İkonoklazm təhlükəsi dünəndən-bu günə…

09.01.2023 / Yeni nəşrlər
İkonoklazm təhlükəsi dünəndən-bu günə…

 

İkonoklazm mədəniyyət, incəsənət və sivilizasiyaya xas olan əsərlərin məhv edilməsinin ümumi adı olan vandalizmin xüsusi növü hesab olunur.

Bizansda vüsət alan ikonoklazm böhranı sənət tarixinin ən maraqlı münaqişələrindən biridir. İkona tərəfdarları (ikonodül və ya ikonofil) ilə ikonoklastlar (ikonoklast və ya ikonomax) arasında meydana gələn bu mübarizəni tədqiqatçıların çoxu mürəkkəb bir fenomen olaraq adlandırırlar. Çünki onun təməlində həm "siyasi səbəblər" həm də "dini səbəblər" mövcud olmuşdur. Bu hərəkatın Bizansda meydana gəlib, münaqişəyə çevrilməsi heç də təsadüf deyildir. Əslində ikonoklazm hərəkatının uğursuzluğunu kilsənin imperiya bürokratiyasının sadə bir parçası olaraq mövcudluğunu qoruya biləcəyini iddia edənlərə müqavimət cəhdi ilə izah etmək olar. Hətta bu münaqişəni “rasional” cəhd adlandıranlar da vardır. Ortodoks tədqiqqatçıları isə çox vaxt bu məsələyə obyektiv münasibət göstərmək istəmirdilər. Buna görə də ikonaya qarşı çıxanlar tarixə “bidət edənlər” kimi həkk olunmuşdular. Məsələn, Meyendorf və Vasiliev kimi məşhur Bizans tarixçiləri ikonodül teologiyasını “ortodoksal ilahiyyat” adlandırırdılar və öz əsərlərində ikonoklast teologiyasını ümumiləşdirərək təbliğ edirdilər. Onlar həm də ikonoklazmanın son dövrünü pravoslavlığın bərpası kimi qiymətləndirirdilər. Qeyd etmək lazımdır ki, V Konstantinə qədər ikonoklastik teologiya mövcud olmamışdır. İkonoklastlar dinə qarşı deyildilər, onlar iddia edirdilər ki, ikona kultu “bütpərəstlik”in ən sadə formasıdır. Onların fikrincə, yalnız üç obyekt müqəddəs hesab oluna bilərdi: İsanın sözlərinə və kahinlərin xeyir-duasına görə evxaristiya liturgiyasında tez-tez adı çəkilən çörək və şərab; yepiskopların xeyir-dua verdiyi kilsə binaları; son olaraq isə xaç. Bunlardan başqa heç bir obyekt  və ya  nişanələrə təqdis etmək olmazdı. Xristianlıq erkən dövrlərində dini simvollardan istifadə etməmişdir. Xristianlığın yəhudilikdən doğan bir din olduğunu və uzun müddət bütpərəstliklə mübarizə apardığını nəzərə alsaq, bu, olduqca normaldır. Lakin Romanın dini ənənələrinin təsir gücü əsla azalmamışdı. Müxtəlif müqəddəslərin təsvirlərinə hörmət göstərmək üçün diz çökmək, şam yandırmaq kimi bütpərəstlik ənənələri sonradan xristianlar tərəfindən qəbul edilmiş adi adətlərə çevrilmişdi. Buna görə də Bizans xristianlığını müəyyən dərəcədə Yunan-Roma mədəniyyətinin davamı kimi qiymətləndirə bilərik. Lakin Çadvik Omanın təbirincə desək, Bizansda təsvirə hörmət zamanla tam bir “fetişizm”ə çevrilmişdi. Hətta simvollar və ikonalar haqqında saysız-hesabsız xurafatlar da yaranmışdı. İş o həddə gəlib çatmışdıki,təsvirlərin bir qisminin göyüzündən gəldiyinə, bəzilərinin isə ilahi əmrlə peyda olunduğuna inanırdılar. Üstəlik, təsvirlərin möcüzəvi olduqlarına təkcə sadə insanlar deyil, Patriarx Germanius kimi yüksək rütbəli din xadimləri də inanırdılar. Beləliklə, anlamaq olur ki, Bizansda ikona kultuna bu qədər aqqressiv hücumların səbəblərindən biri də bu kultun şişirdilmiş və bir çox xurafatlarla bəzədilmiş olması ilə əlaqədar idi.  Elvirada (İspaniya) təxminən 305-ci ildə toplanan məclisin kilsələrdə təsvirlərin istifadəsini qadağan etmək barədə qərar qəbul edildiyini nəzərə alsaq, antiterrorizmin köklərinin qədim dövrlərdə də mövcud olduğunu daha yaxşı başa düşmək olar. İkonoklazma təsir edən başqa amillərdən biri də şərq-qərb qarşıdurması idi. Romada Papa III Qriqori 730-cu ildə ikonoklazmı bidət elan etmişdi, lakin 787-ci ildə İkinci Nikeya Şurası ikonaların Bizansda bir daha qanuni olması ilə razılaşmışdı. Bizans sənətinin “qaranlıq dövrü” kimi təsvir edilən ikonoklazmın ən şövqlü tərəfdarlarından biri III Leo idi. 726-727 -ci illər arasında Egey dənizindəki Tera və Terasia adalarında nəhəng bir vulkan püskürməsi baş vermişdi. Bizans imperatoru III Leo bu təbii fəlakəti yalnız ikonalara sitayişin qadağan edilməsi ilə sakitləşə biləcəyini düşünən ilahi qəzəb kimi şərh etmişdi. Monofizitizmin ikonoklast ənənəsinin geniş yayıldığı Germanikiyada anadan olan III Leo artıq bu yolu davam etdirmək niyyətini açıq-aydın göstərmişdi. Beləliklə, 727-730-cu illər arasında çıxardığı bir sıra fərmanlarla III Leo bütün imperiyasında rəsmi olaraq ikonoklazma dövrünü başladaraq, yeni bir dönəmə qədəm qoymuşdu. İkonoklazmın bir digər tərəfdarı V Konstantin olmuşdur. O, əsasən abbatlar və rahiblər başda olmaqla, bütün din adamlarını təqib etdirmə əmri vermişdi. Beləliklə, ikonoklazmın ikinci dalğası V Leo, II Mixail və Teofilosun hakimiyyətləri ilə yadda qaldı. Bizans sənətinin ayrılmaz hissəsi olan obrazların yaradılması ikonoklazm dövründə durğunluq yaşadı. Bəs "ikonaları məhv edənlər" hansı sənət növü yaradırdılar? Bizans ikonoklazm dövründə sənətin əsas nümunəsi Konstantinopolun ən əhəmiyyətli kilsələrindən biri olan Aya İrinianın apsisindəki xaç fiquru idi. Kilsə 740-cı ildə baş verən zəlzələdən ciddi ziyan görmüşdü və ehtimal ki, ikonoklastik İmperator V Konstantin tərəfindən yenidən bərpa edilərək, əlavə edilmişdi; xaç motivi bu dövrdə dövlətin icazə verdiyi nadir simvollardan biri idi. Düz xaç təsvirləri olan mozaikalara Konstantinopolun digər kilsələrində, o cümlədən Ayasofyada da rast gəlmək olar. Ayasofyadakı imperator qapısının üstündəki lunetanın yanında xaçlı digər iki lunetta görmək mümkündür. Qəribəsi odur ki, bu xaçlar sonrakı əsrlərdə başqa mozaikalarla əvəz edilməyib, məhv edilməmişdir.

2001-ci ilin mart ayında Taliban hərəkatının lideri Molla Məhəmməd Ömər Əfqanıstanın Bamiyan vadisində 6-cı əsrə aid iki monumental Budda heykəlini məhv etmələri üçün tapşırıq verdi. Dini təəssübkeşliyin bu aqressiv cəhdi dünyanı şoka saldı. 507 və 544-cü illərdə hazırlanmış Bamiyan Buddaları həmin bölgədə islamdan əvvəlki dövrlər boyunca buddizmin hakim din olduğunu sübut edir.  

1966-cı ildə Mao Zedong Çində ölkənin tarixi qavrayışını yenidən formalaşdırmaq üçün qəddar və radikal kütləvi əməliyyata başladı. Çin Kommunist Partiyasının on ili “mədəni inqilab” adı altında yüz minlərlə insanı qətlə yetirmiş, saysız-hesabsız tarixi abidələri və sənət əsərlərini məhv etmişdi. Təəssübkeşliyin daha doğrusu təhlükəli fanatizmin ifadəsi olan ikonoklazma bu gün də mövcuddur. Avropalılar və amerikalılar bu fenomeni sivilizasiyaya uğramayan mədəniyyətlər, Taliban və ya Maoistlər kimi kəskin, radikal hərəkatlarla əlaqələndirməyə meyllidirlər. Ancaq, qətb dünyası unutmamalıdır ki, keçmiş hadisələr və mədəni irs indiki dövrün normaları, standartları və inancları ilə müqayisə və yaxud mühakimə olunmamalıdır. Hər bir dövr öz tarixi çərçivələrində başa düşülməlidir. Təəssüf ki, bugün  keçmişə yanaşma getdikcə daha çox mühakimə xarakteri daşıyır. Hətta keçmiş dövrlərin hadisələrini, şəxsiyyətlərini dəyərləndirərkən, onların “günahları” həmin xalqın boynuna qoyulur. Beləliklə, tarixi faktlar birbaşa siyasi “silaha” çevrilir. Əslində biz, bunu bir növ intellektual ikonoklazm kimi də düşünə bilərik. Müşahidələrimizə nəzərən onuqeyd edə bilərik ki, qərb tarixçilərinin əksəriyyəti keçmişi öz tarixi kontekstində təhlil etmək istəmir. Onlar subyektiv düşüncələri çərçivəsində müəyyən edilmiş əxlaq normalarından istifadə edərək daima mühakimə yolu ilə keçmişə rəy bildirirlər. Məhz belə aqressiv, radikal, təcavüzkar cəhdlərin bir çoxunun islam dininə, müsəlmanlara aid olduğunu iddia edirlər. Yeri gəlmişkən, Avropa konstitusiyasında Allaha istinad etmək qadağandır və bu dəfələrlə qeyd edilir. Allaha istinad edilməsinə qarşı çıxmaq özü radikal səciyyə daşıması baxımından ikonoklast hesab olunmalıdır. Avropa öz xristian keçmişini nə qədər inkar etsə də,hər dövrdə mövcud olan radikal qruplar ksenofobiyanı normaya, ayrı-seçkiliyə isə fundamentalizmə və dözümsüzlüyə asanlıqla çevirə bilməkdədir.

Son zamanlarda dünyanın müxtəlif yerlərində yerləşən qalereyalarda məşhur rəsm əsərlərinə hücum etmək iqlim fəalları arasında bir növ tendensiyaya çevrilmişdir.

Hər şey əlil arabasında yaşlı qadın qiyafəsində olan bir adamın Luvr muzeyinə girərək Leonardo da Vinçinin qiymətli Mona Lizasına tort parçası atması ilə başladı. Bu hadisədən sonra Avropadakı ekoloji fəallar bu etiraz ifadəsini təqlid etməyə başladılar. Ətraf mühitimizin qorunmasına diqqət çəkmək üçün eko-aktivistlər niyə unikal və qiymətli əsərləri məhv etmək istəyirlər?

Əslində, eko-aktivistlər iddia edirlər ki, onlar əsasən sənət əsərlərinə zərər vermək niyyətində deyillər. Əksinə, sənət əsərlərinə diqqət və qayğı ilə yanaşdıqlarını, mədəniyyət sərvətlərinə önəm verdiklərini qeyd edirlər.

Oktyabrın 14-də Just Stop Oil fəalları Londonda Milli Qalereyada nümayiş etdirilən Vinsent van Qoqun şüşə ilə örtülmüş günəbaxanlarına pomidor şorbası ataraq Britaniya hökumətindən "bütün yeni neft və qaz layihələrini dayandırmasını" tələb etdilər. Bazar günü isə Letzte Nəsil (Son Nəsil) fəalları Almaniyanın Potsdam şəhərindəki Barberini Muzeyində Klod Monenin 111 milyon dollar dəyərində ən bahalı rəsm əsəri olan Les Meules (Saman tayaları) üzərinə kartof püresi boşaltdılar.

Bu ilin may ayından müşahidə edilən hücumlarda Van Qoqun “Günəbaxanlar”ında bəzi kiçik zədələr istisna olmaqla, heç bir rəsm əsəri zədələnməmişdir. Bu hücumların cəzası varmı? Bu tərz hücumların cinayət olub-olmaması sənət əsərinin yerləşdiyi ölkənin qanunlarından asılıdır. Bununla belə, fəalların tort, şorba, kartof püresi və hətta yapışqan kimi məhlullar ilə muzeylərə necə gizlicə girə bildikləri çox maraqlıdır. Burada əsas məsuliyyəti həmin muzeylərin mühafizə heyəti daşımaqdadır.

İncəsənət nümunələri ilə izləyici arasındakı münasibət əsasən, XX əsrdə çağdaş sənətin inkişafı ilə birlikdə formalaşmağa başlamışdır. XX əsrdən öncəki zamanlarda incəsənətə xas olan fərdilik müasir sənət ilə əvəz olunur. İncəsənət indi öz tamaşaçısı ilə ünsiyyət qura bilən bir ifadə formasına çevrilmişdir. Sənət əsərləri ilə qarşılıqlı əlaqə yarada bilən izləyicilər ilə yanaşı həmin əsərlərə hücum edən, onlara zərər verən izləyicilər də vardır. Sənət sosial səciyyə daşıyan bir məsələdir. İncəsənətdən bir vasitə kimi fərdi və institusional şəkildə istifadə etmək olar. İslahatlara, böhranlara və ədalətsizliklərə diqqət çəkmək üçün tarix boyu sənət əsərlərindən istifadə olunmuşdur. İqlim dəyişikliyi dünyanın indiyədək üzləşdiyi ən böyük böhranlardan biridir. Təkcə iqlim fəalları deyil, alimlər, həssas siyasətçilər də böhranın gətirməkdə olduğu təhlükəni dəfələrlə dilə gətiriblər. Ancaq mediada daha çox baxış toplamaq naminə unikal əsərlərə zərər vermək birmənalı olaraq qeyri-məqbuldur.

Nigar Hətəmova
Azərbaycan Dövlət Rəsm Qalereyasının əməkdaşı