Ənənəviliyə ünvanlanan müasir təxəyyül… “Eklektika”

27.05.2022 / Yeni nəşrlər
Ənənəviliyə ünvanlanan müasir təxəyyül… “Eklektika”

Əgər biz bu qavramı necə deyərlər; loru dildə izah etməli olsaq, “nə siyah, nə də bəyazı seçmək, həm siyahı həm də bəyazı seçmək…” kimi qeyd etmək məqsədəuyğun olar.

Bu termini kimiləri “təqlidçilik” kimi, kimiləri isə “ilham arayışı” kimi qiymətləndirir. Odur ki, günümüzdə ətrafımıza, şəhərlərə, küçələrə, binalara, geyimlərə, saç düzümlərinə, mahnılara, şeirlərə, rəsm əsərlərinə və hətta insanlara baxdığımız zaman bu anlayışın təsirini və təsir gücünü görürük. Daha çox memarlıq sahəsində istifadə edilsə də, hər daim incəsənətin bir çox sahəsinə öz təsirini göstərir. Memarlıqda bu, əsasən birdən çox memarlıq hərəkatını ehtiva edən bədii anlayış kimi istifadə olunur. Bəs fəlsəfi izahı necədir? Eklektizm hər bir müxtəlif qurumun, sistemin, quruluşun və ya düzənin önə sürdüyü təkliflərin bu günümüzün formalaşması prosesində ən yaxşısını, ən məqbulunu seçərək, tətbiq etmək deməkdir.

Eklektika yunan və latın sözü olan “eligere” və ya “eklektikos” sözlərindən yaranmışdır. Lüğəvi mənası seçmək, seçim edən, seçmə kimi tərcümə olunur. Əslində bu, Aristotelsayağı kəskin ştrixlərlə ayırdığı düşüncələrə istinad edən, bir növ proqramlaşdırılan beyinlər üçün nə qədər “absurd” səslənsə də, mənim fikrimcə fəlsəfə, elm və incəsənət arasındaki maqnit qüvvəsinin əsasını təşkil edir. Bir növ ümumi bir baxış, vahid bir yanaşma tərzidir. Bu zaman hər hansı bir məsələyə tək bir nöqteyi-nəzərdən deyil, bir çox fərqli prizmadan yanaşır. Bu gün insan bio-psixo-sosial varlıq olaraq təyin olunduğundan, insan davranışının izahında eklektik bir yanaşma da tətbiq olunmağa başlanmışdır.

Bu termin incəsənətdə daha öncə qeyd etdiyim kimi, memarlıq və dekorasiya sahəsində daha çox işlədilsə də, xüsusən “post-modernizm” dövründə təsviri sənətə nüfuz edərək, rəngkarlıq, heykəltəraşlıq və qrafika sahəsində də populyar kütlə qazanmağa başlamışdır. Keçmişdən bu günə sənət üslubları bir-birini izləyərək, meydana gəlmiş, çağdaş sənətin inkişafına təkan vermişdir. Lakin qeyd etdiyimiz, post-modernizm çağdaş sənət ilə eyni mənanı kəsb etməməkdədir. Post-modernizm artıq fərqli kimliyini əldə edərək, incəsənətə yeni anlayışlar, yeni perspektivlər gətirmişdir. Qeyd etməliyəm ki, bu proses günü bu gün də davam etməkdədir. Mütərəqqi səciyyə daşıyan bu terminin istinad etdiyi bir digər əhəmiyyətli və şərhə açıq olan anlayış “eklektika” anlayışıdır. Əlbəttə ki, sənətin istənilən sahəsi ilə məşğul olan bir kimsə post-modern üslubun nə qədər mürəkkəb, eklektik və plüralistik xüsusiyyətlərə malik olduğundan xəbardardır. Bu, sənətin konseptual baxımdan strukturunu necə dərk etməli olduğumuza işarə kimi də qəbul oluna bilər. Geniş spektrdə özünü göstərən post-modernizm bir çox çaşqınlıqlara səbəb ola bilməkdədir. Bu, həm təsadüfü, həm fəlsəfi, həm akademik, həm də sosial diskussiyaya və ya mahiyyətə malik dəyərləri özündə cəmləşdirir.

Fəlsəfə və texnologiyanın incəsənətin formalaşmasına təsiri danılmaz dərəcədə böyükdür. Bu da rəssamlar üçün azadlıq, orijinallıq, rahat bir şərait yaradır.

Bəs yaxşı “avanqard” bu terminlərin hansına aid edilir? Axı müasir, çağdaş və modern sözləri ilə bərabər hər zaman avanqard terminini də istifadə edirik. Bu, haqlı olaraq; oxucuların ağlını qarışdıra bilər. Ancaq unutmayaq ki, “avanqard” müasirliyin estetik ruhunu təyin etmək üçün meydana gəlmişdir. Avanqard rəssam hələ heç kimin kəşf etmədiyi şeyləri kəşf edir. Loru dildə desək, hələ insan ayağı dəyməyən yerlərə ilk yola çıxan kəs “avanqard” hesab oluna bilər. Daim yenilik sorağında olan, var olmayanı, təqdim olunmayanı axtarıb tapan avanqard termininə aid ediləcəkdir. Modern incəsənətin missiyasını izah edərkən istifadə edəcəyimiz terminlər arasına estetik, eklektik və elitist terminlərini də əlavə etmək lazımdır. Yaradıcılığına bu üç terminin də təsiri olan sənətkarlar içərisində Maleviç, Mondrian, Leger, Kornell, Reinhart və Marsel Düşanın da isimləri vardır. Xüsusilə, Marsel Düşanın yaradıcılığındakı anarxist yanaşmalar neo-dadaist və ən önəmlisi post-modernist terminlərinin meydana çıxmasında rolu böyükdür. İncəsənətdə populyarlaşan bu hərəkat adi əşyalarla sənəti eklektik cəhətdən birbirinə birləşdirdi.

Postmodern sənətdə eklektik obyektlər bu günkü sənəti başa düşmək üçün vacibdir.  Postmodern sənətin keyfiyyətlərini başa düşmək kifayət qədər çətindir.

Postmodern incəsənəti təşkil edən eklektik obyektlərin müəyyənləşdirilməsinin çətinliyi həm də postmodern sənət anlayışının multikultural xarakterindən irəli gəlir.

Sənət əsəri təşkil edəcək hər hansı bir obyekt postmodern anlayışda qiymətləndirilə bilər. Deyirlər ki, eklektizm ümumiyyətlə sənət tarixi və fəlsəfəsi ilə yaxından bağlıdır. Bildirilir ki, postmodern sənətdə eklektik obyektlər adi əşyalar kimi seçilir və heç bir bədii qayğı olmadan təsadüfi hazırlanır. Postmodern araşdırma və ifadələrdən də anlaşıldığı kimi, eklektik sənət əsərlərinin formalaşması 1960-cı illərlə mövcud olan istehlak cəmiyyəti ilə məhdudlaşmır.  Rəssamların əsərləri tədqiq edildikdə, ən çox istifadə edilən eklektik əşyaların daha çox Antik dövr əsərlərindən gəldiyi müşahidə edilir. Post-modern dövründə yaranan sənətin kökünə varmaq demək olar ki, mümkün deyil.  Eklektik (sintetik) sənət anlayışı ilə işləyən rəssamlar öz əsərlərində heç bir hökmranlıq etmədən başqa incəsənət və mədəniyyətlərin dəyərlərindən istifadə etmişlər. Modernist rəssamların əksinə antik dövrdən başlayaraq post-modern rəssamlar;  orta əsrlər, romantizm, neoklassizm kimi cərəyanlardan təsirlənmiş və bu təsirləri eklektik bir üsulla (kollaj, montaj kimi) əsərlərində əks etdirmişlər. Əslində bu ikisinin arasındakı ən böyük fərq də ənənə ilə münasibətləridir. Modernizm ənənəvilikdən üz çevirərək onunla arasında ziddiyyət yaratmışdır. Çünki modernizm özü mahiyyətcə inqilabi və mütərəqqi qiymətləndirilməkdə idi. Post-modernizmdə isə vəziyyət tamam fərqlidir. Beləki, post-modernist rəssamlar keçmişlə yenidən körpülər quraraq dünya mədəniyyətini və yerli mədəniyyət xüsusiyyətlərini mənimsəmişlər. Postmodernizm gözəlliyin dərkinə müxtəlif məqamlardan baxır.  Gözəl olmaqdan əlavə, ifadə və məzmunun kontekstini ön plana çıxarmağa istiqamətlənmişdir.

Daha çox post-modern sənətdə kompozisiyaların mürəkkəb, anlaşılmaz, müxtəlif mədəni-texniki xüsusiyyətlərin (dekonstruksiya) bir araya gətirilməsi ilə yaradılan strukturlara çevrildiyi, aydın ifadə oluna bilməyən vizual dilləri mövcuddur.

Plüralist, eklektik bir anlayışın önə çıxdığı sənət əsərləri və xüsusilə təsviri sənətdə görülən təqlid, ironiya, pastiş, kollaj və montaj kimi üsullar yaradılmış və bu əsərlərin yeni orijinal olduğu israrla müdafiə edilmişdir.  İnsanın varlıq səviyyəsinin yenidən gündəmə gətirildiyi, insan düşüncəsinin və xarakterinin heç də önəmsiz bir şey olmadığını, hətta adi insani hərəkətlərin, rəftar və davranışların da sənət ola biləcəyini qəbul etdirmişdir.

Eklektik bir anlayışa uyğun olaraq, post-modern sənətin konseptual baxımdan çaşqınlıq içində olduğu isə böyük bir həqiqətdir.

 

Nigar Hətəmova

Azərbaycan Dövlət Rəsm Qalereyasının  kiçik elmi işçisi