Kədərin qüdrəti; melanxoliyaya boyanmış incəsənət…

10.11.2022 /
Kədərin qüdrəti; melanxoliyaya boyanmış incəsənət…

 

1894-cü ildə Edvard Munk düşüncələri arasında itkin düşən, ruhunda əksiklik hissi olan, rənglər və fakturalarla əhatə olunmuş, diqqəti özünə cəmlənmiş, çökmüş və qəmgin bir insanın portretini çəkir. Bir əli ilə başını tutan, düşüncə və şübhə burulğanları arasında bataraq, dəhşətli xaosa qapılıb, nostalji duyğulara can atan, bu günündən uzaqlaşmaq, səs-küydən qaçmaq istəyən, zamana qalib gələrək, qəlbən hopub qalmaq istədiyi anların əks-sədasından əl çəkməyən fiqur gözümüzün qarşısında durur. O, həmin rəsm əsərinin adını belə qoyur: “Melanxoliya”.

Melanxoliya darıxdığımız zaman, geri dönüşü olmayan keçmişə həsrət qaldığımız anların bizi ələ keçirdiyi duyğulardır. Bu duyğu adətən utopiyadan və yadda saxladıqlarımızdan yapışıb qalmağın mənfi nəticəsi kimi qiymətləndirilir. Bəs itkilərin ağrısı özümüzü yenidən kəşf etmək və nə istədiyimizə sərbəst şəkildə qərar verə bilmək üçün imkan tapdığımız ən böyük şans oyunu deyilmi? Bu sualın cavabı hər bir fərd üçün individualdır.

Bu duyğunun şəfası tənhalığın özüdür. Məhz buna görə də melanxoliya ən güclü insani duyğulardan biridir. Bu mənəvi və ağrılı savaşdan heç kəs qaça bilməz. Bəzən bu zaman hətta yeganə sığınacaq tənhalığın özü olur. Melanxolik vəziyyətdən çıxmağa  ruhən güclü olan şəxslər nail olurlar. Bu vəziyyətlə barışa bilməyənlərin sonu bəzən intihar həddinə çatır. Bu etapda insanın qoruyucu mələyi bədii yaradıcılıq olur. İncəsənət həqiqi mənada adətən katarsis rolunu oynayır. Viktor Hüqo deyir; “ Melanxoliya kədərdən doğan xoşbəxtlikdir “. Qeyd etdiyimiz kimi, bu emosional vəziyyət həmişə yaradıcılıqla əlaqələndirilir. Bu söz yunan dilindən tərcümədə “qara hüzn” mənasını verir.

Melanxoliya insan təbiətinə xas olan hiss olmaqla yanaşı, fərdi şüurdan kənara çıxıb, özünü intellektual sahədə fon kimi də təsdiqləyərək, müxtəlif yaradıcı sahələrə nüfuz etmişdir. Ona görə də biz bu anlayışı bir çox aspektdən anlamağa çalışmalıyıq. Ən birinci biz melanxoliyanı böyük şəxsiyyətlərin, dahilərin xəstəliyi, dərdi kimi tanıyırıq. Onun belə şəxslərə təsiri  kədərə və intihara, çılğınlığa və ya nevrotik böhranlara sövq etməsi ilə nəticələnir.

Bir sözlə desək, bu anlayışın Hippokrat və Qalerno kimi yunan filosofları və həkimləri tərəfindən araşdırılmış, ziyalılar və dahilər üçün isə qorxunc mifə çevrildiyi zamanlar da olub . Əsrlər keçdikcə, intibah dövründə melanxoliya anlayışı yenidən gündəmə gələrək, A. Dürer kimi rəssamların yaratdığı alleqorik ikonoqrafiyaya çevrilib.

Lakin orta dövr cəmiyyətinin həyatında bu termin fərdi psixologiyadan tutmuş müharibə, aclıq, sinif bərabərsizliyi və ya dinin güclü və sərt təlqini ilə bütün dünyanı işğal edən psixoloji düşmən qiyafəsinə bürünməyi də bacarmışdır.

Şekspirin yaradıcılığında da bu duyğu cəncəli öz yerini tutur. Çexovun hekayələrində kimsəsiz personajların həzin həyal qırıqlığlarında isə əbədiləşir.

Melanxolik əsərlər dedikdə ağıla ilk gələnlərdən biri Con Everett Millais tərəfindən yaradılmış  “Ofeliyanın ölümü” isimli kompozisiyadır. Bu tablo Şekspirin məşhur “Hamlet” romanının qadın qəhrəmanı Ofeliyanın faciəvi şəkildə suda boğularaq iztirablarına son qoyan faciəli sonunun təsviri sənətdə təcəssümüdür.

Bütün bunlara baxmayaraq, qərb dünyasının melanxolik sənətkarı deyildiyində əlbəttə ki, ağıla gələn ilk isim dahi Van Qoq olacaqdır.

Heç vaxt heç nəyə nail olmayacağına inanması, özündən şübhəsi, faciəli taleyi, ölümü onun adını melanxolik sənətkarlar siyahısında ilk cərgələrə daşıyan əsas səbəblərdir. Lakin sənətkar yaratmaqdan əsla əlini üzmür. Onun ruhunu ələ keçirib, külə çevirən kədər alovları öz bədii ifadəsini rənglərdən alaraq kətanda əks olunur. Van Qoq kimi şövqünü, kədərini, gərgin hisslərini portretlərində ustalıqla əks etdirən ikinci bir rəssam bəlkə də yoxdur…bəlkə də mən tanımıram.

İncəsənət dünyasına tezliklə nüfuz edən romantizm dövrü melanxoliya anlayışının necə deyərlər əsl “dəbdə” olduğu zamanlardır. Fərdiliyin, daxili aləmimizin və estetikamızın ön planda olduğu romantik dövrdə kədər və melanxoliya, təxəyyülü qidalandıran estetik anlayışlardan biri hesab edilirdi. Şarl Bodler yazır: “Mən melanxoliyasız gözəlliyi çətin təsəvvür edə bilim…”

Rəssamlıqda bəzən rənglər, fırça vuruşları və ya incə detallarla təmsil olunan melanxoliya heykəltəraşlıq, oyma və digər sənət növlərində bükülmə, harmoniya, uyğunsuzluq, bəzən də boşluq ilə ifadə olunmağa başlayır.

Bu həqiqətdir ki, sənət əsərində sənətkar duyğuların intensivliyini pik səviyyədə ifadə etmək istəyir. Əsər özündə emosiya barındırmalıdır. Bu əhval-ruhiyyə rəsmin (və ümumiyyətlə sənətin) estetik meyarını təyin edəcəkdir. Bu emosiya izləyici tərəfindən qəbul edilməlidir.

Melanxolik əsərlərin ən fərqləndirici xüsusiyyəti lokal işıqdan istifadə edilməsidir. İşıqdan səmərəli istifadə melanxoliyanın mənəvi ölçüsü ilə izləyicilər arasında müəyyən əlaqə yarada bilən ən önəmli vasitədir. Sürrealist və metafizik tədqiqatlar aparan italyan rəssamı Giorgio de Chirico (1888-1978) tərəfindən mənzərə rəsmlərində işıqdan istifadə tərzi rəsmlərin melanxolik və sirli atmosferinə əhəmiyyətli dərəcədə töhfələr vermişdir. Onun rəsmlərində ən aydın hiss sirrdir. Bu rəsmlərdə rəssam günəşin doğmağa və ya batmağa başladığı anları işıq kölgə ilə elə təsvir edirdi ki, onlar rəsmin əsas elementlərinə çevrilirdilər. Buradakı melanxolik nüans budur; işıq sağdan sola, yəni günəşin batan vaxtına təsadüf etmiş olsun. Axı bitən gün, işığın yavaş-yavaş qaranlığa çevrildiyi an melanxolik baxışın möhtəşəm ifadəsinin zirvəsidir…. Onun rəsmlərindəki boş kvadrat və tək fiqurlar sirr və tənhalıq hissini artıran elementlərdir. Tarix boyu duyğuları melanxolik bir konteksdə ən yaxşı ifadə edə bilmək üçün həzin obrazlardan(xüsusən də qadın fiqlarından) istifadə edilmişdir. Monoxrom və  ya soyuq çalarların hakim olduğu tablolar məhz bu qəbildəndir. Kubist rəsmləri ilə tanınan ispan rəssam Pablo Pikasso mavi dövr adlandırılan 1901-1904-cü illər arasında sadə insanları, evsizləri, sərxoşları və küçə qadınlarını məhz bu tərzdə kətana köçürürdü. Gündəlik həyatdan seçdiyi bu fiqurlarda həmişə kədər və həzinlik var idi. Melanxoliya adətən yorğun bir bədən üzərində vizuallaşdırılaraq mükəmməl şəkildə əks oluna bilirdi.

Nabiler qrupunun yaradıcısı, postimpressionist fransız rəssamı Pyer Bonnarın (1867-1947) fiqurlu rəsmlərində də melanxolik elementlər var. Bonnar 1925-ci ildə modellərindən biri Marta ilə evlənir. Rəsmlərində o, adətən həyat yoldaşını və özünü təsvir edirdi. 1942-ci ildə Marthenin ölümü ilə rəssam özünü daha çox təsvir etməyə başlayır. O, vanna otağının güzgüsü qarşısında özünün çoxlu kədərli portretlərini çəkmişdir. Onun rəsmləri portret və melanxoliyanın qarşılıqlı əlaqəsi baxımından olduqca əhəmiyyətlidir.

Melanxolik vəziyyəti təsvir etməkdə abstraksionist yanaşmalar bəlkə də melanxoliyə çatmağın ən dolayı yollarından biridir. Burada bədən və portret melanxoliyanın konkret ifadə vasitəsi olmur. Bu zaman əsərin melanxolik olduğunu bizə göstərən ya onun adı, ya da ab-havası olur. Bu baxımdan, kütlə və tənhalıq anlayışı, hətta son zamanlar izdihamda tənhalıq vəziyyəti həmişə melanxoliya ilə bağlı anlayışlar olmuşdur.

Azərbaycan incəsənətində, azərbaycanlı rəssamların yaradıcılığında da bu melanxolik hisslərə, izlərə rast gəlmək mümkündür.

Azərbaycan realist rəssamlığının banisi və mahir fırça ustası Bəhruz Kəngərli yaradıcılığında “Qaçqınlar” silsiləsi olduqca mühüm rol oynamışdır. Bu silsiləyə daxil olan hər bir portretin simasında həsrət, qüssə və melanxolik hisslər ustalıqla əks olunmuşdur.

Orijinal üslubu ilə seçilən, sərt realizmi müasir aspektlər ilə birgə icra edən görkəmli rəssam Tahir Salahov bir çox mövzuya dəfələrlə müraciət etmişdir. Onun yaradıcılığında tünd rənglər, sərt cizgilər, kontrast hər zaman qabarıq istifadə olunurdu. Lakin rəssamın əsərlərinin arasında biraz romantik, biraz lirik, bir o qədər də melanxolik ab-havaya malik kompozisiyaları da vardır. Belə kompozisiyalardan biri; “Xəzər gecəsi” isimli sənət nümunəsidir. Bu dəfə melanxoliyanın mənzərə janrında təzahürünü görməkdəyik. Eyni çalarların tünd və açıq rənglərindən məharətlə istifadə olunması, qalın, ifadəli və dolğun cizgilərin ritmi bu əsəri melanxolik göstərən əsas xüsusiyyətlərdir. Dalğalı, kələ-kötür sahil zolağı və sola doğru uzanan üfüq xətti kompozisiyada hökm sürən tənhalıq hissini tamamlayır.

Vidadi Nərimanbəyov əsərlərində öz duyğularını, fərdi baxışını və xüsusən də tərzini qabarıq şəkildə vurğulayan istedadlı, usta rəssamlarımızdan biri olmuşdur. Daxili aləmində gizlətdiyi həzin duyğulardan qidalanaraq onu bədii yaradıcılığa çevirən usta rəssamın “Yaddaş” isimli əsəri melanxolik ab-hava daşımaqdadır. Yaddaşın, xatirələrin müəmmalı tərəflərini təqdim etməyə çalışan sənətkar melanxoliyanın konnotasiyalarından təsirlənir. Mistik kolorit seçiminə malik kompozisiyanın öz assosiasiyaları izləyicilərdə həzin duyğu effekti yaradır.

Fikrət İbrahimli yaradıcılığı avanqard realizmin bünövrəsində şaxələnərək, parlaq və kamil bir bədii yol keçmişdir. Fəaliyyətində ən çox rastımıza çıxan ifadəli mənzərə nümunələri olan rəssamın isti çalarların üstünlük təşkil etdiyi “Sübh çağı” əsərində melanxolik hissə qapılıb, qeybə çəkilməmək mümkün deyil. Bu əsərdə həzinliyin gerçək səbəbi bizə olduqca əl çatmaz görünən, uzaq mənzərənin sonsuz qüdrətidir. Rəssamım cəsarətli və isti rəng seçimi “ərköyün” Xəzərin xarakterinə, Bakının sübh çağına çox uyğundur. Gerçəklik ilə təxəyyülün sintezindən yaranan kompozisiya girintili, tünd və qarışmayan rənglərdəki fakturalar vasitəsilə rəssamın daxili aləmindəki həzin hissləri özündə əks etdirə bilir.

Hafiz Məmmədovun professional və nümunəvi səciyyəyə malik yaradıcılıq dünyası kamil kompozisiya quruluşu, obraz yaradıcılığı və zövqlü kolorit həlli ilə milli rəngkarlığımızda öz əhəmiyyətli yerini tutur. Sənətkarın kətan üzərinə köçürdüyü “Qırılmış ümidlər” isimli tablosu olduqca həssas və melanxolik atmosferə malikdir. Əsərin əsas qəhrəmanı tənha və dalğın görünən skripka ifaçısıdır. Melanxolik görünən fiqura küçə musiqiçisi deməkdə tərəddüd edirik. Rəssam boz rəngin qeyri-müəyyən intensivliyindən məharətlə istifadə etmişdir.

Realizm ilə çağdaş sənətin vəhdətindən bəhrələnən rəssam Natiq Fərəcullazadə yaradıcılığı melanxolik obrazlara xüsusi diqqətlə yer verən sənətkarlar arasındadır. Sənətkarın estetik və zövqlü kolorit həlli ilə seçilən əsərləri arasında “İstedad” isimli tablosu xüsusilə fərqlənir. Rəssamın hər zaman istifadə etdiyi stilizə metodu bu əsərdə də harmonik bir şəkildə tətbiq olunmuşdur. Obrazın simasındakı kədər ilə həmin kədərdən qalan boşluq rəssamın qeyri-adi təqdimatında xüsusi xarakterə bürünür. Burada rəssam istedadın, marağın basdırılması ilə daxili dünyalarda yaranan yeri doldurula bilməyən çarəsizliyi təsvir etmək istəmişdir. Sadə və parlaq çalarlı arxa fon zamanın boşluğa həbs olunduğu donmuş məqamı simvolizə edir…  

Çoxşaxəli yaradıcılıq fəaliyyətinə malik peşəkar kino rəssamı Elbəy Rzaquliyevin “Axşam” isimli peyzaj əsəri olduqca dəyərli və möhtəşəmdir. İsti tonlardan ibarət palitranın payız sayağı ifadə tərzi və tək qalan, qurumağa məhkum olan qocaman ağac…Heyrətamiz rəng müxtəlifliyi və rəssamın təxəyyülündəki həssas dünyanı təmsil edən axıcı fırça vuruşları melanxolik baxışın tamamilə fərqli formasını özündə ehtiva edir. Narıncı və qəhvəyi tonların üstünlük təşkil etdiyi bu mənzərədə biz, olduqca tutqun, emosional ifadə tərzi ilə üz-üzə gəlirik. Bu harmonik rəng düzümü biz izləyiciləri daha dərin, daha həzin hisslərə dəvət edir. Kompozisiyanın evi, dağları, ətraf-mühiti, səması olduqca dinamik və dəyişkən təsvir olunmuşdur.

Qafar Sarıvəlli yaradıcılığı həssas mövzuların xüsusi diqqət ilə, individual tərzdə kətan üzərinə köçürən, zəngin koloritdən istifadəsi ilə seçilən, milli təsviri sənətimiz üçün önəmli rol oynamaqdadır. Onun “Aşıq Ədalətin Kərəm yanğısı” əsərində obrazın melanxolik və bir o qədər də ehtiraslı siması ilk baxışdan izləyicini məst edir. Bu əsəri daha da əhəmiyyətli edən bir məqam melanxolik həzinliyin təkcə bədbəxtlik, acizlik və itkidən ibarət olmadığını vurğulamasıdır. Bu təsvirin istinad olunduğu hadisə  itkidən, faciədən, kədərdən doğulan yanğı yüklü bir bəstənin ərsəyə gəliş səbəbidir.

Rəngkarlıq ilə yanaşı heykəl sənətində də müraciət olunan melanxolik duyğu dəyişiklikləri Azərbaycan heykəltəraşlarının nöqteyi-nəzərindən olduqca maraqlı icra olunur.

Misal kimi, usta sənətkar Fazil Nəcəfovun yığcam, dəqiq və müasir formaya sahib “Əzab” adlı plastika nümunəsinin adını çəkə bilərik. İlk baxışdan, sənətkarın xüsusilə qabartmağa çalışdığı emosiya, dəhşətli melanxoliya özünü büruzə verir. Obrazın gərgin duruşu, axıcı plastik həlli və emosional coşğunluğu təqdirəlayiqdir.

Bir başqa nümunə görkəmli heykəl ustası Cəlal Qaryağdının müəllifi olduğu “Habil Əliyev, kamança ustası” əsəridir. Həzin və melanxolik hissləri baxışlarından süzülən “Şərqin Paqanini”si, dahi musiqiçi Habil Əliyevin heykəl nümunəsinə baxdığımız zaman sanki arxa fonda segah təsnifinin könüllərə toxunan əsrarəngiz melodiyası səslənir. Kamançası dil açanda sanki dünya ilə dərdləşən Habil Əliyevin vətən həsrəti hər zaman gözlərindən oxunurdu.

Tamamilə fərqli şəkildə icra olunan maraqlı nümunələrdən biri də, Xanlar Əhmədovun “Leyli və Məcnun”isimli əl işidir. Faciəvi eşq macərasının melanxolik duyğularını özündə daşıyan bu heykəl nümunəsi bir tərəfdən də ülvi eşqin simvolu kimi qiymətləndirilə bilər.

Uzun sözün qısası, melanxolik məcrada yanaşılan, melanxolik elementlər və simvollar daşıyan sənət nümunələri incəsənətə forma və məzmun baxımından gətirdiyi həssaslıq və individuallıq ilə nəticələnərək, hər bir sənətkarı daha yaxından tanımağa, yaradıcılığını daha dəqiq dərk etməyə imkan yaradan önəmli bir anlayış kimi zamanından asılı olmayaraq incəsənətdə müraciət olunan, aktual yanaşmalardan biri olmağa davam edəcəkdir.

 

Azərbaycan Dövlət Rəsm Qalereyasının kiçik elmi işçisi

Nigar Hətəmova