Rəşad Ələkbərovun sehrli kölgə yaradıcılığına səyahət

21.04.2022 /
Rəşad Ələkbərovun sehrli kölgə yaradıcılığına səyahət

Azərbaycan incəsənət tarixi üçün XX əsrin sonları tərəqqi, yeni səhifə ilə xatırlanır. Müstəqillik illərində Azərbaycan rəssamlarının müasir incəsənətlə Avropa və Amerika mədəni həyatında baş verən bədii proseslərlə tanışlıq, mədəni inteqrasiya, müasir incəsənət sərgiləri, konseptual incəsənət istiqamətlərinin müşahidəsi artıq yaradıcı gənclərin eksperimentlər əsasında qeyri-ənənəvi üslubunun formalaşmasına səbəb olmuşdur.

Azərbaycan müasir sənətşünaslığında mühüm xidmətləri olan sənətşünas-kurator, mentor, əməkdar incəsənət xadimi Leyla Axundzadə 2000-ci ildə “Zamanın Qanadları” assosiasiyasının bədii rəhbəri və təsisçisi olaraq yeni nəsil rəssamlarının önəmli dəstəkçisi olmuşdur. Rəhbərlik etdiyi assosiasiyanın təşkil etdiyi beynəlxalq simpoziumlar, layihələr, festivallar müasir Azərbaycan incəsənətinin inkişafı üçün təkan olduğu danılmaz faktdır. “Zamanın Qanadları” assosiasiyasının görkəmli nümayəndəsi əməkdar rəssam Rəşad Ələkbərovdur.

Kölgə instalyasiyaları ilə Azərbaycanı beynəlxalq incəsənət sərgilərində təmsil edən rəssam Rəşad Ələkbərov 24 iyun 1979-cu il tarixində Bakı şəhərində dünyaya göz açmışdır. 1995-1999-cu illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Bədii metal” ixtisası üzrə bakalavr, 1999-2001-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyası “Sənətşünaslıq” ixtisası üzrə magistr pilləsində təhsil aldıqdan dərhal sonra 2001-2003-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin sənətşünaslıq ixtisasının aspirantura pilləsində təhsilini tamamlamışdır. İlk öncə yaradıcılıq sahəsinə klassik rəssamlıq, heykəltəraşlıq, memarlıq-dizayn tərtibatı daxil olsa da 2000-ci il dönüş mərhələsi hesab edilir. Məhz instalyasiya yaradıcılığı rəssam üçün çox əhəmiyyətli bir seçimdir. Rəşad Ələkbərov beləliklə həmin bəhs edilən ildə “Zamanın Qanadları” adlı Azərbaycanda ilk konseptual incəsənət sərgisi üçün vizuallaşdırma texnikasından bəhrələnərək instalyasiyanı yaratmışdır. “Şərq və Qərb” instalyasiyası Rəşadın ilk eksperimentidir. İndividuallığı ilə diqqət cəlb etmiş nümunə Bakıda ilk dəfə Leyla Axundzadənin təşəbbüsü ilə həyata keçirilən I Alüminium Beynəlxalq İncəsənət Festivalında nümayiş edilib. Yenilikçi rəssam Şərq və Qərb dünyasının 2 fərqli tərəflərini izləyicilərə təqdim edir. Obyektlər üzərində işıq əksi nəticəsilə Şərq dünyasının ənənəvi memarlıq simvolları hesab olunan məscid, günbəz, minarələr, həmçinin Qərb dünyasına məxsus yüksəkmərtəbəli tikililər, göydələnləri əsas simvol hesab olunur. Şərq dünyası konsepsiya olaraq rəssamın şəxsi yaradıcılıq təcrübəsində mühüm mövzudur. Şərq dünyasına aid nümunələri arasında “Şəbəkə” Fly to Baku (2010) sərgisində nümayiş edilən kölgə instalyasiyadır. Məlum olduğu kimi şəbəkə şərq ornamentidir. Həndəsi və islimi ornamentlərə önəm verən rəssam islam incəsənətinin dəyərlərini, Şərq dünyasının aparıcı mədəniyyət sferası olduğunu bir daha vurğulamışdır. “Do Not Fear” əsərində qılıncların yerləşdirilməsi ilə Qərb dünyasına bir növ “Qorxma” deyir. Qılınclar isə funksional mənasını artıq dəyişir. Dünyada Şərqlə bağlı mənfi fikirlər meydana gəlsə də Rəşad art nümunələrilə Şərq dünyasını tamamilə həqiqətə uyğun faktlarla təqdim etməyə çalışır.

Ümumiyyətlə Rəşad Ələkbərov qeyd edir ki, “shadow art-kölgə incəsənəti”  istiqamətini  seçməyinə müəyyən məqamlar, uşaqlıq xatirələri, nostalji düşüncələr, kölgə tamaşalarına xas sehrli aləm əhəmiyyətli dərəcədə təsir etmişdir. Nostalgia təəssüratı yarandıqda müəllifin məqsədi reallıq qavrayışlarını yenidən analiz etmək, sanki uzaq bir dünyaya səyahət etməyə dəvət etməkdir. İnstalyasiyaların yaranmasında plastik borular, paslanmış metal məftillər, məişət əşyaları ilə düşünülmüş konsepsiya və idea əsasında nümunələr ərsəyə gətirir. Beləliklə təcrübə əsasında işıq dinamikasının mövcudluğu aspektdən bir növ şamanizm ənənələrinə diqqət yetirir. Qədim zamanlara bir anlıq geri dönsək müxtəlif diyarlarda məxsusi olaraq Asiya, Yaxın və Orta Şərq ölkələrində sehrli kölgə teatrları olmuşdur. Proyeksiyanın tətbiqinə görə Rəşad Ələkbərovun yaratdığı instalyasiyaları statik kölgələr teatrı və ya statik kino adlandırmaq məqsədə uyğun olar.

2012-ci ildə paytaxt Bakı şəhərində YARAT təşkilatçılığı ilə “I Baku Public Art” Festivalı çərçivəsində yerli rəssamların əsərlərindən ibarət sərgi təşkil edilmişdir. Hal-hazırda 20 N-li məktəbin yaxınlığında Rəşad Ələkbərovun “Femida” kölgə instalyasiya yerləşdirilmişdir. Rəssamın yaradıcılıq axtarışlarının evolusiya mərhələsi xarakteri daşıyan “Femida” qədim yunan mifinə xas ədalət tanrısıdır.

Divarda həkk edilmiş şüarlarda mətn əsaslı instalyasiyalarda kifayət qədər dərin məna axtarışının olmasının təzahürüdür. “İT İS NOT CHAOS”, “TRY TO SAVE” (2013-cü il 56-cı Venesiya Biennalesində Azərbaycan pavilionunda sərgilənmiş əsərlər), “SHOW ME ART” nümunəsi ilə aktual incəsənəti təbliğ edən rəssam seçdiyi istiqaməti və digər prosesləri tamaşaçıya xitabən “Mənə incəsənəti göstər” söyləməklə yanaşı, şəxsi təcrübəsi ilə izah edir.

“Avtoportret” (2014) 2 mətnin dəmirlə birləşməsiylə arzu, ümid və məqsəd konsepsiyası göstərməyə çalışaraq “Hope and Aim” anlayışından əsaslanaraq müqayisəli fikirləri düşünməyimizə vadar edir. “ALL THAT GLİTTERS İS NOT GOLD” kölgə instalyasiyası ilə “Hər parıldayan qızıl deyil” mətnaltı olaraq adi bir dəmirin incəsənətdə dəyərini təbliğ edən müasir rəssamın spesifik yanaşmasıdır. İndividual üslubunu nümayiş etdirməklə yanaşı beynəlxalq incəsənət festivalları, simpozium və sərgilərdə ölkəmizi müvəffəqiyyətlə təmsil etməsi, müasir sənət arenasında tanınmasının bariz nümunəsidir.

2019-cu il “Zərrə mənəm-günəş mənəm” söyləyən dahi şair, mütəfəkkir İmadəddin Nəsimi dünyasına həsr olunan Şamaxının Meysəri kəndində “Nəsimi-şeir, incəsənət və mənəviyyat II Festivalı” çərçivəsində “Nəsiminin ruhu" heykəl-instalyasiyası ilə Rəşad Ələkbərov Nəsiminin “Surəti gör bəyan ilə, çünki bəyanə sığmazam” beytindən ilhamlanmışdır.

2021-ci il 16 oktyabr tarixində Rəşad Ələkbərov Azərbaycan Respublikası  Əməkdar rəssamı fəxri adına layiq görülmüşdür. Hər zaman yaradıcı potensialı ilə fərqlənən rəssam “Expo 2020 DUBAİ” dünya sərgisi mədəni proqramlar çərçivəsində Azərbaycan pavilyonunda “Dostluq” xalçası növbəti nailiyyətidir. Xalçanın idea müəllifi olaraq 7 ay ərzində Azərxalça komandası ilə birgə ərsəyə gətirilmişdir. Xalça mərkəzində iki ölkə-Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinə məxsus flora-fauna elementləri, nəbati ornamentlər və 2 ölkənin simvolik tikililəri kompozisiyanın əsasını təşkil edir.

                                      

 Dilarə Əsədli

 Azərbaycan Dövlət Rəsm Qalereyasının əməkdaşı.