Sənətin bərpası və konservasiyası.

16.02.2023 / Maraqlı məlumatlar
Sənətin bərpası və konservasiyası.

Sənətin bərpası və konservasiyası.

 Hər hansısa bir muzey və yaxud qalereyada gördüyümüz sənət əsəri sanki rəssam tərəfindən təzəcə tamamlanmış və elə rəssamın özü tərəfindən qalereyanın divarına asılmışdır. Lakin bu əsərin illər, hətta  əsrlər boyu qorunub, saxlanıldığını və bu divara asılana qədər müxtəlif proseslərdən keçdiyini unutmamalıyıq. Beş yüz, hətta daha çox yaşı olan hər hansısa bir sənət nümunəsinin sanki dünən çəkilmiş kimi sağlam və keyfiyyətli olmasının səbəbi nədir?

Bunun əsas səbəbi Avropanın incəsənət tarixində intibah dövründən bugünə püxtələşərək, tətbiq edilən, lakin bizim tariximizdə isə hələ də inkişaf etməkdə olan sənət nümunələrinin bərbası və konservasiyasıdır.

Bərpa, bəşəriyyətin tarixinə şahidlik edən bir sənət əsərinin və ya hər hansı bir obyektin qorunub saxlanması və lazım gələrsə, mümkün qədər ilkin vəziyyətinə qaytarılması üçün məhvolma prosesini dayandırmağa yönəlmiş tətbiq cəhdidir.

Rəsm əsərinin bərpası zamanı ilk addım onun çatışmayan cəhətlərini aşkar etməkdir. Sonra həmin əsər sənədləşdirilir, əsərin hekayəsi araşdırılır, onun bərpa prosesinin necə davam edəcəyinə qərar verilir. Sənət nümunəsi ultrabənövşəyi və infraqırmızı kimi texnologiyalarda yoxlanılır. İstər estetik, istərsə də struktur olaraq bərpa prosesi işin vəziyyətindən asılı olaraq başlayır. Əsərlərin bəziləri çox köhnəldiyi üçün ilk növbədə onun bərpasına diqqət yetirilir. Əgər böyük problemi yoxdursa, ya təmizlənir, ya da estetik bərpasına diqqət ayrılır.

Bu prosesdə yeganə qayda hər bir əsərin özünəməxsus və fərqli hekayəsi olduğunu bilmək və ona uyğun davranmağı bacarmaqdır. Bir bərpaçının vəzifəsi əsəri yaşatmaqdır.  Bərpa mərhələsində bir çox mütəxəssis;  konservator, kimyaçı və sənət tarixçisi birlikdə işləməlidir. Artefaktlar təkcə indiki üçün deyil, həm də gələcək üçün bərpa olunmalıdır.

Bu zaman belə bir sual doğa bilər; hər kəsin baxışı, dünyagörüşü fərqlidir... Bu zaman mütəxəsislər necə qərar verir ki, hər hansısa bir sənət əsərinin ən düzgün forması necə olmalıdır?

Bərbaçılar sənət əsərlərinə mümkün qədər az müdaxilə etməyə çalışırlar. Bəzən onlar həqiqətən nəticə əldə etməyəcəklərini başa düşərək, müdaxilə etməkdən imtina edirlər. Beləki, professional bərpaçı proses zamanı harada nə zaman dayanacağını bilməlidir.

Yağlı boya ilə çəkilmiş rəsmlər istilik, işıq, zərərli qazlar və mikroorqanizmlər kimi bir çox dağıdıcı faktorlara məruz qalır.  Yağlı boyanın bərpasında bərpaçının riayət etməli olduğu əsas prinsiplərin əvvəlində təkrar emal edilə bilən materiallardan istifadə etməsi, bərpa sahəsinə lazımi müdaxiləsi, onun orijinallığının qorunması və bütün bərpa proseslərinin sənədləşdirilməsi dayanır.

Son illərdə elmi üsullarla hazırlanmış sənədlər zədələnmə vəziyyətinin müəyyən edilməsinə və tətbiq olunacaq bərpa üsulunun müəyyən edilməsinə kömək edir.  Sənədləşmədə istifadə olunan müxtəlif texnikalar, rentgen və ultrabənövşəyi şüaların köməyi ilə laboratoriyada çəkilmiş fotoşəkillər həmin sənət nümunəsinin bərpası və bərpa prosesi üçün önəmlidir.

Rəssamlıq iki ölçülü və vizual ifadə forması olan bir sənət növüdür.  Rəssamlıq sənətini də müəyyən estetik qaydalar çərçivəsində duyğuların, hisslərin, düşüncələrin ikiölçülü müstəvidə əks olunmasına əsaslanan bir sənət sahəsi kimi xarakterizə edə bilərik. Rəssamlıq xüsusi hazırlanmış səthə adətən fırça ilə boyalar tətbiq edərək mövcud və ya dizayn edilmiş təsviri əks etdirmək vasitəsidir. Əsər rəsmi üzərində daşıyan səthdən (kətan), boyaların tətbiqi üçün xüsusi hazırlanmış təbəqədən (astar suvağı, şpak) və boya qatından ibarətdir. Boya təbəqəsi adətən lak ilə qorunur. 

 Kətan dəstəyi ilə çəkilmiş ilk rəsm əsərləri 15-ci əsrin ortalarında başlamış, 18-ci əsrdən etibarən isə Avropa rəssamlığının ən sevimli materialına çevrilmişdir. Kətanın səthi yağlı boya üçün uyğun olmalıdır. Səthin ən əhəmiyyətli xüsusiyyəti yağlı boyanı qəbul edə bilməsi, zamana davamlı olması və iş zamanı olduğu kimi quruluşunu qoruyub saxlamasıdır. Səth boya ilə birləşdiyi zaman, bir-birini tamamlamalıdır. Səthi yağlı boyadan istifadə üçün uyğun hala gətirməyə astarlama deyilir.  Bu prosesin bir çox variantı var. Toz piqment və yağın qarışdırılması ilə hazırlanan yağlı boyanın ilk istifadəsinə 11-ci əsrdə rast gəlinir.  Hər bir texnika kimi, yağlı boya texnikası da zamanla inkişaf etmişdir.  Van Eyk ilk dəfə 15-ci əsrdə yağlı boyanı ən rahat materila çevirdi. 17-ci əsrdə Rubens və Rembrant 16-cı əsr Venesiya rəssamlığının əsas materialını təşkil edən yağlı boya tablolarının ən böyük ustaları idi. Qeyd etmək olar ki,  bu gün bazarda qeyri-məhdud rəng və keyfiyyətdə yağlı boyalar satılır. Yağlıboya tabloların səthi lak ilə örtülməklə qorunur.  Hazırlanmış və işlənmiş laklara misal olaraq neft (neft), yağlı qatran, yumşaq qatran spirti, mum və sintetik qatran laklarını sadalaya bilərik.

Unutmamalıyıq ki, zamanın və ətraf mühitin təsiri ilə boya daşıyan astar təbəqəsi və kətan elastikliyini itirib və mikroorqanizmlərin təsiri ilə parçalana bilər. Hətta həddindən artıq rütubət və nəmdən şişə bilər, bu zaman astar qatını bərpa etmək və onu əvvəlki halına salamaq qeyri-mümkün, habelə ağlasığmazdır. Bəzi hallarda boya qatında çatlar, qabarcıqlar və tökülmələr baş verə bilər.  Ancaq yağlı boyanın bərpasında ən ciddi problem rəng dəyişikliyi və rəssamların istifadə etdiyi materialların zədələnməsidir.  Bu cür zədələnmələrin tökülmələrini və blisterlərini yapışqanla gücləndirməklə qarşısını almaq mümkündür. Burada əsas material  kətan olduğu üçün, bu tip zədələrdən başqa, tez-tez rəsmlərdə cırılma, perforasiya kimi problemlər yaranır. Astarda perforasiya çox böyük olsa da, kətan çox zədələnməyibsə, astardakı yırtıqları yamaq parça üsulu ilə dəstəkləmək mümkündür. Çox daha böyük perforasiyalarda isə, köhnə kətanın yeni kətanla əvəz olunmasına, örtülməsinə ehtiyac duyulur. Bu üsul maruflaj adlanır. Yağlı boyanın bərpasının ən mühüm mərhələlərindən biri olan səthin təmizlənməsində istifadə olunan materiallar çox diqqətlə seçilməlidir. Təmizləmə zamanı  köhnəlmiş, yöndəmsiz retuş, üst boyalar, səthdəki kirlər xüsusi diqqət tələb edir. Yağlı boya ilə rəsmdə zədələnmiş hissələr rəsmin quruluşuna və teksturasına uyğun olaraq yapışdırılır, xüsusilə mum, beva, hazır mastiklər və s müxtəlif üsulla yapışdırılır. Zədələnmiş hissələr doldurulduqdan sonra bərpaçının hazırladığı piqment+boya məhlulundan ibarət istifadəyə hazır alınma boyalar; akril akvarel, tempera və s. boyalarla retuş prosesinə başlanılır.  Müxtəlif retuş texnikaları vardır.  Tratteggio, illüzionist nöqtələmə texnikası, riqatino və s. ….Bu üsullardan ən uyğunu seçilir.  Retuş edilmiş sahələr yaxşıca qurudulduqdan sonra lak ilə örtülür və beləcə bərpa prosesi tamamlanır. Bütün bu proseslərdən sonra yağlı boyalı rəsmlərin xarab olmasını dayandırmaq və ya yavaşlatmaq, ömrünü uzatmaq üçün passiv konservasiya işləri aparılmalıdır.  Tabloların işıqlandırma səviyyəsi 150 lümendən çox olmamalıdır və işıq mənbəyinin UV (ultrabənövşəyi) və IR (infraqırmızı) qiymətlərinə və işıqlandırma müddətlərinə diqqət yetirilməlidir. Havanın çirklənməsinə və toza qarşı yağlı boya tablolarının saxlanıldığı məkanlar süzülmüş hava və toz təmizləyicilərlə təmizlənməli, temperaturun dəyişməsinə yol verilməməli və anbarlarda temperatur 20 dərəcədən aşağı saxlanılmalıdır.  Xüsusilə məkanda nisbi rütubətin 50-60% civarında sabit saxlanılması yağlı boyanı rütubətin mənfi nəticələrindən qoruyur və mikroorqanizmlərin əmələ gəlməsinin qarşısını alır.  Saxlanılan artefaktların sərgiləndiyi ərazilər vaxtaşırı təmizlənməli, zərurət yarandıqda mütəxəssisin nəzarəti altında bioloji proseduralardan keçirilməlidir. Yağlı boya uyğun şəraitdə və rəsmin  zədələnməməsi üçün rels sistemində və ya metal, taxta rəflərdə saxlanmalıdır.  Bərpa və konservasiya addımları diqqətlə tətbiq olunarsa, mühafizə altına alınan yağlı boya uzun illər sağlam şəkildə mövcud olmağa davam edəcəkdir.

İnsanlar yaşadıqları dövrün imkanları daxilində fərqli texnikalar taparaq mədəni irs olaraq təyin etdiyimiz daşınar və ya daşınmaz keçmişə aid maddi qalıqları qorumaq və təmir etmək üçün səy göstərmişlər. XVII əsrdən kolleksiyaçılığın yayılması ilə başlayan yağlı boya bərpasında keçmiş mənbələrə nəzər saldıqda, yağlı boya bərpası çərçivəsində aparılan əməliyyatların rəsmləri qorumaqdan daha çox məhv etməyə yönəlmiş tədqiqatlar olduğunu görəcəyik. Məsələn, 17-ci əsrdə tətbiq edilən üsullardan biri;  lakın səthdə yoxa çıxacağını düşünərək rəsmi günəşin altında saxlamaq, soğan və kartof dilimləri ilə silmək olmuşdur. Bu şəkildə tətbiq edilən bərpa işləri yağlı boyalı tabloların boya qatında və yerliyində düzəlməz zədələrə yol açıb.  18-ci əsrdə İtaliya, Fransa və İngiltərədə yağlı boyanın bərpası və konservasiyası məsələsi əhəmiyyət kəsb etmiş, konservasiya problemləri ciddi müzakirələrə səbəb olmuşdur.  Bu dövrdə fransızlar konservasiya məqsədi ilə intensiv ratualage tədqiqatları ilə məşğul olurdular. Bu tədqiqat perforasiya zamanı yırtıq astarın yenidən yamaq vasitəsilə bərpa olunmasıdır.

Amma bugünümüzdə dünyanın bir çox muzeylərində, xüsusən də Luvr və Britaniya Muzeyində artefaktların həm tədqiqi, həm də konservasiyası üçün laboratoriyalar yaradılmışdır.  Beləliklə inkişaf edən bu bərpa texnikaları hər sivilizasiyada fərqli üsullarla tətbiq olunur. Bir neçə misal gətirək;  Şimali Avropa ölkələri iqlim şəraiti və mövcud materiallarla öz yağlı boya bərpa üsullarını müəyyən etmişlər.  Yamaqları mumla yapışdıraraq, bu tətbiqi özlərinə xas bir üsula çevirdilər.  Yaponlar  nişasta, ruslar isə balıq yağı ilə yapışdırmağa üstünlük versələr də, ingilislər səthdəki lakın çıxarılmasının qəti əleyhinə olmuşlar.

Bərpaçılıq sənətinin Azərbaycanda  yaranma təşəbbüsünü ilk dəfə ötən əarin istedadlı rəngkarı kimi tanınan  Fərhad Hacıyev irəli sürmüşdür. Moskvada V.İ.Surikov adına Dövlət Rəssamlıq İnstitutunda məşhur bərpaçı rəssam İ.E.Qrabarın təşkil etdiyi Ümumittifaq bərpaçılar kursundan bu sənətin sirrlərini öyrənən sənətkar,təhsilini başa vurduqdan sonra öz doğma vətəninə qayıdaraq, Azərbaycan Dövlət İncəsənət muzeyində bərpaçı-rəssam olaraq çalışmağa başlamışdır. Onun bərpa işlərindən biri naməlum hollanm müəllifə aid olan  “Monastrapteki” tablosu olmuşdur. Fərhad Hacıyevin uğurlu bərpa işlərindən sonra  muzeyin nəzdində Mərkəzi Bədii Bərpaçılıq Emalatxanası (1971-1980- ci illər)fəaliyyət göstərməyə başlayır.

Bundan başqa, isimlərini sadalayacağımız mütəxəssislərimiz arasında rəngkarlıq üzrə Natiq Səfərov, Elmira Səfərova, Bəybala Qarayev qrafika sahəsində Xatirə Tağıyeva, Ülviyyə Şirinova, xalçaçı-rəssamlar Sima Quliyeva, Xatirə Əmirova, Gülminə Əhmədova, tikmə üzrə bərpaçı rəssamlar Ruhəngiz Əliyeva və Bəsti Əliyevanın adları vardır.

Bugün olduqca inkişaf edən bu sahənin respublikamızdakı əsas mərkəzi Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzidir. (MSXƏEBM)

 

Mənbə:

  • az
  • Giraldoni, A (1994). X-rays in Art. Bergamo : Grafica &Arte.
  • Maltese, C (2001), Le Tecniche Artistiche, Srtumenti per una nuova cultura, Guide e manuali. Mursia.

 

Azərbaycan Dövlət Rəsm Qalereyasının kiçik elmi işçisi

Nigar Hətəmova