Gələcəyin sənət üslubu…(Sənətin sərmayəyə çevrilmə tarixi)

29.07.2022 /
Gələcəyin sənət üslubu…(Sənətin sərmayəyə çevrilmə tarixi)

 

Artıq XX əsrdə rəssamlar, kuratorlar, tənqidçilər incəsənətdə yaranan hərəkatlara şübhə ilə yanaşmağa, bir başqa cür desək, bir növ “brend” kimi yanaşmağa başlayırlar. Maraqlıdır, bu üslubları hansı səbəblərdən və ya nə üçün ardıcıl sıralamaq niyyətinə düşürük? Onları bir-birinin ardınca sadaladığımız zaman nələrə diqqət edirik? Qeyd edim ki, hal-hazırda 21-ci əsrin ən mühüm üslubu “qlobalizmdir”. Beləliklə, sənət məkanları, sərgi salonları, qalereyalar və ya muzeylər qlobal sənətin gücünü, onun heç bir yerə aid olmadığını, universal iddialarının dominantlığını qəbul etməyə məcbur oldular. Hətta bu günün qlobal sənət nümunəsi dəyər qazanaraq, antik əsərlərdən daha çox maraq toplamağa başladı. Bu da məhz  “art bazar”ın gücünü bir daha təsdiqləmiş oldu. Artıq gələcək ideyaları kontekstindən çıxan və reallığın özü hesab edilən sənət bazarı 20-ci əsrin birinci yarısında heç də bugünki kimi irəliləmirdi. 1903-1907-ci illərdə sonradan kubizm kimi tanınan hərəkatın rəhbəri olan Pikasso, 1909-cu ildə öz manifestində əsas xüsusiyyətlərinin “cəsarət və üsyankarlıq” olduğunu qeyd edən, futurizmin banisi Marinetti həqiqətən də öz sənətləri, innovativ düşüncələri ilə dünyanı dəyişə biləcəklərini düşünürdülər. İndi isə sənətin və ya sənətkarın qiyməti Banksynin yarımçıq qalan əsərinə 25,4 milyon dolların ödənilməsi ilə eyniləşir.

Qərb dünyasında baş verən siyasi hadisələr, inqilablar necə ki mədəniyyətə, incəsənətə dərindən təsir edir, eləcə şərq aləmində də sovet imperiyasının dağılması ilə bir çox dəyişikliklər baş verdi. Buna ən böyük nümunə kimi, bir zamanlar həm işləməyə, həm də yaşamağa ucuz, tərk edilmiş məkanlar, köhnə zavod və ya kilsələr tapan rəssamların artıq belə imkanlarının olmamasıdır. Artıq özəl şirkətlərin sərmayesinə, mülkiyyətinə çevrilən həmin məkanlar sənətdə maliyyə böhranının əsasını qoydu. Artıq zəngin təbəqələrin, milyonçuların istəklərini nəzərə alan rəssamlar milyonlar qazana bilirdilər. Bu da sənətdə marketizmin əsasını qoyan əsas ünsürə çevrildi. Elə bu səbəbdən artıq rəssamlar sərgilər, yarmarkalar və hərraclara daha çox diqqət ayırdılar. Daha  dəqiq desək, yeni bir üslub, yeni bir hərəkat yaratmağa maraqları oyanmadı. Bu demək deyil ki, 21-ci əsrdə sənət süquta uğradı. Xeyr, sadəcə 21-ci əsrdə innovativ səciyyə daşıyan heç bir hərəkat, cərəyan yaranmadı. NFT-lər populyarlığı bəs necə əldə etdilər? NFT yaranan hər hansı bir yeni üslub və ya tərz deyildir. O, sadəcə bədii ifadə vasitəsi, bir növ müasir tələblərə cavab verən bədii texnikadır. Biz “CryptoArt” ilə Ekspressionist rəssan Edvard Munch-ı tərəzinin eyni gözünə əsla qoya bilmərik.

Əslində diqqətlə nəzər salsaq, hər bir sənət hərəkatının öz dövründə bir üsyan, hətta inqilab kimi qiymətləndirilməsi, indi təriflər deyilən hərəkatların  bir çox qisim tərəfindən tənqid edilən, hətta ələ salınan olduğunu unutmamalıyıq.

Əgər biz “art bazar”dan danışırıqsa mütləq “arte povera” (kasıb incəsənət) hərəkatından da bəhs etməliyik. Bu zaman rəsmlərə əşyalar əlavə olunmağa başlanır (bu torpaq, qaya parçası, şüşə, kağız və ya kəndir ola bilər). Bu, digər hərəkatların maliyyə və kritik uğurlarına qarşı üsyan edən 20-ci əsrin ilk hərəkatı idi. Rəssamlar ən yaxşı qalereyalardan və hərrac evlərindən böyük məbləğdə pul qazanan “super ulduzlar” haqqında artıq eşitməkdən təngə gəlmişdilər.

Əslində burada əsas maraqlı nüans, sənətin necə investisiyaya çevrilməsidir. Müharibədən sonrakı dövrdə sənət ( və ya sənət əsəri) böyük bir əmtəəyə, kapitala bir növ sərmayəyə çevrildi. Bu ilk öncə sənət əsərinin ticarətə aşılanması, daha sonra kolleksionerlərin maraq dairəsinə girməsi və aralarında rəqabətin yaranması ilə nəticələndi. 1973-cü il incəsənət tarixində əlamətdar bir dövrə çevrildi. Oktyabr ayının 18-i ilk dəfə hərrac evində elitar təbəqə arasında (halbuki bircə əsər satılmışdı) maraqlı auksion keçirildi. Qeyd etməliyəm ki, söhbət alıcısı muzey və ya qalereya olmayan, tamamilə fərqli sahəsi, ixtisası olan şəxslərdən gedir. Robert Skull adında adi bir iş adamı fərdi kolleksiyasının yaranması uğrunda ilk addımı atdı. Skull və həyat yoldaşı Ethel sənət vurğunları idi. Robert Skullun Nyu-Yorkun qocaman kolleksiyaçılarından biri kimi tanınmasında ən mühüm faktor ustad kolleksioner Leo Castellinin yaxın dostlarından biri olması idi. Beləliklə, Skull qalereyaların və hərrac evlərinin bağlı qapılarını hər kəs üçün açmış oldu. O, sübut etdi ki, estetik zövq, yaxşı strategiya və bir az cəsarətlə “art bazar” zəhmətlə qazanılan pulu xərcləmək üçün yaxşı nümunə ola bilər. Skullun “art bazar”da ən stratejik həmlələrindən biri “Thaw” (“Yaxınlaşma”) isimli Rauschenberg tablosunu vaxtikən 950 dollara alıb, 85 000 dollara satması ola bilər. Bununla da Skull müasir incəsənət kolleksiyaçısı kimi tanınmağa davam etdi.

Yeni bir maraqlı suala cavab axtaraq, bu gün və yaxud gələcəkdə yeni bir sənət cərəyanı yarana biləcəkmi? Bu gün incəsənətdə rəqəmsal sənətin qızıl dövrü hökm sürməkdədir. Əlbəttə bu mənim şərhimdir.

Gələcək 20 ildə həyatın necə olacağını bu gün bilə bilmərik. Ancaq önümüzdəki 20, 50 və ya 100 il sonra üçün gələcəyə baxışımıza hakim kimi görünən bir neçə amilin varlığından bu gün də xəbərdarıq. Sağlamlıq (yəni Covid), ətraf mühit (yəni iqlim dəyişikliyi), sosial və siyasi arena (yəni irqi qarşıdurma və gender bərabərsizliyi, iqtisadi bərabərsizlik, alternativ iqtisadi paradiqmalar), texnologiya (yəni internet, kvant hesablamaları, AI və s.) kimi amillər öz təsirini göstərəcəklər. Gələcəkdə sənət təkcə bu məsələləri və narahatlıqları əks etdirməyəcək - əslində, elə bu amillər tərəfindən də formalaşacaq.

 

Amerikalı şair Amy Lowell (Emi Louell) belə ifadə edir;  “İncəsənət insanın özünü ifadə etmək, şəxsiyyətinin yaşadığı dünyaya reaksiyalarını qeyd etmək istəyidir”.

 

 

Azərbaycan Dövlət Rəsm Qalereyasının kiçik elmi işçisi

Nigar Hətəmova