Eskizdən rəsmə uzanan yol…

16.01.2023 /
Eskizdən rəsmə uzanan yol…

Rəssamlıq sənətində tez-tez istifadə olunan terminlərdən biri də “eskiz”-dir. Bu kəlmənin mənası “ilkin iş, qaralama” kimi tərcümə olunur. Eskiz daha çox sənətkarın daha böyük, dəqiq və təfərrüatla həyata keçirəcəyi kompozisiyası üçün ilkin fikirlərini qeyd etdiyi “cızma-qarasıdır”. Etimoloji cəhətdən isə “eskiz” kəlməsi italyanca “şizzo” kəlməsi ilə səsləşməkdədir. Bəs biz bu anlayışa “rəsm” deyə bilərikmi?

Eskiz və rəsm arasındakı fərq ilk baxışdan olduqca aydın görünür. Əsasən eskizlər daha kortəbii, daha sürətli işlənilib, həll olunur. Biz, bu terminin təkcə “kortəbii” və “sürətli” olmağından deyil, başqa əlamətlərindən də söz açmalıyıq. “Böyük”, “zəngin”, “mürəkkəb” və s.kimi bir çox subyektiv sifətləri bu məqamda əminliklə sadalaya bilərik. Sənətkar eskizin mükəmməl olması üçün çalışmır, çünki bu, onun üçün hərtərəfli bir məşq, bir sınaqdır.  Eskizlər həm də bizə karikatura sənətini xatırladır. Təcəssüm etdiyi mövzunun əhval-ruhiyyəsini və ya əsas xüsusiyyətini özündə ehtiva etmək eskizlər üçün kifayətdir.

Eskizin mühüm cəhəti müəyyən bir anın təəssüratını və əhval-ruhiyyəsini özündə saxlaya bilməsidir. Rəssam eskizdən istifadə edərək, özünü yeni gördüyü və ya təsəvvüründə canlandırdığı məkanı necə mənimsəyib, təsvir edəcəyini öyrənir. Məhz buna görə də, eskiz çəkərkən rəssam əsasən formanı və obyekti təsvir etməyi nəzərdə tutur. Eskizlərin vasitəsilə rəssam özünü mövzu və ya kompozisiya daxilində istiqamətləndirməyə başlayır. Kobud forma və onun nisbətləri, daxili forma və struktur dolğun şəkildə əks olunur. Xalq dilində desək, eskizin köməyi ilə rəssam təsvir edəcəyi “nəsnənin” şah damarına toxunur.

Eskizlər üzərində işləmək rəssamın ən sərbəst olduğu məqamlardan biridir. Çünki, bu zaman rəssamın  “səhv” etmək kimi bir şansı olmur. Beləliklə, biz deyə bilərik ki, eskizlər konseptual olaraq unikal və çox fərdi olurlar.

Düşündüyümüzün əksinə, eskiz tamamilə intuitiv şəkildə icra olunmur. Bu zaman təsvir olunan hər bir detal olduqca şüurlu şəkildə yerləşdirilir. Beləliklə, eskiz böyük diqqət və konsentrasiya tələb edir.

Hətta, illər sonra eskizlər sənət tarixçiləri üçün hər hansısa bir tamamlanmış tablo kimi yenidən qiymətləndirilməyə də başlanır. Məşhur ingilis mənzərə rəssamı Con Konsteblin eskizləri buna ən böyük nümunədir. Həmçinin, intibah dövrü rəssamları Rafael və Leonardo da Vinçinin də təbaşir və qələmlə icra etdikləri eskizlər bu gün dünyanın ən yaxşı incəsənət muzeylərində nümayiş etdirilməkdədir.

Texniki cəhətdən isə eskiz karandaş, qələm, kömür və ya mürəkkəb ilə, hətta fırça və boya ilə, xüsusən də pastel boyalarla da çəkilə bilər.

Akril boya, akvarel, yağlı boya və ya pastel boyadan istifadə edilməklə edilən bütün rəsm işlərində ilk addım olaraq eskizlər tətbiq edilir. Hər bir üsulda, texnikada  olduğu kimi, eskiz metodunda da müəyyən texniki elementlərdən istifadə edilir. Analitik plan yaratmaqla eskizin ilk mərhələsi tamamlanır. Kompozisiyaya daxil olacaq cisimlər arasındakı məsafələrin ölçülməsi və aralarında nisbətin qurulması, işığın düşmə bucağına görə kölgənin əksi, işığın istiqamətini nizamlanması, perspektivlə hərəkət etmə kimi bir çox detal nəzərə alınaraq əsas rəsmin təməli daha da dəqiq və düzgün bir şəkildə formalaşdırılır.

Eskizin ilkin mərhələlərindən biri də rəsm üçün uyğun çərçivənin müəyyən edilməsində mühüm rol oynamasıdır. Təsvir ediləcək obyektin uyğun çərçivədə nümayiş etdirilməsi obyekti daha təsirli edən əsas prinsipdir. Eskiz xətlərini çəkmək üçün adətən istifadə olunan materiallar qələm və kömürdür. Kömür ağacların yanmış budaqlarından əldə edilən qalın uclu yumşaq qələmdir. Ümumiyyətlə yağlı boya ilə çəkiləcək rəsmlərin eskizlərində əsasən kömür qələmlərdən istifadə olunur. İşıqlandırma və kölgələmə proseslərində kömürdən istifadə etməklə yaxşı nəticələr əldə etmək olar. Lakin nazik və kəskin xətləri detallı bir şəkildə vurğulayarkən kömür qələmlərdən istifadə edilməməsi məsləhət görülür. Kömürlə çəkilmiş eskizlərin üzərinə fiksasiyaedici spreydən istifadə edildiyi zaman onun qalıcılığını artırmaq olur.

Eskiz metodunu tətbiq edərkən, təsvirin reallığının tam əks etdirilməsi və realizmdən uzaqlaşmaması üçün müəyyən mövzular üzrə biliklərə malik olmaq lazımdır. Bu mövzular; fon düzümü, işıq və kölgə, perspektiv və s-dir.

Eskizin tarixinə nəzər yetirək;

Antik dövrdə rəssamlar papirus üzərində eskiz çəkmək üçün metal qələmlərdən istifadə edirdilər. İntibah dövründə (1400-1530) bu qələmlər daha da təkmilləşərək, müxtəlif formada istehsal olunmağa başlandı. İçi boş, ucu iti qələmlərlə isə mum lövhələr üzərində eskizlər çəkilirdi. Rəssamlar öz eskizlərini saxlayır, adətən onları satmırdılar. Ancaq 18-ci və 19-cu əsrlərdə eskiz artıq müstəqil sənət əsəri kimi önəmli bir məna kəsb etməyə başladı. Bu, incəsənət tarixində naturalizmin yüksəlişdə olduğu bir dövrə təsadüf edirdi. Sənətkarlar ezamiyyətə, səfərə çıxarkən artıq özləri ilə təəssüratlarını əks etdirə bilmək üçün eskiz dəftərlərini də aparırdılar. Onlar mənzərələrin, heyvanların, yeni şəhərlərin, bitki örtüyünün və çiçəklərin eskizlərini çəkirdilər. Bu, həm həvəskar, həm də peşəkar rəssamlar tərəfindən sevilən məşhur bir hobbiyə çevrilmişdi.

Bizim yaşadığımız çağın high-tech, yəni yüksək texnologiyalar çağı olduğunu nəzərə alaraq, bunu deyə bilərik ki, modern əsrin incəsənət anlayışı dəyişib, alternativ metodlar ilə inkişaf etməyə davam edir. Artıq qələm, karandaş və kağız kimi ənənəvi üsullar öz yerlərini SketchBook Pro və Corel Painter Sketch Pad kimi proqramlara vermişdir. Digital sənət forması ilə məşğul olan rəssamlar bu proqramlardan səmərəli bir şəkildə istifadə edirlər. Buna baxmayaraq, qələm və kağızla ənənəvi üsulla icra edilən eskizlər hələ də populyar olaraq qalmaqdadır.

Eskizlərin, daha doğrusu eskiz çəkməyin bir neçə üsulu, növü vardır.

Onlardan biri “croquis”, yəni “kroke”-dir. Canlı model ilə icra edilən bu eskiz növü olduqca əlverişli və sürətlidir. Belə eskizlər adətən bir neçə dəqiqə ərzində hazırlanır. Bundan sonra model pozasını dəyişərək, yeni bir kroke nümunəsi üçün ilham mənbəyinə çevrilir. Kroke kəlməsi fransızcadan tərcümədə, elə sadəcə “eskiz” mənasını verməkdədir. Ona konturlanmış siluet də adlandıra bilərik.

Bir başqa eskiz növü “pochade”, yəni “poçade”-dir. Bu növ rəsmləri çəkməkdə əsas məqsəd təsvir olunacaq səhnənin rənglərini və atmosferini vurğulamaqdır. Daha aydın desək, işığın keçiciliyini effektli şəkildə göstərmək istəyən rəssamlar bu tip eskizlərə müraciət edirlər. Sənət tarixinin impressionist rəssamları Klod Mone və Eduard Mane poçade üçün təkcə kağızlardan deyil, kətanlardan da istifadə etməyə başlamışdı. Təxmini bir neçə saat vaxt sərf olunan bu eskizlərə Vinset Van Qoq da müraciət etmişdir.

Portret eskizlər isə daha çox insanın xarakterikasındakı ani dəyişiklikləri, duyğuları; bəzən acı təbəssümü, bəzən şıltaq baxışları bəzən də başqa cür emosiyaları təsvir edə bilmək üçün istifadə olunur.

İncəsənət və yaxud da incəsənət tarixinin ən məşhur rəssamlarının eskizlərini bir çox sənətsevər tanıyır. Onlardan ən məşhuru Yüksək İntibah dövrünün ən məşhur rəssamlarından biri olan Rafael Santidir. Rafael Santi tez-tez fikir və düşüncələrini kağız üzərində əks etdirirdi. Ən məşhur nümunələri bunlardır;

“Madanno və uşaq”  (Albertina muzeyi, Vyana) təbaşir və qələm ilə;

“Vəftizçi Yəhya, Madonna və uşaq” (Albertina muzeyi, Vyana) qələm və qəhvəyi mürəkkəb;

“Gənc qadın” (Britaniya muzeyi) qələm və qəhvəyi mürəkkəb.

Rəssam, heykəltəraş, memar və alim olan, bütün zamanların ən istedadlı insanlarından biri də Leonardo Da Vincidir. Təəssüf ki, onun qrafik əsərləri məhv olaraq, bugünümüzə gəlib çatmamışdır. Lakin, onun bir sıra eskiz dəftərləri günümüzə gəlib çatıb. Da Vinçinin məşhur eskizlərinə misal olaraq bunların adını çəkə bilərik;

“Uçan minik vasitəsi” (1493)

“Qayıq üçün tərtibat” (1485-1487)

Florensiyada anadan olan Mikelancelo incəsənət tarixinin ən böyük rəssamlarından biri olaraq tanınır. Onun ən məşhur eskizi təbaşirlə çəkilmiş nümunədir ki, onu 2002-ci ildə Nyu-York Milli Dizayn Muzeyinin satış salonunda köhnə bir qutuda, baxımsız və unudulmuş bir şəkildəykən kəşf edilmişdi.

Azərbaycan incəsənətinin nümayəndələri olan rəssamlarımız da bir çox maraqlı eskiz və eskiz dəftərləri üzərində çalışmışlar. Xüsusilə də teatr sənətinin inkişafında böyük rol oynayan bu nümunələr diqqətəlayiq və qiymətlidir. Belə sənətkarlarımız sırasında Əzim Əzimzadə, Səttar Bəhlulzadə, Kazım Kazımzadə, Maral Rəhmanzadə, Bədurə Əfqanlı, Reyhan Topçubaşova, Vəcihə Səmədovanın adlarını qeyd edə bilərik.  

Nəticə etibarilə, eskizlər bütün sənət sahələri üçün önəmlidir. Biz bunu estetik və bədii cəhətdən olduqca mükəmməl olan hər hansı bir sənət nümunəsinin ilk addımı, təməli kimi düşünə bilərik. Əgər təməl zəif olsa sənət nümunəsi əsla mükəmməlləşə bilməyəcək. Ona görə də hər hansı bir rəssamın inkişaf yolunu daha yaxşı anlaya bilmək, onun yaradıcılıq fəaliyyətini öyrənə bilmək üçün eskizlərinə müraciət etməliyik. Paul Klee belə qeyd edir; “Eskiz, müstəvi üzərində səyahətə çıxa bilən xətdən başqa bir şey deyil.”

Azərbaycan Dövlət Rəsm Qalereyasının kiçik elmi işçisi

Nigar Hətəmova