Xəttatlıq-simvolizm və sentimentallığın şərti dil sərhədlərini aşmaq…

06.10.2022 / Yeni nəşrlər
Xəttatlıq-simvolizm və sentimentallığın şərti dil sərhədlərini aşmaq…

Yaxın Şərqdə, xüsusilə də islam ölkələrinin mədəniyyətində qarşımıza çıxan kalliqrafiya sənəti - yəni xəttatlıq yunan sözü olub, gözəl yazı mənasını verməkdədir. Fərqli coğrafiyalarda müxtəlif formalarda ortaya çıxan xəttatlıq xüsusilə mətbəənin ixtirasından əvvəl böyük əhəmiyyət kəsb edirdi. Bu sənəti icra edən şəxs xəttat adlanır. Bu sənətlə məşğul olan ustalar əsərlərindəki gözəllikləri, duyğuları, düşüncələri qələm və kağızla bir araya gətirərək sintez edirlər. Bu sənəti mədəniyyətlərə görə müxtəlif cür təsnif etmək mümkündür; islam sənətində bu hüsn-i xətt, yapon sənətində şodo, çin sənətində thu phap.

İnsanlar dil açıb danışmağa başladıqları andan etibarən özlərini daha yaxşı ifadə edə bilmək üçün jestlərdən, daha sonra isə yazıdan istifadə edə bilməyi kəşf etmişlər. Bu, insanın ifadə etmək istədiyini görünən, daha yaddaqalan, anlaşılır və qalıcı edən bir vasitə idi. Min illər boyu insanlar istifadə etdikləri hər hansı bir alətlər, daş çapacaqlar, iti əşyalar ilə daşlara, bitkilərə, dərilərin  üzərinə müəyyən işarələr həkk etmişlər.  

Xəttatlıq sənəti ilk dəfə ərəblərin istifadə etdiyi yazıların vasitəsilə həyata keçirilmiş, hicrətdən bir neçə əsr sonra İslam ümmətinin ortaq dəyərinə çevrilmiş və İslam xəttatlığı adı altında inkişaf etmişdir.

Abbasilər dövründə Bağdadlı vəzir və xəttat İbn Mukle öz səyləri və yenilikləri ilə yazının əsas xətlərini müəyyən edən sistem işləyib hazırlamış və xəttatlığın inkişafında mühüm rol oynamışdır.

1258-ci ildə Abbasilər sülaləsinin hakimiyyəti sona çatdıqdan sonra bu yazı növü türk və İran xəttatlarının marağını cəlb etdi. İran xəttatları xəttatlığın inkişafına böyük töhfələr vermiş Abbasi xəlifəsi Yakutun üslubuna sadiq qalaraq aklam-ı sitte (xəttatda altı əsas yazı üslubu) yazmışlar; Osmanlı türkləri isə xəttatlıqda qəlizliyi və kamilliyi ilə seçilən bir məktəb qurmuşlar.

XVI əsrdə Anadoluda türk xəttatlığının öncüsü kimi qəbul edilən Şeyx Həmdullah Osmanlı İmperiyasında xəttatlıq sənətinə bənzərsiz bir gözəllik və yetkinlik gətirmişdir. Şey Həmdullahdan sonra yetişənlər onun kimi yazmağa çalışdıqları üçün onlara “Şeyx kimi yazan” ünvanını verirdilər

17-ci əsrin ikinci yarısında Şeyx Həmdullah üslubunu ələkdən keçirən Hafiz Osman özünəməxsus xəttatlıq üslubunu ortaya qoydu. Hafiz Osmanın Osmanlı İmperatorluğunda xəttatlıqdakı kəşfləri davam edərkən, bir əsr sonra İsmayıl Zühdü və qardaşı Mustafa Rakım onun yazılarından ilhamlanaraq öz üslublarını yaratdılar. Mustafa Rakımdan sonra gələn ustad Sami Əfəndi öz individual təcrübələrini ortaya qoyaraq, daha da püxtələşmiş bir üslub ərsəyə gətirdi.

İstanbul türklər tərəfindən fəth edildikdən sonra xəttatlığın mərkəzinə çevrildi. İslam aləmi bu həqiqəti qəbul etmiş və bu sözlərlə açıqlamışdır:

“Quran Hicazda nazil olub, Misirdə oxunub, İstanbulda yazılıb”.

Uzaq Şərq ölkələrində, xüsusən də İranda görkəmli sənət kimi tanınan xəttatlıq İslamdan əvvəl İranda mixi, pəhləvi və evesti yazıları geniş yayılmışdı. Lakin sonralar İran xalqı İslam dini ilə yanaşı ərəb əlifbasını da qəbul etdi. Əslində, qeyd etmək lazımdır ki, ərəb yazısının tarixi İslamdan əvvələ gedib çıxmır. Əksinə İslamın yayılması ilə inkişaf edib, daha da zənginləşmişdir. Müsəlmanlar üçün xəttatlıq sənəti həmişə xüsusi əhəmiyyət kəsb etmişdir; çünki onlar bu sənəti vəhy kəlamının təcəlli etdiyi sənət kimi bilirdilər. Müsəlmanlar xəttatlıq sənətindən təkcə Quran yazmaqda deyil, bir çox sənətlərdə də istifadə etmişlər.Xəttatlıq sənəti və ya xəttatlıq ən yüksək sənət kimi İslam ölkələrində həmişə diqqət mərkəzində olub. İş o yerə çatıb ki, xəttatlıq sənəti İslamın ilk əsrlərindən başlayaraq müsəlmanların hakim olduğu İslam ölkələrində və bölgələrində ən güclü və həssas sənət cərəyanlarının başında dayanıb. İslam dininin İrana qədəm qoyduğu ilk əsrlərdən başlayaraq xəttatlıq sənəti bu bölgədə böyük marağa səbəb olmuş və tarix boyu iranlı sənətkarlar öz zəngin zövq və yeniliklərindən istifadə edərək xəttatlıq sənətinə yeni və çox gözəl üslublar əlavə etmişlər.

Nəş və Talik adlı iki misra bu sənətdə istifadə olunan ilk misralar idi. VIII əsrdə Mir Əli Təbrizi kimi iranlı ustadlar bu iki xətti birləşdirərək Nəştəlik xəttini inkişaf etdirmişlər və sonralar “Nəstəlik” adı ilə məşhurlaşmışlar.

Xəttatlıq sənəti bu günə qədər hər nəslin ən sayılıb-seçilən ustadları tərəfindən inkişaf etdirilərək bizə gəlib çatmışdır. İranın Qəzvin şəhəri xəttatlığın paytaxtı kimi yetişdirdiyi görkəmli sənətkarlarla bu xətt sənətinin inkişafında böyük rol oynayıb. Bu istiqamətdə Mir Emad Həsəni, Əbdülməcid Tələqani, Mirzə Məhəmməd Hüseyn Emad Əl Kitab Qəzvini və Məlik Məhəmməd Qəzvini İranda xəttatlıq sənətində tanınan görkəmli ustadlar arasındadır.

İranda xəttatlıqdan demək olar ki, hər bir sahədə istifadə edirdilər. Əvvəllər daşınmaz əmlakın və torpağın tarixi aktları, müqavilələr, siyasi müqavilələr, əlyazmalar, inzibati yazışmalar kimi sənədlər adətən bir, qırıq və ya nastalik sətirlərin qarışığı ilə yazılırdı. Ədəbiyyatda xüsusilə Firdovsi, Rudeki, Mövlanə, Hafiz, Sədinin şeirləri böyük bir həvəslə kağıza köçürülmüşdür. İranda yazıya böyük önəm verirdilər. Romalıları məğlub etdikdən sonra Roma əsirlərindən öz bilik və sənətlərini farslara öyrətmələrini xahiş edən I Şapurun dövründə tibb, fəlsəfə və astronomiyaya aid kitablar pəhləvi dilinə yunan və hind dillərindən tərcümə edilmişdir. İslamın bu torpaqlara qədəm qoyması ilə isə elm,təhsil və mədəniyyət sahəsində olduqca böyük addımlar atılmışdı. İranda Səlcuqlular dövründə Alparslanın vəziri olan Nizamülmülk “Nizamiyyə” kimi tanınan mədrəsələr inşa etdirmişdi. Bu mədrəsələrdən ən məşhurları Mərv, Bəlh, Nişabur, Herat, Rey, İsfahan, Təbəristan, Amul, Bəsrə, Bağdad və Mosulda yerləşirdi.

Qərb dünyasının İslam yazısına marağı xəlifə əl-Vasiqin (841-847) dövründə başlamışdır. Məlumdur ki, Abbasi xəlifələrindən olan əl-Məmunun (813-833) Bizansa yazdığı məktubu forma və nisbət baxımından çox bəyənilmiş və nümayiş etdirilmişdir. Rəssam Fra-Filippo Lippi isə “Məryəmin tac qoyulma” əsərində bəzək elementləri kimi kufi yazılarından istifadə etmişdir.

Xətt sənətinin şərq aləmində populyarlığını sübut edən bir digər nümunə isə Şodo-dur. Şodo yapon dilində "Yazının Yolu" deməkdir. Bütün digər Yapon sənətləri kimi bu da fəlsəfi bir intizamdır və kökləri Tao və Zen təlimlərinə dayanır. Yapon yazı sistemi xəttatlıq sənətini daha da dərinləşdirən simvollardan ibarətdir. Çünki simvollar vasitəsilə insan, onların mənbəyi olan təbiətin özünə yaxınlaşmasına şərait yaradan əsas anlayışdır. Bu simvolların insani qarşılığı fəzilətdir. O, təbiətdən aldığı ilhamla təbiət hadisələrinin bir parçası olur. Çin və Yapon dilləri kimi Qədim Misir dili də ideoqrafik dildir. Misir heroqlifləri bütün mövcud obyektlərin modellərini ifadə edir. Katib Tanrı Totun yazdığı hər bir ünsür sözlər deyil, obyektlərin özləridir.

Azərbaycanda da xüsusi rəğbət bəslənilən və püxtələşməkdə olan sənətlər arasında- xəttatlıq vardır. Daha çox nəsx, təliq, süls, reyhani, ruqə, touqi və s.xətt nümunələrindən istifadə olunur. Azərbaycanda xəttatlıq sənəti Mübarək şah Zərrinqələm Təbrizinin işlərindən başlanır. O, XIII əsrin məşhur ərəb xəttatı Cəmaləddin Müstəsiminin yetirdiyi altı şagirddən biri idi. Həmin "altılığa” daha bir azərbaycanlı usta şeyx Əhməd Sührəvərdi də daxil idi. Onlar xəttatlıq tarixinə "altı usta" adı ilə daxil olmuşlar.

Xəttatlıq memarlığın tərkib hissəsi kimi də qarşımıza çıxır. Onlar kitabələr, portallar, günbəzlər, eyvanlar və pəncərə alınlıqları kimi hissələrə tətbiq edilmişdir. Əməvilər dövründə Məscid-i Nəbəvinin genişlənməsi zamanı xəttat Xalid b. Ebü'l-Heyyacın Şəms surəsindən Quranın sonuna qədər qiblə divarına yazdığı kitabə cəli yazısının ilk nümunəsi kimi göstərilir. Əsərlərdə xəttatlıqdan geniş istifadə olunurdu.

Memarlıq quruluşlarında xəttatlığın istifadə olunduğu yerlərdə yazılar ön sırada verilirdi. Yazılar təkcə binanın inşaatçısı, memarı və tikilmə tarixinin yazıldığı əsərlər deyil, həm də bədii mətn və xəttatlığın birləşdirildiyi sənət əsərləri kimi olduqca böyük əhəmiyyət kəsb edirlər.

Bu sənəti modern incəsənət və hətta rəqəmsal incəsənət ilə birləşdirən innovativ düşüncə tərzinə malik sənətkarlar vardır. Onun ən sadə formasını biz qrafik dizaynerlərin istifadə etdiyi şriftlər arasında da görməkdəyik.