ƏSƏRLƏRİNDƏN BİZLƏRƏ BAXAN RƏSSAM

29.03.2022 / Yeni nəşrlər
ƏSƏRLƏRİNDƏN BİZLƏRƏ BAXAN RƏSSAM

 

Dövrünün məşhur dərgilərindən olan “Ulduz” jurnalında Xalq rəssamı Toğrul Nərimanbəyov yazırdı: “...Daş heyrətimiz Qobustandan, İntibah dövrünün nadir incilərindən üzü bəri dünya rəngkarlıq sərgisində görüb-götürməli nə varsa heç biri diqqətindən yayınmasın. Fırçası həyatla üz-üzə, nəfəs-nəfəsə yaşasın və təbiətin əlifbası dediyimiz fəsillər kimi hər rəngin öz boyası olsun. O zaman ağappaq kətanı yeddi rəng göyqurşağına dönər. M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun tələbəsi Fikrət ibrahimov öz duyumu, müşahidə tərzi, əlvan palitrası olan rəssamdır.” Toğrul Nərimanbəyov onu öz tələbəsi kimi yaxşı yetişdirmişdi. Rəssam özü sonralar müəllimləri olan Toğrul Nərimanbəyov və Səttar Bəhlulzadənin öyrətdiklərini yetəri qədər mənimsəyə bilmədiyini etiraf etsə də onlardan öyrənəcəyi çox şeyin qaldığını düşünərək onların tələbəsi olduğu üçün bu gün də fəxr edir.  Fikrət İbrahimlinin sonralar yaranacaq dəst-xəttində və bədii ifadə estetikasında  bu iki böyük sənətkarların müsbət təsirini görmək mümkündür.

Azərbaycan rəssamlıq sənəti tarixində Neftçala rəssamlarının xüsusi çəkisinin olduğunu əminliklə deyə bilərik. Çünkü burda yetişən əksər rəssamlar respublikada çox məşhur olan “Adil Hacıyev” məktəbini keçmişdir. Bu rəssamlardan biri də 2 iyun 1955-ci il doğumlu Neftçala rayonun Xıllı kənd sakini Fikrət Əli oğlu İbrahimlidir. Gündəlik ona verilən pullara qaçıb fırça, boya alan  Fikrət İbrahimli 9-cu sinifdən rəsm çəkməyə başlamışdır. Atası oğlunun arzularını gerçəkləşdirmək üçün onu dostu  Xalq rəssamı Adil Hacıyevin yanına apararaq burada rəssamlıq sənətinin sirlərini öyrənməsinə dəstək olur. Rəssamlığa olan maraq sonralar onu Bakı şəhərinə gətirdi. O,Əzim Əzimzadə adına Bakı Dövlət Rəssamlıq Məktəbində (1976), M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda (1982) təhsil almışdır. Fikrət İbrahimli 1988-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.

Ömrünün bir qərinəsindən çox hissəsini rənglər dünyası ilə təmasa-ünsiyyətə həsr edən Fikrət İbrahimli sənətdə milli ruhun qorumasına çalışan öz dəst-xətti olan rəssamlardandır. Fikrət müəllimin əsərlərində daha çox qürubun, tünd sarı və açıq qəhvəyi rənglərin ahəngi diqqəti cəlb edir. Rəssamın özünün təbirincə desək rəsm musiqinin və rəqsin rəngli formasıdır. Bu ikisinin harmoniyası rəsmdə birləşir. Rəsm çəkəndə isə  rənglərin harmoniyasına  mütləq şəkildə diqqət etmək lazımdır. Rəssam isə ətrafında olan hər şeyi fırçanın köməyi ilə insanlara çatdırandır.

Fikrət İbrahimlinin əsərlərinə nəzər salsaq realizmin daha çox üstünlük təşkil etdiyini görə bilərik. Ümumilikdə ekspressionizm, imperessionizm, postimperressionizm, avanqard və daha çox realizmin üzərində qururalan əsərlərin müəllifi rənglərin yerində istifadə eləmək bacarığının nə qədər önəmli olduğunu vurğulayır. Rəssamın yaradıcılığı kifayət qədər janr əlvanlığı ilə diqqət çəkir.  Neftçala, Abşeron və Bakının hamıya yaxşı tanış olan motivlərini, hər dəfə gördüklərindən heyrətlənməyi bacaran Fikrət İbrahimlinin “Dəniz, günəbaxanlar”, “Fatmayı”, “Bağ evi-Novxanı”, “Abşeron motivi”, “Abşeron günəbaxanları”, “Van Qoq günəbaxanları”, “Nişan.Rəfiqələr”, “Kəndimizin qızları”, “Xonça aparırlar”, “Gəlin gətirməyə”, “Toy” və s. əsərləri bir-birindən maraqlı kompozisiya quruluşu və milli kolorit zənginliynə görə diqqət cəlbedəndirlər.

Xalqın, elin milli mənəviyyatını, adət-ənənələrini, həyat tərzini, sevincini, şadlığını özündə cəmləyən toy-düyün mərasimləri hər zaman sənət adamlarının diqqət mərkəzində olmuşdur. Nəsildən-nəsilə keçərək bugünümüzə kimi qorunub, ötürülən bu ənənələrimiz təsviri sənət sahəsində də olduqca zəngin yer tutmaqdadır. Mahir fırça ustası Fikrət İbrahimlinin yaradıcılıq fəaliyyətindən də yan ötməyən bu mövzu “ Toya hazırlıq” sujetli kompozisiyada öz əksini tapmışdır. Kompozisiyada saflığın, yeni başlanğıcın simvolu hesab edilən bəyaz libaslı gəlin mərkəzi fiqur kimi çıxış edir. Utancaq, həssas və həyəcanlı baxışlarla izləyicilərə baxan gəlinin ətrafında onun sevincinə şərik olmağa çalışan xanımları görürük. Sanki ətraf aləm, təbiət də təzə gəlinin həyəcanını paylaşaraq, dinamik ,canlı və coşğulu xasiyyətə bürünüb. Hər bir fiqur öz individual jestləri, mimikaları ilə təsvir olunmuşdur.  Sağ tərəfdə xəlvəti pıçıldaşan xanımlar, ətrafında şənlikdən zövq alan balacalar, sol tərəfdə isə sevinc və qayğı ilə gəlini izləyən böyüklər təsvir olunmuşdur. Sujetli tablonun rəng şkalası dolğun və təmkinlidir. Titrək və enerjili fırça vuruşlarının nəqş etdiyi lirizm rəssamın mövzu seçiminə çox yaraşır. Xüsusən duyğular üzərinə qurulan bu kompozisiyanın milli incəsənətimizdə qiyməti əvəzsizdir.

Xoşahəngli rənglərin bir-birini təqib etdiyi kompozisiyalar sənətkarın üslubundan, düşüncəsindən, kövrək duyğularından xəbər verir. Sadə, lakin təsirli bir kompozisiya quruluşuna əsaslanan “Xonça aparanlar” əsərində rənglər səssiz və istidir. Arxa fon günəş sarısı, parlaq qızılı tonlar və qırmızı ləkələrdən ibarətdir. Rəssamın seçdiyi palitra əsərin dramatik gücünü artıran önəmli ünsürlərdən biridir. Çoxfiqurlu kompozisiyanın əsas qəhrəmanları olan qadınlar və balaca uşaq bütün duyğu dəyişikliklərini öz mimikalarında biruzə verirlər. Xanımlardan ikisinin əlində qırmızı örtükdə məcmeyi-xonça vardır. Xonçalar xoş xəbərin, xeyir işin rəmzi hesab olunurlar. Qadınlar zərif və emosional baxışları, duruşları ilə əsəri bəzəyirlər. Azyaşlı uşaq isə saf nəzərlərini izləyicilərə tuşlayıb.Kompozisiyanın ən maraqlı obrazı isə ağbirçək qadındır. Yorğun göz qapaqlarının xilafına təmkinli baxışlar onun daxili aləmindən xəbər verir. Həlim siması ilə bizə doğma gələn bu qadın sanki arxasındaki sakit, mülayim dənizin əksidir. Kompozisiyanın dinamikası, gücü,ritmi isə təlaşsız ləpələrin üzərində qanad çalan ağ qağayılardır. Bəlkə də bu coşğun qağayılar vasitəsilə rəssam bizə gənc qadınların coşub-çağlayan ruhlarını, qəlblərini göstərmək istəyir.

18 il İçərişəhərdə yaşayan rəssam qədim qalanın hər yerinə bələddir. Rəssam şəhərin labirintəbənzər küçələrini , onun ayrı-ayrı abidələrini, daşlara hopmuş xatirələrini sevə-sevə kətana köçürmüşdür. Doğma şəhərin təsvirinə mücərrəd və daha nağılvari yanaşan sənətkar bu izdihamlı kətanda Bakının dinamikasını, xaosunu, ritmini, estetikasını izləyicilərinə “İçərişəhər” tablosunda təqdim etmişdir. Şərqin demək olar ki,  simvoluna çevrilmiş ənənəvi memarlıq elementləri; günbəzlər, minarələr, sadə eyvanlar köhnə Bakının xatirələrimizə sinən görüntüsünü kövrək duyğular ilə yada salır. Kompozisiyanın əsas xüsusiyyətləri arasında hərəkət hissi, işıq və kölgə arasındakı kontrast yer almaqdadır. Şəhərin mistik təsvirində forma ilə rənglər də bərabər dərəcədə rol oynayır. Həndəsi formalar ilə, cizgi və əyri-xətti biçimlərdən çox istifadə edilməsinə baxmayaraq, lirik ab-hava, romantik çalar öz bədii və estetik gücünü itirmir. Titrək fırça vuruşları, incə zövq və həssas duyğuların harmoniyası sayəsində qarşımızdakı təsvir “möcüzəvi şəhər”ə çevrilərək, qəlbimizi fəth edir. Sənətkar gözəl Bakımızı ağuşuna alan Xəzərin mavi, firuzəyi sularının sakit dalğalarını,onun üzərində qıy vuran qağayıları, limana yanaşan gəmi və qayıqları da təsvir etməyi unutmur. Kətandan sonsuzluğa doğru uzanan şəhər mənzərəsinin ən gözəl elementi, yenilməzlik rəmzi olan “Qız qalası”dır. Tarix qoxan abidələri, sərin mehi, hər bir qarışı min sirr ilə möhürlənən küçələri həvəslə işləyən fırça ustası öz obrazını da kompozisiyaya əlavə edir. Təəccüblü deyil ki, ömrünü sənətinə həsr edən rəssam elə yenə molbert üzərində yaradıcılıq eşqi ilə çalışarkən təsvir olunub. Məhz bu imza istedadlı rəngkarın təxəyyülünün özünəxas nümunəsi kimi bu kompozisiyanı uğurla tamamlayır. 

Fikrət İbrahimlininn çəkdiyi portretlərə diqqət etsək onun qəhrəmanlarının əsasən yaxşı tanıdığı, tez-tez ünsiyyətdə olduğu adamlar olduğunu görürük.  Şair Əlisəmid Kür, qardaşı Altay, şair-rəssam Adil Mirseyid və gənclik dostu-rəssam Valehin müxtəlif illərdə çəkilmiş portretlərdə uğurlu  bədii-psixoloji həll rəssamın qəhrəmanlarının xarakterinə çox dərin bələd olmasından xəbər verir.

 “Cansız və soyuq” əşyaların ifadəsi də Fikrət İbrahimlinin yaradıcılığında özünəməxsus yer tutmaqdadır. Onun bizə təqdim etdiyi məişət əşyaları, tərəvəz və meyvələr təm-təraqdan uzaq görkəmləri ilə tamaşaçıya keçmişlə bu günü arasında əlaqənin varlığını yansıtmaqdadır. Səpələnmiş əşyaların ruhunu, fakturasını bədii ifadə dili ilə böyük ustalıqla çatdıran rəssam məharətlə fırça və rənglərin köməyi ilə səpələnmiş cansız əşyaların hissiyyatını, daxili və xarici görünüşünü, həyatla əlaqəsini bədii şəkildə ehtiva etməkdədir.

Fikrət İbrahimlinin əsərləri müxtəlif vaxtlarda bir çox yerli və beynəlxalq sərgilərdə nümayiş etdirilib, müxtəlif mükafatlara layiq görülüb və ölkəmizlə yanaşı xarici ölkələrdə şəxsi kolleksiyalarda saxlanılır.

 

Könül Vəliyeva

Azərbaycan Dövlət Rəsm Qalereyasının əməkdaşı