Qara qızılın palitrası

03.11.2022 /
Qara qızılın palitrası

 

Azərbaycan təsviri sənətində neft mövzusunun özünəməxsus yeri vardır. Neftin mədəniyyətimizdə, ədəbiyyatımızda, təsviri incəsənətimizdə təsvirinə olduqca geniş yer ayrılmışdır. Təsviri incəsənət sahəsində çox az rəssam tapmaq olar ki, onun neftlə, neftçilərlə bağlı bir əsəri olmasın. Danılmaz faktdır ki, neftin tərənnümü sovet illərində rəssamların başlıca mövzularından biri olmuşdur. Respublikanın tanınmış təsviri sənət ustalarından M.Abdullayev, S.Bəhlulzadə, T.Salahov, C.Müfidzadə, M.Rəhmanzadə, R.Babayev, A.Hacıyev, B.Mirzəzadə, T.Nərimanbəyov,S.Çopurov, Ə.İbadullayev, R.İsmayılov, N.Qasımov və digər rəssamların yaradıcılığında yer alan neft mövzulu süjetli tablolar və əməkçi portretləri buna bariz numunələrdir.

Bakının XX əsrə aid neft mədənləri üçün xarakterik olan hadisələr öz əksini  Əzim Əzimzadənin “Neft qurbanı” əsərində tapmışdır. Ötən əsrin əvvəllərində xarici istehsalçıların yerli əhalinin ehtiyac içində yaşayan təbəqəsindən ucuz qüvvə kimi istifadə edərək onları  pul qazanma ehtirasına qurban verməklərinin adi hal kimi qəbul edilməsi bu kiçik qrafik lövhədə bütün real çılpaqlığı ilə göstərilmişdir.  Rəssam əsərdə böyük bir ustalıqla faciə ilə bitən hadisənin mövzusunu acı satira vasitəsi ilə tamaşaçılara təqdim etmişdir. Qazanc üçün hər cür işə razı olan qara fəhlənin kəşfiyyat üçün kəndirlə neft quyusuna sallanarq, həyatı ilə vidalaşmaq bahasına belə olsa bir parça çörək qazanmaq kimi acı həqiqəti tamaşaçıya məharətlə çatdıran Ə.Əzimzadə bədbəxt fəhlələrin talelərini qabarıq şəkildə təsvir etmişdir. O zaman neft çıxarmaq təhlükəli, çətin və eyni zamanda da qorxulu iş idi. Ölüm, həmişə bu peşə sahiblərinin başları üzərində hərlənirdi. Zəhərli qaz, yeraltı sular qazmaçıları böyük çətinliklərlə qarşı-qarşıya qoyurdu. Dərinə getdikcə oksigen azalır, zəhərli qaz artır, iş ağırlaşır, yeraltı su təbəqələri açılır, quyu divarları uçub tökülərək tez-tez bədbəxt hadisələrin baş verməsinə səbəb olurdu. Əsərdə ölən fəhlənin başı üstündə oturan və "saralmış" kağızlardan dua oxuyan molla, sahibinin isə artıq yeni bir işçi axtarışı üçün danışıqlar aparması tamaşaçısını düşündürməyə vadar edir.

Neft mövzusuna müraciət edən digər rəssamların əsərlərinə nəzər salaq. Maral Rəhmanzadə  “Neft Daşları”na səyahət edərkən bu cəsarətli insanların hansı ekstremal və mürəkkəb mühitdə çalışdıqlarının, həyat şəraitlərinin canlı şahidi olaraq bir-birindən maraqlı əsərlər ərsəyə gətirdi. Hər gün gənc rəssam işçilərlə birlikdə dənizə çıxar, onların əməyini saatlarla müşahidə edər və insan cəsarətinin təbii fəlakətə qarşı qəhrəmancasına qarşıdurmasının şahidi olaraqa sözün əsl mənasında, "dirəklər üzərində şəhər"in energetikasını "öz canına çəkməklə", neftçi peşəsinin məğzini başa düşməyə çalışırdı. Bəlkə də məhz buna görə onun "Neft daşları"na həsr etdiyi saysız-hesabsız natura etüdləri, rəsmləri və iri formatlı akvarel mənzərələri belə səmimi, realistik və eyni zamanda şairanədir. Onun 10 lövhədən ibarət "Neft" adlanan ton linoqravürləri  və “Bizim Xəzərdə”seriyası bu qəbildən olan əsərlərdəndir.

Onu da qeyd etmək istəyirəm ki, Xalq rəssamı Cəmil Müfidzadə yaradıcılığında neft mövzusu ayrıca yer tutmaqdadır. Onun sənaye mövzusunda işlədiyi "Abşeronun tacı", "Bakı neft paytaxtıdır", "Polad meşə", "Neftayırma zavodu", "Bakı krujevası", "Neft məbədi" və s. lövhələri özünün obrazlı bədii həlli ilə seçilməkdədir. Etiraf edək ki, Azərbaycan təsviri sənətində neft mövzusuna aid yüzlərlə əsər çəkilsə də, Cəmil Müfidzadənin çoxsaylı lövhələri onların arasında bədii şərhinə görə fərqli və yaddaqalandır.

Müasir dövrümüzün rəssamlarının neft mövzusunda yaratdıqları əsərlər içərisində İrina Eldarovnaının  “Qızlar neftçilərə üstünlük verir”  silsiləsi fərqliliyi  ilə diqqət çəkir. Azərbaycanda gender rollarının və gözləntilərinin dəyişməsinə yumoristik mövqedən yanaşan rəssam məşhur amerikalı kino aktyor Merilin Monronun təsvirində  qadınların arzularını və  qarşılaşdıqları məhdudiyyətləri simvolizə etmişdir.  Eyni zamanda ironik və reflektiv olan bu silsilə izləyiciləri düşünməyə dəvət edir. “Qızlar neftçilərə üstünlük verir”  silsiləinə daxil olan  “Ağ rəqs” əsərində cəsarətli və parlaq rənglərdən ibarət  kompozisiyada ilk baxışdan müəllifin individual baxış tərzi və həll üsulu nəzərə çarpır. Diqqət etsək görərik ki, rəssamın qadın obrazları hər zaman mədəni, dəbli, həssas və gözəldir. Şıltaq və həssas qadınlar öz əsrarəngiz təbəssümlərini göstərməkdən çəkinmirlər. Fiqurativ kompozisiyada əks olunan cütlük sanki ümumi atmosferdən, arxa fondan təcrid olunaraq, öz romantik dünyalarına qərq olmuşlar. Çəhrayı səmanın üzərindəki dekorativ elementlər əsəri ifadəli və dinamik edir. Rəssam bu ahəngdar kompozisiyanı yaratmaq üçün təzadlardan istifadə etmişdir. İsti və soyuq çalarlar, zərif qadın fiquru ilə, kobud və sərt görünən kişi fiquru təzaddan doğan ahəngdar kombinasiyanı özündə ehtiva edən əsas ünsürlərdir. Xəyaldan doğan vizual görüntü rəngkarlıq ilə dizayn sənətinin sintezini xatırladaraq dövrünün ekzistensial həyəcanını da özündə əks etdirən sənət nümunəsində nostaljik ab-hava güclü bir şəkildə duyulmaqdadır.

Azərbaycann görkəmli rəssamlarının böyük əksəriyyətinin neft mövzusuna müraciəti neftin tərənnümü ilə bağlı olmuşdur. Neftin özünün kətanda təzahürü isə çox maraqlıdır.  Tanınmış istedadlı rəssam Sabir Çopuroğlu Azərbaycan rəssamlığında  neftdən istifadə etməklə əsərlər yaratmağa müvəffəq olmuşdur. Əsərlərini nadir texnika ilə yaradan rəssamın neftlə rəngləri kətan üzərinə barmaqları ilə çəkməsi olduqca maraq doğurur. Düşünürəm ki, neftlə əsər yaratmaq yeni dəst-xətt,  yeni janr hesab edilə bilər.

Zaman keçəcək və Xəzərin bənzərsiz obrazı, qara qızılın parıltısı hələ neçə-neçə rəssamların fırçasından həyat alacaqdır, düşünürəm ki, Azərbaycan təsviri sənətində hər zaman neft mövzusu aktual olaraq qalacaq yalnız fərqli yanaşmalar ilə zənginləşəcəkdir.

 

Könül Vəliyeva

Azərbaycan Dövlət Rəsm Qalereyasının əməkdaşı