Vətən sevgisi yaradıcı ruhun çalarlarında

27.02.2022 / Yeni nəşrlər
Vətən sevgisi yaradıcı ruhun çalarlarında

İllər ötdükcə Azərbaycan incəsənəti, sənətkarlığı daha da inkişaf edir. Bu inkişaf yolunun uca çinarları isə Azərbaycanın görkəmli sənətkarları­ - memarlar, heykəltəraşlar, o cümlədən rəssamlardır. Ölkəmizdə öz bacarığı, istedadı və qabiliyyəti ilə seçilib-tanınan rəssamlardan biri kimi Nazim Məmmədovun adı da xüsusi olaraq vurğulanmalıdır. Nazim Məmmədovun həyat yolu onun gənc yaşda olmasına baxmayaraq, necə zəngin bir yaradıcılıq ruhuna sahib olmasının başlıca göstəricisidir.

Məmmədov Nazim Tağı oğlu 27 fevral 1973- cü ildə Ucar rayonunun Qarabörk kəndində dünyayagöz açmışdır. Ailəsində heç bir rəssam olmamasına rəğmən kiçik yaşlarından təsviri incəsənətə meyil göstərən Nazimi valideynləri nə zaman axtarsa evlərinin həyətində rəsm çəkərkən taparmış. O, 1979-cu ildə doğulduğu kənddə orta məktəbə başlamış, sevimli müəllimi Şəhla Əmirovadan qələm tutmağı, oxuyub yazmağı öyrənmişdir. İstedadlı rəssamın artıq orta məktəbdə oxuduğu dövrlərdə “Pioner” qəzetində karikaturaları dərc olunmağa başlayır. O, 1990-cı ildə orta məktəbi bitirərək, elə həmin ildə də Bakı şəhəri 12 saylı Rəssamlıq Peşə Liseyinə qəbul olunur. İlk rəssamlıq təhsilini İdrak Novruzovdan alan Nazim Məmmədov 1991-ci ildə hərbi xidmətə yollanır. Həmin dövrdə müharibə başladığı üçün içində olan böyük vətən sevgisi səbəbilə müharibədə iştirak etmək istəyir.Lakin ailəsindən iki veteran, atasının sovet hakimiyyəti dövrü1941-45-ci illər müharibəsi, qardaşının isə Əfqanıstan müharibəsi əlili olması səbəbi ilə müharibəyə çağırılmır. Nazim Məmmədov isə buna razı olmayaraq 1994-cü ildə Azərbaycan Rəssamlar İttifaqına könüllü müraciət edib ərizə yazaraq müharibə bölgəsinə göndərilir.Ağdamda xidmət edən rəssam müharibənin ən dəhşətli anlarını öz gözləri ilə görür. Onun soyqırımla bağlı olan əsərləri məhz gördükləri əsasında yaranır. Müharibədən qayıdan rəssam fasiləsiz olaraq yaradıcılığa davam edir. Müəllimi Rza Əfşarovdan rəssamlığın bütün sirlərini öyrənir,1994-cü ildən etibarən müxtəlif respublika sərgilərində iştirak etməyə başlayır. Yaradıcılığında, əsasən, diqqətini cəlb edən, ətraf mühitdə baş verən hadisələrdən, təbiətin füsunkar gözəlliyindən ilhamlanaraq rəngkarlıq əsərləri ərsəyə gətirən rəssam  liseydə oxuduğu dövrlərdə karikaturalar, həmin dövrün tələblərinə uyğun plakatlar, afişalar, şarjlar da işləmişdir. “Zəhmətkeşlər” mövzulu “Fəhlə”, “Neftçi” və s. kimi əsərləri plakatlarına, Böyükağa Mirzəzadə, Rafael Abasov, Ağaəli İbrahimov, Natiq Səfərov, Sirus Mirzəzadənin və s. portretlərini işlədiyi əsərləri çox sevilən şarjlarına misal göstərmək olar. Onun rəngkarlıq əsərlərində, kompozisiyalarında kəskin hiss və həyəcanının, emosiyalarının ifadəsini aydın şəkildə hissetmək olur.

1996-cı ildə liseyi bitirənNazim Məmmədov elə həmin ildən etibarən C.Cabbarlıadına Azərbaycan Dövlət Teatr Muzeyində çalışmağa başlayır. 2001-ci ildə o,Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına daxil olur. Burada ilk təhsilini Azərbaycan Respublikasının Əməkdar İncəsənət xadimi Çingiz Fərzəliyevdən, daha sonra isə Azərbaycanın Xalq rəssamı Böyükağa Mirzəzadədən alır. Diplom işi olaraq Böyükağa Mirzəzadəyə həsr etdiyi “Müəllim və tələbə” adlı əsərini yaradan rəssam, 2005-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını bitirir. Onu da qeyd etmək lazımdır ki, həmin əsər çox bəyənilərək Azərabaycan Dövlət Rəssamlıq Akademiyasınının fonduna daxil edilir.

Nazim Məmmədov 2005-ci ildə Azərbaycan Rəssamlar İttifaqına üzv olur. Daim yaradıcılıq axtarışında olan rəssamın əsərləri1998-ci ildən etibarən ölkəmizdə və xaricdə nümayiş olunmağa başlayır. O, Norveç, Moldova, Gürcüstan,Tatarıstan və s. kimi  müxtəlif ölkələrin simpoziumlarında müvəffəqiyyətlə iştirak edərək ölkəmizi uğurla təmsil etmişdir. Buna misal olaraq, 2012-ci ildə Tatarıstan Respublikasının Yelabuqa şəhərində keçirilən məşhur rus rəssamı İ.İ.Şışkinin anadan olmasının 180 illik yubileyinə həsr olunan VII Beynəlxalq Art Simpoziumu göstərmək olar. Simpoziumda ölkəmizi təmsil edən sənətkar “Ana və uşaq”, “Zəriflik” adlı əsərlərini ərsəyə gətirmişdir. Həmin əsərlər simpoziumun təntənəli bağlanışı zamanı layihənin tələblərinə uyğun olaraq Yelabuqa Dövlət Tarix-Memarlıq və Rəssamlıq Muzeyində nümayiş olunmuş, daha sonra isə Yelabuqa Dövlət Qoruq Muzeyinin fonduna daxil edilmişdir.

Yaradıcılığında daha çox onu cəlb edən şablon və standartlıqdan kənar hadisələrlə bağlı əsərlər yaratmağa üstünlük verən rəssammaraqlı süjet və obrazlardan ibarət,  təkrarolunmaz kompozisiyalar, rəngkarlıq tabloları ərsəyə gətirir. “Neft Daşları”, “Gülsatan”, “Güllər”,  “Bakı gecələri”, “Şahdağ”kimi rəngkarlıq əsərləri bu qəbildəndir.

Tanınmış rəssam gənclik illərində bir neçə film və reklam çarxlarında da rol almışdır. “İstanbul reysi”, “Üçüncü günün adamı”, “,  “Həddən artıq uyğunluq” və s. kimi filmlər, çoxsaylı reklamlar buna misal ola bilər.

Nazim Məmmədov 1994-cü ildən etibarən respublika və respublikadan kənar bir çox sərgilərdə məharətlə iştirak etmişdir. Buna misal olaraq,qanlı yanvar  hadisələrinə həsr olunmuş Respublika Rəssamlarının Sərgisində (1994 - V.Səmədova adına sərgi salonu), “Novruz-94” (1994- Azərbaycan Milli İncəsənət Muzeyi), “Müharibə illləri, mübarizə illəri” (1994- Mədəniyyət Fondu), Novruz(1994- V.Səmədova adına sərgi salonu),  “28 May- İstiqlal günü” (1998- V.Səmədova adına sərgi salonu), “20 Yanvar- Xalqımızın qan yaddaşıdır” (2001- Mədəniyyət fondu) adlı tədbirlərdə “Gənclər günü” (2001- V.Səmədova adına sərgi salonu), “8 mart- Beynəlxalq Qadınlar günü”nə həsr olunmuş sərgi (2010- Azərbaycan Milli İncəsənət Muzeyi), “Bahar fəlsəfəsi” (2010- Muzey Mərkəzi) adları altında keçirilən sərgilərdə uğurla iştirak edib. Onun əsərləri Almaniya (Berlin-2007), Koreya (Seul-2008), Qətər (Doha-2010), Səudiyyə Ərəbistanında (Ciddə-2008, Ər-Riyad) keçirilən Azərbaycan Mədəniyyət günləri çərçivəsində müxtəlif sərgilərdə nümayiş olunmuş,bununla bərabər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən təşkil olunmuş “Paytaxtdan bölgələrə” adlı layihə çərçivəsində respublikanın bir sıra şəhər və rayonlarında sərgilənmişdir.

2012-ci ildə Azərbaycan İstiqlal Muzeyində Nazim Məmmədovun Xocalı faciəsinin 20-ci ildönümünə həsr olunmuş “Xocalısız-20 il” adlı fərdi sərgisinin açılışı olur. Rəssam sərgidə özü müharibədə olduğu illərdə gözləri ilə gördüyü dəhşətləri, vətən uğrunda həlak olmuş oğul və qızlarımızın göstərdiyi şücayəti, qəhrəmanlıq tariximizi məharətlə təsvir etmişdir. O, yaradıcılığının demək olar ki, bir ilini sırf bu mövzuya həsr edir.

2018-ci ildə“Qalereya-1969”da Nazim Məmmədovun Qax rayonunun qədim, tarixi Sarıbaş kəndinin təsvirləriniəks etdirən“Sarıbaş” adlı sərgisi açılır. Sadəcə bir neçə dəfə qonaq kimi getdiyi Sarıbaş kəndinə heyran olan rəssam, insanlar tərəfindən tərk edilmiş həmin kəndin füsunkar təbiətindən ilhamlanaraq qərara gəlir ki, məhz bu kəndin  gözəl və ecazkar təbiət mənzərələrini təsvir etməlidir. Bir ay müddətində kənddə qalıb təbiəti müşahidə edənrəssamın 20 rəngkarlıq əsəri ərsəyə gəlir. Mövzusu böyük maraq cəlb edən sərginin üç gün küçirilməsi nəzərdətutulsa da, insanlar tərəfindən böyük axın olduğu üçün yeddi günədək davam edir.

Bütün dünyanı öz cənginə almış, Koronavirusun yayıldığı pandemiya dövründə ölkədə yaranan karantin zamanı Nazim Məmmədov 10-a yaxın əsərdən ibarət “Balıqlar” seriyasını yaradır.

Rəssam 2020-ci ildə qələbəmizlə nəticələnən 44 günlük 2-ci Qarabağ müharibəsində Vətən uğrunda qəhrəmancasına şəhid olmuş əsgər anasının portretini yaratmaq qərarına gəlir. Mövzusu onun üçün olduqca ağır olsa da “Şəhid anası” adlı əsəriniböyük ürək ağrısı ilə təsvir edir. Əsərdə oğlunun şəklini bağrına basaraq yazdığı son məktubu oxuyan kədərli ananın simasını görürük.

Onun digər əsəri Şuşanın təsvir olunduğu “Cıdır düzü” adlı tablosudur. Rəssam kətan üzərində yağlı boya texnikası ilə işlədiyiəsərdə bir hissəsi erməni mühasirəsində, yad əllərdə qalmış, digər hissəsi öz sahiblərində olan torpaqlarımızıtəsvir etmiş,insanlara hələ də hərşeyin məhv olmadığını, gələcəyə ümid bəsləyərək yaşamaq şansının olması şüarını çatdırır.

N.Məmmədovun əsərləri Böyük Britaniya, Norveç, İsrail, Türkiyə kimi bir çox ölkələrdə, Azərbaycanda Milli İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və böyük şəxsi kolleksiyalarda saxlanılır.Hazırda C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində direktor müavini vəzifəsində çalışanNazim Məmmədov bütün yaradıcılığı boyu müxtəlif diplom və mükafatlara layiq görülmüşdür. O, 22 noyabr 2021-ci il tarixində İsveçrənin Cenevrə şəhərində BMT-nin Təltiflər Şurası UNCOPA tərəfindən dünya mədəniyyətinə göstərdiyi xidmətlərə görə “Leonardo da Vinci” (1452-1519) beynəlxalq mükafatına layiq görülüb.

Azərbaycan incəsənətinin sürətlə inkişaf edərək xüsusi qiymətləndirildiyi bir dövrdə ölkəmizdə baş verən hadisələri öz fırçasıyla təsvir edən Nazim Məmmədovun fəaliyyəti çox dəyərlidir. Zəngin daxili aləmi və yaradıcı hisslərini öz təsvirlərində canlandıran məşhur rəssam Azərbaycan çağdaştəsviri sənətinin çox qiymətli, seçilmiş nümayəndələrindən biridir.

Ziyarət Cabarova

Azərbaycan Dövlət Rəsm Qalereyasının böyük elmi işçisi