Abstrakt üslub. Müasir Azərbaycan təsviri sənətində mücərrəd portretlər

06.09.2022 /
Abstrakt üslub. Müasir Azərbaycan təsviri sənətində mücərrəd portretlər

 

    Abstraksionizm (lat. abstractio) cisim və hadisələrin real təsvirini rədd edən sənət istiqamətidir. Onun ardıcılları forma, rəng, müstəvilər və xətlər üzərində təcrübə aparırlar. Abstrakt rəssamların əsas məqsədi öz yaradıcılığı ilə emosiyalar oyatmaqdır. Əvvəlcə elə gəlir ki, belə rəsmlər uşaq rəsmlərinə bənzəyir. Amma diqqətlə araşdırdıqda tamaşaçı başa düşür ki, bütün ləkələr, xətlər bir kompozisiyanı təmsil edir. Abstrakt sənəti non-fiqurativ və ya predmetsiz sənət də hesab edilir.

       Abstrakt təsvirlərin müəllifləri qarşılarına obyektlərin dəqiq təsvirini çatdırmaq vəzifəsini qoymadılar. Onların əsas ideyası ətraf aləmin harmoniyasının axtarışı və ötürülməsidir. Abstraksionistlər hesab edirdilər ki, təbiət mükəmməldir və onun hər hansı surətinin çıxarılması mənasızdır. Bu istiqamətin davamçılarının əsərləri arasında portret janrında əsərlərə az rast gəlinir.

       Abstraksionizm sözün əsl mənasında realizmi, obrazlılığı rəssamlıqdan kənarlaşdırdı. Mücərrədliyi görmək və hiss etmək deyil, həm də onun dərinliyinə enib, dinləmək son dərəcə vacibdir. Məhz buna görə də mücərrəd sənətkarların yaradıcılığına onların dünyaya münasibətindən, yaradıcılığının məntiqindən, müəyyən fəlsəfi (yaxud teosofik) baxışlara bağlılığından ayrı baxmaq olmaz.

        Rəng mücərrəd rəsmlərin təfsirində mühüm rol oynayır. Onun ardıcılları tamaşaçıda müəyyən emosiyalar yaratmaq üçün sadə və mürəkkəb formaları təsvir edir, rənglə oynayır, xətlərdən, müstəvilərdən və digər əşyaları birləşdirərək istifadə edərdi. Bu baxımdan, onların yanaşması klassizmə və bir çox başqa üslublara riayət edən ustadların istifadə etdiyi yanaşmadan fərqlənir. Mücərrəd rəssamın çəkdiyi şəklə ilk baxışda elə görünə bilər ki, onun üzərində xaotik bir yığın xətt, fiqur və ləkə var. Diqqətlə araşdırdıqda məlum olur ki, rəssam tamaşaçıda müəyyən fikir və ya əhval-ruhiyyə oyatmaq üçün nəzərdə tutulmuş vahid kompozisiya yaradıb.

     Rəssamlığın bir istiqaməti kimi abstraksionizm 1910-cu ildə rus rəssamı və təsviri sənət nəzəriyyəçisi Vasili Kandinskinin ilk mücərrəd akvarelini çəkdiyi zaman meydana çıxdı. Ona elə gəldi ki, bu belə oriyentasiyada adi olandan qat-qat yaxşı görünür və onu işində abstraksiyalardan istifadə etməyə sövq edən də budur.

       Abstraksionizm Kandinski tərəfindən yaradıldıqdan sonra fəal şəkildə inkişaf etməyə başladı. Abstraksionizmin inkişafında suprematizm kimi bir istiqaməti ortaya çıxaran, abstraksiya texnikasını tamamilə predmetsiz edən Kazimir Maleviç mühüm rol oynadı.

       Abstraksionizm XX əsrin əvvəllərində digər sahələrdə olduğu kimi həyatda formalaşmış ənənələrdən yorulmuş insanların dəyişiklik istəmə təlabatından irəli gəlirdi. Başqa bir səbəb isə keçən əsrin 10-cu illərində kubizm, futurizm və eksperssionizm kimi istiqamətlərin təbəqələşməsi idi. Bütün bunların nəticəsində rəssamlıqda realizmdən uzaq innovativ həll yolları meydana çıxdı.

       Bu üslubda ilk əsərin təsvirindən sonra abstraksionizm onilliklər ərzində müxtəlif dəyişikliklərə və digər avanqard cərəyanlara birləşməyə məruz qaldı. Bu gün incəsənətdə abstrakt cərəyan həndəsi və lirik abstraksiyaya bölünür: Abstraksionizmin həndəsi istiqaməti sərt və aydın xətlər, sabit vəziyyətlə, lirik abstraksiya sərbəst forma və rəssam tərəfindən qoyulmuş dinamikanın nümayişi ilə xarakterizə olunur. Lirik abstraksiya rəssamın emosional və psixi durumlarını birbaşa ifadə etmək istəyi və improvizasiya həll yolundan istifadə etməsi ilə xarakterizə olunur. Bu həmçinin, rəssamın subyektiv rəng təəssüratlarının və fantaziyalarının təcəssümü, onun şüuraltı fikirlərinin rənglərlə ifadəsidir.

      Abstraksionizm məhz rəngkarlıqda inkişaf etməyə başladı. O, kətan və kağız üzərində rəng və cizgilərin oyunu vasitəsilə ortaya çıxdı, obyektlərin real aləmində analoqu olmayan bir şeyi canlandırdı. Bu cərəyanın əsasını qoyanlar yeni elmi və fəlsəfi nəzəriyyələrə əsaslanırdılar. Məsələn, K. Maleviç suprematizmin banisi kimi az rənglərdən istifadə edərək,  rəngli dairələrə, düz xətlərə və düzbucaqlar kimi əsas həndəsi formalara müraciət edirdi. Neoplastizmin nümayəndəsi Mondrian isə əsərlərində aydın xətlər və rənglərə üstünlük verirdi. Kandinski öz bədii yaradıcılığında Blavatskinin teosofik əsərlərinə əsaslanırdı.

     Xəttlərin, formaların və rənglərin təsadüfi olmasına baxmayaraq, abstraksionizm üslubunda olan rəsmlər və sənət əsərləri tamaşaçılar tərəfindən vahid və bütöv şəkildə qavranılan kompozisiya yaradır.

       Abstraksionizm üslubunda olan əsərləri aydın şəkildə təsnif etmək çətindir, çünki bu istiqamətin çoxlu ardıcılları var, onların hər birinin bu istiqamətin inkişafında öz töfhələri olub. Ümumiyyətlə, bu üslubu xətlərin və ya texnikanın üstünlük təşkil etmə növünə görə bölmək olar.

Rəng abstraksionizmi. Bu əsərlərdə rəssamlar rəng və çalarlarla oynayır və onların izləyicinin zehni ilə qavranmasına xüsusi önəm verirlər;

Həndəsi abstraksionizm. Bu tendensiyanın özünəməxsus ciddi xarakterik fərqləri var. Bunlar aydın xətlər və formalar, dərinlik illüziyası və xətti perspektivlərdir. Bu cərəyanın nümayəndələri suprematis və neoplastiklər hesab edilir.

Ekspressiv yəni ifadəli abstraksionizm və taşizm. Bu tip abstrakt təsvirlərdə vurğu rənglərə, formalara və xətlərə deyil, boya tətbiqi texnikasına verilir, onun vasitəsilə dinamika qurulur, duyğular ötürülür və heç bir ilkin plan olmadan işləyən rəssamın qəfil işlədiyi əks olunur. Bu üsulda iri kətan parçası üzərinə rəng fırça ilə damcıladıla və ya qeyri bərabər şəkildə səpilə bilər. Mücərrəd ekspressionistlərin yaradıcılığını fərqləndirən xüsusiyyət, ayrı-ayrı elementlərdən qurulan şərti strukturlu kompozisiyadan imtina edərək, onları vahid, fərqlənməyən sahə ilə əvəz etməkdir. Ən parlaq nümayəndələri Cekson Pollok, Villem de Kuninq, Frans Klayn, Mark Rotkodur.

Minimalist abstrakt sənət. Bu tendensiya avanqarda daha yaxındır. Onun mahiyyəti heç bir assosiasiyaya istinadların olmaması ilə bağlıdır. Xətlər, formalar və rənglər qısa və minimum istifadə olunur.

İncəsənətdə bir cərəyan kimi abstraksionizmin doğulması ötən əsrin əvvəllərində bəşəriyyəti irəli aparmağa başlayan çoxsaylı yeni kəşflərlə bağlı olan dəyişikliklərin nəticəsi idi.

Abstrak janr elə bir üslubdur ki, diqqəti cəlb edir, ənənəvi təsvir üsullarından fərqli olaraq nəzər yetirənləri tabloda fəlsəfli və mənəvi axtarışa sövq edir. Bu mənada abstrakt portretlər də xüsusən maraqlıdır. Belə ki, hər hansı boya yaxmaları və ya anlamsız forma, fiqurlardan təşkil olunmuş kompozisiyalardan fərqli olaraq mücərrəd portretlərdə insan fiquruna ehyam vuran təsvirlər konkret fikirləri portreti çəkilən insanın bənzərliyinin axtarışı və rəssamın müraciət etdiyi rəng texnikası baxımından maraqlı xarakter daşıyır.

Portret fransız sözü “portraire” sözündən götürülüb. Hər hansı bir kəsin dəqiq təsviri anlamını verir. Lakin buna baxmayaraq abstrakt üslubda işləyən rəssamlar portretinin yaradacaqları  insanı gördükləri kimi deyil, təxəyyüllərinin məhsulu olaraq təsvir edirlər.

Abstrakt rəssamların portret janrına yanaşması fərqlidir. Dünya təsviri sənətində bu üslubda portretlər yaradan rəssamlar az deyil.  Belə portretlərdə xətlər, fiqurlar və rəng yaxmaları əsas təsvir vasitələri rolunu oynayır. Abstrakt janrın müxtəlif istiqamətlərində Pablo Pikasso,  Albert Qleizes, Robert Deloniye, Xose Viktoriano Qonsalez Perez kimi rəssamların portret janrına müraciəti ilə rastaşırıq. Bu cür portretlərə assimmetrik üz quruluşu, üz ifadələrinin qorxunc görüntüsü, formaların təhrifi, minimalistik rəng tətbiqi xarakterikdir. Rəssamlar bu üslubda portretləri çəkilən insanların daxili aləmini və fərdi xüsusiyyətlərini simvolik  detallar hesabına yerinə yetirirdilər. Həmçinin bu portretlərdə təsvirin kimliyi onun fərdi xüsusiyyətinə görə ayırd etmək olar.

Azərbaycan təsviri sənət tarixində abstrakt üslub özünəməxsus inkişaf yolu keçmişdir. Mir Nadir Zeynalovun abstrakt avtoportretinə nəzər yetirək. Həndəsi abstraksiya üsulunda təsvirdən göründüyü kimi Mir Nadir Zeynalov  portretin rəssama yəni özünə məxsus olmasını  əlində fırça və palitranı təsvir etməklə vurğulayıb. Digər tərəfdən yuxarıda qeyd etdiyim kimi abstrakt portretlərdə üz cizgiləri dəqiqlikdən, hətta reallıqdan uzaq təsvir edildiyi üçün portreti yaradılan insanın şəxsiyyətini ona məxsus özəl xüsusiyyətləri müəyyən detallar hesabına göstərilməklə aydınlıq gətirilir. Sərt və aydın kontur xətlər fiquru vurğulamaq məqsədilə istifadə edilmişdir. Burada rəssamın minimal rəng istifadəsi  izlənilir. Belə ki, sarı və qırmızı rəngin kontrastları əsərə nisbətən dinamiklik gətirir. Rəssamın avtoportretinə mücərrəd yanaşması onun istənilən mövzuda qəlibləşmiş üslubunun tətbiqindən uzaqlaşmadığını göstərir.

       İntiqam Ağayevin mücərrəd təsvirli qadın portreti də maraqlı kompozisiyaya malikdir. Burada simasız qadın şahmat tablosunu xatırladan otaqdadır. Əsərin mahiyyəti qadının əlindəki maskada açıqlanır. Fiqur və müxtəlif formalardan təşkil etdiyi kompozisiyasında rəssam güclü emosional təxəyyülü hesabına sirli abu-hava yaratmağa müvəffəq olmuşdur. Bütün fiqurlar həndəsi abstrakt üsul,  isti rənglərin bir-birini əvəz etməsini kəskin rəng keçidləri vasitəsi ilə həll etmişdir.

       Əmrulla İsrafilovun kresloda əyləşmiş qadın portreti də həndəsi abstrakt üsluba nümunə ola bilər. Bu əsər üçün minimalistik rəng istifadəsi, formaların həndəsiliyi xarakterikdir. Ağ və qırmızı rənglərin həmahəng şəkildə bir-biri ilə səsləşməsi əsərdə rəng harmoniyası yaradır. Dinamikanın istisna olduğu bu əsərdə emosional yanaşma yalnız rəng oyununda nəzərə çarpır. Perspektivsiz, abstrakt üslubda yaradılmış portretdə hökmran qadın obrazının təsvir olunduğu deyə bilərik. Rəssam bunu şərti qadın fiqurunun başındakı tac və əynindəki qırmızı libası ilə vurğulamışdır.

       Yaradıcılıq axtarışları reallıqdan uzaq mücərrəd xəyallar aləminə əsaslanan Emin Əsgərov bu gün rəngkarlıqda abstrakt fiqurativ üslub xüsusiyyətləri ilə çıxış edir. Onun kompozisiyalarında predmetlər şərti xarakterli olmaqla müəyyən simvolik xüsusiyyətə malikdir. Düşündürücü və asimmetrik quruluşlu kompozisiyaları bəzən sanki sənətkar tərəfindən qəsdən şifrələnərək, gizli mahiyyət kəsb edir. Pastel rənglərə üstünlük verən rəssam ara-sıra qırmızı, sarı, həmçinin qızılı rənglər vasitəsi ilə əsərdə ümumi harmoniyanı vahid ritmə tabe etməyə müvəffəq olur.

Emin Əsgərov tablolarında bəzən dekorativ formalardan istifadə etməklə onları mücərrəd ideyalar ilə sintez edir və diqqəti arxa plana çəkməyi də məharətlə bacarır.

Ümumiyyətlə, Azərbaycan təsviri sənətinin inkişafında abstrakt üsluba müraciət zamanı rəssamların ənənəvi üsullardan istifadəsini müşahidə edirik. Bəzən bu üslubun milli xüsusiyyətlərlə sintez və stilizə edildiyi də istisna olunmur. Məsələn, Niyaz Nəcəfov, Vüqar Muradov, Vüqar Əli,  Afət Bağırova, Emin Əsgərov, Anar Hüseynzadə kimi müasir Azərbaycan rəngkarları portretlərində mücərrəd detallara və fiqurlardan istifadə etməklə öz yaradıcılıq axtarışlarını bu istiqamətdə davam etdirirlər.

 

Dürdanə Qurbanova

Azərbaycan Dövlət Rəsm Qalereyasının kiçik elmi işçisi