“Akvarellə lirika” Rəssam Hafiz Kərimovun yaradıcılığı

15.12.2022 / Yeni nəşrlər
“Akvarellə lirika” Rəssam Hafiz Kərimovun yaradıcılığı

Hər bir sənətkarın yaradıcılığa öz yolu var... Bəziləri – uşaqlıqdan qarşılarına məqsəd qoyub, hər gün bacarıqlarını daha da kamilləşdirir, digərləri - yalnız ömrün orta çağlarında öz istedadını kəşf edir və itirilmiş vaxtı tez bir zamanda tamamlamağa çalışır. Akvarelist rəssam kimi tanınan Hafiz Kərimov Naxçıvan torpağının yetişdirdiyi rəssamlardandır. Onun sənətə olan marağı uşaq yaşlarından hamının diqqətini çəkmişdi. Hətta müəllimi ona gələcəkdə istedadlı rəssamlardan biri olacağına inandığını demişdi.

Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinin Dekorativ-tətbiqi sənət fakültəsini qırmızı diplom ilə bitirən rəssam özünü sənətin müxtəlif sahələrində sınamışdır. Təsviri sənətin dekorativ-tətbiqi sənət, rəngkarlıq, qrafika və b. növləri onun yaradıcılığında özünəməxsus tərzdə təqdim olunur.

Özünün də qeyd etdiyi kimi o, yaradıcılığında Bəhruz Kəngərli, Səttar Bəhlulzadə, Yavuz Kərimov kimi görkəmli sənətkarlardan bəhrələnmiş, beləcə sənət yolunda öz dəst-xəttini formalaşdırmağa nail olmuşdur. Hafiz Kərimovun əsərlərində onun həssas və kövrək təbiətindən irəli gələn, rəssamı incəsənətin müxtəlif istiqamətlərinə meylləndirən güclü lirizm özünü büruzə verməyə bilməzdi. Rəssamın poeziyaya, musiqiyə olan həvəsi, təbiətə olan vurğunluğu gec-tez özünü təsviri sənətdə göstərdi.

Akvarel texnikasına müraciət edən hər kəs yekdilliklə təkrar edir ki, akvarel rəssamlıq sənətində ən mürəkkəb və “şıltaq” boyadır. Bu həqiqətən də belədir. İndi isə düşünək ki, qış mənzərəsini akvarellə təsvir etmək üçün nə dərəcədə məharətə sahib olmaq lazımdır?! Bu boya bəzən kağıza o qədər yayıla bilər ki, nəticədə rəssamın ideyasına zidd bir forma meydana çıxa bilər. Bəzən rəssamlar akvarelin məhz bu xüsusiyyətini bəyənirlər və qeyd edirlər ki, akvarel bir vuruşla özü həll edir çox şeyi... Boyadan istifadənin çətinliyinə baxmayaraq, əsl usta bu boya ilə inanılmaz möcüzələr yaradır. Zəngin rəng koloritinə malik, qrafika ilə rəngkarlıq arasında keçid mövqeyi tutan akvarel boya ilə iş nə qədər çətin olsa da, onun rəssama bəxş etdiyi zövq də bir o qədər əzizdir. Hafiz Kərimov da şıltaq təbiətin gözəlliklərini vəsf edərkən akvarel boyalar vasitəsilə yerinə yetirdiyi geniş rəng oyunu hesabına impressiya yaratmağa cəhd edərək dərin təəssüratlara yol açır.

Dağları, dərələri, güllü-çiçəkli çəmənləri, axar çayları, havada süzən quşları durmadan təsvir edən rəssam, bu səpkidən olan əsərlərində təbiətə olan sevgisini gizlədə bilmir. O, təbiəti həm də ilin müxtəlif fəsillərində təsvir etməyi sevir. Rəssamın palitrasında mövsümlər özünəməxsus tərzdə öz əksini tapır. Məsələn, payızın, yayın əlvan çalarları onun əsərlərində dünyamızın tamamilə fərqli bir rəng ahənginə boyanmışdır. Yağışın damlaları, günəşin batması, ağacların çiçəkləməsi kimi gözəlliklərin əks olunduğu əsərlərində o, insanı real dünya ilə qarşılaşdırır onu bir anlıq ecazkar təbiətin ağuşuna sövq edir. O, "Payızın sonu", "Qızıl payız", "Qış. Axşama doğru", "Payız bağları", “Yağışdan sonra”, "Payız düşüncəsi", “Damlalar”, "Payızın rəngləri", "Yaz fəsli ", "Tutqun payız", “Bahar gələndə” kimi əsərlərində fəsillərin dəyişkən ruhunu dolğun və dekorativ bir şəkildə tamaşaçılarına təqdim edir. Onun əsərlərində ilin dörd mövsümü coşqun rəngləri ilə sanki rəssamın özünün uydurduğu dünyanın fəsilləridir . Rəssamın 2017-ci ildə Vəcihə Səmədova adına Sərgi Salonunda əsərlərini nümayiş etdirdiyi “Fəsillərlə mən” adlı fərdi sərgisində iştirak edənlər qeyd olunanların əyani şahidi olmuşdurlar .

O, vətəninin qarış-qarış gəzib, dolaşdığı torpaqlarında gördüyü mənzərələri öz təxəyyülünün prizmasından keçirərək, tamaşaçını təbiətdə anın çevikliyi və keçiciliyinə, onun cazibədarlığına, ritm və harmoniyasına, lirik ruhuna rəssamın gözü ilə baxmağa dəvət edir. Hafiz Kərimovun "Kəndimiz", "Xanəgah-Naxçıvan ", "Batabat", "İstanbul", "Bakı", "Qəbələ", “Bakıda Venesiya”, “Fırtınada”, “Xınalıqda”, “Lahıc mənzərəsi”, “Kənd axşamları”, “Qürub çağı” “Şahbuzda payız” kimi tablolarında biz onun müşahidələrinin məhsulu olan al-əlvan boyalarla rənglənmiş, Azərbaycan torpağının zəngin təbiətinin bir daha şahidi oluruq. Qeyd etmək lazımdır ki, yüksək zövqlə işlənmiş, insanın ruhunu oxşayan bu mənzərələr heyrətamiz və ürəkaçandırlar.

Təbiətin özəl rənglərinə bələd olan sənətkar bilərəkdən rənglərin mübaliğəsinə yol verir, yaradıcılığında yaşıl, qırmızı, sarı kimi şux rənglərdən geniş istifadə edir.

Mavi, yaşıl, boz, narıncı rənglərə boyanmış dağ mənzərələrinin təsviri yüksək rəng duyumlu rəssamın fırçası ilə özünəməxsus tutumda yerinə yetirilir. Belə ki, “Xınalıqda”, “Şahbuz dağları”, “Naxçıvan dağları”, “Əshabi-Kəhf”, “İlanlı dağ” adlı sənət nümunələrində adıçəkilən rənglərin fərqli tonları ritmik tərzdə bir-birini əvəz edir. Rəssam İlandağının əzəmətini nümayiş etdirmək üçün onu uzaq planda deyil, dağı yaxından izləyən nəzərlə təsvir etmişdir. Burada sanki izləyici dağın yaxınlığından onun zirvəsinə nəzər yetirir. İlandağın ətrafında uçuşan quşlar isə əsərin süjet xəttinə canlılıq gətirmişdir.

Hafiz Kərimov yaradıcılığında rəngkarlığın marina janrına da müraciət etmişdir. Onun “Dənizin sakinləri” əsərinin “baş qəhrəman” Xəzər dənizidir . Kompozisiyada dənizin mavi sularının arxasından boylanan neft mədənləri havada uçuşan qağayı təsvirlərinin arasında itmişdir . Perspektiva həllinə gəlincə isə hava perspektivi üsulu ilə yerinə yetirilmiş bu əsərdə arxa plandakı neft mədənləri forma və tonallığını itirmiş, nəticədə güclə sezilir.

Neft və neft mədənləri mövzusu Hafiz Kərimov yaradıcılığında xüsusən əhəmiyyətli yer tutur. Sənətkarın dəniz mövzusundan əlavə, təsvir etdiyi vətənin sərvəti - “qara qızıl”ın əldə olunduğu sənaye mənzərələri də diqqətimizdən qaçmır. Rəngkarın yaradıcılığında Sovet dövründə əməyin tərənnüm olunduğu bir zamanda rəssamların geniş yer verdiyi sənaye mövzusu öz aktuallığını qoruya bilmişdir. Bu ola bilsin, həm də rəssamın neft sahəsində çalışması ilə də bağlıdır. Görkəmli rəssamlarımızın əksəriyyətinin yaradıcılığında rast gəldiyimiz estakadalar, dəmir konstruksiyalar, neft buruqları kimi mövzulara Hafiz Kərimovun “Zabratda neft estakadası” əsərində fərqli rakursdan baxılmışdır. Nadir hallarda rəssamlar akvarel işlərində yalnız ağ və qara rənglərdən istifadə etməklə kompozisiya yaradırlar. Bu cür fərqli və nadir xüsusiyyətləri özündə cəmləyən əsərdə rəssamın istedadını açıq şəkildə müşahidə edirik. Köhnə çapı xatırladan bu əsər romantik abu-havaya bürünmüş, nostalji xüsusiyyətlidir . Digər eynimövzulu “Təmirçilər” əsərini nəzərdən keçirsək, zəhmətkeş neftçilərin siluetləri iş başında maraqlı tərzdə həll olunmuşdur. Əsərin dörd bir tərəfində çalışan neftçi obrazları sulu boya ilə harmonik şəkildə həkk olunaraq, kompozisiyanın ayrılmaz hissəsinə çevrilmişdirlər . Əsər quş uçuşu nəzəri ilə təsvir edilmiş, bu dəfə sənaye mənzərəsi mövzusu daha zəngin kompozisiya həlli ilə diqqəti cəlb edir.

O, məhsuldar torpaqları, özünəməxsus təbiəti olan Azərbaycana xas meyvələrin, güllərin təsvirlərinə də ayrı bir məhəbbətlə toxunmuşdur. “Yemişan”, “Xarıbülbül”, “Narlar”, "Aldım bir dənə, açdım min dənə-Nar ", “Güllər” kimi natürmort janrında təsvir olunmuş əsərlərində bu janrda da yüksək sənətkarlıq nümayiş etdirir.

Rəssam “Xarı Bülbül”, “Cıdır düzündə bahar”, "Xudafərin körpüsü" tabloları ilə min bir əzaba düçar olmuş Qarabağı tərənnümü edərək, yaradıcılığında bu mövzuya xüsusi sevgi və qayğı ilə yanaşmışdır.

İlk fərdi sərgisini 2011-ci ildə keçirən akvarelist rəssamın daha sonra bir neçə dəfə fərdi sərgiləri baş tutmuşdur. Onun “Fəsillərlə mən”, “Akvarellə lirika” adlı sərgiləri sənətsevərlərin böyük marağına səbəb olmuşdur.

Akvarel texnikasına individual yanaşan rəssam Hafiz Kərimov yaradıcılığı boyu lirik, romantik ruhunu əsərlərində əks etdirərək, sanki rəqs edən və süzülən fırça vuruşları, kompozisiya həlli, eləcə də dərin duyğu və təəssürat yaratmaq baxımından özünəməxsusluq nümayiş etdirir.

Özünün də bəhs etdiyi kimi böyüyüb boya-başa çatdığı Naxçıvan torpağının əsrarəngiz təbiəti onu rəngkarlıq əsərləri yaratmağa ilhamlandırmışdır. Rəssamın əsərləri təkcə onu tanıyanların evlərini deyil, ölkəmizdə, eləcə də ölkəmizdən uzaqda, muzey və qalereyaların ekspozisiyasını bəzəyir, bir çoxlarının şəxsi kolleksiyalarına daxil olmuşdur. Rəssam, hazırda fərdi yaradıcılıq ilə bərabər, pedaqoji fəaliyyətlə də məşğuldur.

 

Azərbaycan Dövlət Rəsm Qalereyasının kiçik elmi işçisi

Dürdanə Qurbanova