Müasir sərgilərin təşkili və ekspozisiyaların qurulma prinsipi

12.05.2022 / Yeni nəşrlər
Müasir sərgilərin təşkili və ekspozisiyaların qurulma prinsipi

 

        İncəsənət sərgisi rəngkarlıq, heykəltəraşlıq, memarlıq, qrafika, dizayn, dekortativ-tətbiqi sənət, ədəbiyyat və dramaturgiya, musiqi, kino və s. sənət növlərini sintez edən sistem kimi nəzərdə tutulur. Son onilliklərdə ekspozisiya sənəti muzey işinin əsas və müstəqil fəaliyyət növü kimi özünü möhkəm şəkildə təsdiq etmişdir. Ekspozisiya yaratmaq üsulu müasir muzeyşünaslığın dinamik inkişaf edən sahəsidir. Müasir muzey işində muzeyin və sərgi məkanının təşkili sənəti kimi ekspozisiya dizaynının öyrənilməsinə yanaşmalar xüsusi əhəmiyyət kəsb edir.

      Muzeylərin və sərgi salonlarının ekspozisiya tərtibatında ən son tendensiyaların müəyyənləşdirilməsinin aktuallığı muzeylərin zamanla ayaqlaşan müasir və qabaqcıl mədəniyyət ocaqları, dünyagörüşünü formalaşdıran və kəskin, aktual mövzular yaradan qurumlar mövqeyini tutmaq istəyi ilə diktə olunur.

       Müasir ekspozisiya üsullarının öyrənilməsi və tətbiqi sərgi məkanını uzun müddət öz aktuallığını saxlayacaq şəkildə tərtib etməyə imkan verir.

       Digər müasir proses muzeylərarası dialoqun, təcrübə mübadiləsinin qurulması istiqamətində yaranan sabit tendensiyadır ki, bu da təbii ki, yeni dizayn təcrübələrinin tətbiqinə və həyata keçirilməsinə müsbət təsir göstərir. Hər il müxtəlif ölkələri bir məkanda birləşdirən beynəlxalq sərgilər, festivallar, biennalelər və s. keçirilir. Festival çərçivəsində ən yaxşı muzey layihələri üzrə müsabiqələr təşkil olunur.

       Sərgi maddi-mədəniyyət fəaliyyətinin müxtəlif sahələrində uğurlu nailiyyətlərin açıq nümayişidir. Sərgi vasitəsilə hər hansı bir şirkət və ya bir qrup insan öz iş istiqaməti ilə maraqlana biləcək şəxslərə əmək və yaradıcılıq nəticələrini açıq şəkildə nümayiş etdirir. Sərgilərin müxtəlif növləri olur:

Stasionar - eksponatlar daimi ekspozisiyada yerləşdirilir;

Müvəqqəti- sərgilənən əsərlər qısa müddət ərzində  nümayiş üçün yerləşdirilir;

Tematik - müxtəlif - təbii, illüstrativ, sənədli eksponatların nümayişi ilə müşayiət olunan müəyyən bir mövzunu əhatə edir;

Memorial – hər hansı bir insanın, hadisənin xatirəsinə həsr olunur, onları yaradarkən orijinal əşyalardan, o cümlədən reliktlərdən (xatirə əhəmiyyətli əşyalardan) istifadə etmək üstünlük təşkil edir;

Fənni – hər hansı bir elm sahəsi üzrə həmin sahə ilə maraqlı olan insanların əlavə məlumat əldə edə bilmələri üçün, məsələn, boya firmasının öz məhsullarını sərgiləməsi kimi;

      Çoxlu sayda elementin (eksponat) iştirakı ilə böyük bir sərginin təşkili çox bahalı bir prosesdir. Bununla belə, hətta kiçik bir şirkət icarəyə götürülmüş sərgi məkanında fərdi nümayiş sərgiləyə bilər. Şirkət rəhbərliyi sərgi keçirmək qərarına gəlməzdən əvvəl, bu tədbirin köməyi ilə həll ediləcək vəzifələr barədə qərar verməsi vacibdir.  Ümumiyyətlə, sərgi mal və xidmətlərin satışına yönəlmiş fəaliyyətdir, buna görə də sərgi stendi qısa müddətli satış nöqtəsi kimi də çıxış edir. Həmçinin, tədbirlərin əsas vəzifəsi sərgidə iştirak edən şirkətin imicini yüksəltməkdir. Sərgilərin təşkili şirkəti aşağıdakılar ilə  təmin edir:

- özünü müəyyən bir auditoriyaya tanıtmaq;

- fəaliyyətlərinə müştəri cəlb etməyə nail olmaq;

- gələcək əməkdaşlıq üçün düzgün mütəxəssisləri tapmaq;

- məhsullar üçün uzun müddətli gəlirli müqavilələr bağlamaq;

- rəqiblərin imkanlarını qiymətləndirmək;

- bazar təhlili aparmaq və inkişaf yollarını tapmaq;

- konfrans və seminarlarda biznesləri haqqında hesabat təqdim etmək;

- şirkətin imicini yüksəltmək.

      Sərgiyə hazırlıq prosesinə öncədən, mümkün qədər tədbirin açılışından xeyli  (təxminən 10 ay qalmış) əvvəl başlanılması məqsədə uyğundur. Sərgi layihəsinin konsepsiyasında tədbirin dəyərini minimuma endirmək də daxil olmaqla, maliyyə faydalarının əldə edilməsinin bütün mümkün yolları göstərilməlidir. Bu sənədə aşağıdakı maddələr daxildir:

-sərginin şərtləri, müddəti və keçirilmə yeri;

-tədbirin hazırlanmasında və keçirilməsində iştirak edən mütəxəssislərin siyahısı;

-tədbirin məqsədləri;

-sərgi layihəsinin məzmunu;

- biznes plan. Bura proqramın (yəni biznes planın) iş hissəsinin mövzularının açıqlanması daxildir.

     Sərgi fəaliyyətinin inkişafı ilə təsnifat meyarlarının siyahısı daim genişlənir. Təsnifatın davam etdirilməsi bizə incəsənətin yeni növlərinin, yəni məkan instalyasiyalarının: həcmli bədii kompozisiyaların və muzeylərdə, incəsənət mərkəzlərində, qalereyalarda və s. süni yaradılmış məkanların yaranması ilə əlaqədar nümayiş üsul və texnikalarının necə genişləndiyini görməyə imkan verir. Bir neçə növ məkan ekspozisiyasını, müasir incəsənət instalyasiyalarını qeyd edək:

 − məkanda yerləşdirilən heykəltəraşlıq;

− kompüter texnologiyalarının köməyi ilə yaradılmış məkan;

− tematik təcrid olunmuş otaqlar;

- interaktiv rəqəmsal, səs məkanı - rəqəmsal incəsənət;

- illüziya məkanı (miqyas, formalar, rənglər, işıqların vizual oyunu);

- sensor məkan (sözün əsl mənasında insanın məkana daxil olması ilə reaksiya verir başqa sözlə “canlı məkan” hesab edilir);

      Qeyd etmək lazımdır ki, müasir ekspozisiya praktikasında ən çox qarışıq tipli sənət məkanlarına rast gəlinir. Sərginin ideyasının işlənib hazırlanmasına və dizaynına keçməzdən əvvəl, əlbəttə ki, yaratdığımız ekspozisiyanın müxtəlif meyarlara görə hansı növə aid olacağını hərtərəfli təhlil etmək lazımdır. “Müasir ekspozisiyaların tərtibatında memarlıq məkanı”nı nəzərdən keçirərkən  müxtəlif bilik sahələri: fəlsəfə, psixologiya, sosiologiya, semiotika, ünsiyyət nəzəriyyəsi, fizika, riyaziyyat və başqaları, eləcə də incəsənəti əhatə edən “məkan” kateqoriyasına da diqqət yetirmək lazımdır. Burada,  xüsusən də müasir incəsənət məkanlarında insan həyatının bütün sahələrinə təsir edən memarlığın sintetik rolu ideyası vacibdir.

       XX əsrin dünya sərgi memarlığını təhlil edərkən, muzey dizaynının bütün təcrübəsinin inkişaf etdiyi – Le Korbuzye tərəfindən (Le Corbusier) "böyüyən muzey" və ya "qeyri-məhdud inkişaf muzeyi" ideyasını,  L. Mies van der Rohe  tərəfindən “universal muzey”, F.L.Rayt tərəfindən "güclü spiral" əsas konsepsiyaları müəyyən etmək olar:

        Le Korbuzyenin ideyası düzbucaqlı spiral prinsipi əsasında qurulmuş xüsusi muzey marşrutu hazırlamaq idi. Əsas konseptual həll, bu spiral döngələrin tikintisini tamamlayaraq, lazım olduqda binanı genişləndirmək imkanı idi. Həmçinin, artıq XX əsrin I yarısında Le Korbuzye Mundaneum və Bilik Muzeyi layihələrini izah edən elmlə sıx əməkdaşlıq vəzifəsini qoydu. Hazırda onun tədqiqatları və ekspozisiya məkanının təşkili ilə bağlı yanaşmaları yeni məna kəsb edir və sərgi sahəsinin layihələndirilməsi üçün müasir nəzəri modelin qurulmasında istifadə olunur.

  1. Mies van der Rohe ekspozisiya zallarının daxili arakəsmələrinin ekspozisiya materialından (eksponatın növündən) asılı olaraq dəyişdirilməsi və hərəkət etdirilməsi mümkün olan universal məkan yaratmaq vəzifəsini qarşısına qoydu. Memar üçün xarici mühitin muzeylərin interyerlərinə inteqrasiyası vacib idi ki, bu da müasir dillə desək, ekspozisiyaya müəyyən qədər interaktivlik verirdi.

          F.L. Rayt muzeyin xarici mühitdən sərt şəkildə ayrılmış qapalı ekspozisiya məkanını təklif edirdi. Onun ideyası, diqqətin eksponata yönəldiyi, muzeyin məkanının hərəkətsiz və dəyişdirilmədiyi işıq-məkan mühiti yaratmaqdır. Məhz bu ideyalar, konsepsiyalar və həyata keçirilən layihələr, fikrimizcə, dünya təcrübəsində muzeylərin, müasir incəsənət və incəsənət mərkəzlərinin memarlıq dizaynına yanaşmanı müəyyən etmiş və bu günə kimi aktuallığını qoruyub saxlayır.

       Müasir incəsənət sərgiləri məqsəd və vəzifələrini, təsnifatını müəyyən etməyə imkan verən bir neçə müstəqil meyarlara görə həyata keçirilir. Bu baxımdan, sərgi məkanlarının növlərinə aiddir:

− dövlət və özəl incəsənət qalereyaları və ya muzey salonları;

− müasir incəsənət, mədəniyyət və dizayn mərkəzləri (adətən keçmiş fabrik emalatxanalarının, anbarların, qarajların binalarında və ya xüsusi tikilmiş yerlərdə yerləşən);

− sərgi salonları, mərkəzlər, rəssamların evləri;

− ali təhsil müəssisələri, kitabxanaların oxu zalları (öz qalereyası, zalı, dəhlizləri);

− aktual incəsənət kompleksləri;

− virtual sərgilər (İnternet);

− hərrac evləri;

− incəsənət fondları;

− restoranlar, klublar;

- açıq hava məkanları.

        Aydındır ki, sərgilər həm ekspozisiya fəaliyyəti üçün nəzərdə tutulmuş ixtisaslaşdırılmış məkanlarda, həm də tamamilə yararsız, sərgilərin çox vaxt kortəbii təşkil olunduğu yerlərdə keçirilir. Buradan sərgiləri nümayiş olunan materialın (eksponatların) növünə görə təsnif etmək məntiqlidir:

- sərginin obyektləri klassik rəngkarlıq, qrafika, heykəltəraşlıq olan tarixi və muzey ekspozisiyası;

- konseptual, multimedia, sintetik olaraq təsniflənən müasir incəsənət;

- ekspozisiya obyektləri: tarixi fotoqrafiya, ənənəvi və rəqəmsal emal, neqativlər, təsvirlə eksperimentlər aparılan fotolardan təşkil olunan fotosərgilər;

- əlavə olaraq, eksponentlərin xarakterinə görə sərgi monoqrafik, təşkilati, qrup  sərgiləri, kolleksiyaya daxil olan sərgilərə bölünə bilər.

       Müasir sərgi insan fəaliyyətinin sahələrini geniş şəkildə əhatə edir. Təşkilatçılar tərəfindən irəli sürülən sərginin funksiyasına, növünə, məqsəd və vəzifələrinə görə aşağıdakı qruplaşdırmanı sadalaya bilərik:

− sərgi-müsabiqə;

− təhsil və ya təhsil funksiyaları olan sərgi;

- əlamətdar hadisə çərçivəsində baş tutan sərgi;

- sənət əsərlərinin satışını nəzərdə tutan və mənfəət məqsədi ilə təşkil edilən sərgi-yarmarka;

- bərpa işlərinin nəticələrini əks etdirən və yenilənmiş işləri qiymətləndirmək imkanı verən sərgi;

− bədii və estetik;

− elmi-metodiki;

− elmi və eksperimental.

       Sərgi müasir insanın mədəni cəmiyyətə daxil olmasında özünəməxsus katalizator rolu oynayır. Sərgilər fiziki və virtual məkanı birləşdirir, ünsiyyət üçün yeni imkanlar yaradır, beləliklə, əlaqələndirici funksiya daşıyır: L. Mies van der Rohe muzey, incəsənət və cəmiyyət arasında sərhədlərin ləğv edildiyi müasir incəsənətin əsas prinsiplərini müəyyən edir. O, hesab edir ki, incəsənət maksimum sayda insanla ünsiyyətə yönəlib. Sərgi iştirakçılarının, rəssamların, kuratorların və dizaynerlərin əsas rolları müəyyən edilir. Onların hər biri yeni bilik, ideya, bədii fərziyyə ilə tamaşaçı arasında vasitəçi rolu oynayır və öz məlumatlarını  bədii obrazın, obyektin köməyi ilə  çatdırırlar.

       M.S.Kaqanın yolu ilə gedərək biz bu mühitdə yaradıcı fəaliyyətin 4 istiqamətini ayırd edirik: koqnitiv, kommunikativ fəaliyyət, təhsilyönlü, yaradıcı.

"Müasir konseptual sərginin layihəsi" eksponatların məkan ilə qarşılıqlı tamamlanması ətrafında yaradılan konseptual karkasın yaradılmasını özündə cəmləyir. Bu karkasın əsasında layihədən tutmuş,  məkan-eksponat və insan münasibətləri sistemi üzərindən meydana gələn bədii konseptlərə qədər bütün işlər həyata keçirilir. Müasir incəsənət sərgisi anlayışı üzrə Le Korbuzye,  L. Mis Van Der Rohe və F.L.Raytın fikirləri əsasında  3 nəzəri model irəli sürülür. Hər bir halda layihə məkan-eksponat-insan qarşılıqlı əlaqəsi sistemi əsasında düşünülür, ekspozisiya məkanının modelləşdirilməsi yanaşması əsaslı şəkildə fərqlidir.

  1. Məkan və eksponat – bu kəmiyyətlərin bir-biri ilə əlaqəli olduğu, bir-birini tamamladığı və hər birinin mənasını açmağa kömək etdiyi bir anlayış təşkil edən vahid orqanizmdir. Ekspozisiya müəllifinin çatdırmaq istədiyi ideya məkanın və eksponatın qeyd-şərtsiz iştirakı ilə həyata keçirilir.
  2. Meydanın memarlıq dizaynı eksponatların növünü diktə edir. Bu zaman ekspozisiya məkanına mütənasib və ahəngdar şəkildə uyğunlaşacaq sənət obyektləri seçilir.
  3. Məkan blokları arakəsmələrin, xüsusi işıqlandırmanın, çoxsaylı zalların və s. xüsusi eksponatların köməyi ilə qurulur.
  4. Bunun üçün aydın rayonlaşdırma, sərgiyə nisbət tələb olunur. Əslində, bu vəziyyətdə məkanın köməkçi funksiyası var, eksponatların qavranılması və qiymətləndirilməsi vasitəsilə sərgi ideyası oxunur.

       Xarici və daxili məkanın vəhdəti təkcə kiçik əsərləri deyil, həm də iri miqyaslı instalyasiyaları və incəsənət obyektlərini nümayiş etdirməyə imkan verir, beləliklə, incəsənət təkcə muzeyə gəlmir, həm də muzeyin divarlarından kənarda yaradılmış incəsənət eksponatlara tamamlayıcı məna verir, şəhər ortamında təbii olaraq qəbul edilir. Bu zaman işıq təkcə işıqlandırma rolunu oynamır. İşıq vitrajlar sayəsində rənglənir və binanın əsas salonlarına nüfuz edərək günün vaxtından və günəş işığının intensivliyindən asılı olaraq dəyişən bütün səthlərdə naxışlar əmələ gətirir. İşıq gözlə görülən şəkildə yerləşdirilir və muzey məkanında divarlarda, döşəmədə, tavanda bədii kompozisiya şəklində peyda olur və həm bədii, həm də elmi baxımdan öyrənilə bilən daimi eksponata çevrilir.

       Artıq qeyd edildiyi kimi, “Təcrid olunmuş məkan”, incəsənət obyektlərinin yerləşdiyi mühitdən təcrid olunduğu ən ənənəvi yanaşmadır. Səthin işlənməsinin fakturası və keyfiyyəti, məkanın miqyası, eksponatların düzülüşü və hər şeydən əvvəl onların miqyas və proporsiya baxımından bir-birini tamamlaması ön plana çıxır. Əsas məqsəd dekorativ texnika və materiallarda deyil, lazımi vəziyyəti, xüsusi işığı əldə etməkdir. Memarlıq xüsusiyyətləri arxa plana keçir, əsas rol eksponatlara verilir. Buradan görünür ki, interyerin həlli, işıqlandırmanın keyfiyyəti həlledici əhəmiyyət kəsb edir. Vizual effektlərdən uzaqlaşaraq, sənət obyektinin daxili mahiyyətinə müraciət olunur, ziyarətçi intellektual fəaliyyətə yönləndirilir. Əsas vəzifə klassik sərgi zalında həm qrafika, rəngkarlıq, heykəltəraşlıq və fotoqrafiya kimi ənənəvi sənət növlərini, həm də video-art və quraşdırma ilə təmsil olunan müasir tətbiqləri vahid ekspozisiya sırasına qoymaqdır.

      Müasir incəsənət sərgisində məkanın təşkilinə daha çox diqqət yetirmək, ekspozisiya səthlərinin tonu və rəngi ilə, işıqla işləmək, həmçinin bütövlükdə strukturda yerləşməni düzgün hesablamaq lazımdır. Bu yanaşma, əlbəttə ki, ekspozisiyanı vizual zənginləşdirəcək, bununla da onu simvolik və yaddaqalan edəcək. Keçiriləcək sərginin maraqlı olması, müasir ehtiyaclara cavab verməsi üçün mövzu və məzmununun seçimi onun yaradılması prosesində əsas məqamdır. Sərgilərdə iştirak edənlər üçün mövzular gündəlik həyatdan, ənənəvi bayramlar, tarixi hadisələr, əlamətdar hadisələr, elmin müxtəlif sahələrindən  və s. seçilə bilər. Sərgilərin təşkili və təqdim olunması üçün ən vacib xüsusiyyətlərdən biri tədbirin adının düzgün seçilməsidir.

      Sərginin orijinal dizaynının həlli yolunu tapmaq, onun üçün material toplamaq, onu sistemləşdirmək, sərginin bütün hissələrini məntiqi olaraq vahid məzmunda birləşdirə bilmək məharəti tələb olunur. Sərginin mövzusunu müəyyən etdikdən sonra eksponatların əldə edilməsinə - toplanmasına başlamaq lazımdır. Kolleksiya işi eksponatların toplanması, tədbir iştirakçılarının birbaşa axtarışı, mövzu xətti, əlavə material üçün əməli hərəkətlərin məcmusudur. Toplanmış eksponatlar məlumatlandırıcı, cəlbedici, ifadəli, təmsilçi xarakter daşımalıdır. Söhbət müasir dövrün eksponatlarının kolleksiyasından gedirsə, əsas seçim meyarları informativ və reprezentativ olmalıdır.

      Sərginin keçirilməsində digər mühüm hadisə keçirilmə məkanının seçilməsidir. Əsas ekspozisiya sənədlərinin hazırlanması mühüm komponentdir. Hansı materialların, alətlərin və texniki imkanların (işıq, səs, fotoşəkillər, slaydlar) istifadə oluna biləcəyini nəzərə alaraq, sərginin müddətini əvvəlcədən müəyyən etmək lazımdır. Açıqlanacaq əsas mövzular, ideyalar və problemlər sistemi, habelə təklif olunan ideyaların həyata keçirilməsi üçün adekvat yolların seçilməsi mənasını verən ekspozisiyanın elmi konsepsiyasının işlənib hazırlanması üzərində düşünmək vacibdir.

Tematik və ekspozisiya planı aşağıdakı formada tərtib edilir:

Sütun 1. Ordinal nömrələmə - hər bir elementə xüsusi seriya nömrəsi verilməlidir, buna görə də sərginin quraşdırma siyahılarını tərtib etmək və əşyaları yerləşdirmək daha rahat olacaqdır.

Sütun 2. Mövzular və bölmələr - sərginin mövzularının, alt mövzularının və bölmələrinin adları qeyd olunur.

Sütun 3. Etiketlər, mətn, aparıcı mətn - sərgidə yerləşən eksponatların mövzusunun  aydın təsvirini verən press-relizlər tərtib olunmalıdır.

Sütun 4. Eksponatların siyahısı - eksponat növünün adı: fotoşəkil, sənəd, afişa, kitab və s.

Sütun 5. Təsvir (əsli, surəti, modeli) – obyektin xüsusiyyətləri, orijinal, kserokopiya, maket, kserokopiya və s. olması haqqında məlumat göstərilir.

Eksponatın ölçüsü ardıcıllıqla göstərilir: hündürlük, en, uzunluq, diametr.

Sütun 6. İnventar nömrəsi - əgər muzeydən sərgi üçün əşya götürülübsə, onun inventar nömrəsi olmalıdır, o bu sütunda göstərilməlidir, əgər bənddə nömrə yoxdursa, o zaman nömrə olmadan (inventar nömrəsiz) qeyd edilməlidir.

Sütun 7. Yer - eksponatın yerləşdiyi yer ekspozisiyada: vitrin, stend, kabinet, divar, döşəmə, podium, rəf, qutu, albom  və s.

        Bir neçə stenddə eyni tipli mərkəzi eksponatları vurğulayarkən, onların dizaynının vahid üslubunu tətbiq etmək məqsədə uyğundur. Bu, izləyicini asanlıqla istiqamətləndirir və diqqətini mühüm eksponatlara yönəldir. Əsas odur ki, materialın (eksponatın) yerləşdirilməsində aydın məntiq izlənilsin. Materialın (eksponatın)özü sizə stenddəki eksponatların qruplaşdırılmasının mahiyyətindən xəbər verəcəkdir. Bəzən bu, konsentrik bir quruluşdur, qalanları aparıcı, əsas eksponatın ətrafında yerləşdikdə, məzmununu açır və gücləndirir. Başqa bir halda, eyni dəyərə malik bir sıra eksponatlar təqdim edildikdə, onları cərgələrə düzmək, tamaşaçının rahatlıqla izləyə biləcəyi, tədricən soldan sağa doğru yerləşdirmək düzgündür.

       Stendin tərtibatı sərbəst ola bilər: asimmetrik, o cümlədən eksponatlara əlavə olaraq müxtəlif dekorativ elementlər istifadə edilə bilər, lakin onlardan sui-istifadə edilməməlidir. Yəni bu dekorativ elementlər ilə həddən artıq yükləmək və ya qarışıqlıq eksponatın məzmununa zərər gətirə bilər. Materialın sərbəst yerləşdirilməsi ilə vizual təəssürat, balans, stendin eyni dərəcədə yüklənməsinə nail olmaq lazımdır. Bunun üçün eksponatlar arasındakı məsafəyə nəzarət edilməlidir ki, sonra sıxlıq, həddindən artıq yüklənmə təəssüratı yaranmasın.

       Stenddə materiallar, xüsusən də mətnlərlə çox yüklənməməlidirlər. Həcmli eksponatlar, mümkünsə, divarlardan uzaqda yerləşdirilməlidir ki, onlara hər tərəfdən baxmaq mümkün olsun.

       Sərginin səthi (divardan asıla bilən) eksponatları arasında əsas yeri rəngkarlıq, qrafika, fotoşəkillər, daha sonra ilkin olaraq paspartuya salınması gərəkən yazılı mənbələr, materiallar, reproduksiyalar tutur. Paspartu təsvirin ətrafında sahələr yaratmaq, onu ətraf mühitdən ayırmaq üçün istifadə edilir. Bəzən isə əsərlər şüşə altına salınır. Arxasına kardon yerləşdirilərək, xırda bərkidicilər ilə bağlanır. Qrafika əsərlər (akvarel, təsvirlər) çox da ağır olmayan nazik baget ilə çərçivələnirlər.

      Şüşə sərgidə təkcə fotoşəkilləri və ya rəsmləri bəzəmək üçün istifadə edilmir. O, digər eksponatların, o cümlədən həcmli eksponatların dizaynı üçün material kimi də maraq doğurur. Beləliklə, hər cür qapaqların, vitrinlərin, qabların istehsalı üçün uğurla istifadə olunur.

      Sərginin bütün təşkilati işləri başa çatdıqdan sonra ekspozisiyanın qurulmasına start verilir. Ekspozisiyanın qurulması heç də sadə iş deyil. Bu proses müəyyən meyarlar əsasında həyata keçirilir. Sərginin mövzusundan asılı olaraq diqqətin nəyə yönəldiləcəyi müəyyən edilir, daha sonra ekspozisiya zallarının divarları vahid ideyaya və təyin edilən fikrə uyğun olaraq qurulmağa başlanılır. Espozisiyada mövzu qədər, ölçülər üzrə də uyğunluq izlənilməlidir. Əsərlərin qruplaşdırılmasında müxtəlif üsullar mövcuddur. Belə ki, böyük ölçülü əsərin yanında çox kiçik əsər kölgədə qala bilər. Lakin ölçüsü böyük əsərin ətrafına ondan nisbətən kiçik əsərləri asmaq mümkündür və çalışmaq lazımdır ki, bu zaman yuxarı səviyyədə divar üzrə əsərlərin pilləvari düzülüşü yaranmasın. Bu ekspozisiya quruluşunda səhv olaraq qəbul edilir. Həmçinin kiçik ölçüdə olan tablo böyük ölçüdə olan tablonun orta boyu ilə düzülə bilər. Adətən əsərlərin asılması zamanı müəyyən xətt üzrə, orta baxış nöqtəsi götürülür. Əsərlərin düzülməsində ara məsafələrin bərabər olmasına diqqət yetirilir və bu məsafələr  də tabloların ölçülərinə uyğun olaraq tətbiq edilir.

        Səhv və zövqsüz qurulmuş ekspozisiya sərgiyə marağın itməsinə səbəb olur. Buna görə də ekspozisiya qurarkən kortəbii üsullardan uzaq durmalı, müəyyən qanunauyğunluqlara riayət etmək vacibdir. Məsələn, böyük ölçülü əsərlərin çox hündürdən asılması yolverilməzdir. Və ya əksinə kiçik əsərlərin də alçaqdan asılması qəbul edilmir. Çox kiçik ölçülü tablolar müəyyən fikir əsasında üfiqi və ya şaquli istiqamətdə qarışıq şəkildə və bir-birinə yaxın asıla bilər. Bu kompozisiya şəkilində təqdim edilir və kənardan tamaşaçının diqqətini cəlb edir. Digər bir məqam rəngkarlıq əsərləri ilə heykəltəraşlıq nümunələrinin eyni zalda uyğunlaşdırılmasıdır. Çox zaman heykəl nümunələri fiqurun ölçüsünə uyğun olaraq müxtəlif ölçülü tumbalar üzərində yerləşdirilir və ya yer səviyyəsində qoyulur. Adətən hər tərəfdən görülə bilməsi üçün heykəllər zalın mərkəzində qoyulur. Ekspozisiyanın zənginləşdirilməsi üçün müxtəlif dekorasiyalardan istifadə edilə bilər. Bu kuratorun istəyi və ya sərginin mövzusunun tələbi ilə baş verir. Bunlardan başqa əsərlərin çərçivələrinin kəskin rəng və ya forma fərqi də kənardan yaxşı görünməyə bilər. Bu uyğunsuzluqlar işin zövqsüz hala gəlməsinə səbəb olur. Bəzən sərgilərdə instalyasiyalar və ya tətbiqi sənət əsərlərinin yerləşdirilməsində problemlər yaşanır. Bu zaman da tətbiq edilə biləcək üsullar məkanın quruluşu və həcmindən asılı olur. Bu sənət nümunələri divardan və tavandan asıla, yerdən qoyula və ya hər hansı vasitənin üzərinə yerləşdirilə bilər.

      Mətnlərdən düzgün istifadə ekspozisiyanın məzmununu zənginləşdirir və onun ziyarətçiyə təsirini artırır, çünki ekspozisiyaya daxil olan mətnlər məhz muzey ünsiyyət formasının xüsusiyyətləri ilə sıx bağlıdır. Ziyarətçi sərgilənən əşyanı nə qədər araşdırsa da, vizual qavrayışdan kənarda qalan və yalnız mövzunun hərtərəfli tədqiqi nəticəsində çıxarılan gizli məlumatı aşkar edə bilmir. Mətnlər sistemi sərginin tərtibatı zamanı onların aydın, birmənalı və hər kəs üçün əlçatan olması nəzərə alınmaqla yaradılır. Mətn bütün lazımi məlumatları ehtiva etməli, başa düşülən, bəzən emosional təsiredici olmalıdır. Mətnə yanaşmanı şərtləndirən ən mühüm tələblərdən biri yığcamlıqdır. Ekspozisiyanın mətn materialı (press reliz) ilə həddən artıq yüklənməsi yalnız onun idrak dəyərini azaldır.

       Etiketin məzmunu profildən, sərginin məqsədlərindən və muzey əşyasının özünün təbiətindən asılıdır. O, aydın, mənalı, lakin eyni zamanda mövzunun qısa təsvirini verməli, eksponatın tam mənzərəsini açmalıdır. Eksponatın adı etiketdə vurğulanır, onun hazırlandığı materialı, texnikası, yaradılma ili, ölçüləri, tarixi şəxsiyyətə və ya onun müəllif-istehsalçısına məxsus olması vacibdirsə, həmçinin buna uyğun olaraq bütün digər məlumatlar daxil edilir. Şəkilli materialın etiketlərində başlıq müəllifin soyadı deyil, onun əsərə verdiyi addır. Etiketlər əsərlərin yanında qoyulmalı (yapışdırılmalı), heç bir halda əsərə toxunmamalıdır.

       Hər bir etiketdə, onun sərginin bu xüsusi hissəsinə daxil edilməsinin qanuniliyini sübut edən obyektin atribusiya məlumatlarından istifadə edilir. Bütün maddələrin tarixi göstərilməsi vacibdir. Mənbə növündən asılı olaraq: müəllif, stiqma, material, yer, istehsal texnikası yazılır. Ekspozisiyanın bütün mətn şərhləri, etiketlər, onun tərkib hissəsinə çevrilməlidir. Buna görə də, ekspozisiya müəllifləri istənilən mətnin məzmununu inkişaf etdirərək, eyni zamanda bədii problemləri həll edirlər. Eksponatlar üçün şrift, rəng, ölçü, annotasiyaların yeri  sərgiyə hazırlıq prosesində müəyyən edilir.

        Sərginin keçirilməsi adi proses olmadığı kimi, onun daha çox ziyarət olunması üçün təqdimatı başqa sözlə, reklamı da ən mühüm problemlərdən biridir. Bunun üçün müasir günümüzdə sərginin vaxtı, zamanı, keçirilmə məkanı və müddəti, dəstəkçilər müəyyən edildikdən sonra sərgi açılışı xəbərinin geniş kütlə arasında yayılması üçün press-relizlər, bukletlər hazırlanır, bannerlərin hazırlanması, plakat, afişaların paylanması, sərginin açılışına qonaqların dəvəti, televiziya və radio yayımları vasitəsilə xəbər vermə, sosial şəbəkələr üzərindən elektron afişaların paylaşımı və s. üsullardan istifadə edilir.

      Sərgilərin təşkili zamanı xüsusi diqqət sənət əsərinin tamaşaçı və başqaları tərəfindən zərər görməməsi məsələsinə ayrılır. Adətən bunun üçün xüsusi nəzarətçilər, kamera müşahidə və ya əsər ilə müəyyən sərhəd yaradan vasitələrdən (məsələn, lent ilə məsafə qoymaq) və s. istifadə edilir.

     Sərgini şərh edən plakatlar, video-çarxlar da tədbirin görüntüsünə rəng qatır. İncəsənət məkanlarında sənət nümunələrinin nümayişi musiqi sədaları ilə müşahidə oluna bilər. Bu sərgiyə əlavə ecazkar ab-hava bəxş edir.

   Təbii ki, sərgi təşkili və ekspozisiya qurmaq yolları müəyyən kanonlar çərçivəsində deyil, yeni ideyalar ilə dəyişə bilən xarakterə malikdir. Bu baxımdan ənənəvi və ümumi prinsipləri açıqlamaq daha məqsədəuyğundur.

 

 

 

Dürdanə Qurbanova

Azərbaycan Dövlət Rəsm Qalereyasının kiçik elmi işçisi