Rəssam Nazim Şamxorovun yaradıcılığı haqqında

10.02.2023 / Maraqlı məlumatlar
Rəssam Nazim Şamxorovun yaradıcılığı haqqında

Milli təsviri sənət tarixinə nəzər yetirdikdə bu sahədə zəngin irsimizin şahidi oluruq. Sənətə gələn hər yeni nəsil bu zənginliyə öz töhfəsini verir. Öz dəst-xəttini formalaşdıran, çəkdiyi əsərlərlə hər kəsə ilham verəcək yaradıcılıq hekayəsi olan rəssamlarımızdan biri Nazim Şamxorovdur.

O, 1982-ci ildə Bakıda dünyaya göz açıb. İncəsənətə marağı təhsil aldığı Xırdalan şəhər 7 saylı orta məktəbdə formalaşmağa başlayıb. Bu istedadının köklərinə getsək, görərik ki, bu bacarıq əbəs yerə yaranmayıb. Onun babası Cümə Şamxorov da istedadlı rəssam olub. Vaxtilə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinə daxil olsa da, sonra müharibəyə getdiyi üçün təhsili yarımçıq qalıb.

Rəssamlığa marağı günü-gündən artan Nazim orta məktəbi bitirdikdən sonra bu sahədə addımlamağa qərar verir. Ən yaxın dostlarından olan rəssam Gülağa Rzayev onu bu yöndə həvəsləndirir, sənət təhsili almaq üçün hazırlaşmasına mənəvi dəstək olur. Beləliklə, o, 1997-ci ildə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinə daxil olur. 2001-ci ildə təhsilini tamamlayaraq elə həmin ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına qəbul olur. Burada Xalq rəssamları Böyükağa Mirzəzadə, Oqtay Şıxəliyev və Əməkdar rəssam Fərman Qulamovdan sənətin sirlərini daha dərindən öyrənir.

Nazim Şamxorov diplom müdafiəsi üçün kətan üzərində yağlı boya texnikası ilə mürəkkəb kompozisiyalı “Orkestr” adlı əsər ərsəyə gətirir. Böyük zəhmət və sevginin bəhrəsi olan əsər müəllimlər tərəfindən çox bəyənilir. Uğurlu diplom müdafiəsindən sonra o, 2005-ci ildə akademiyadakı təhsilini başa vuraraq yaradıcılıqla məşğul olmağa başlayır. O zamanlar heç bir şəraiti olmasa da, kirayə emalatxanalarda dayanmadan gecə-gündüz çalışır, yeni tablolar yaratmağa davam edirdi. Əsərlərinin əksəriyyəti dəzgah rəngkarlığında olsa da, peşəkarlıqla ərsəyə gətirdiyi qrafika əsərləri də var. Əsərlərində simvolizmi təbliğ etməyi sevməyən rəssamın əsas məqsədi öz gördüyü, ilhamlandığı gözəllikləri təsvir edərək gözoxşayan mənzərələr yaratmaqdan ibarətdir. Sadə bir çiçək təsvirində belə keçirdiyi hiss və duyğuları açıq-aşkar bəlli olur.

Nazim Şamxorovun yaradıcılığında mənzərə, natürmort, portret janrlı əsərlər üstünlük təşkil edir. Bir neçə dəfə müraciət edərək yaratdığı silsilə əl işləri də mövcuddur. Buna  misal olaraq “Güllər”, “Korrida”, “Venesiya”, “İstanbul” və s. əsərlərini göstərmək olar.

Mənzərə janrlı əsərlərindən “Bakı bağları”, “İçərişəhər”, “Kürdəxanı mənzərəsi”, “Gədəbəy etüdləri”, “Lahıc bağları”, “Qusarın Laza kəndi”, “Qəbələ”, “Şamaxı”, “Şuşa şəhərinin görünüşü” kimi tablolarını qeyd edə bilərik. Azərbaycanın müxtəlif bölgələrini gəzərək gözəl mənzərələrin etüdlərini yaratmaq ən sevdiyi işdir desək, yanılmarıq. Portret janrına mənzərələri qədər müraciət etməsə də, bu janrda “Pərvizin portreti”, “Kişi portreti” kimi əsərləri də diqqət çəkir.

Rəssam 2013-cü ildə bir neçə sənət dostu ilə birlikdə Moldovada keçirilən art-simpoziuma dəvət alıb və dörd böyük mənzərə tablosu ərsəyə gətirib. Çox bəyənilən əsərləri sərgilənmək üçün muzeyə qəbul olunub. Ümumiyyətlə, rəssamın əl işlər bir sıra muzey, qalereya və şəxsi kolleksiyalarda saxlanılır. 2021-ci ildə Azərbaycan Mədəniyyət Nazirliyi nümayəndə heyətinin Ankaraya səfəri zamanı Nazim Şamxorovun “Şuşa – Gövhər ağa məscidi” əsəri Türkiyənin xarici işlər naziri  Mövlud Çavuşoğluna hədiyyə edilib.

Azərbaycan Rəssamlar İttifaqının üzvü olan Nazim Şamxorovun “İşığın ecaskar əksi” adlı ilk fərdi sərgisi 2022-ci ilin mayında Bakı Xətai Sənət Mərkəzində keçirilib. Sərgidə müəllifin kətan üzərində yağlı boya texnikası ilə işlədiyi 80 tablo nümayiş olunub və sənətsevərlər tərəfindən böyük maraqla qarşılanıb.

Ziyarət Cabarova
Azərbaycan Dövlət Rəsm Qalereyasının böyük elmi işçisi, sənətşünas