Sakral etiqada əsaslanan sehr- Afrika incəsənəti

21.09.2022 / Yeni nəşrlər
Sakral etiqada əsaslanan sehr- Afrika incəsənəti

 

Uzun tarix və zəngin ənənələrə malik olan Afrika sənəti özünəməxsus elementləri və ideyaları ilə hər zaman diqqət mərkəzində olmağı bacarır. Bu sənətin əsasını vizual abstraksiya tutmaqdadır. Beləki,  bu sənətdə görəcəyimiz hər bir xırda nüans, element və s.mücərrəd səciyyəyə malikdir. Afrikalı sənətkarlar heyvan və insan fiqurlarını real şəkildə təsvir etmək əvəzinə, onların fiqurlarını təhrif edir, yenidən formalaşdırır və yaradıcı şəkildə şərh edirlər. Ənənəvi Afrika sənətinin özəyində etik və din olduqca güclü olduğu üçün bu mücərrəd heyvan və insan fiqurlarının özləri də  ruhani, mifik xarakterə bürünürlər. Əxlaqi dəyərlər, dini xurafatlar gözəllik və saf estetika anlayışlarını qabaqlayaraq daha böyük bir önəm kəsb edir. Məsələn, biz Afrika sənəti nümunələrində adi bədən proporsiyalarında olan fiqurların nəhəng ölçülü başlarını görürük. Bu xüsusi simvolik məna kəsb edir. İri ölçülü baş ağıllı və müdrik insanı ifadə edir. Buna görə də padşahların və qəbilə başçılarının təsvirlərində biz onları həmişə nəhəng ölçülü başlarla görürük. Yəni bu, afrikalı sənətkarların bacarıqsız olmasından irəli gəlmir. Belə bir yanaşma çox dayaz və bir o qədər də absurddur. Əksinə, anlamaq lazımdır ki, sənətkar şüurlu seçimini ortaya qoyaraq, çatdırmaq istədiyi mesajı daha da vurğulaya bilmək üçün məhz bu ölçülərə müraciət edir. Estetik görünüşlü fiqurlar əvəzinə afrikalı sənətkarlar öz mədəniyyətlərini təcəssüm etdirən xüsusiyyətlər əlavə etməyə cəhd göstərirlər. Məsələn hörüklü saçlar, halqalı uzun boyunlar, nisbətən kiçik ağızlar Afrika sənətində qadını təsvir edərkən istifadə olunan xüsusiyyətlərdir. Afrikalı sənətkarlar gözəl qadını iri sinəli, şişkin qarınlı təsvir edirdilər. Çünki məhz belə görkəm məhsuldarlığı və tərbiyəçi xarakterini, qadının həyatlarındakı önəmli rolunu vurğulayırlar. Diqqətlə nəzər yetirsək, biz Afrika təsvirlərində obrazları ümumi fizioqnomiyada görəcəyik. Rəssamlar onlara fərdi yanaşmaq əvəzinə, ümumi yanaşmağa üstünlük verirlər. Bunun bir neçə səbəbini təxmin etmək olar; ilk öncə eyni üz cizgilərini təsvir etmək daha asan olduğu üçün və ikinci səbəb afrikalıların inanclarından irəli gəlməsidir. Yəni afrikalılar öz fiqurlarının təsviri olduğu zaman hər hansı bir bəlaya düçar olacaqlarını düşünürdülər. Məsələn vudu kukları afrika ovsunlarının ən məşhurlarından biri idi.

Afrika sənətində obrazlar duyğulardan tamamilə arınmış bir şəkildə təsvir edilirdi. Buna görə də biz Afrika rəsmlərində və heykəllərində biz təbəssüm və ya qaşqabaq edən sima görə bilməyəcəyik. Əsasən onların üzündə təmkinli bir ifadə olacaq.

Afrika sənətində fiqurların profildən deyil, əsasən fasdan təsvir olunması cəmiyyətdə tutduğu yüksək mövqesini simvolizə edir. Frontal təsvir fiqurun formal vəziyyətini simvollaşdırır. Fiqurun başı çevrilibsə və ya əyilibsə, bu, adətən həmin şəxsin uşaq və ya daha aşağı statuslu bir şəxs olduğunu bildirir. Sakitlik idealına üstünlük verən afrikalı rəssamlar nadir hallarda insanları hərəkətdə təsvir edirlər.

Afrika sənətinin bir digər önəmli xüsusiyyəti obrazların gənc təsvir edilməsidir. Afrika sənətində insanlar heç vaxt qoca və ya xəstə bir şəkildə əks olunmurdu. Çünki bu cür təsvirlər şər əlaməti hesab olunurdu. Ona görə də insan həmişə gənc və güclü göstərilirdi. Gənclik məhsuldarlığı, qabiliyyıti simvolizə edirdi. Yaşlı birini təsvir edən sənətkar onu saqqallı amma simasını daha qırışsız və təravətli təqdim etməyə diqqət yetirir. Bəzən onlar hətta körpə yaşında tələf olanları da gənc təsvir edirdi. Çünki ölən körpələrin belə bir şansları olmadığını bilirdilər.

Afrika təsvirlərində görə biləcəyimiz bir digər xüsusiyyət də olduqca parlaq təsvirlərə önəm verilməsi idi. Bir çox Afrika heykəllərində də gördüyümüz bu parlaqlıq və hamarlıq sağlam dərini simvolizə edirdi. Afrika mədəniyyətində parlaq dəri, gözəllik və sağlamlıq meyarı idi. Düşünürdülər ki, insanın daxili aləminin gözəlliyi, işıltısı xaricə təsir edir. Əksinə fiqurun təsvirində kobudluq, qabarıqlıq görürüksə bu mənfi cəhərləri olan insanı ifadə edir deməkdir.  Afrika sənətində təsvir edilən şəxslərin ölçüsü çox vaxt onların sosial vəziyyətini ifadə edir. Bu o deməkdir ki, bir qrup insan təsvir edilərkən, ən böyük və ən hündür olan ən güclüdür və sosial iyerarxiyada ən yüksək dərəcəyə malikdir. Dəstənin ən kiçik ölçülü fiquru isə sosial pillədə ən aşağı yerdə olduğunu göstərir.  Körpələr və uşaqlar bu sosial, iyerarxik sıraya daxil deyildi

Afrika sənətindən danışırıqsa əgər, biz onun heykəltəraşlığından mütləq söz açmalıyıq. Bu heykəl nümunələri həm Afrika mədəniyyəti, həm də qəbilə icması haqqında böyük fikirlər təqdim edir. Əsas istifadə edilən material ağacdır. Heykəllərin əksəriyyəti insan fiquru olur. Məcazidirlər. Əsasən heykəllərdən məhsuldarlıq rituallarında, yağış dualarında, xəstəlik və təbii fəlakətlərdən qorunmaq üçün ayinlər keçirəndə istifadə olunurdu.  Afrika heykəltəraşlığının ən məşhur nümunəsi 12-ci əsrə aid olan, Nigeriyanın Yoruba qəbiləsində istifadə olunan tökmə metal heykəllərdir. Ən qədima ağac heykəl nümunələri isə 20-ci əsrə aiddir. Faha erkən dövrlərin sənət nümunələri bugünümüzə gəlib çatmamışdır. Ehtimal ki, onlar çürüyüb, tez məhv olublar.

Simvollara xüsusi diqqət ayıran Afrika sənətinin ən məşhur elementlər toplusuna

“adinkra”deyilir. İlk baxışda bu simvollar ilanı xatırladır. Möhkəmlik, sağ qala bilmək və əyilməzlik rəmzi hesab olunurlar. Onun müxtəlif variantları həm də əzm və özünə güvəni təmsil edir.

Ümumiyyətlə, Afrika sənətinin ən vacib cəhəti onun Afrika kimi görünməsidir. Güclü xətlər, güclü rənglər və güclü naxış. Afrika sənəti əsasən Afrika cəmiyyətini təsvir edir.

Afrika sənəti dedikdə bizim ağlımıza gələnnbir digər maraqlı predmetlərdən birində - maskalardır. Qəbilə maskaları əcdadların ruhlarını təmsil etmək və xeyr/şər qüvvələrini idarə etmə üçün istifadə olunur. 20-ci əsrin əvvəllərində Pablo Pikasso və Andre Derain kimi rəssamlar Afrika qəbilə maskalarının kəşf etdikləri cəsarətli abstrakt dizaynlardan ilham aldılar. Afrika maskaları mərasim kostyumlarının ayrılmaz bir hissəsidir. Onlardan dini mərasimlərdə, ayinlərdə, şər qüvvələri qovarkən istifadə olunur. Onlar sanki canlanır, rəqdin bir hissəsinə çevrilir. Ən məşhur maskalar; Doqon maskaları, Baule maskaları, Biombo və Lulua maskalarıdır.

Biz bilirik ki, Afrika sənəti təkcə öz dövründə qərb incəsənətinə təsir etməmişdir. Günü bugün də bu sənət modern incəsənətə öz təsir gücünü itirməyib. Ənənəvi Afrika heykəltəraşlığının estetikası 1900-cü illərin əvvəllərində Avropa rəssamları arasında güclü ilham mənbəyinə çevrildi. Fransada Pablo Picasso və Henri Matisse kimi rəssamlar Afrika heykəltəraşlarının ağır stilizə edilmiş insan fiqurlarını və impressionist rəsm hərəkatını birləşdirdilər. Yaranan canlı rəng şkalaları, kubist formalar və təsviri iki ölçülülük erkən modernizmi müəyyənləşdirməyə kömək etdi. Adı çəkilən rəssamlar rastlaşdıqları Qərbi və Mərkəzi Afrika heykəllərinin orijinal mənaları haqqında heç nə bilməsələr də, kompozisiyaların mənəvi tərəfini görməzdən gələ bilmədilər. 1870-ci illərdən etibarən Afrikadan müstəmləkəçilik nəticəsində oğurlanmış minlərlə heykəl Avropaya gətirilərək muzeylərdə sərgiləndi. Doğrusu, bugün də sərgilənməkdədir. XX əsrin böyük bir hissəsində bu maraq çox vaxt “primitivizm” kimi təsvir edilirdi ki, bu da Afrika ölkələrinin Qərb ölkələrindən və müstəmləkəçilərdən daha primitiv olduğunu göstərirdi. Lakin bugün “primitiv” termini irqçi hesab olunduğuna görə istifadə olunmur. Pikasso və Matisse Afrikadan ilham alan modernizmin Şimali Amerikada yayılmasında ən əsas fiqurlar hesab olunurlar. 1905-ci ildə amerikalı rəssam Maks Veber Parisə köçdü və Matisse ilə rəssamlıq təhsili aldı. O, 1908-ci ildə Pikassonun studiyasını ziyarət etdi və Pikassonun Afrika sənətinin geniş kolleksiyasını görmək şansı qazandı. ABŞ-a qayıtdıqdan sonra o, fotoqraf Alfred Stieglitz-ə Pikassonun və digər müasir Paris rəssamlarının əsərlərindəki Afrika təsiri haqqında söhbət açdı. Bunu sonra yazı halına çevirdi və yaradıcılığında maskaların getdikcə daha abstrakt formalarını daxil etməyə başladı. Daha sonra Amerikada Pikassonun ilk sərgisi Stieglitsin qalereyasında keçirildi və daha sonra o, Amerikada ilk dəfə olaraq Afrika əsərlərini sənət kimi göstərən sərgilərdən birində meksikalı rəssam Marius de Zayas ilə birlikdə işləyən rəssam kimi tanındı. 1923-cü ildə Whitney Studio Club-da keçirilən sərgidə Pikassonun əsərləri ilk dəfə Afrika heykəlləri ilə birlikdə nümayiş etdirildi.

Bugünkü post-müstəmləkə dövründə, ənənəvi Afrika estetikası bədii təcrübələrə o qədər köklənmişdir ki, onun mənşəyi bəzən başa düşülmür. Düzü, bu sənəti primitivzm termini ilə birgə səsləndirmək də tamamilə köhnəlmiş düşüncə kimi qəbul edildi. Afrika müasir incəsənəti və onun təsirləri erkən modernizmin əsaslarını araşdırmağa, anlamağa sövq etdiyi üçün bu gün də öz aktuallığını qoruyub saxlaya bilir.

 

 

Azərbaycan Dövlət Rəsm Qalereyasının kiçik elmi işçisi

Nigar Hətəmova