Fərqli rakursdan yeni baxış; incəsənətdə balıq və balıqçı təsvirləri

16.11.2022 / Yeni nəşrlər
Fərqli rakursdan yeni baxış; incəsənətdə balıq və balıqçı təsvirləri

Tarixin səhifələrini vərəqlədiyimiz zaman bizə məlum olur ki, Xəzər dənizi 50-60 milyon il əvvəl mövcud olmuş Tetis okeanının bir hissəsi olan qədim Paratetis dənizinin qalığı olmuşdur. Vaxtikən Tetis okeanı Atlantik və Sakit okeanlar ilə birləşirdi. Minilliklər ərzində kontinental dəyişikliklərə uğrayan Tetis okeanı digər okeanlarla əlaqəsini itirərək, isti və quru hava şəraitinə görə bir hissəsi buxarlanmış, nəticə etibarilə Xəzər dənizi, Qara dəniz və Aral dənizi əmələ gəlmişdir. Xəzər dənizinin təxminən 30 milyon il yaşı olduğu təxmin edilir. 

Xəzər dənizinin, Süleyman Rüstəmin diliylə desək; “dənizlərin şahzadəsi”nin həm özü, həm də zəngin sərvətləri qəlbləri və düşüncələri yaratmaq eşqiylə çağlayan hər bir sənətkarımızın mövzular silsiləsində öz dərin izlərini qətiyyətlə qoruyub saxlaya bilmiş, hər zaman aktual olmuşdur.

Ölkəmizin coğrafi yerləşməsini nəzərə aldığımız zaman anlayırıq ki, balıqçılıq peşəsi ölkədə əhəmiyyətli yer tutmaqdadır. Lakin “balıq”, “balıqçı” və ya “balıqçılıq” mövzusuna daha tarixi və etno-mədəni aspektdən yanaşmaq istədiyimə görə ilk öncə bu kəlmələrin etimoloji təhlilindən bəhs etməyi məqbul bilirəm.

Altay Yaradılış Dastanına əsasən Tanrı, ərşi su üzərində yaratmışdır. Su, bütün canlıların həyatına davam edə bilməsi üçün zəruri olan və bu səbəbdən də həyati bir önəm daşıyaraq, dünyada mövcud olan ən möcüzəvi maddədir. Türk mifologiyasına, kultuna, ideologiyasına görə həyat sudan başlanırdı. Buna görə də onlar, yurd saldıqları və yaşadıqları şəhərlərə “Balıq” adını verirdilər. İlk Türk dastanlarından biri hesab olunan kosmogen səciyyəyə malik Altay Yaradılış Dastanında belə qeyd olunur; “Tanrı Ülgen quşa çevrilərək,suların üzərində süzməkdə ikən ayaq saxlayıb, istirahət etmək üçün heç bir quru parçasına rast gəlmir. Göydən gələn qüdrətli bir səs tanrı Ülgenə dənizdən çıxan bir daş parçasının üzərində ayaq saxlamağını söyləyir. Ülgen bu daşın üstündə dayandığı zaman yerin və göyün yaradılmalı olduğunu düşünür, amma bunu necə edəcəyini bilmir. Sularda yaşayan Ağ Ana, onun imdadına çataraq, bunu necə həyata keçirəcəyini Ülgenə izah edir. Onun köməyi ilə işə başlayan Ülgen əvvəlcə yeri, sonra isə göyü yaradır. Sonra dünyanı tarazda saxlaya bilmək üçün üç balıq yaradır. Balıqlar dünyanı aşağıdan dəstəkləyərək onun nizamsız hərəkət etməsinin qarşısını alırlar.”

Buradan da anlaşıldığı üzrə, türk ideologiyasında kainat su ilə dolu olan böyük bir hovuza, insanlar isə burada özlərinə yurd salaraq yaşamaqda olan, hovuzdakı balıqlara bənzədilir. Beləliklə, balıq təsvirdə simvollaşdırılaraq ön plana çıxır. Özlərini “Göyün qürurlu övladları” adlandıran hunlar bu epik nümunəyə əsasən qurduqları dövlətin inzibati mərkəzinə “balıq” ismi verirlər. Onlar öz dövlətlərinin mərkəzi şəhərinə “Beşbalıq”deyirdilər. Özlərini “Göytürklərin davamçıları” kimi görən uygurlarda bu tip şəhərin ismi “Xanbalıq”, “Moğolların əfəndisi” Çingiz Xan tərəfindən Qaraqumda əsası qoyulan Çingiz Xaqanlığının paytaxtı “Ordu-Balıq” olmuşdur.

Bu, türklərin həyat tərzlərinə, mədəniyyətlərinə balıq simvolunu əlavə etdiklərinin sübutudur. Bundan başqa mədəni ideologiyaları, inancları arasında olan “Əbədi Yurd” və “Cənnət” ilə əlaqədar bir çox təsvirlərində balıqdan istifadə edirlər.  Bir başqa inanc isə insanın cənnətdən qovulması ilə əlaqədardır. Cəzalandırılaraq dünyaya qovulan insanın cənnətə olan həsrəti ona göllərin, çayların kənarında məskən salmağa vadar etmişdir. Bu bir növ onların cənnəti yamsılamaları demək idi. Bu yaşayış məskənləri bir-birinə qarışan və su ilə ayrılan dairəvi məkanlar idi. Bunu biz,”Saymalı Taş” və “Tamqalı Say” qaya təsvirlərində görə bilərik.

“Balıq” sözü bu gün bizim dilimizdə bildiyimiz kimi suda yaşayan bir heyvanı izah edir. Amma daha dərindən araşdırdığımız zaman onun, başqa mənalarının da olduğunu görürük. Türk qədim yazılı mənbələrə müraciət etdiyimiz zaman, bizə aydın olur ki, bu kəlmənin mənası keçmişdə bizim bu gün bildiyimiz məna ilə eyni deyildir. Türk tarixinin ən önəmli artefaktlarından biri olan VIII yüzilliklərdə daşlara həkk olunan Orxon abidəsində bu söz bir neçə dəfə işlədilir. Bunlardan biri Kül Tigin abidəsinin şimal cəbhəsindəki “Toqu Balıq”da baş verən döyüşdən bəhs edilən qisimdədir. Başqa bir misal, Bilgə Kağan Abidəsinin şərq cəbhəsindəki “Beşbalıq”da baş verən müharibənin məlumatları arasındadır. Göründüyü kimi qədim türk yazılarında balıq “şəhər” mənasını verirdi. XI əsrdə Kaşqarlı Mahmudun qələmə aldığı “Divanu Lüğati't-Türk”də də balıq Orxon abidələrində olduğu kimi eyni məna ilə istifadə olunur. Bu da o deməkdir ki, fars mənşəli “şəhər” sözü və türklərin islamı qəbul etməsindən sonra daha çox istifadə olunan soqd mənşəli “kənd” sözü qədim türkcə "balıq" adlanırdı. Bunu sübut edən bir çox şəhər adlarını qeyd edə bilərəm; Beşbalıq, Canbalıq, Yengi-Balıq, Ordu-Balıq, Toqu-Balıq, Xanbalıq və s.

Qeyd etmək lazımdır ki, Kaşgarlı lüğətində balıqların bu mənası ilə yanaşı başqa mənaları da verilmişdir: “qala”, “palçıq”, “balıq (heyvan)” bunlar arasındadır. Kaşqarlı son mənasını bir atalar sözü ilə zənginləşdirir: "Balık suwvda kö.zi taştın" yəni “Balıq suda olsa da, gözü çöldədir”. Lakin lüğətdə balıqçın (balıqçıl) sözünün “balıq ovlayan ağ quş” mənasını verdiyini və Balıklıq Öğüz, yəni Balıklı çayının isə “balığı çox olan çay və ya palçıq, bataqlıq yer” mənasını verdiyini də qeyd etməliyik. Bu mənaların arasından olan “palçıq” sözü də çox maraqlıdır. Bəzi alimlər “palçıq”, “balçıq” kimi bu gün istifadə olunan sözlərin kökünün  “balıq” kəlməsi ilə bağlı olmasının təsadüfi olmadığını qeyd edirlər. Bu, bir növ vaxtikən türklərin şəhərsalma zamanı ən çox gildən istifadə etmələri ilə də qaynaqlana bilər. Bu gün bizim dilimizdə peşə mənasını verən “balıqçı”nın qədim zamanlarda “vətəni olanlar” və “şəhərdən kənarda yaşayan mühacirlər” mənasında da olduğunu vurğulamaq olar. Bu kəlmənin Türküstanda homofon quruluşa malik olduğunu görürük. Qərb mənbələrə nəzər salsaq ilk növbədə skiflərdə”balıq” sözünün nə demək olduğunu öyrənə bilərik. Con Tzetsez bildirir ki, Maeotis (Azac) skif dilində Karmbalukdur, Karmbaluk yunancadan tərcümədə "balıq şəhəri"mənasını verməkdədir.

10-cu əsr Ərəb müəllifləri Xəzər torpağından bəhs edərkən, bəzi şəhərləri də istinad edirlər. Lakin müəlliflər xəzərlərin paytaxtını müxtəlif adlarla verirlər: Saraşen, Xanbalıq, Xəzəran və İtil və s. M. Artamanova görə şəhər ikiyə bölünür, Xanbalıq xanın yaşadığı qərb hissəsini, şərq hissəsini isə Xəzəran və ya Saraşen (əl-Beyda) şəhərlərindən ibarət olmuşdur.

Balıq sözünün həm şəhər, həm də balıq (heyvan) mənalarının dəyişkənliyi türklərin yaşadıqları coğrafiyadakı iqtisadi quruluşdan asılıdır. Məlum olduğu kimi, türklər Avrasiya xalqları arasında geniş coğrafiyaya yayılmış və yarıotaqlı, yəni eyni zamanda heyvandarlıq, əkinçilik və balıqçılıq kimi iş sahələri ilə məşğul olmuşlar. Balıqçılıq qədim zamanlardan bəri türklərin müraciət etdiyi əsas bir peşə sahəsi olmuşdur.

Bütün bunların nəticəsində, balıq insanların əsas ehtiyacı olmaqdan çıxaraq, bəzək elementinə çevrildi və müxtəlif mənaları olan bir fiqur oldu. İncəsənətin bir çox sahəsində biz balıq motivinə rast gəlməyə başladıq. Bu motivin həm xristianlıq, həm də İslam sənətində mühüm yeri vardır. Bununla yanaşı, balığın şans və xoşbəxtlik gətirdiyinə inanılır. Yaxın keçmişimizdə xüsusilə kaşı, metal emalı kimi bir çox sənət sahələrində balığın ornamental əksini görmək olar.

Habelə, hamımız bilirik ki, əsrlər boyu su canlıları insanlar tərəfindən tanrı kimi müqəddəsləşdirilmişdir. Simvolik mənaları özündə ehtiva edən balıq beləliklə, insan sivilizasiyasına və yaşayış məkanlarına təsir etməyə başlamışdır.

Ümumiyyətlə, bu canlılara verilən simvolik mənalar arasında xüsusən də doğum, yaradılış, var olmaq, ruzi, bolluq və ay çox önəmlidir. Müxtəlif balıq növlərinə müxtəlif mənalar aid edilmiş və simvollar verilmişdir. Məsələn, dəniz atı lütf, inam və okeanın gücünü və təhlükəsiz səyahəti, balina yenidən doğulmağı və dənizin gücünü, delfin xilası, çevrilməni və sevgini simvollaşdırır. Sazan cəsarət və dözümlülük, uğur və işgüzarlığı simvollaşdırır. Xərçəng ayın dəyişkən formalarını xatırladır. Dəniz ulduzu ilahi sevgini təmsil edir. Qızılbalıq bilik və hikməti təmsil edir. Lobster uzunömürlülüyü və zənginliyi simvollaşdırır.

Balıq fiquru ilk xristianlıq dövrlərində gizli simvol kimi istifadə edilib və ilk dəfə katakamp məzarlarında aşkar olunub. Xristianlıqda və mifologiyalarda Afrodita ilahəsinin simvolu kimi də xatırlanır. Yunan dilində bu söz ΙΧΘΥΣ və ya ΙΧΘΥC kimi yazılmaqdadır. Katakamplar ilk xristianların gizli ibadət yerləri idi. Bunlar adətən qayalıq ərazilərdə yerin altında tikilirdi. Təkcə xristian dini ibadətgahlarında deyil, biz islamı tərənnüm edən tikililərdə də balıq simvoluna rast gəlirik. Məsələn, Dikbasan məscidinin sol məhəccərində “Möminin məscidi suda olan balıq kimi, münafiqin məscidi isə qəfəsdəki quş kimidir” ifadəsi buna sübut ola bilər.

Gələk, “balıqçı” obrazına… Balıq fiqurunu biz həm qərb, həm də şərq rəngkarlığında tez-tez görürük. Həmçinin, dəniz kənarında yaşayan rəssamlar tez-tez qayıqlar da daxil olmaqla bir çox dəniz mənzərələri ərsəyə gətirmişlər. Lakin “balıqçı” fiqurlarına o qədər də rast gəlmək mümkün deyil. Azərbaycan rəngkarlığında isə “balıqçı” obrazına kifayət qədər yer verilmişdir.

Belə rəssamlardan biri Kamal Əhməddir. Bu “Balıqçılar” əsərindəki avanqard yanaşma, rəssamın neoprimitiv estetikasına bələd olduğunu göstərir. Lakonik, ifadəli və canlı üslubda həll olunan kompozisiyada parlaq rəng kontrastlarından istifadə edilmişdir. Harmonik, bir az qalın konturlar və dümdüz verilən perspektiv məkan ilə olduqca özünəməxsus olan əsərdə qadın balıqçıları görürük. Beləliklə, rəssam, təkcə kişi fiqurundan istifadə etməyərək, qadını da kişilərlə bərabər tutur, gündəlik həyatda rolunu vurğulayır.

Bir başqa tərzdə bu mövzuya toxunan rəssamlardan biri Adil Hacıyevdir. Yaradıcılığı boyunca cəsarətli fırça vuruşları ilə vətənin hər bir guşəsini kətan üzərinə köçürən rəssam təbiətin əbədi gücünü və əzəmətini təsvir etməkdən əsla çəkinməmişdir. Onun “Kür balıqçıları” əsərinə nəzər yetirsək rəssam yaratdığı sadə və kortəbii kompozisiyada balıqçıların adi bir gününü əks etdirdiyini görə bilərik. Sadə balıqçı obrazlarındakı əzəmət hissi tamaşaçını heyrətləndirməyi bacarır. Arxa planda çay, sahil və üzərindəki sadə evlərin əksini görürük. Həm qadın, həm də kişilərin obrazı güclü və iradəli təsvir olunmuşdur. Burada rəssam sanki xalqımızın, sadə camaatın sarsılmaz gücünü vurğulamaq istəyir. Kənarda dayanan yaşlı balıqçı obrazının yumşaq baxışları onun sanki, öz düşüncələrində itmiş olduğunu söyləyir. Yaşca daha gənc olanlar isə əksinə sərt baxışlarıyla öz çevik və cəsur xarakterlərindən xəbər verirlər. Rəssam işçi fiqurlarını kompozisiyanın birbaşa ön planına yerləşdirmişdir. Kətan müstəvisindəki isti rənglərin harmoniyası, balıqçıların obrazındakı gərgin ab-hava əsərdəki ümumi havaya istilik, hərarət qazandırıb.

Lətif Feyzullayevin yaradıcılığı Azərbaycan təsviri sənətində mühüm yer tutur. Rəssamın qiymətli əsərlərindən biri  “Sozopol balıqçıları” adlı tablodur.

Həm ölkə daxili, həm də xarici bölgələrə səfər edərək öz yaradıcılıq bacarıqlarını genişləndirən rəssamın yolu bu dəfə cənub-şərqi bolqar torpaqlarına düşüb. Bolqarıstanın liman şəhəri olan Sozopolu rəssam öz subyektiv prizmasından izləyicilərinə təqdim edir. Kompozisiyada işlərini davam etdirən balıqçı obrazlarını görürük. Kompozisiyanın təəccüblü sadəliyi və primitivliyi bu əsəri son dərəcə güclü göstərir. Zəhmətkeş balıqçılar özünə inam və güclə doludur. Ağ, köpüklü mavi fon və işıq-kölgə oyunu əsərin əsas xarakteristik xüsusiyyətlərindəndir. Tablodakı obrazların gərgin duruşları, sadə əməyləri sanki zamanın axıcılığını təsdiqləyirlər. Rəssamın istifadə etdiyi palitra canlı, ifadəli və dolğundur. Sənətkar rəng və fırça vuruşunun, yaxmaların kompozisiyada nə dərəcə əhəmiyyətli olduğunu məhz bu əsəri ilə bizə nümayiş etdirir. Fakturaların dolğunluğu və xüsusi səy ilə vurğulanması bu kompozisiyada dinamik, ritmik ab-hava yaratmağa nail olmuşdur. Ümumi desək, bu süjetli  əsərdə oyanan və canlanan təbiət ilə insanların günlük həyat fəaliyyətinin kombinasiyası təsvir olunmuşdur.

Yavus Kərimovun fərqli yanaşmasına diqqət yetirək; əsərin ismi “Nərimanabad balıqçıları”dır. Lənkəranın Nərimanabad kəndinin balıçılarını təsvir edən rəssamın fiqurları həssas vizual dil ilə fərqlənir. Rəssamın yaratdığı obrazlar dərin və düşüncəli baxışları ilə izləyicilərin diqqətini özlərinə cəlb edirlər.

Daha mistik bir nümunənin müəllifi isə Sirus Mirzəzadədir. Dənizin dərinliklərini xatırladan, dekorativ səciyyəyə malik, mücərrəd kompozisiya izləyicini sanki nağıllar aləminə aparır.

Nəticə etibarilə, balıq və balıqçılıq təsvirlərinin bəşər tarixi boyunca incəsənətdə və onun müxtəlif sahələrində istifadə edilən əhəmiyyətli motiv olduğuna şahid olmaq mümkündür. Xarici görünüş baxımından balıq, ümumiyyətlə iki yayın birləşmiş formasını meydana gətirən baş və bədəndən, hərəkət edə bilməyində ən mühüm amil olan quyruq ilə tamamlanmış, üç hissədən ibarət bir canlıdır. Onu simvolizmdə istifadə etməyə imkan verən ən mühüm xüsusiyyət onun suda hərəkət etmə qabiliyyətinin mövcudluğudur. Qeyd etdiyimiz kimi, balığın bolluğu təmsil etməsi ilə yanaşı, həm də müəyyən mədəniyyətlərdə reinkarnasiya və həyatın simvolu, qüvvəsi kimi də qəbul edildiyini artıq bilirik. Müasir dövrdə, xüsusən də 20-ci əsrin sonlarında da öz simvolik səciyyəsini qoruyub saxlaya bilən balıq motivi bir çox sahədə istifadə olunur. Qrafik dizaynda, brendlərin, avtomobillərin loqolarında ona tez-tez rast gəlmək mümkündür. Bu da onu göstərir ki, qədim kultların ideologiyalarına daxil etdikləri, onu qoruyub, məhv etmədən, unudulub, itirilmədən gələcək nəsillərə ötürə bildiyi hər bir ünsür hər zaman öz aktuallığını qoruyaraq, sirli bir aləm olan şüuraltımızda sonsuza qədər öz lazimi yerini tutacaq və incəsənətin vasitəsilə özünü büruzə verəcəkdir.

 

Azərbaycan Dövlət Rəsm Qalereyasının kiçik elmi işçisi

Nigar Hətəmova