XƏBƏRLƏR
İrina Eldarovanın nostalji dünyası
Özünəməxsus yaradıcılıq manerası ilə sənətsevərləri daima təəccübləndirməyi bacaran Azərbaycanın əməkdar rəssamı İrina Eldarova Moskva şəhərində dünyaya göz açsa da, tanınmış rəssam Müslüm Eldarov ilə tanışlığı onun taleyini Azərbaycana bağlayır. Təhsilini İ.Repin adına Sankt-Peterburq Rəngkarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutu (1975-1979) və V.İ. Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda (1980-1982) alan rəssam incəsənətin qrafika, rəngkarlıq, illüstrasiya, video-art, fotoqrafiya kimi sahələrində fəaliyyət göstərir. İrina Eldarova parlaq boyaların, nostalji səhnələrin geniş yer aldığı əsərlərində qəzet parçaları, sosialist realizmi və pop-art üslubunu birləşdirərək müxtəlif mövzulara müraciət edir.
Bakıdakı Xalqlar Dostluğu metrostansiyasının monumental rəsmlərinin müəllifi olan İrina Eldarova, həmçinin Azərbaycan, Rusiya, Qazaxıstan və Özbəkistan kimi ölkələrin irimiqyaslı nəşriyyat layihələrinə aid kitabların bədii tərtibatını da həyata keçirmişdir.
Müxtəlif illərdə rəssamın “Atəşpərəstlər”, “Salam, bu mənəm”, “Qızlar neftçilərə üstünlük verir”, “Azərbaycan nefti. Nobel qardaşları. Mükafat 2015”, “Brend kimi kişi” və s. fərdi sərgiləri ilə tamaşaçıların qarşısında dəfələrlə nümayiş etdirdiyi yaradıcılıq hesabatı hər dəfə böyük maraqla qarşılanmışdır. O, həmçinin, bir çox beynəlxalq əhəmiyyətli sərgi, biennalelərdə də iştirak edərək, böyük yaradıcılıq uğurlarına imza atmışdır. Buna görə də fırça ustasının əsərlərinin Dövlət Tretyakov qalereyası, Müasir İncəsənət Muzeyi, Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Muzey Mərkəzi və s. kimi muzeylərdə, qalereyalarda, şəxsi kolleksiyalarda saxlanılması heç də təsadüfi deyil, onun gərgin yaradıcılığının bəhrəsidir.
Rusiyada anadan olmasına baxmayaraq, bu gün İrina Eldarova məhz azərbaycanlı rəssam kimi tanınır. O, təxəyyülündə canlanan gözlənilməz, emosional, müasir düşüncələrini sərbəst şəkildə tamaşaçının öhdəsinə verir. Rəngarəngliyi ilə göz oxşayan tablolarda rəssam insanların gündəlik həyatlarını, onların davranışlarını və hislərini elə canlı və təsiredici tərzdə ifadə etməyə nail olur ki, tamaşaçılar bu səhnələri dərin nostalji hislər keçirərək, böyük heyranlıqla izləyirlər. Reallığın, xatirələrin və xəyalların geniş yer aldığı rəsmləri eyni zamanda nostalji, bəzən ironik və melanxolikdir. İncə ruhlu rəssamın yaradıcılığı keçmişdən bu günümüzə və gələcəyə körpü salan lirik səhnələr, sərt sənaye mənzərələri, gündəlik rutinlər, şəhər meqapolisləri, qarışıq natürmort təsvirləri ilə zəngindir. Rəssamın daxili hisslərini və emosiyalarının ötürücüsü olan bu parlaq rəngli əsərlər müasir Azərbaycan rəssamlığında xüsusi yer tutur.
O cümlədən, böyük maraq doğuran “Qızlar neftçilərə üstünlük verir” layihəsinin də öz tarixi olmaqla yanaşı, rəssamın həyatında ayrıca yeri vardır. Müəllifin qəhrəmanları böyük silsilə şəkilində bir mövzunu əhatə edən əsl Bakı neftçiləridir: güclü, sarsılmaz və qorxmaz... İrina Eldarovanı bu mövzunu işləməyə ilhamlandıran Merilin Monronun filmdə ifa etdiyi mahnıdakı “Qızların əsl dostları-brilliantlardır.” sözləri olur. Rəssam hesab edir ki, günümüzdə neft brilliantla müqayisədə daha əhəmiyyətli yer tutur. Beləliklə, “Qızlar neftçilərə üstünlük verir” adlı silsilə əsərlər yaratmaq ideyası meydana çıxır. Qeyd etdiyimiz kimi İrina Eldarovanın “Qızlar neftçilərə üstünlük verir” silsiləsinə daxil olan “Təklif”, “Nişan”, “Sarı gəlin”, “Oxuyur Müslüm Maqomayev”, “Nahar vaxtıdır”, “Qaqarin uçur”, “Əlvida” və s. əsərlərinin əsas personajları 60-cı illərin sovet afişalarından naməlum Bakı neftçisi və dünya kinosunun ən məşhur sarışını Merilin Monrodur. İrina Eldarovanın müsahibələrinin birində özünün də qeyd etdiyi kimi, əslində, bu silsilə bir qədər rəssam üçün şəxsi xarakter daşıyır. O, “Neftçi yerinə Müslümü və Merilinin yerinə məni qoysanız, bu layihədə ən vacib şeyin qadın ilə kişi arasındakı incə münasibətin olduğu sizə aydın olar”- deyə qeyd etmişdir.
“Qızlar neftçilərə üstünlük verir” silsiləsinə daxil olan əsərlərdən biri “Qaqarin uçur” adlı tabloya diqqət yetirsək, əsərin ideya məzmunu bizə aydın olar. Pop-art üslubunda işlənmiş bu əsərdə adından da göründüyü kimi sovet dövrünün tarixi hadisəsi Yuri Qaqarinin kosmosa uçmasını izləyən ümumiləşdirilmiş üç neftçinin və aktrisa Merilin Monronun obrazlarını görürük. Mavi və göy rəngli geyimdə ciddi, sərt görünüşlü kişi obrazları arasında sarışın, gülərüz Merilinin obrazı çəhrayı geyimi ilə diqqəti cəlb edir. Əsərdə dərin emosional əhval-ruhiyyə hökm sürür. Obrazların səmaya tuşlanmış baxışları və Merlinin simasındakı təbəssüm ifadəsi ilə rəssam insanların hadisəyə münasibətini, sevinc və həyəcanlarını nümayiş etdirmişdir.
Tabloda diqqət çəkən digər bir məqam rəssamın kosmosa uçan Qaqarini seyr edən neftçilərin söykəndikləri məhəccəri qəsdən təsvir etməyərək illuziyaya nail olmasıdır. Əsərdəki romantik ab-hava və eyni rəngin müxtəlif çalarlarının yumuşaq keçidlər, forma və fiqurların qalın kontur xətlər vasitəsilə həlli və sadalanan digər xüsusiyyətlər rəssamın dünyagörüşünü və yüksək sənətkarlığını əyani şəkildə açıqlayır.
İrina Eldarova demək olar ki, bütün əsərlərində şux rənglərin ritmik keçidlərindən məharətlə istifadə edir. “Qaqarin uçur” əsərində isə əsasən mavi, göy rənglərin ahəngdar paylanmasını izləyirik.
Özündə maraqlı ideya məzmunu daşıyan əsər lirik tonlar üzərində qurulmuşdur. Baxmayaraq ki, tabloda Qaqarinin kosmosa uçması tarixi hadisəsi əks olunub, ümumilikdə əsərdə qadın gözəlliyi ilə ciddi və sərt kişi obrazlarının ustalıqla harmonik təsviri nəzərə çarpır.
Ümumiyyətlə, İrina Eldarovanın əsərlərində Merilin obrazı Azərbaycanın xalq ədəbiyyatının dillərə dastan personajı Sarı gəlin ilə assosiasiya olunur.
Rəssamın natürmort əsərləri də kompozisiya cəhətdən maraqlıdır. Onun natürmortarı ənənəvi üsullardan tamamilə uzaqdır, dağınıq düzülüşü predmetlər, qalın kontur xətlər rənglənməmiş hissələr əsərin sanki tamamlanmadığı təəssüratı yaradır. Rəssamın nostalji düşüncələrini əks etdirən statları isə sənətkarın bilərəkdən ötürmək istədiyi fikirləri açıqlamaq niyyətini sərgiləyir. “Lalələr”, “Qara kəlağayıda meyvələr”, “Şokoladina”, “Eynəklər” silsiləsi, “Qırmızı kəlağayı üzərində güllər”, “Natürmort”, “Səkkizi alma deyil”, “Dişlənmiş almalar” silsiləsi və s. natürmort janrında çəkilmiş tablolarında isti rəng çalarları və assimmetrik kompozisiyaya üstünlük verərək daha real və təbii səhnələri əks etdirir. Müasir forma və quruluşa malik bu əsərlər rəssamın yenilikçi ruhu və fərdi yaradıcılığının özünəməxsusluğu nəticəsində yaranmışdır.
İrina Eldarova, elə rəssamlardandır ki, o, əsərlərini qəfil duyğularını və emosiyalarını kətana köçürərək yaradır, “Emosional partlayış” adlı silsiləsinə daxil olan əsərləri də buna misal ola bilər. Müxtəlif mücərrəd formaların, rəng yaxmalarının hesabına ərsəyə gəlmiş bu tablolar özündə rəssam dünyasının anlaşılmayan tərəflərini ehtiva edir. Belə sənət əsərlərinin məzmununu bəzən rəssamın öz dilindən eşidərək anlaya bilirik, bəzən isə güclü emosional duyğular bizi gördüyümüzü dərhal anlamağa, hətta bu düşüncələrin arxasıca getməyə vadar edir. İrina Eldarovanın yaradıcılığı nostalji duyğular üzərində qurulduğundan sənət əsərlərini izləyən istənilən tamaşaçını daxilindən keçmişə səyahətə dəvət edir.
Dürdanə Qurbanova
Azərbaycan Dövlət Rəsm Qalereyasının kiçik elmi işçisi