Ruhun aynası gözlər…

06.02.2023 / Yeni nəşrlər
Ruhun aynası gözlər…

Dahi mütəfəkkir Nizami Gəncəvinin  "Xosrov və Şirin" poemasındakı aşağıdakı misraları diqqətimi çəkdi:

"Gözlərinin bəbəyi neyçün qaradır?

İnsanlıq ölmüşdür, matəm saxlayır".

İnsan ruhuna açılan bir cüt pəncərə; gözlər hər nə qədər gizlətməyə çalışsaq da həm hekayəmizi, həm duyğularımızı, həm də xarakterimizi özündə büruzə verməyə, açığa çıxartmağa cəhd edir. Dərin baxışlı yad insanlar adətən məşhur fotoqrafların fotoşəkilləri arasında rastımıza çıxsa da  rəssamların fırçasından da yayınmamışdır.

Xalq rəssamı Qəyyur Yunusun obrazlarındakı qəhrəmanların gözlərinə baxsaq, xüsusilə qadın fiqurlarına diqqət etsək  görərik ki, onların simalarında uşaq çöhrəsi var, amma gözlərinə baxanda yaşlı, dünyagörmüş, düşüncəli insan baxışları sezilməkdədir. Bunlar cənnət qadınlarıdır…Yumru sifətlərin iri, ideal formalı gözləri son dərəcə xırda detallarına qədər professionallıqla təsvir olunan uşaq baxışlı böyüklər xeyirxahlıq, həssaslıq, incəlik və sevgi doludurlar. Böyük, geniş açılmış gözlərin ətrafa saçdığı işıq kətandan kənarı da nura boyayır. Bu obrazlar və  mövzular əbədidir: sevgi, mərhəmət, gözəllik, dünyanın harmoniyası, tamlığı, həyat və  sonsuzluq. Qara rəngin təzadlı çalarlarından məharətlə istifadə edən Qəyyur Yunus bu rəngin  şərq folklorunda və  mifologiyasında yaratdığı emosiyaları əsərlərində canlandırmaqdadır.  Sənətkarın  “Azərbaycan gözəlləri”, “Xəzər gözəli”, “Cəhrayı evin sakinləri”, “Heyran xanım” və digər tablolarındakı bitkin qadın surətləri  nurani gözəlliyi ilə diqqəti cəlb edən Şərq gözəlləridir desək heç də yanılmarıq.

    Şamo Abbasov müasir Azərbaycan rəssamlıq məktəbində özünəməxsus dəst-xəttə malik olan fırça ustalarından biridir. Rəssam tablolarında tamaşaçıya illüziya və fantaziyalarla dolu, sirli xülya və xatirələrlə zəngin bir dünya təqdim edir. Onun əsərlərində milli koloritlə zəngin və təkrarolunmaz obrazları sadə, xeyirxah və gülərüz fiqurları tamaşaçını abstrakt və sirli bir dünyaya səyahətə aparır. Bəzən isə işlənməyən və ya sadəcə qara rənglə doldurulmuş göz boşluqları ilə hara baxdığı bəlli olmayan obrazları qarşımıza çıxaran sənətkar tamaşaçını düşündürməyə vadar edir. “Rəngli yuxu”, “Şlyapalı qız”, “Bağda görüş” və başqa tablolarındakı kompozisiyanın ümumi enerjisini öz üzərinə götürən iri, tünd gözlərdə gah aqressiv, gah həlim, bəzən ehtiraslı, bəzən isə utancaq çalarların ustalıqla vurğulandığını müşahidə edirik. Rəssamın fantastik obrazlarının süzgün və sərməst baxışları sanki işləyicilərə öz sirlərini açmaq istəyir. Bir an belə olsun, qırpınmayan, parıltılı, xumar gözlər isə bizə yaradıcılıq eşqi ilə şölənən rəssamın gözlərini xatırladır.

 Mövzunu daha geniş aspektdən baxmaq üçün  dünya rəngkarlığına nəzər yetirək. 2014-cü ildə ekranlara çıxan “İri gözlər” avtobioqrafik filmini izləyənlərə Marqaret Kin obrazı artıq tanışdır. Amerikalı rəssam Marqaret Kin incəsənət tarixində irigözlü insan rəsmləri çəkməklə məşhurlaşıb. İki yaşı olanda əməliyyat zamanı daxili qulağı ciddi zədə alan  Marqaret danışarkən insanların gözlərinə baxaraq onları anlamağı öyrənir.  Uşaqkən rəsmlə məşğul olmağa başlayan Marqaret Neşvildə Uotkins İncəsənət Məktəbində dərs almışdır. On yaşında ilk yağlı boya əsərini - biri ağlayan, digəri isə gülən iki balaca qız rəsmini nənəsinə hədiyyə edən istedadli qız yerli kilsədə də “iri gözlü mələklər”inə görə tanınırdı.

 Xanım Kin deyir: “Gözlər ruhun pəncərəsidir”. O bu pəncərədən uşaqların ruhsal dünyasına baxmaqla  onları sənət vasitəsilə kəşf etməyə çalışırdı.

Marqaretin həyat yoldaşı Volter Kin uzun zaman onun çəkdiyi rəsmləri öz adına imzalayıb satırdı. Yaxşı reklamçı və bacarıqlı satıcı olan Volterin sayəsində “böyük gözlər” qısa müddətə o qədər populyar oldu ki, ailə hətta şəxsi qalereya da açmağa müvəffəq oldu. Bir müddətdən sonra Margaret bütün bu yalanlardan, özünü və öz yaradıcılığını gizlətmək məcburiyyətində qalmaqdan yoruldu və 1970-ci ildə  radio verilişində çıxış edərək əsərlərin həqiqi müəllifi olduğunu bəyan etdi.

            San Fransiskoda bütün əsərlərinin sərgiləndiyi ən böyük qalereyanın açılışından sonra “Böyük gözlərin” populyarlığı, tənqidçilərin sarkazm dolu fikirləri Marqareti daha çox tanıtdırdı və ona “incəsənət dünyasının Ueyn Nyutonu” adını qazandırdı. Marqaretin öz imzasını bərpa etdiyi dövrdən  sonra üslubundakı ciddi dəyişiklik nəzərə çarpmağa başladı. Artıq rəsmlər daha işıqlı, böyük gözlü simalar isə daha xoşbəxt görünürdü. “Uşaqlara çəkdiyim böyük gözlər mənim dərin hisslərimin əksidir. Gözlər ruhun aynasıdır”, - deyən Marqaret rəsmlərinin mövzusunu belə izah edir: “Bunlar cənnətdəki uşaqların şəkilləridir. Tanrının hökmündən sonra dünyanın necə yer olacağını onların simasıyla təsvir edirəm”.

XX əsrin əvvəllərində özünəməxsus yeni üslub yaradan Amadeo Modilyani yaradıcılığının məhsuldar dövrü "Paris dövrü" hesab olunur. Həyat və yaradıcılıq yolu qısa olan rəssam vəfat etdikdən sonra daha çox məşhurlaşmağa, əsərləri rəğbət qazanmağa başlamışıdr. Əslən italyan olan Amadeo yəhudi əsilli bir ailənin sonuncu övladıdır. Modilyani yaradıcılığa heykəltəraşlıqla başlamışdı. İlk dəfə olaraq heykəltəraşlıq əsərlərində uzadılmış bədən proporsiyalarından istifadə etməsi sonrakı dövr rəngkarlıq əsərləri üçün əsas bədii ifadə üsuluna çevrilir. Əgər Modilyani yaradıcılığını qısaca nəzər salsaq qarşımıza uzadılmış bədən proporsiyalarına sahib, bəzən isə işlənməyən və ya sadəcə qara rənglə doldurulmuş göz boşluqları ilə hara baxdığı bəlli olmayan obrazlar çıxacaq. Əslində Modilyaninin  obrazlarında gözlərə rast gəlmək çətin məsələ idi.  "Ruhunu görəndə gözlərini də çəkəcəyəm",-deyən Modilyaninin əsərlərində yenə də gözləri tamamilə təsvir etmirdi də deyə bilmərik. Bəzi obrazlarında xüsusilə də sevgilisi Janna Ebuternin obrazını yaratdığı bir sıra portretlərində gözlər çəkdiyini görə bilərik. Ümumiyyətlə, portret janrı Modilyani yaradıcılığında ən çox müraciət olunan janrdır. Rəssam portretlərində bədii ümumiləşdirməyə müvəffəqiyyətlə nail olmuşdur. O, əsasən təsvir etdiyi şəxsin daxili aləmini çatdırmağa çalışırdı. Bu baxımdan onun portretlərini psixoloji portretlər hesab etmək olar. Portretlərində bir qayda olaraq uzun boyunlara və üz cizgilərinə, badamşəkilli gözlərə rast gəlirik. Bu ifadə tərzi artıq Modilyaninin imzasına çevrilmişdi. Qədim Afrika incəsənətinə olan  marağı onun yaradıcılığına böyük təsir göstərmişdir. Beləki,  qədim Afrika mədəniyyətində rast gəldiyimiz maskalarda təsvir olunan qeyri-adi və maraqlı simalar rəssama əsərlərini yaradarkən əsas  ilhamverici qaynaqlardan idi. Modilyani əsərləri üçün  əksər hallarda sadə, birrəngli arxa plan seçir, sanki bununla izləyicinin diqqətinin əsas qəhrəmanından yayınmasına icazə vermir. Ruhuna bələd olduğu xanımın gözlərini  təsvir edın Modilyani onun baxışlarını kənara, boşluğa doğru yönəltməklə obraza melonxoliklik qatmışdır. Rəssam qəhvəyi rəngli sadə bir fondan istifadə etməklə boyunbağının bəyaz və boz tonları ilə əsərdəki qiyafə və gözlərin rəngləri arasında ahəng  yaratmağa müvəffəq olmuşdur.

Hər hansı bir əsər yaradıldıqdan sonra sənətsevərin ixtiyarına, mühakiməsinə təslim edilir. Bu zaman müəllif arxa planda, tamaşaçı ilə əsər isə göz-gözə qarşılıqlı təmasda qalırlar.

 

 

Könül Vəliyeva

Azərbaycan Dövlət Rəsm Qalereyasının elmi işçisi