Sənət tənqidi yoxsa tənqid edə bilmə sənəti?

20.06.2022 /
Sənət tənqidi yoxsa tənqid edə bilmə sənəti?

İnformasiya və texnologiya əsrində yaşayan kütlənin bir parçası olaraq onu qeyd edə bilərəm ki, heç bir ideya, düşüncə və ya fikir müəyyən təhsil və biliyə əsaslanmadan hələ olduqca zəif hesab edilir. Təhsilin mühüm məqsədlərindən biri də ideyanı inkişaf etdirmək üçün ideyanın sahibini  araşdırmağa, təhlil edə bilməyə, tənqid etmək bacarığını möhkəmləndirməyə sövq etməsidir. Əldə etdiyi bilikləri qavramaq üçün tənqidçi əvvəla həqiqətləri dərk etməli, ətrafında baş verənləri, hər bir obyekti ifadə etməyi, tənqidi düşünməyi və düzgün qərarlar qəbul etməyi bacarmalıdır. İncəsənət sahəsini ələ alsaq, tənqidin olduqca mühüm rol oynadığını görəcəyik. Tənqid hər hansı bir bədii əsər haqqında bir neçə düzgün kəlmə deməyə, sual verməyə, müzakirələr aparmağa, onu müqayisələndirməyə yardım edən tez-tez müraciət etdiyimiz vasitələrdən biridir. Beləcə əsərin təhlili, analizi, şərhi müxtəlif prizmadan tamamlanmış olur. Sənət tənqidi sənət əsərinə bütün təfərrüatları ilə və sosial kontekstdə baxmaq, müəyyən etmək, təhlil etmək, şərh etmək və mühakimə etmək şəraiti yaradır. Tənqidin əsas məqsədi bədii əsərdə bizə təsir edən səbəbləri anlamaqdır. Tənqidin ikinci məqsədi həzz almaqdır. Sənət tənqidinin məqsədi sənət obyektinin səviyyəsini və ya dəyərini, mənasını təyin etməkdir. Sənət tənqidi konkret sənət əsərlərinə cavab vermək, məna şərh etmək və tənqidi mühakimə yürütməkdir. İncəsənət tənqidçiləri tamaşaçılara sənət əsərlərini qavramağa, şərh etməyə və mühakimə etməyə kömək edir.

İlk öncə qeyd etmək lazımdır ki, tənqidə həm müsbət, həm də mənfi nöqteyi-nəzərdən yanaşmaq mümkündür.  Lakin tarix boyunca sənətə maraq, qayğı və onu dərindən qavramaq istəyi bir çox mədəniyyətlərin ayrılmaz hissəsi olmuşdur. Çünki sənəti qiymətləndirmək özü də ta qədim dövrlərdən bəri ənənə kimi qorunub, davam etdirilmişdir.

Çinin sənəti qiymətləndirmə ənənəsi yazıçıların böyük sənət prinsiplərini qurduğu və böyük sənətkarların tərcümeyi-hallarını yazdıqları 6-cı əsrin ortalarına təsadüf edir.

Afrika mədəniyyətləri sənət əsərinin nizamını, formasını, gözəlliyini və onun mənəvi və kommunal fəaliyyətlərlə necə əlaqəli olduğunu anlamaq üçün tez-tez şifahi qiymətləndirmələrdən, bədii müzakirələrdən istifadə edirdi.

İslam mədəniyyətlərində sənət ilə yazının və şərhin bir qədər daha çox sıx bağlılığı, əlaqəsi var. Bunun səbəbi, İslam incəsənəti daxilində  yazı (xəttatlıq və ya kalliqrafiya) sənətinin də qədimi, ənənəvi köklərə malik olması idi.

Biz bugün incəsənətdə tənqid dediyimiz zaman bir çox sahəni nəzərdə tuturuq. İfa sənətləri, tamaşalar, rəqs tamaşaları, operalar, canlı musiqi, filmlər və televiziya buraya aid  edilə bilər.

Sənət tənqidini dörd mərhələyə bölmək olar:

  1. Təsvir
  2. Təhlil
  3. Təfsir (şərh)
  4. Qiymətləndirmə və ya mühakimə

Çox zaman sənət tənqidində eyni əsərə müxtəlif perspektivlərdən yanaşıldığının da şahidi oluruq.

Beləki, bir mədəniyyətə və ya mənşəyə malik olan insanlar müəyyən sənət əsərləri haqqında fərqli mədəniyyətə və ya keçmişə mənsub insanlardan fərqli düşünə bilərlər. Bu düşüncə eləcə də bir sıra "tənqidi" perspektivlər doğura bilər. Xatırlatmaq istəyirəm ki, “Perspektiv” termini bəzən sənət əsərində məkan əlaqələrinin necə təsvir edildiyini (xüsusən də 2 ölçülü sənət əsərində, 3 ölçülü fəza illüziyasında) ifadə etmək üçün də istifadə olunur. Lakin tənqid ilə birləşdikdə bu termin tamamilə mənasını dəyişir.

İlk öncə mədəni perspektivdən bəhs edək;  Bu, mədəni kontekst, fərqli mədəniyyətlərə maraq yaradır. Belə bir anlayış var, “Amerikada böyümək”… bu amerikansayağı dünyagörüşü həm Asiya, həm də Avropa mədəniyyətinə yad olsa da, tanışdır. İndi isə bu misalı incəsənətə aid edək;

Bir başqa perspektiv isə tarixə əsaslanır. Beləki, müəyyən kütlələr, şəxslər, hər hansı bir sənətkarı və ya tərzi zaman keçdikcə tanıya bilər, onlara marağları arta bilər (və ya azalar). Bunun ən məşhur nümunəsi, Vincent Van Gogh-dur. Sağ ikən sənəti qiymətləndirilməsə də, indi o, dünya miqyasında görkəmli bir rəssam kimi tanınır. Əgər başqa bir incəsənət sahəsindən bəhs etsək, caz musiqisinə və ya hip-hopa qarşı insanların ilkin münasibətinin mənfi olmasını nümunə göstərə bilərik. Əslində  incəsənətdə tanınmaq olduqca əhəmiyyətli məsələdir və bunu tez-tez muzeylər, akademik yazılar, jurnallar, kolleclərdə sənət dərsləri və sənət tarixinin bir təhsil, bir peşə, bir hobbi kimi fəaliyyət göstərməsinə şərait yardan qurumlar təmin edir.

Şəxsi perspektiv isə fərdi kimliyimizi formalaşdıran müxtəlif nöqtəli aspektlərlə formalaşır (bu  cins, sinif, irq, doğulub böyüdüyünüz yer, təhsil, ailə mühiti, mənsub olduğu qrup və s. kimi müəyyənedici aspektlər və s.ola bilər). Bu aspektlər şəxsi kimliyimizi təşkil edən,  özünəxas nöqteyi-nəzərimizi və ya həyat təcrübələrimizi şərh etməyimizə yardım edən unikal, individual bioqrafik səciyyə daşıyan təcrübələrimizi formalaşdırır.

Dizayn, sənət yaradıcılığı və ümumilikdə sənət tarixi haqqında daha çox öyrəndikcə incəsənətə və sənət əsərlərinə qarşı şəxsi münasibətlərin dəyişdiyinə siz də şahid olmusunuzdur. Məhz buna görə də incəsənət haqqında bilik və yaxud yüksək səviyyəli təhsil adətən incəsənəti düzgün şəkildə qiymətləndirməyə və anlamağa kömək edir. Nəticə etibarı ilə sırf şəxsi emosional reaksiyaya əsaslanan mənfi və ya müsbət şərhlər birmənalı qarşılanmır. Bunlar sənət əsərləri də daxil,  bizim üçün tamamilə yeni olan hər hansısa şeyin tənqidi şəkildə dərk edilməsinə mane olan düşüncə vərdişləridir. Ümumiyyətlə, bəyənmədiyimiz, başa düşmədiyimiz və ya sadəcə səmimi bağ qura bilmədiyimiz incəsənət formalarına və ya sənət əsərlərinə qarşı aqressiv mövqe tutmaq yaxşı fikir deyil.

Qədim Yunanıstanda sənətşünaslığın ilkin  forması əsasən müzakirələr olmuşdur.  Peşəkar sənətşünaslar tez-tez yazıları ilə üslub, bədii qabiliyyət və ya mesaj baxımından müəyyən sənət növlərini təsdiqləyən və ya qınayan yazılar yazırdılar. İnsanlar mənaya müxtəlif prizmadan yanaşırlar. Eləcə də əsərlər…onlar susur, izləyiciləri danışırlar...

Elə bir dövrdəyik ki, sənətdə məna haqqında bir neçə, bəzən daha çox ziddiyyətli düşüncələr mövcuddur.

İncəsənət elementlərinə və dizayn prinsiplərinə nəzər saldıqda biz formalarla, formalizm ilə qarşılaşırıq. Beləki, bizim məşğul olduğumuz sahə də elə formalist sahə, formalizmin özüdür. Formalist yanaşmanın ən məşhur nümayəndələrindən biri Klement Qrinberq idi. Onun yazılarında “orta səviyyəli spesifiklik” vurğulanır. Burada əsərin bədii cəhətindən çox, formalist məsələləri vurğulanır. Formalizm mücərrəd və qeyri-representativ sənətin daha əsaslandırılmış müzakirəsinə imkan verir. Yəni bu, bizə tanış olmayan mədəniyyətlərin sənət əsərlərinə sırf dekorativ yanaşmamaq imkanı verir.

Bir başqa tənqidi aspekt isə, psixoanalitik tənqiddir. Bu tənqidin ən təmiz forması hesab olunur. Məhz bu şəkildə sənətkarın təkcə istedadını yox, həm də daxili aləmi, mənəvi dünyasını öyrənə bilirik. Yenə Vincent Van Gogh-u misal gətirməli olacağam. Onun haqqında danışarkən,  çox insan  əsl sənət əsəri, təcrübəsi və ya karyerasından deyil də,  daha çox onun psixi vəziyyətindən, krizlərindən söhbət açır. Bu tip tənqiddəki problemlərdən biri odur ki, tənqidçi bəzən sənətkarın özünün tamamilə xəbəri olmadığı (və ya inkar edə biləcəyi) məsələləri müzakirə edir.

Bir başqa maraqlı tənqid, feminist tənqiddir ki, o 1970-ci illərdə qadın sənətçilərin zamanla və tarixi yazılarda laqeyd qalmasına cavab olaraq başladı. Bu tənqid forması incəsənətə tarixi Qərbi Avropa mədəniyyətində gender qərəzliyi nümunəsi kimi baxmaq üçün nəzərdə tutulur. Feminist sənətin məşhur nümunəsi Judy Chicago-nun geniş miqyaslı “Nahar partisi” instalyasiyasıdır.

Qeyd etmək gərəkdir ki, tənqidin əsas vəzifəsi sənət əsərlərinə cavab verməkdir, onları qabaqlamaq deyil. Bu “gündəmdə olan tənqid”dir. Beləki, əgər hansısa bir sənət və ya sənətkar gündəmdədirsə, bu onun tərifi demək deyildir. İncəsənəti (və ya onun xarakteristikalarını) effektiv şəkildə tənqid etmək üçün tənqidçi, öz qayğılarından kənarda, daha geniş, əlaqəli və dünyagörüşlü metoda müraciət etməlidir.

Mənbə;

Rose, Gillian. Visual Methodologies: An Introduction to Researching Visual Materials. Los Angeles: Sage Publications, 2012. Print.

Azərbaycan Dövlət Rəsm Qalereyasının kiçik elmi işçisi

Nigar Hətəmova