxlu müəmmalar var. Bu da incəsənəti həm yaradıcı nöqteyi-nəzərindən, həm də tamaşaçı tərəfindən kəşf etməyə və ifadə etməyə imkan yaradır. Bir çox insanlar stresdən və ruh düşkünlüyündən xilas olmaq üçün bir çıxış yolu, ümid işığı axtarırlar. Təsviri sənət, yazı, musiqi, rəqs bu çıxış yolunun yaradıcıllq və qabiliyyətə əsaslanan sahələrindən adını çəkə bildiyimiz bəzi növləridir. Bu cür psixolgiyaya sahib insanlar öz həyat və ruh mübarizələrindən əl çəkməmək üçün incəsənətin yoluyla düşüncə və hisslərini araşdırmaq və ifadə etmək üsuluna sığınırlar. Belə çıxır ki, incəsənət mərkəzinə özünü yerləşdirdiyin, olmaq istədiyin “sən”in kölgəsidir. Rənglər, fırça vuruşları, konsepsiya, hekayə, faktura - hər biri səndə rezonans doğuran yönlərin ifadəsidir.
Bəzi sənət əsərləri tamaşaçı tərəfindən anlaşıla bilən, qəbul edilən hiss və ya əhval-ruhiyyə üçün nəzərdə tutulur. Bəziləri isə, ideya, mədəniyyət, cəmiyyət və dövrü təmsil və təbliğ edən əsərlər ola bilərlər. Bu sifarişli əsərlər bir çox vacib mövzulara toxunaraq, cəmiyyətə təsir etmək üçün ən məqsədəuyğun yol kimi qəbul edilirdi. Elə incəsənətin gücü də onun məhz əbədi təsir gücünə söykənməsində olurdu. Bunun ən böyük nümunəsi də Azərbaycan incəsənəti də daxil olmaqla, bir çox ölkənin nöqteyi-nəzərinə təsir etmək üçün hədəflənən sosial realizm cərəyanıdır. SSRİ-nin ideyalarını təbliğ edən plakatlar, rəngkarlıq və heykəltəraşlıq nümunələri bu günümüzə gəlib çata bilmişlər.
Salvador Dalinin belə bir ifadəsi ilə yazını sonlandıraq, “Yalan xatirələrlə həqiqi xatirələr arasındakı fərq daş-qaşlarla eynidir: həmişə ən real, ən parlaq görünəni yalançı xatirələrdir."
Azərbaycan Dövlət Rəsm Qalereyasının kiçik elmi işçisi
Nigar Hətəmova