Texnoloji və rəqəmsal diffuziya…

13.09.2022 / Yeni nəşrlər
Texnoloji və rəqəmsal diffuziya…

Bu gün böyük bir intensivliklə inkişaf edən texnologiya demək olar ki, həyatımızın və ya fəaliyyətimizin hər hissəsində köməyimizə çatır. Məhz buna görə də biz yaşadığımız dünyanı, dövr və cəmiyyəti “informasiya və texnologiyalar əsri”nə uyğunlaşdırmağa çalışırıq. Artıq bir çox sektorda insan əməyi, fiziki gücü yüksək keyfiyyətli texnologiya məhsulları ilə əvəz edilir. Texnologiyanın qismən gec çatdığı nadir sektorlardan biri də muzey və qalereyalardır. Avropanın bir çox muzeyləri texnologiyadan çox səmərəli istifadə etsə də, təəssüf ki, ölkəmizdəki muzeylərdə texnologiya o qədər də effektiv deyil.

Qeyd edək ki, fond təhlükəsizliyinin qabaqcıl üsullarla təmin edilməsi günümüz muzeyşünaslığının mühüm öhdəliklərindən biridir. Bununla belə, sənət nümunələrinin  monitorinqi və inventarlaşdırılması, daxili və beynəlxalq təqdimat üçün daşınması zamanı təhlükəsizliyinin təmin edilməsi, yoxlamalar və sənədləşmə prossesi olduqca güclü texnoloji qurğulara  təlabat yaradır. Ancaq bu qurğuların mövcudluğu çağdaş dövrün texnologiyasından incəsənətdə səmərəli istifadə etdiyimiz anlamına gəlməməkdədir. Bəşəriyyət öz həyatını asanlaşdırmaq üçün texnolgiyadan imtina edə bilmir, hətta onu həyatına daha çox daxil etmək üçün daim səy göstərir. Əvvəlki illərdə muzeyləri daha yaxşı gəzmək, eksponatları daha yaxşı tanımaq üçün ziyarətçilər bələdçilərə ehtiyac duyurdular. Lakin bu bir həqiqətdir ki, bu gün ziyarətçilər istəsələr girişdə PDA (Personal Digital Assistant) və qulaqlıq alıb audio yazıları dinləyərək bələdçisiz muzeyi səmərəli şəkildə ziyarət etmək imkanı əldə edə bilərlər. Muzeydə sensor ekran xüsusiyyətli KİOSK-lar(Browser) da artıq geniş bir şəkildə istifadə olunmağa başlanır. Ziyarətçilər bu cihazların köməyi ilə istənilən zaman muzeyə baş çəkmək imkanı əldə edə və ya bu KİOSK-ların(Browser) köməyi ilə qarşılarında duran işlərlə bağlı ətraflı məlumatı öyrənə bilərlər. İnteraktiv tətbiqlər, üçölçülü proyeksiyalar və robotlar kimi texnologiyalardan ibarət olan müasir muzey eksponatları məlumat əldə etmək üçün yeni imkanlar yaradaraq bir çox tətbiqləri təcrübə yolu ilə yenidən kəşf etmək imkanı verməkdədirlər. Sərgi məqsədləri üçün istifadə edilən muzey texnologiyalarına nəzər saldıqda görürük ki, bu texnologiyalar muzeyin növünə və bu sahədən asılı olaraq dəyişən sərgi anlayışına görə fərqlənir. Muzey fəaliyyətlərinə də əhəmiyyətli təsir göstərən nümayiş fərqləri tarix, incəsənət, etnoqrafiya və arxeologiya muzeyləri üçün fərqli ola bilər. Çünki eksponatlar muzeylərin növlərinə və kolleksiyanın məzmununa görə fərqlənir. Bu fərqlərə muzeyin məqsədi, kolleksiyası, vermək istədiyi mesaj və ya hədəf auditoriya kimi ünsürlər də təsir edir. Sərgi fərqlərini hədəf auditoriya kontekstində araşdırdıqda görürük ki, bugünkü muzeyşünaslıqda muzeylər öz sərgilərini hədəf auditoriya profillərini nəzərə alaraq hazırlayırlar. Hədəf auditoriyaları muzeyin məqsədinə, yerləşdiyi coğrafi bölgəyə, beləliklə, xidmət etdiyi cəmiyyətə və sahib olduqları kolleksiyaların keyfiyyətinə görə dəyişir.

Bu gün incəsənət muzey və qalereyaları cəmiyyətin estetik hisslərinə xitab edən sərgilər təşkil etməkdədirlər. Belə sərgilərdə bəzən sərginin çatdırmaq istədiyi mesaj dolayı yollarla ifadə oluna, anlaşılması çətin olan əsərlər ilə sərgilənə bilər. Bu səbəbdən muzeylər sənət əsərlərinin çatdırmaq istədiyi mesajın anlaşılırlığını artıra bilən və ya bu mesajı dəstəkləyəcək texnologiyalara üstünlük verirlər.

Sərgilər muzey və qalereyaların əsas kimliyi rolunu oynamaqdadır. Xidmət etdikləri cəmiyyətlərin mədəni səviyyəsini yüksəltmək, elm və sənət sahələrinin inkişafına töhfə vermək kimi vəzifələr daşıyan muzey və qalereyalar sərgilərdən mədəni ünsiyyət vasitəsi kimi istifadə etməyi əsas hədəflərinə çevirdilər.

Bir sosial varlıq olaraq insanın əsas ehtiyaclarından biri olan ünsiyyəti muzey və qalereyalar müxtəlif, çoxşaxəli tədbirlər təşkil edərək təmin etməyə can atırlar. Sərgilərdə istifadə olunan informasiya, displeylər, planşetlər və müxtəlif sərgi texnoloji məhsulları ünsiyyət tərzini formalaşdıran önəmli obyektlərdir. Muzeylərdə (sərgilər, ictimaiyyət üçün maarifləndirici tədbirlərdə) ictimaiyyətlə ünsiyyət prosesinin ən effektiv şəkildə həyata keçirilməsində müvəffəqiyyət əldə etmək üçün ən əsas şərtlərdən biridir. Bu ünsiyyət prosesində muzeylər uğurlu olmaq üçün ünsiyyət formalarından istifadə edirlər. Müasir muzeylər öz məqsədlərinə çatmaq və ictimaiyyətin diqqətini cəlb etmək üçün strateji həmlələrə müraciət edirlər. Bu, muzey və qalereyalarda istifadə olunan formatlar ümumiyyətlə afişalar, kataloqlar, broşürlər, dərsliklər, dəvətnamələr, xəbər bülletenləri və digər yazılı və çap materiallarıdır. Son illərdə çap məlumatları da elektron daşıyıcılara ötürülür. Beləliklə, muzeylər çap sayı kimi məhdudiyyətlər olmadan daha çox tamaşaçıyla ünsiyyətdə ola bilirlər. Bundan başqa, interaktiv nümayiş sistemlərinin istifadəsi, video nümayişlər  və s.onların müraciət etdiyi ən effektiv vasitələrdən biridir. Ən sadə hər kəsin istifadə etdiyi sosial şəbəkə saytları da muzey və qalereyaların istifadə etdiyi ünsiyyət vasitələridir. Bu saytlar vasitəsilə yaradılan məlumat qrupları, səhifələr və yenilənmiş məlumatlar ziyarətçilərə sərgilər və digər tədbirlər haqqında daha çox məlumat əldə etməyə imkan verir.

Muzey və qalereyalarda istifadə olunan texnologiyalara qərar verən kuratorlar və ya muzey ekspertləri seçim edərkən sərgi növündən və muzey kolleksiyalarının sərgi ehtiyaclarından istifadə edirlər. Hansı texnoloji sərgi sisteminin hansı sərgidə hansı məqsədlə istifadə ediləcəyi və ziyarətçiyə istənilən mesajı nə dərəcədə çatdıra biləcəyi məsələsi önəmlidir. Ona görə də muzey, qalereyalar texnologiya və sərgi sahəsindəki yenilikləri izləyərək sərgilərini daha interaktiv edə bilərlər. İnteraktiv kontekstdə keçirilən sərgilər ziyarətçilərin məlumatlandırılması, xoş vaxt keçirməsi və təcrübə qazanması məqsədilə hazırlanır. Muzey və qalereyaların son texnoloji tələblərə cavab verən sərgilərində obyektə olan marağı artırmaq və bu obyekt haqqında məlumatı təsirli şəkildə ötürmək üçün istifadə olunan hər bir texnolgiya vasitəsi incəsənət ilə cəmiyyəti yaxud muzey və qalereyalar ilə gənc nəsli birləşdirir. Məsələn, hər hansı bir eksponata toxunmaq istəyən izləyicinin arzusunu yerinə yetirmək üçün “haptik texnologiya”sisteminə müraciət etmək kifayət edəcəkdir.

Bu sistem obyektin virtual mexanizmdə tək-tək yenidən yaradılmasıdır. Təcrübədə ziyarətçi qoluna taxdığı cihazın köməyi ilə virtual mühitdə həmin obyektin üçölçülü versiyasına toxuna və ya istifadə edə bilər. Qoldakı cihaz tamaşaçının barmaqlarının uclarının obyektlə təmasda olan hissələrinə təzyiq edərək tamaşaçıya süni şəkildə toxunmaq hissi yaşadacaqdır.

Son on ildə video və audio texnologiyalarının inkişafı bu texnologiyadan istifadə edən sistemlərin maliyyə və funksional baxımdan asanlıqla əlçatan olması onu muzey və qalereyaların ayrılmaz bir parçasına çevirmişdir. “Video-wall”, proyeksiya, kino və BARCOvisiom kimi sıralana bilən bu texnologiyalardan sərgi mövzusu ilə bağlı məlumatların böyük qruplara ötürülməsində səmərəli istifadə oluna bilər. Plazma və LED Televiziyalar kimi texnologiyaların inkişafı ilə yeni bir ölçü qazanan bu sistemlər muzeylərdə ən sürətli məlumat ötürülməsini həyata keçirən tətbiqlərdir. Son zamanların ən çox maraq topladığı animasiyalar, holoviziyalar məhz belə holoqram texnologiyanın vasitəsilə nümayiş edilə bilir.

Daha əvvəl qeyd etdiyimiz KİOSK (browser) informasiya cihazları da muzey və qalereyaların ən çox ehtiyac duyduğu texnoloji sistemlər arasındadır. Sensorlu ekrana sahib olan bu cihazlarda ziyarətçilər ekrandakı düymələrə toxunaraq istədikləri məlumat və ya illüstrasiyaları əldə edə bilərlər. Onun ən böyük üstünlüyü kompüter bilikləri tələb etməyən və istifadəsi praktiki interfeys və sadə düymələrə malik ekran ilə təmin olunmasıdır.

Bir başqa istifadə olunan texnoloji sistem 3D rəqəmsal holoqramlar yaratmağa kömək edən e-Real-dır. Üçölçülü effekt, təsvirin kəskinliyi və parlaqlığı üçün yeni standartlar təyin edən və bununla da sənət əsərlərinə həyat verən qabaqcıl texnologiya ziyarətçilər üçün maraqlı və xoş təcrübəyə çevrilir.

Bu gün bir çox muzey və qalereyalar texnologiya əsri ilə ayaqlaşmaq və yeni nümayiş üsulları təqdim etmək üçün individual rəqəmsal proqramlar hazırlayırlar.

Belə proqramların ən məşhuru onlayn sərgilərdir. Sadə dillə desək, bu virtual sərgilər (və ya onlayn sərgilər) gerçək sərgilərin rəqəmsal müqabilləridir. Belə bir sərgi üçün rəqəmsal məkanda sizin foyenizin, sərgi kabinələrinizin, şəbəkə salonunuzun olması kifayətdir. Dünyanın harasında olursunuzsa olun, hansı cihazdan istifadə edirsinizsə edin, belə sərgilərə asanlıqla qatılmaq imkanınız həmişə var. Virtual sərgilərin təklif etdiyi üstünlüklər ənənəvi sərgi formalarının imkanlarından çox uzaqdır.    

Virtual sərgilər son zamanlarda ən çox istifadə olunan vasitəyə çevrilsə də rəssamların nöqteyi-nəzərindən heç də ideal olmaya bilər. Onlar izləyicilərinin əsərlərini gerçəkdə görüb qiymətləndirməsinə daha üstünlük verirlər. Ancaq dünyanı ələ keçirən COVİD-19 pandemiyası və xüsusi karantin zamanlarında incəsənətin durğunluq keçirməyib, əksinə daha da inkişaf etməsində böyük rol oynayan vasitələrdən birinin də onlayn sərgilər olduğunu unutmamalıyıq.

 

Nigar Hətəmova

Azərbaycan Dövlət Rəsm Qalereyasının kiçik elmi işçisi