Emosiyalar, fantaziyalar, qorxular. “Sürrealizm” müasir incəsənətdə...

16.05.2022 / Yeni nəşrlər
Emosiyalar, fantaziyalar, qorxular. “Sürrealizm” müasir incəsənətdə...

XX əsrin əvvəllərində incəsənət ve estetik meyarı dadaistlərin və sürrealistlərin əsərləri təyin edirdi. Xüsusən ən səs-küyə səbəb olan dadaistlər ideyalarında məntiqsizliyi, incəsənətlərində isə istiqamətsizliyi müdafiə edirdilər. (Qeyd edə bilərik ki, Dadaizm sürrealizmin nihilist qardaşı idi) Fransis Pikabia, Marsel Düşan, Corc Qross ən məşhur dadaistlər sırasındadır. XX əsrin 20-ci illərində sənətdə və sənətkarların baxış tərzində yeni perspektivləri inkişaf etdirəcəyinə inanan bir qrup incəsənət təmsilçiləri xəyali dünyanı, təxəyyülü öz tərzləri ilə ifadə etməyə can atırdılar. 1924-cü ildə Andre Breton “Sürrealizm Manifestini” nəşr etdirir. Bu nəşrdə Ziqmund Freydin təhtəlşüur haqqında araşdırmalarına da geniş yer verilmişdir. André Breton tibb və psixiatriya təhsili almış və psixoanalitik Ziqmund Freydin araşdırmalarını yaxşı bilən bir şair idi. Dindar bir marksist olan Breton sürrealizmi cəmiyyətin rasional kütlələrinin şüurunu azad edəcək inqilabi bir hərəkat kimi nəzərdə tuturdu. Sürrealistlər, ümumiyyətlə, öz “liderləri” Bretonun ətrafında birləşmiş yığcam və doqmatik qrup idilər. Onlar  "Minotavr" və ya "Sürrealist İnqilab" kimi sürrealist jurnallar yaratdılar, burada bu bədii cərəyanın mətnləri, rəsmləri və ya fotoşəkilləri dərc olundu. Freyd özü sürrealizmin pərəstişkarı deyildi. Sürrealistlər yuxular aləmini bədii obrazların yarana biləcəyi yeganə mühit hesab edirdilər. Bədii bir cərəyandan daha çox, sürrealizm   fantaziya, istək və təxəyyülün rasional, ölçülü və şərti olandan üstün olduğu bir inqilab kimi qəbul edilmişdir. Qeyd etmək olar ki, bu üslubun yarandığı ərəfələrdə baş verən hadisələr, etirazlar, müharibənin cücərən rüşeymləri sürreal zehnin itiləşməsi, yəni şəxslərin xəyal dünyasının zənginləşməsi ilə nəticələnib. Bununla yanaşı sürrealizmin inkişaf etdiyi nöqtələrdən biri İspaniya idi. Burada 50 milyon insanın ölümünə səbəb olan ispan qripi (1918), 1939-cu ildə İkinci Dünya Müharibəsinin başlanması sənətkarların yaradıcılığını və ümumi incəsənət estetikasını stimullaşdıran əsas amillərdən bir neçəsi idi. Sənətkarlar sürrealizmin sərhədlərini istənilən məntiqin və ya istənilən qərəzin kənarına çıxararaq, nəhəng fantaziya aləmlərini yaratdılar. Həyatımızı əhatə edən sirrlər, naməlum qorxular və bizim aramızdaki dünyaya optimist nöqteyi-nəzərdən baxmağa sövq edən romantik səciyyə daşıyan sərhəddir. Sürrealist rəssamlar şüuraltının və xəyalların potensialından fantastik obrazlar yaratmaq üçün mənbə kimi istifadə etməyə çalışırdılar. Buna görə də, plastik sənət, ədəbiyyat xəyalların və reallığın birləşməsini ifadə etmək üçün ideal vasitə kimi görünürdü. Sürrealizmin əsas mahiyyəti, onun müasir dünyada yeri və rolu, təəssüf ki, bu üslubun manifest ilə eyniləşdirilməsi ilə kölgə altında qaldı. Beləki, bu gün də sürrealizmin sadəcə olaraq təsviri sənətə aid edilməsi çox yanlış düşüncədir. Əslində 1924-cü ildə ilk manifestin nəşri də sürrealizmin sərt hücum və tənqidlərə qarşı öz müdafiə mexanizmasını qurmaq cəhdi hesab oluna bilər.

Bəs “Sürrealizm” nə deməkdir? "Sürrealist" termini fransız dilindən götürülmüşdür. Bu, 1917-ci ildən “Les titties de Tiresias” dramatik əsərində (avanqard Qaliyalı yazıçı Guillaume Apollinaire-in əsəri) istifadə olunur. Bu söz hərfi mənada “yuxarıda” (sür-) realizm ( réalisme ) deməkdir , çünki sürrealistlər insan şüurunun və onun bədii ifadəsinin məhdudlaşdırıcı perspektivlərini aşan və ya ondan qaçan bir sənət yaratmağa can atırdılar.

Sürrealizm Orta əsrlərdən, o cümlədən renessansdan, mannerizmdən, barokkodan, XVIII, XIX və ya XX əsrlərdən izlənilə bilən çoxsaylı təsirlərə malik idi. Ən diqqət çəkənlər arasında Flaman rəssamı El Bosch, mannerist Arcimboldo, simvolist İdilon Redon və yaradıcılığı sürrealizm ilə sıx bağlı olan italyan rəssam Giorgio De Chirico kimi sənətkarların ismini çəkmək olar. Yunan əsilli italyan Giorgio de Chirico  (1888-1978) metafizik rəsm adlı bədii cərəyana mənsub idi və sürrealist rəssamlara böyük təsir göstərmişdir. Onun rəsm əsəri klassik dünya ilə əlaqəli sirli manikenlər və heykəllər ilə böyük və sirli memarlıq məkanlarında xəyalpərəst kompozisiyalar üzərində qurulurdu.

Sürrealizm  rəsm və heykəltəraşlıqdan başqa fotoqrafiya (Man Rey, Dora Maar), kino (Luis Buñuel, Dali, Man Rey), moda (Dalí və Elza Schiaparelli), heteroklit obyektlərin istehsalı (Dalí, Oscar Domínguez), qrafika və reklam dizaynı, mebel və interyer dekorasiyası və s. inkişaf etmişdir.

Rəssamlıqda sürrealizm iki əsas istiqamət götürdü: obrazlı və abstrakt sürreal rəsm. Hər iki sürrealist qrup elə sürrealist şairlərdən avtomatik yazı texnikasını mənimsəmişdilər. Sürrealist rəssamlar insan şüurunun müxtəlif cəmiyyətlər üçün bəzən tabu olan duyğu və istəklərlə mahiyyətcə necə bağlı olduğunu təcrübi yol ilə araşdırırdılar. Sürrealist rəssamlıq, xüsusilə 1923-1924-cü illərdə, Bretonun çiçəklənmə dövründə sürrealist ədəbiyyatında tətbiq etdiyi avtomatizmdən qidalanırdı.

 

Daha sonra, 1937-ci ildə sürrealizmin əsas simalarının əksəriyyəti nasistlərin təqibindən xilas olmaq üçün Avropanı tərk etməyə məcbur olmuşdular. Onlar Amerikada məskunlaşmağa başlayırlar. Sürrealizm 1930 və 1940-cı illərdə diqqət və pərəstişkar qazandıqca, o, yeni nəsil rəssamların avtomatik təcrübələr, psixologiya və mifologiya ilə  maraqlanmasına səbəb oldu.

Latın Amerikasında sürrealizm öz şöhrətini Frida Kahlo kimi sənətkarların yaradıcılığında tapdı, onun yüksək şəxsi bədii üslubu Sürrealizmin aspektləri ilə paralel olaraq inkişaf etmişdi. Məşhur əsərlərindən biri olan “Ümid ağacı” (1946) əsərində Kahlo əsl ağacı deyil, naməlum mənzərədə çəkilmiş ikili avtoportreti, həm onu sonsuzluğa düçar edən 1925-ci ildə baş vermiş avtobus qəzasını, həm də öz küllərindən yenidən doğulduğunu ifadə etməyə çalışmışdır. Kahlonun texnikası isə ənənəvi Meksika təsviri sənətinin xüsusiyyətlərini daşıyırdı. 1983-cü ildə baş verəcək olan sərgi isə müasir Meksika incəsənətinin yeni cığır açacağına işarə idi. Beləki, Bretonun Meksikaya səfəri ona Meksikanın tarixini daha yaxından və dərindən öyrənmək imkanı bəxş edir. Bir vaxtlar Azteklərin məskəni hesab edilən bu ölkə dünyada əsl “sürrealist ölkə”kimi tanındı.

Sürrealistlər, həmçinin ibtidai xalqların sənətinə, uşaq sənətinə, dəlilərin sənətinə və s. də maraq salmışdır.  

Birinci mərhələdə, yəni 1920-ci illərdə hərəkat formalaşdı: ilk sürrealist sərgisi 1925-ci ildə Parisdə keçirildi. Yarandığı gündən bu hərəkatın siyasiləşməsi onun lideri Andre Bretonun fransızlara sadiqliyi ilə baş verdi. İkinci  mərhələdə, 1930-cu illərdə sürrealizm bütün Avropa, ABŞ, Yaponiya və s. 1938-ci ildə Parisdə Beynəlxalq Sürrealizm Sərgisi keçirildi və bu hərəkatın müharibədən əvvəlki tək fəaliyyəti oldu. Digərləri arasında Marsel Duchamp, Salvador Dali, Man Rey və Oskar Dominiqess iştirak edirdilər.

"Sürrealizm mənəm" deyən Salvador Dali bu incəsənət cərəyanının ən məşhur nümayəndəsidir. O, eksentrik, narsist və meqaloman bir xarakterə sahib 20-ci əsrin ən məşhur İspan rəssamlarından biridir. Onu sürrealistlərdən ayıran fərq, rəssamın fərqli baxış nöqtəsi idi. Dalinin incəsənətə gətirdiyi yenilik “Paranoyak kritik metod”adını verdiyi anlayış olmuşdur. Dali sürrealist üslubunu həyat tərzi ilə də nümayiş etdirirdi. O, geyimi, saçı, danışığı və münasibətlərilə də sürrealist olduğunu göstərməyə çalışırdı.

Üçüncü  mərhələ  İkinci Dünya Müharibəsinin başlaması ilə üst-üstə düşür, çünki qrupun demək olar ki, bütün üzvləri ABŞ-a köçdülər və burada müharibədən sonrakı gələcək Amerika hərəkatları üçün önəmli rol oynadılar. (Abstract Expressionism - Action Painting və Pop Art). Sürrealizmin təsiri  bir çox avanqard rəssamlarda, həm Avropa, həm də Amerikada hiss olunur, baxmayaraq ki, onları tamamilə sürrealistlər hesab etmək olmaz. Bu, məsələn, Bretonun haqqında möcüzələr yazdığı və sonunda "kubizm daxilində sürrealist" kimi təsnif edilən Pablo Pikasso ilə bağlıdır. Pikassonun bu avanqard hərəkatla əlaqəsi xüsusilə 1925-ci ildə baş verdi.

Sürrealizm Avropa və Amerikada böyük əhəmiyyət kəsb edən bədii və estetik məktəb idi.

Modern incəsənət də öz qapılarını fantastk dünyaya açmağı unutmur. Sürrealizm həmişə dəbdədir.  Xəyallar, fantaziyalar, yuxular bizi həmişə ovsunlayır. Yalan reallıqdan qaçmaq üçün müasir sürrealizm gənc sənətkarların bir növ ümid işığına çevrilir. Beləki, bu gün də bir çox gənc, habelə püxtələşmiş rəssam öz yaradıcılığında sürrealizm üslubundan istifadə edir. Hər rəssamın individual xəyallarının izlərini daşıyan sürrealist əsərlər öz orijinallıqları ilə seçilirlər. Sürrealist rəssamların əsərlərində diqqət çəkən ümumi münasibət zaman-məkan qavrayışındakı uyğunsuzluğun inandırıcı reallıq fantastikası və bir-birinə sığmayan obrazların harmonik birləşməsindən yaranan xəyal aləmini əks etdirməyə çalışır. Sürrealist rəssamlar dadaistlər kimi ənənəvi sənət formalarına və dövrün dəyər mühakimələrinə qarşı siyasi mövqe tuturlar.

Qərb incəsənətində inkişaf prosesinə nəzər saldıqda, bütün sənət cərəyanları dövrün və cəmiyyətin yaratdığı sosial-mədəni, iqtisadi və siyasi təsirlərlə paralel inkişaf etdiyini görürük. Belə bir vəziyyəti 90-cı illərin əvvəllərində Azərbaycanda da müşahidə edirik. Avanqard sənətdən daha müasir və hətta rəqəmsal incəsənətə doğru addımlayan Azərbaycan incəsənətində sürrealist təsirlər xüsusi rol oynayırlar. Modernist cərəyanları bədii sınaqdan keçirən sənətkarlarımızdan biri sürrealist xalçaların müəllifi Faiq Əhməddir. Həm müsbət, həm də mənfi şərhlər və tənqidlərə hədəf olan Faiq Əhməd yaradıcılığı ənənvilik ilə innovasiyanın, qərb ilə şərqin, sürrealizm ilə orientasiyanın sintezi kimi təyin edilə bilər. Cəmiyyət tərəfindən də qeyri-dəqiq şərhlər alan bu yaradıcılıq, bəlkə də hələ Azərbaycandakı sənət anlayışının bu tərz modernist cərəyanlara hazır olmadığının göstəricilərindən biri kimi qiymətləndirilə bilər. Ancaq qeyd etməliyəm ki,  heç bir cəmiyyət öz daxili dinamikası olmadan sənətə baxışını formalaşdıra bilməz. Bədii məqsədlər üçün istifadə edilən hər bir dil və forma ümumbəşəri dəyərlərə malik olsa da müəyyən mədəni yığım və ideya üzərində qurulur.

Simvolik işarələr və sürrealist formaları kətan üzərinə köçürən rəssam Eldar Babazadənin yaradıcılığını xüsusilə qeyd etmək olar.

Sürrealist mövzuları gündəlik janr ilə birləşdirən Azərbaycanın avanqard rəssamı Altay Sadıqzadə də unikal əsərləri ilə bu üsluba müraciət edənlərin arasındadır.

Azərbaycanın Əməkdar İncəsənət xadimi, sürrealist rəssam Əşrəf Heybət canlı və ənənəvi kompozisiyalarını sürrealizmlə kombinə edən istedadlı fırça ustasıdır.

Beynəlxalq arenalarda, sərgi və tədbirlərdə tez-tez adı çəkilən həmyerlimiz, Əməkdar rəssam, tanınmış sürrealist Mehriban Əfəndinin də yaradıcılığını qeyd etmək zəruridir.

Yaradıcılığnda abstrakt və sürreal üslublardan istifadə edən rəssam, memar Əlibəy Novruzi də fantastik mövzuları, zövqlü rəng seçimi ilə orijinal sürreal əsərlərin müəllifidir.

Sürrealizm janrında əsərlər işləyən bir digər rəssamımız İlqar İsmayılovdur.

Abstrakt və sürrealist tərzi, qadın və pişik obrazları ilə tanınan rəssam Günel Ravilova yaradıcılığı da sürrealizm üslubunda işlənən əsərlər arasında xüsusi yer tutur.

Rəqəmsal incəsənətə müraciət edən gənc rəssamlarımızdan biri Orxan Məmmədovun da yaradıcılığında sürrealist təsirlərə rast gəlinir.

(Sürəyya Muğanlı, Mehdi Hüseynov, Pakizə Əliyeva, karikaturaçı rəssam Soltan Soltanlı, Hüseyn Əliyev, İmran Nurəli)

Sürrealizmin dəbdən düşmədiyini göstərən amillərdən biri də onun məcazi mənada desək; mutasiyaya uğrayaraq yeni xüsusiyyətlər əldə etməsidir. Məhz bu Azərbaycan təsviri-sənətində də öz aktuallığını qoruya bilmişdir və bu gün də qorumaqdadır. Məsələn, “Pop sürrealizm” üslubunda işləyən Günay Şəmsinin adını çəkə bilərik.

Ümumiyyətlə, milli və beynəlxalq “art” bazarda sürrealizmin müasir incəsənət və mədəniyyətdə yayılmasında əsas rolu reklam sahəsi oynamaqdadır.

 

Nigar Hətəmova

Azərbaycan Dövlət Rəsm Qalereyasının  kiçik elmi işçisi