Qəyyur Yunus yaradıcılığının ən mübhəm nüansları…

30.01.2023 /
Qəyyur Yunus yaradıcılığının ən mübhəm nüansları…

Şərqin ruhunu, koloritini hər bir xırdalığında duyduğumuz sənət nümunələrinin müəllifi, Xalq rəssamı Qəyyur Yunusun yaradıcılıq fəaliyyəti, onun duyğu və düşüncə süzgəcindən keçən müxtəlif mövzu seçimləri ilə zənginləşərək, püxtələşmişdir. Rəssamın orijinal dəst-xətti, yiyələndiyi qədim ənənələrə malik miniatür sənəti və “qacar” üslubundan qidalanaraq, onun bədii yaradıcılığa açılan dərin fəlsəfəsi ilə sintez təşkil edir. Əsərlərində hər daim təfərrüatlara xüsusilə varan rəngkar Qəyyur Yunusun mövzu seçimlərinin mübhəm tərəfi vurğulanaraq, öz unikallığını qoruyur. Yaradan insanın düşüncələrinin sərhədsizliyi, dinə bəslədiyi dərin sədaqət ilə pərçimlənir. Əmircan torpağında boya-başa çatan sənətkarın ilham mənbəyi də elə Əmircanın özü olur…

O, sənətdə təbiətin sadəcə təqlidini təfsir etmək niyətində olmur, bədii sənət axtarışında formalaşmağa başlayan fərdi üslubu ona bütün təqlidlərin hüdudlarından çıxmağa kömək edir. Rəssam əsərin fəlsəfi və ya dini mövzularının məğzində yatan psixloji aspektləri ifadə etməyə çalışır. Bunun üçün rəssam gizli, simvolik elementlərə, işarələrə, hər kəlməsi mismar tək həkk olunan xüsusi fikirlərə, yazılara yer verməyi üstün tutur. Bütün bu anlayışlar müstəqil bir elementə çevrilərək, ilahi qüvvəni dərindən xatırladıb, bütün varlığın ülvi mövcudluğunun dib-dəhnəsində dayanan mənəviyyatın təzahürü üçün universal bir önəm daşıyır. Bütün dinlərin dərinliklərində gizlənən yüksək tərbiyəvi məramları kompozisiyalarına sızdıran rəssam üçün bu vasitə bədii bir metaforadır. Dini-mistik parametrləri bəzən gerçəkçi, bəzən isə fantazmaqorik prizmadan təqdim edən rəssamın yaradıcılıq fəaliyyətinin bədii mizanına dahi Əmircan rəssamı Səttar Bəhlulzadənin də təsiri danılmazdır. Qəyyur Yunus kiçik yaşlarından rəsmə meyil etmiş, qohumu Səttar Bəhlulzadənin yetirmələrindən biri olmuşdur.  

Qəyyur Yunusun yüksək piqmentasiyaya malik palitrası küt parlaqlığı ilə seçilən, az qala təbaşirə bənzəyən yaxılardan ibarətdir. Bu yaxılar gah kövrək, gah da əzəmətli hissləri özündə eyhamlaşdırır. Onlar fırça ustasının ruhsal, mental və mədəni mövqeyini ehtiva edir. Bu kolorit bəzən mürəkkəb, bəzən mücərrəd, habelə ekspressiv səciyyəyə malik olaraq, həm klassikadan, həm də ənənəvilikdən qoparaq, yeni bədii, vizual dil üsuluna çevrilir. O, tamamilə  təxəyyül və intuisiyalarına güvənərək, alışılmış meyarlardan imtina edir. Qaranlıq və qalın konturlarla vurğulanan fiqurları kombinə etdiyi rəng seçimləri ilə  sanki təsvir etmir, səhnələşdirib, dramatikləşdirir. Bu sarsıdıcı təzadlar tamaşaçıların təəssüratında emosional reaksiya ilə nəticələnir.

Qəyyur Yunus yaradıcılığını müəyyən edən ən əsas amil; onun əsərlərində təsirləndiklərinin sintezini təqdim edə bilməsidir. O, həm qərb mədəniyyəti, həm  şərq.. həm çağdaş tərzi, həm də ənənəviliyə meyli ilə öz üslubunun orijinallığını təsdiqləyir. Qəyyur Yunus yaradıcılığının fərqləndirici xüsusiyyətlərindən biri də kompozisiyada müxtəlif unikal, sakral, simvolik atributlardan istifadə etməsidir. Çünki, onun kompozisiyasına daxil olan fiqurlar ilə yanaşı elementlər və həmçinin istifadə etdiyi rənglərin özü xüsusi bir şərh tələb edir. Bəzən biz bu kompozisiyaların içərisində ölümü, bəzən əbədiliyi, bəzən də həyatı tapa bilərik. Eyzən fikirdə, kompozisiyaların əsas təfsir qayəsində isə biz, məhz  bunun dayandığını görəcəyik; əbədiliyin reallığın məngənəsindən təcəssümünü…. Bu da dünyəvilikdən sıyrılan, qopan kəslər üçün sədaqət hissi və ümid işığına çevriləcəkdir.  

Rəssamın yaradıcılığında xüsusilə vurğulamaq ehtiyacı duyduğum bir digər ifadə vasitəsi; onun seçdiyi obrazlarıdır. Sənətkarın təsvir etdiyi obrazlar bəzən tamaşaçılara diqqətlə baxaraq, fırça ustasının dərin realist, eyni zamanda xəyali aspektdən baxış tərzini ifşalayırlar. Spesifik və dəqiq xüsusiyyətlərə bir çox məqamda diqqət edən Qəyyur Yunus, obrazlarını yerləşdirdiyi kompozisiyalarda kontrast və harmoniyanın estetik koordinasiyasından məharətlə istifadə edir. Səssiz tünd rənglər və tonlar dönüb-dolaşıb qara rəng ilə ziddiyyət təşkil edir.

Yaradıcılığının mərkəzində dinin təzahürü öz əhəmiyyətini qoruyub-saxlasa da, rəngkar, həm də personajlarının xarakterini və şəxsiyyətini intuitiv şəkildə təqdim etməyi unutmur. Bu, bir sənətkarın individual vizyona və orijinal bədii dilə sadiq olduğunu göstərən əsas indekslər arasındadır. Qəyyur Yunusun ən çox müraciət etdiyi personajlar kimlərdir bəs? Ən birinci bəhs edəcəyimiz obraz – Heyran xanımdır. Heyran xanımın obrazı rəssamın öz fərdi forma və təxəyyül konsepsiyasını əyaniləşdirdiyi ilk portret nümunəsidir. Heyran xanım əslən Naxçıvanlı olmuş, Təbrizdə yaşamış mütəfəkkirlərimizdən biri olub. Kəngərli və Dünbüli tayfasının hörmətli qadınlarından olan Heyran xanımın “Gənc şairə” obrazı rəssam tərəfindən ustalıqla təqdim olunmuşdur. Şeirlərində saf sevgini, məhəbbəti vəsf edən şairənin obrazı zərifliyi, kövrək duruşu ilə seçilsə də, baxışlarının dərinliklərinə sinən məyusluq, dərdisər, nisgil özünü birüzə verməkdədir. İlahi məhəbbətdə nicat tapmaq arzusunda olan gənc xanımın fiquru elə gənc rəssamın təxəyyülündən törəyərək, kətan üzərində zövqlə obrazlaşdırılmışdır.

Qəyyur Yunusun 1972-ci il tarixli “Səttar” əsərindən söz açaq; ustadının portretini təsvir edən rəssam sakit palitradan istifadə etsə də, “Səttar”ın daxilində yuğ edən hissləri güzgüləməkdən çəkinməmişdir.

Rəngkarın bir başqa müraciət etdiyi personaj Nəsirəddin Tusinin obrazıdır. Qəyyur Yunus obrazı olduqca sadə təsvir etmişdir. Ləqəbi “türk Evklid” olan Tusinin elmə bəxş etdiyi töhfələrdən hər birimiz xəbərdarıq. Bütün bunlara baxmayaraq, rəssamın dahi alimi bu tərzdə təsvir etməsi, sadəliyin insanların yaradılışından irəli gələn əxlaqi “xüsusiyyət”lərdən biri olduğuna işarədir.

Rəssamın müraciət etdiyi bir başqa obraz Mümtaz Mahal olmuşdur. Hind-Türk-Moğol İmperatorluğunun altıncı hökmdarı Cahan Şahın xatirəsinə məqbərə ucaltdığı, sevimli həyat yoldaşı Ərcümənd Banu Begümün portreti də rəssamın qiymətli əsərləri sırasındadır. Qəyyur Yunus həmçinin “Cahan Şah”ın öz obrazını da yaratmışdır.

Qəyyur Yunusun bir digər maraqlı obrazı şeirlərini “Ağabacı” ləqəbi ilə yazan, Qarabağ xanı İbrahimxəlil xanın qızı, Qacar şahı Fətəli şahın xanımı və Xan qızının bibisi Ağabəyim Ağa Cavanşirin obrazı olmuşdur. Rəssam bu əsərdə Qacar dövlətinin ehtişamını ustalıqla təqdim edir. Ağabəyim xanımın fiquru yetkin yaşında bir qadın obrazı olsa da, siması və iri gözləri onun məsum, uşaq tərəfini dərhal ələ verir. Əlində açıq yelpik vardır; bu yelpik obrazın əsilzadəliyini simvolizə edir. Çin mədəniyyətində yelpik müdrikliyin və hikmətin rəmzi hesab olunur. Bizans kilsələrinin mühüm dini obyekti kimi tanınır. Misirdə isə “qanadlanan yarasa”ya bənzədilirdi. Orta əsrlərdə isə daha da şöhrət qazanan bu element kübar və zərif xanımların əvəzolunmaz, sevimli aksesuarına çevrilir. Masanın üzərində armud meyvəsini görürük. Dünyanın forma baxımından armud meyvəsinə bənzədildiyini qeyd etmək istəyirəm. Bundan başqa, yenə forma baxımından armud meyvəsi kuzəyə və insanın boyun hissəsinə bənzədilir. Əsərdə maraqlı elementlərdən biri də vazada çiçəklərdir. Cənnət həmişə çiçəklərlə bəzədilmiş bir yer kimi təsəvvürümüzdə canlanır. Rəssam da çiçəkləri sevir, onları kompozisiyalarına daxil edir. Bu çiçəklər bənövşə çiçəyinə bənzəyir, İranda bir çox yerdə bitən bu gül farsça “bənəfşə” adlanır. Bu çiçək həm təvəzökarlığın, həm də aşiqin simvolu hesab olunur. Tablonun sol qismində yerləşən quş fiquru da maraqlıdır. Quşlar bəzən Tanrı ilə insan arasında ünsiyyət vasitəsi kimi, bəzən də ruhun formal təsəvvürü kimi müxtəlif mənalarda şərh edilirlər. Buradaki quş fiquru ağacdələnə bənzəyir. Ağacdələn aqressivliyi ilə tanınan quşdur. Səlcuqlular dönəmində keramika üzərində tez-tez rastımıza çıxan bu quş təsvirləri adətən tanrının elçisi kimi simvolizə olunur. Kompozisiyada diqqətimi çəkən bir başqa məqam, Ağabəyim xanımın inci tanasıdır. Burda inci məsumluq, paklık və təmizliyi sanki simvolizə edir. Bu inci sırğa qadın obrazının gözləri ilə harmoniya təşkil edir. Əbəs yerə deməyiblər ki, gözlər ruhun aynası, pəncərəsidir…

Qəyyur Yunusun müraciət etdiyi mövzular arasında bir başqa maraqlı mövzu “Adəm və Həvva”nın obrazlarıdır. Onun 2013-cü il tarixli kompozisiyası çox maraqlıdır. Adəm və Həvva obrazlarını təsvir edən rəssamın maraqlı və qəribə kompozisiya quruluşuna nəzər yetirək; ətrafımızda baş verən hər bir hadisədə, hər bir məqamda, qanad çalan quşda, üzə bilən balıqda, küləkdə, həmin küləklə rəqs edən ağacların xışıltısında, bir sözlə hər bir şeydə yaradanın, kəlamın sirri vardır. Bu sirr o qədər müəmmalı və əsrarəngizdir ki, onu dərk edə bilməyimiz mümkün deyil, o, bizim təsəvvürümüzün hüduduna sığmayacaqdır. Lakin bəşəriyyətin özü də “sirrlər” ilə əhatə olunmuşdur.

“Göyləri və yeri icad edən Odur. O, bir işi yaratmaq istədikdə ona ancaq: “Ol!” – deyər, o da olar.” (Bəqərə surəsi, 117)

Balıqlar da yenidən doğulmağı simvolizə edirlər. “Elə bir an var ki, varsan, elə bir an var ki, yoxsan…” Bu simvol bəşəriyyətə xəbərdarlığı xatırladır. İnsan ömründə durğunluğa yol verilməməli olduğunu, bəşəriyyətin hər daim təzələnməli olduğunu ifadə etməyə çalışır. Lakin bəzi yəhudi qaynaqlarında yazılan islam mətnlərində qeyd olunurki, Adəm və Həvva ilə birgə təsvir olunan heyvan fiqurları əslində cənnətin qoruyucularıdırlar və onlar da cəzalanaraq Adəm və Həvva ilə birgə cənnəti tərk etməli olurlar. Diqqət ilə baxsaq; Həvva obrazını yuvarlaq aya bənzər simada, qələm qaşlı və iri badam gözlərlə, saf və məsum təsvir olunduğunu görəcəyik. O, çox kiçikdir. Adəm obrazı isə daha yetkin yaşda, düşüncələrə qərq olmuş bir şəkildə təsvir olunmuşdur. Burada Adəm obrazının Həvvadan daha nəhəng təsvir edildiyinə şahid oluruq. Kompozisiyada ola bilsin ki, rəssam Adəmin peyğəmbərliyini vurğulamaq istəmişdir. Əsərdə başqa bir maraqlı nüans Adəm ilə Həvva arasında arakəsmə olmasıdır. Həvvanın və animalistik obrazların başı sol tərəfə, Adəmin isə başı sağ tərəfə baxır. Onun baxışları düşüncəli və çox kədərlidir. Bu, onun nə qədər peşman olduğunu göstərir.

Rəssamın əfsanəvi və nakam aşiqlərin obrazlarına da müraciət etdiyini unutmayaq. Bu bəxtiqara eşqin baş rollarında Leyli və Məcnun obrazları dayanır. Bu əsər kağız üzərində pastel texnikası ilə işlənmişdir.

Qəyyur Yunus Azərbaycanın böyük nəsillərindən biri olan, Azərbaycanın elm, ədəbiyyat, tibb, mədəniyyət və s.kimi sahələrinə əvəzolunmaz töhfələr verən, müqəddəratlarını xalqın tərəqqisinə təqdis edən Bakıxanovlar ailəsini də kətan üzərinə köçürərək, əbədiləşdirmişdir.

Sənətkarın məişət mövzusuna, milli ənənələrə, Əmircan torpağına, təbiətə həsr etdiyi bir çox maraqlı əsərləri vardır. “Elçilik qabağı”, “Görüş”, “Müjdə”, “Xəzər balığı”, “Bakılılar”, “Həqiqət yolu”, “Bölünmüş məkan”, “Azərbaycan qızları”, “Göl sahilində”, “Həqiqət düşüncələri”, “Ağacdələn”, “Bahar gözəli”,”Dua”, “Ana və körpə”, “Ayın bölünməsi”, “Böyük qarpız”, “Qırqovul”, “Minarə”, “Ər və arvad”, “XXI əsrin astanasında”,”Balıq”, “Yeni Abşeron”, Əmircanda ana və uşaq”, “Əmircan Karvansarayı”, “Yaylaqda”, “Qaraxan”, Yelpikli qadın”, “Nişanələr”, “Zikr”, “Caz”, “Müqəddəs dağ”, “Abşeron qadınları”,”Şərqdə”, “Axşam ehtirası”, “Şor qırağı”, “Vəhdət”, “Yol astanasında”, “Qəbul olunmamış çiçəklər”, “Birlikdə”, “Evdar qadınlar”, “Üç baxış”, “Nərgiz, Nigar və Aybəniz”, “Ürək döyüntüsü”, “Üç nəsil”, “Abşeron bağlarında”, “Bulaq”, “Payız armudları”, ”Ata, qızı və balıq”, “İki sima”,”Arzu”,”Üç

Balıq”,”Təbrizlilər”,”Ərim gəldi”, “ Payız işığı”, “Göygölün sahilində”, “Nərgiz”, “Səhər”, “Həyat zolağı”, “Üzüm yığımı”, “Şəqqül qəmər”, “Əkizlər”, “Müqəddəs aylar”, “İtaət”, “Babama ithaf”,”Bacılar”, “İntizar”, “Üfüqi həyat”, “Gözlər”, “Səhnə addımı”, “Mələklər”, “Mikrorayon”, “Sərv ağacları”, “Nizaməddin məscidində axşam” və s.kimi əsərləri rəssamın yaradıcılıq fəaliyyətinin ən uğurlu əsərləri hesab edə bilərik.

Xalqımızın acı keçmişinin ortaq yarası olan Qarabağ mövzusu da sənətkarın yaradıcılığında öz yerini tapmışdır. “Qarabağ gözəlləri”, “Qarabağ ümidi”, “Qarabağ göyərçinləri”, “Şuşa qalası haqqında əfsanə” isimli tablolar bu qəbildəndir.

Rəsm rəssam üçün xəyali bir qapıdır. Rəssam qapını ehtiyatla açıb, irəli gedəcək, özünü təkmilləşdirəcəkdir. Qəyyur müəllimin də rəsm ilə, sənət ilə  arasındakı münasibət məhz belədir. Fərq ondadır ki, usta sənətkarın bədii ifadə tərzi illərin süzgəcindən keçərək, kamillik səviyyəsinə yetişib, varmışdır.

 

Nigar Hətəmova

Azərbaycan Dövlət Rəsm Qalereyasının  kiçik elmi işçisi