Həvəs, zövq və ya hobbi...incəsənətdə “kolleksiya”çılıq

28.02.2022 / Yeni nəşrlər
Həvəs, zövq və ya hobbi...incəsənətdə “kolleksiya”çılıq

 

İncəsənət əsərləri insanlarda gözəl hissiyat və feyz yaratmaq ilə yanaşı, həm də onun təxəyyülünü, düşüncə tərzini, xəyallar aləmini inkişaf etdirmək gücünə qadirdir.

Usta və ya aktual rəssamlara məxsus müxtəlif sənət əsərlərini və ya qiymətli yaradıcılıq nümunələrini şüurlu şəkildə toplayan, qoruyub saxlayan şəxsə kolleksiyaçı (kolleksioner) deyilir.

Bu, olduqca səy və səbr tələb edən çətin, uzunmüddətli bir prossesdən ibarətdir.

Genezis məsələsi minilliklərə uzanan incəsənət nümunələrinin kolleksiyaçılığı bəşəriyyətin sosial və mədəni təkamülündə rol oynayan önəmli ünsürlərdən biri olmuşdur. Bu termin həm müasir, həm qədim, həm də bug ünümüzdə öz aktuallığını itirməyən “art bazar”ın (incəsənət bazarının) ayrılmaz hissəsi kimi öz mövcudluğunu qoruyub saxlamaqdadır. Məşhur kolleksiyalar əsrlər boyu bəşəriyyətə öz dövrünün zövq və dəb seçimini göstərmək ilə yanaşı, həm də önəmli bir fenomenə çevrilmişlər. Hətta dəqiq deməli olsaq, bu termini antropoloji fenomen kimi qiymətləndirə bilərik.

“Kolleksiya” sözü latın mənşəli olub, elmi, bədii və tarixi əhəmiyyətə malik olan əşya və ya predmetlərin müəyyən sistem üzrə düzülmüş toplusu, məcmusu mənasını özündə ifadə edir. Kolleksiyanın ən qədim növü qəbir əşyalarıdır. Dəmir dövründən ellinizmə qədər bütün qədim sivilizasiyalar üçün ümumi və tanış olan bir təcrübə; dəfn mərasimləri məhz bugün ziyalı təbəqənin ən görkəmli nümayəndələrinin peşəsi və ya hobbisi hesab edilən incəsənət kolleksiyaçılığının ilk rüşeymlərinin əsasını qoydu. Bu həm antropoloji, həm də sakral əhəmiyyətə malik idi. Hər bir qədim, antik xalqın öyrənilməsi və ya tədqiqi zamanı qəbir abidələri, sərdabələr və s.ən faydalı müraciət mənbəyinə çevrilirdi. Bu zaman aşkar edilən məişət əşyaları, şəxsi əşyalar, heykəlciklər, habelə freskalar mühüm tədqiqat vasitələri olmuşlar. Ən böyük nümunə kimi isə köhnə, orta və yeni dövrlərinə bölünən Misir krallığını göstərə bilərik. Quldarlıq dövrünün gəlişi ilə bərabər ilkin dövlət qurumları öz güclərini və hakimiyyətlərini möhkəmləndirmək üçün hücum etdikləri ərazilərdən qənimətlər qarət edərək öz saray xəzinələrini və ya şəxsi mülklərini zənginləşdirirdilər. Persepolis, Əhəmənilər imperiyasının xəzinəsi buna ən böyük sübutdur. Hökmdarı I Daranın dövründə xüsusən keramika nümunələri, artefaktlar və s. xəzinə üçün toplanılırdı.  Ancaq incəsənət əsərlərinin ilk kolleksiyası ideyası və eləcə də təcrübəsi məhz qərb sivilizasiyasında özünü büruzə verir. Bu, əsasən ellinizm dövrünə qədəm qoyan Yunanıstanda baş verir. Beləki, yunan saray xəzinələri müasir dil ilə desək incəsənət nümunələrinin ilk depozitləri kimi məşhurlaşır. Xüsusən də, Krit adasında yaranan Mino mədəniyyətinin çiçəklənməsi dövrlərinə təsadüf edirdi. Şərqi Bizans imperiyası da dəbdəbə vurğunu idi. Keltlər də məhz sənət kolleksiyaçılıq vərdişlərinə beləcə yiyələnmişdilər. Lakin bu sahə öz zirvəsinə məhz Romada çatır. Onlar əldə etdikləri hər bir sənət nümunəsini mötəbər kolleksiyaya daxil edir, heyran olduqları yunan incəsənətinin məşhur nümunələrinin isə təqlidlərini hazırlayırdılar. İncəsənətə artıq güc kimi, dini mesaj kimi deyil məhz zövq oxşaması üçün müraciət edirdilər. Belə ki, kiçik heykəlciklər və ya freska nümunələri dini funksiyasını itirərək estetik səciyyəyə bürünürdü. Bu, “art bazar”ın və daha sonra yaranacaq olan muzeyşünaslığın da əsasının qoyulması kimi hesab edilə bilər. Ticarətdə orjinal və əlçatmaz olan əsərlərin saxta versiyalarına təlabət gözlənilməyən bir sürətlə artmışdı. Üstəlik Roma imperiyasında təkcə imperiya, ailə üzvləri və papalar deyil, statuslu şəxslər də fərdi kolleksiyalarına sənət nümunələri əlavə edir, bir növ bu ənənəni davam etdirirdi. Əslində imperiya kolleksiyası da iki mühüm faktoru özündə ehtiva edirdi; 1. imperatorun gücü və imperiyasının zənginliyini göstərirdi 2. İmperatorun zadəganları üzərində gücünü bir daha təsdiqləyirdi. Məşhur Roma kolleksiyaçıları kimi Yuli Sezarın, Qay Verresin, imperator Neron, Pompey və Lukullusun isimlərini qeyd edə bilərik.

Sırf rəsm qalereyası isə məhz Afina akropolunda e.ə. V əsrə aiddir. Bu kiçik, birotaqlı pinakotek olduqca dəyərli rəsmlərin ev sahibi olmuşdur. Təəssüf ki, Avropa V əsrdən etibarən “Qaranlıq əsrlər” dövrünə girərək, incəsənət də daxil olmaqla bir çox sahədə öz durğunluq çağını yaşadı.

Yeganə Bizans imperiyası idi ki, “Qaranlıq əsrlər” dönəmi boyunca bir çox heykəl, rəsm, ikona və mozaika nümunələri sifariş edərək, yaratmağa çalışırdılar. Buna baxmayaraq, durğunluq dövrü və hərki-hərkilik öz sözünü deyirdi.

Yalnız XIV əsrdən etibarən incəsənətdə dirçəliş İtaliyada yenidən görünərək, inkişaf etməyə başladı. Xüsusən də, Florensiyada...

Bu dövrün ən məşhur hakim təbəqəsi Mediçilər sülaləsi idi. İntibah dövründə sənət, mədəniyyət və maliyyə sahəsindəki ən böyük bələdçi, hami olan nüfuzlu Mediçi ailəsi XIV-XVII əsrlər arasında Florensiyada yaşamış, Bottiçellidən Donatelloya, da Vinçidən tutmuş bir çox sənətkarların maddi və mənəvi cəhətdən himayədarları olmuşlar. Covanni Biççi də məhz bu sahəyə maraq salan ilk Mediçi nümayəndəsi olub. O, ilk dəfə bank sistemindən təfərrüatları ilə bərabər istifadə etmişdir. Daha sonra onun oğlu Kozimo de Mediçi, bir başqa fəal nümayəndəsi Alessandro de Mediçi həm iqtisadiyyata, həm də incəsənətə böyük töhfələr verdilər. O dövrün ən məşhur əsəri Sandro Bottiçellinin “Veneranın doğulması”  əsəridir. Mediçi ailəsinin təsvirlərdəki əsas simvolu portağal ağacları idi. Uffitzi qalereyası, Vatikan İncəsənət Muzeyi kolleksiyasının böyük bir hissəsi və Romada yerləşən Sikstin kapellası bu ailənin incəsənətə bəxş etdiyi ən böyük töhfələridir.

Britaniya isə daha çox xəttatlıq nümunələri və əl yazmalar ilə maraqlanan din xadimlərinin hədəfində idi. Beləki, papalar bütün qiymətli yazıları, ekslibrisləri toplamaq həvəsində idilər. Məhz bu kitab sənətinin professional səviyyədə icra edildiyi yer; uzaq və yaxın şərq dövlətləri idilər.

Barokka üslubunun vüsət aldığı XVII-XVIII əsrlər İtaliya həm incəsənət, həm də kolleksiyaçılıq sahəsində ilk dəfə yeni qiyafəyə büründü. Həmin ziyalı, şəxsi kolleksiya toplamaq istəyən Papa III Paulun nəvəsi, italyan kardinal və diplomat Alessandro Farneze idi. O, bütün antik və roman dövrlərinin heykəl nümunələrini toplamağa çalışırdı. Onun heykəllərdən ibarət kolleksiyası bizə XX əsrin önəmli sənət kolleksiyoneri, Kaliforniyadakı “Yunan heykəllər”kolleksiyası ilə tanınan Jan Pol Qettini xatırladır. O, amerikalı neft maqnatı və sənayeçisi, tarixin ilk dollar milyarderlərindən biri, “Qetti-Oil” neft şirkətinin təsisçisi və xüsusən “Qetti Muzeyi”nin banisidir.

Digər məşhur italyan sənət sevdalısı - Borqeze ailəsi olmuşdur. Ssipion Borqeze xüsusən bu ailənin ən fəal  nümayəndələrindən biri idi. O, rəssam Karavacco yaradıcılığına pərəstiş edirdi. Ssipion Borqezenin ən böyük mirası Romada yerləşən Borqeze villası (Borqeze qalereyası) olmuşdur.    

Fransada isə ziyalı hersoqlar ilə yanaşı, kral ailəsi də fəal sənət alıcılarından hesab olunurdular. Anqulemli Fransisk (kral I Fransisk) sənətkarların ən comərd dəstəkçilərindən biri olmuşdur. O, Luvr sarayının sifarişçisi, fransız maniyerizm üslubunun Fontenblo məktəbinin təsisçisi olmuşdur. Onu da qeyd etmək lazımdır ki, Luvr XVIII yüzilliyə kimi muzey deyil sadəcə görkəmli kral sarayı kimi fəaliyyət göstərmişdir.

XVIII əsr incəsənəti, Rusiyada çar Böyük Pyotrın təşəbbüsü ilə öz inkişafını davam etdirməyə başlayır. Pyotr Rusiyaya bir çox memarlar, heykəltəraşlar və rəssamlar dəvət edir. Bu da Rusiya mədəniyyətinin yüksəlişinə zəmin yaradan əsas amillərdən birinə çevrilir. Lakin 1757-ci il Rusiya İmperiya İncəsənət Akademiyası və 1764-cü il Sank-Peterburqdakı Ermitaj muzeyinin təsis edilməsi Pyotrun xələfi imperatriçə II Yekaterinanın dövrünə təsadüf edir. Ermitaj Rusiyanın ən böyük dövlət qalereyası və 3 milyon əsəri ilə dünyanın ən böyük incəsənət muzeylərindən biridir. İmperatriçə II Yekaterina 1763-cü ildə İohann Ernst Qotskovskiydən 200-dən çox əsər satın alaraq Ermitajın kolleksiyasını zənginləşdirmişdi. Buraya daxil olan ən məşhur kolleksiyalar; Saksoniya-Bryül, Fransa- Kroza, İngiltərə-Uolpol Xoras kolleksiyaları idi.

Sənət kolleksionerliği tarixində XIX və XX əsrlər “qızıl dövr” kimi xüsusiyyətləndirilir. Fransız inqilabının əsas ideyaları XIX əsr Fransa incəsənətinin təməlini və hədəfini müəyyənləşdirən əsas amillər idi. Belə ki, yuxarı zümrənin deyil orta sinif əhalinin rifahı və incəsənətdə alıcılıq qabiliyyətinin yaranması üçün hər ildə bir dəfə təsviri sənət yarmarkası keçirilirdi. Bu dönəm, dünya incəsənətinin paytaxtı Paris şəhəri idi. Artıq yarmarkalar öz alternatif variantlarını yaradır, art bazarın püxtələşməsində vacib rol oynayırdılar. Bunun ən böyük nümunəsi “Rədd edilənlər yarmarkası”nın (1863,1874,1875 və 1886), “Müstəqil Rəssamlar yarmarkası”(1884-cü ildən etibarən) və “Payız sərgi salonu”nun (1903-cü ildən etibarən) fəaliyyətə başlamasıdır.

Paris şəhəri 1874-cü ildə, modern incəsənətin ən böyük cərəyanlarından biri olan impressionizmin ev sahibi idi. Bu cərəyandan sonralar post-impressionizm və fovizm cəryanları doğuldu.

Ümumiyyətlə, müasir İncəsənət kolleksiyası tarixinə nəzər salsaq, onun qədim dövrlərdəki instinktiv şəkildə yaratma məqsədindən olduqca fərqli olduğunu görəcəyik. 

Paris həm sənətkarlar, həm sənət kolleksionerləri, həm də sənət şərhçilərinin diqqətini cəlb etdi. Bu dövrün ən məşhur sənət kolleksiyaçısı rus əsilli Sergey Şukin və İvan Morozov, ingilis əsilli Samuel Kurto və amerikan kolleksiyonerlər İzabella Stuart Qardner, Albert Barns və Dunkan Fillips olmuşdur.

Parisin müasir art bazarından söhbət açdığımız zaman, xüsusilə rus sənət kolleksiyoneri olan Pavel Tretyakovun və Nyu-Yorkdakı Uitni muzeyinin təsisçisi, Amerika incəsənəti kolleksiyaçısı Qertruda Vanderbilt Uitninin ismlərini qeyd etmək lazımdır.

Əlbəttə ki, bu sahəyə marağın getdikcə artmasında başlıca səbəb yeni tendensiyaların, yeni incəsənət üslublarının yaranması ilə əlaqədar idi. Kubizm (1908-1914), futurizm (1909-1914), suprematizm (1913-1918), strukturallıq (1917-1921), “De stijl” kimi XX əsr abstrakt sənət axınları kolleksiyaçılar üçün yeni və qeyri-adi həvəsə çevrilmişdi. Onlardan ən məşhuru Pikassonun əsərlərinin ilk böyük alıcısı alman əsilli Daniel-Anri Kanveyler olmuşdur. Bu incəsənət üslubları ilə həll olunmuş əsərlərin bir başqa aludəçiləri; yazıçı Leons Rozenberq, qardaşı Pol Rozenberq, daha sonra biznes ilə məşğul olan Solomon Robert Quqqenxaym və onun qardaşı qızı Peqqi Quqqenxaym kimi amerikalı kolleksionerlər olmuşdur.

Leo Kastelli kimi sənət hamiləri də abstrakt sənət və pop-art ilə kolleksiyalarını zənginləşdirmişlər. Son zamanlarda olduqca populyar olan modern Amerikan incəsənətinin bir başqa pərəstişkarı incəsənət tənqidçisi Klement Qrinberq idi. Onun kolleksiyasını Portland İncəsənət Muzeyinin bir parçası olan Jubitz modern incəsənət mərkəzində görmək mümkündür.

Bu günümüzü nəzərə alsaq dövrün ən böyük və fəal çağdaş sənət tüccarı-kolleksioneri, Londondakı “Saatchi” qalereyasının qurucusu 1943-cü il doğumlu Çarlz Saatçidir. “Saatchi” qalereyası bir çox sənətkarın əsərlərinin yüksək qiymətə satılmasına və sənətkarların tanınmasına olduqca geniş şərait yaratdı. Hətta yeni maraqlı sənətkarları kəşf edən qalereya, özləri də sənət kolleksionerləri olan iki sənətkarı Demyen Stiven Xerst və Donald Caddı kəşf etdi. Əslində müasir incəsənətə marağın bu dərəcə çoxalması və kolleksiyaçılarının sayının artmasında texnologiyanın imkanlarının da böyük təsiri var.

Azərbaycanda da kolleksiyaçılıq məşğuliyyəti hər dövrə uyğun olaraq inkişaf etmişdir. Qərb dövlətlərində olduğu kimi çox populyar olmasa da Azərbaycanda da bir çox ziyalılar müəyyən qədər qiymətli əşyalardan kolleksiyalar toplamışlar. Ən məşhur ziyalı-kolleksioner isə elə səxavətli Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyev idi. O, elmə qiymət verdiyi kimi incəsənətə də xüsusi qayğı ilə yanaşırdı. Hacının məşhur rəssamların əsərlərindən ibarət zəngin kolleksiyası var idi. Bugünki Tarix muzeyi də məhz Hacı Zeynalabdin Tağıyevin ev-muzeyidir. Orta əsr əlyazmalarının kolleksiyaçısı Salman Mümtaz, kolleksiyaçı Rafael Gülməmmədli, Siyavuş Əlizadə və başqaları da bu qəbildəndir.  

Azərbaycanın iqtisadi, ictimai və mədəni ölçüsü ilə müqayisədə art bazar olduqca zəif inkişaf etmişdir. Belə ki, bu şəraitdə çox az real və professional yerli kolleksiyaçı meydana çıxacaqdır. Mədəniyyət və incəsənətə qoyulan sərmayə bu döngünün ilk raundu kimi çıxış edir. Ölkəmizdə nə qədər kolleksiyaçı var demək çətindir, amma onu qeyd etmək olar  ki, şəxsi kolleksiyalarını qalereyalarda, sərgilərdə, festivallarda sərgiləyən az sayda kolleksiyaçılar bizə məlumdur. Hər bir kolleksiyaçı imkan daxilində kataloq afişaları və broşuralarla öz kolleksiyalarını sənətsevərlərlə paylaşa bilsə bu sahədə yeni bir “qızıl dövr” başlayacaqdır. Bununla yanaşı, təkcə şəxsi kolleksiyaçılıq deyil, holdinq və şirkətlərin də bu sahəyə marağının artması “kolleksiyaçılıq” məşğuliyyətinin gələcəyi üçün mühüm  rol oynayacaqdır.

 

Nigar Hətəmova

Azərbaycan Dövlət Rəsm Qalereyasının kiçik elmi işçisi