Axıcı biçimlər, simmetriya və assimetriya … Art nuvo cərəyanı

01.09.2022 / Yeni nəşrlər
Axıcı biçimlər, simmetriya və assimetriya … Art nuvo cərəyanı

 

“Art nouveau” fransızcadan tərcümədə “yeni sənət” mənasını verir. İllər boyunca, estetik cərəyana bir çox isimlər verilmişdir; ona “fin de siècle” (“əsrin sonu”), “Belle Époque” (“gözəl  zaman”). Xüsusilə Fransada “ar-nuvo”, Almaniyada “jugendstil” (yəni “yuqendştil” almancadan tərcümədə “gənc üslub”),Çexoslovakiyada “setsession”(“ izolyasiya”), Rusiyada “modern”, ABŞ-da “tiffani”, İsveçrədə “style sapin” (“küknar üslubu”) , İtaliyada “liberti”və ya “floreale”,  İspaniyada “modernizmo”, Şotlandiyada “Qlazqo üslubu”, Belçikada “iyirmincilər üslubu”, Hollandiyada “nieuwe kunst” adlandırırdılar. Ümumiyyətlə, bütün bu terminlərin ortaq cəhəti “yeni”, “gənc” sənəti izah edə bilmək idi. Bu cərəyan müasir dövrə uyğunlaşmış, ənənəvilikdən çox uzaq bir üslub kimi tanınmışdır. Bu, bəşəriyyətin gələcək tərəqqisinin başlanğıcı, azadlıq ideyasının yüksək təsiri altında olan bədii bir yenilənmə tendesiyası olub. Həm rəssamlıq, həm heykəltəraşlıq, eləcə də memarlıq, qrafika , dts və mebel dizaynında mühüm rol oynayan cərəyana çevrilmişdir.   

Termin ilk dəfə Belçikanın “L'Art Moderne” jurnalının 1884-cü il sayında meydana çıxdı. Nəşr, bu termindən fransız memar Eugène-Emmanuel Viollet-le-Duc və britaniyalı tənqidçi Con Ruskinin nəzəriyyələrini izləyən sənəti təsvir etmək üçün istifadə etdi. Bu adamlar bütün sənət üslublarını birləşdirmək istəyirdilər; Bu təfəkkürə əməl edərək, rəssamlar rokoko elementlərini, Yapon ukiyo-e, Kelt simvollarını və digər üslubları birləşdirərək unikal, axıcı bir estetika yaratmağın tərəfdarı kimi çıxış edirdilər.

1860-1900-cü illərdən davam edən “Arts and Crafts” hərəkatı da bu üslubun formalaşmasına təsir göstərmişdir. İngilis dizayneri Uilyam Morris (1834-1896) 1861-ci ildə Morris, Marshall, Faulker & Co şirkətini quraraq bu hərəkata rəhbərlik etmişdir. O dövrdə hər kəs sənaye üsulu ilə istehsal olunan əşyaları qeyri-bədii və faydalı hesab edirdilər. O, bu şirkətdə əl işləri, daş-qaş, kitab, mebel və s. satmaqla istehsalatda sənətkarlığı yaşatmağa çalışırdı.

Art nuvo öz axıcı, zərif formaları ilə tanınırdı. Bu üslubun əsas xüsusiyyəti təbiətdən güclü bir şəkildə ilham alması idi. Sənətkarlar əsasən bitki və çiçək formalarından ilhamlanır, onların əyrilərini  təqlid edirdilər. Qüsursuzluq və axıcılıq art nuvo-nun bütün vizual və tətbiqi sənət növlərini əlaqələndirmək istəyən konsepsiyanın əsas prinsipləri idi.

“Sarmaşıq” və ya “qamçı”nın forması onun ən mühüm təyinedici ornamenti idi. Bu formaların “s” vari olması dekorativliyin dinamizmini ifadə edirdi. Bundan başqa, o, art nuvo hərəkatının azad ruhunu əks etdirən bədii dirçəlişin simvoluna çevrilmişdi. Ən məşhur nümunələri 19-cu əsrin sonlarında ingilis rəssamı və illüstratoru Obri Berdlinin fırlanan s şəkillərini əks etdirdiyi illüstrasiyaları və ya fransız memar və dizayneri olan Ektor Qimarın 1900-cü ildə dizayn edilmiş Paris metrosuna aparan darvazaların qapıları kimi sənət nümunələridir.

Ümumiyyətlə Paris metrostansiyası art nuvo ilə bəzənmiş nadir nümunələrdən biridir. Məhz giriş hissəsi üçün art nuvo kontekstində keçirilən müsabiqədə Ektor Qimarın yaşıl çardaq və üzüm eskizləri qalib gəldi. Daha sonra hakimiyyət dəyişdikcə bu işlər də bir-bir sökülməyə, ləğv olunmağa başlandı.

Art nuvo-da bir başqa müraciət olunan fiqur isə qadın fiquru idi. Art nuvo qadınları kimi tanınan bu fiqurlar Alfons Muxanın yaradıcılığında dolğun şəkildə əks olunmuşdur.  Ən məşhur əsəri “Monaco-Monte Carlo” posteridir. Anri de Tuluz-Lotrek art nuvo üslubda posterlər və reklam afişləri hazırlayan ən məşhur sənətkarlardan biridir.

Almaniyada isə art nuvo-nun daha doğrusu yuqendstilin; arabesk və mücərrəd hissəsi daha çox istifadə olunurdu.

Art-nuvonun ən aktual və mərkəzi hissəsi Avstriyada “Vyana Setsession” adlı sənətkarlar birliyində öz əksini tapdı. Bu birliyin üzvi arasında; Qustav Klimt, Cozef Mariya Olbrix və Cozef Hoffman da var idi.

Art nuvo üslub baxımından Avropada geniş yayılsa da istehsalat nəzdində məhz ABŞ-da daha çox istifadə edildi. Xüsusən də mebelə təsir etdi. Tiffany & Co.-nun yaradıcısının böyük oğlu Louis Comfort Tiffany vitraj yaratmaq üçün art nouveau təsirlərindən istifadə etdi. Onun şirkəti vasitəsilə lampalar, pəncərələr, keramika və zinət əşyaları satırdılar.

Art nuvonun axıcı xəttləri ilə müqayisədə art deco tamamilə fərqli bir estetika ilə xarakterizə olunur. Çox zaman “art nuvo”nu “art deco” ilə səhv salırlar. Bu doğru deyil. Art deco art nuvo-nun mirasçısı olan sonraki tendensiyadır. Hər ikisi 19-cu əsrin sonu 20-ci əsrin əvvəllərində baş verən iki inqilabi sənət və dizayn hərəkatıdır. Bu iki hərəkatın səslənişindəki bənzərlik ilə bərabər bir neçə də oxşar xüsusiyyətləri daşıyırlar. Hər iki hərəkat Avropadan gəlmişdi. Bu iki üslubun ikisi də sənəti bölünməz hesab edirdi; beləki, kitab illüstrasiyasından rəssanlığa, memarlıqdan zərgərliyə qədər hər bir sahəni əhatə edirdilər.  

Bucaqlı formalar, texnologiyadan ilhamlanmaq, şaquli xəttlər, ziqzaqlar ilə art deco sənaye dilinə uyğunlaşmağa çalışırdı. Onun başqa bir məqsədi tamamilə müasir görünüşü vurğulamaq istəyi idi. Onun istifadə etdiyi son dərəcə parlaq, cilalanmış, paslanmayan poladlar, alüminium və şüşə son texnoloji tələblərə cavab verirdi. Ancaq maraqlıdır ki, art deco daha qədim istinadlardan, xüsusən Babil, Assuriya, Qədim Misir və Aztek Meksikasının memarlığından ilham alırdı. Art deco üslubuna aid tikililərin ən görkəmlilərini Nyu Yorkda görmək mümkündür. Memar Uilyam Van Alen tərəfindən dizayn edilmiş, müasirliyin embleminə çevrilmiş cilalanmış paslanmayan poladdan tikilmiş heyrətamiz Kraysler binası məhz buna daxildir.

 

Azərbaycan Dövlət Rəsm Qalereyasının kiçik elmi işçisi

Nigar Hətəmova