Rəssam Rəsul Hüseynovun sənət ahəngi

16.03.2023 /
Rəssam Rəsul Hüseynovun sənət ahəngi

       Azərbaycan incəsənətinə dünya şöhrəti qazandıran sənət növləri arasında qrafika özünəməxsus yer tutur.  XX əsrin ikinci yarısında isə Azərbaycanda qrafika sənəti özünün yeni bir inkişaf mərhələsinə adladı. Qrafika - vizual vasitələrə və ifadə imkanlarına malik olan təsviri sənət növüdür. Eyni zamanda bu sənət növündə natamamlıq və lakonizm əsas bədii ifadə vasitələrindən biri kimi çıxış edir. Yaradıcılığını təsviri sənətin qrafika növündə inkişaf etdirən, Azərbaycan rəngkarlığına və qrafika sənətinə öz tövhələrini verən rəssamlarımızdan biri də əməkdar rəssam Rəsul Hüseynovdur.

      Sənətşünas Ziyadxan Əliyevin müxtəlif dövrlərdə əməkdar rəssamın yaradıclığından bəhs edən “Duyğulandırıcı cizgilər ustası”, “Torpaq və adamlar haqqında”, “Cizgilərin poetikası” adlı məqalələri çap olunmuşdur.

        Rəsul İsmayıl oğlu Hüseynov 1946-cı ildə Gəncə şəhərində anadan olub. O, 1964-1968-ci illərdə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində, 1970-1976-cı illərdə İ.Repin adına Leninqrad (S.Peterbuq) Rəssamlıq Akademiyasının Qrafika fakültəsində, 1981-ci ildə SSRİ Rəssamlıq Akademiyasında yaradıcılıq emalatxanasında təhsil alıb. Təhsili başa vurqudan sonra o, 1982-ci ildə Dövlət İncəsənət İnstitutunun “Rəsm” kafedrasında pedaqoji fəaliyyətə başlayıb, 2000-ci ildən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Qrafika” kafedrasının professoru və müdiri vəzifəsində çalışmaqdadır.

       Rəsul Hüseynov Azərbaycan rəssam və heykəltəraşlarından daha çox Qafar Seyfullayev, Maral Rəhmanzadə, Rasim Babayev, Cəlal Qaryağdı, Fazil Nəcəfov və başqalarından təsirləndiyini bildirir. 

       Onun offort, akvarel və qara qələm texnikalarında yaratdığı qrafik əsərləri özünəməxsus bədii estetikası ilə seçilir. Yüksək professionallığı, məntiqli müasir ifadə vasitələri, mükəmməl improvizələri ona müxtəlif  yaradıcılıq öhəliklərinin uğurlu həllinə imkan yaratmışdır. Əsərlərində lakonik rəng çalarları,  işıq-kölgə effektlərinin sənətkara məxsus tərzdə həlli,  süjet xəttinin dramatik və kuliminasiya nöqtəsində təsviri, gözlənilməz rakurslar və dinamika, cizgi və rəng oynaqlığı onun yaradıcılığının səciyyəvi xüsusiyyətlərindən hesab etmək olar.  Bəzən rəssam işıq və kölgə effektləri ilə gözlənilməz təzad yaradaraq əsərin kompozisiyasında dərin təəssürat yaratmaq məqsədinə çatmış olur.

      Əməkdar rəssam həmçinin, sangina və karandaş ilə çəkilmiş bir-birindən maraqlı əsərlər də yaratmışdır. Müxtəlif əmək və məişət mövzulu əsərlərində, kənd və şəhər mənzərələrində, dərin psixoloji duyumu ilə seçilən ümumiləşdirilmiş portretlərdə  lirik əhval-ruhiyyə hökm sürür və  xətlərin axıcı ritmi ilə diqqəti cəlb edir. Rəssam bəzən cizgilərin köməyi ilə yaratdığı kompozisiyaları tamamlamaqdan imtina edir, onları bilərəkdən natamam saxlayaraq, sanki son mərhələni tamaşaçıya ötürür. Bu bir növ abstrakt üslubda işləyən rəssamların əsərlərin qavrama məqamını tamaşaçının öz öhdəsinə buraxmasına bənzəyir.

       “Tələbəlik illərində Paxomov, Vetreqonski kimi tanınmış qrafika rəssamlarının emalatxanasında olub, burada 5 il təhsilini mükəmməlləşdirən rəssam altı əsərdən ibarət “Balıqçılar” qrafik silsiləsini diplom işi olaraq seçmiş və Pribaltika limanında bu silsilə üçün material toplamış, ofort texnikasında gözoxşayan lövhələr yaratmışdır. Bu lövhələr Tahir Salahov, Ömər Eldarov kimi korifeylərin diplom işlərinin saxlandığı Leninqrad Rəssamlıq Akademiyasının muzeyində saxlanılır”. Sənətşünas Ziyadxan Əliyev rəngkarın yaradıclığında “Balıqçılar” silsiləsini yüksək qiymətləndirərək qeyd etmişdir: “Əgər rəssamın onun çoxdan “tanınma nişanı”na çevrilən dəst-xətt özünəməxsusluğunun tarixçəsini izləməli olsaq, onda ilk növbədə onun tələbəliyinin nəticəsi olan diplom işini xatırlamalıyıq. “Balıqçılar” adlı qrafik silsiləsini ofort texnikasında yerinə yetirən Rəsul Hüseynov balıqçı həyatının bir-birindən fərqli altı lövhəsinə bədii tutum verməklə, həm də peşənin təzadlarla dolu səhnələrində bütünlükdə romantik ovqat yaratmağa nail olmuşdur. Lap sahilin sakitliyində tərliyinin qurudulmasından başlayan, balıq ovundan və daşınıb emal edilməsindən keçən anlar yaddaqalan cizgilərlə ifadə olunduğundan, bu altı lövhədə məkanı səciyyələndirən dramatikliklə yanaşı, həm də ağır balıqçı peşəsini şərəflə yerinə yetirən əməkçilərin obrazlarının canlandırdığı ekspressiyanı cəlbedici bir tutumda ifadə etməklə süjetlərin duyğulandırıcılığına nail olmuşdur. Qrafikanın çətin sayılan ofort texnikasında icra edilən bu lövhələrdə rəssamın nümayiş etdirdiyi yüksək rəsmetmə mədəniyyəti zamanında həmkarları tərəfindən də maraqla qarşılanmışdır. Sonradan Rəsul Hüseynovun həm də karandaşla yaratdığı lövhələrdə cizgilərin ahənginin yaratdığı şaşırdıcı “cizgi oyunu” valehedici idi desək, yanılmarıq...”

      Sənətkarın neft buruqları, qadın portretləri, təbiət mənzərələri, memarlıq abidələri, dəniz və s. kimi müraciət etdiyi mövzuları yaradıclığının rəngarəngliyindən xəbər verir. Bu o deməkdir ki, rəngkar sənətə yeknəsək və dar prizmadan deyil, geniş aspektdən baxır və məhz bu cür yanaşma ilə də öz yaradıclığını inkişaf etdirməyə müəssər olmuşdur.      

        O, Rusiyada təhsilini başa vurduqdan sonra Bakıya qayıtmış, lakin mübadilə təhsili ilə əlaqədar yenidən ölkəni tərk etmişdir. Bu dəfə rəssam Avropanın qədim tarixə malik və inkişaf etmiş ölkəsi Almaniyaya səfər etmişdir. Rəsul Hüseynovun yaradıcılığında tarixi əhəmiyyətli abidələr, ayrı-ayrı memarlıq üslublarının təsviri xüsusi yer tutur.  

       Almaniyada olduğu zamanda da, onun diqqətini məhz şəhərin memarlıq abidələri çəkmişdir. “Erfurt”, “Fəhlə”, “Dəmirçixana”, “Berlin lövhələri” və çoxsaylı şəhər mənzərələri ifadəliliyi ilə seçilən maddi və mənəvi əhəmiyyətli sənət nümunələridir.

       Respublikanın əməkdar rəssamı Rəsul Hüseynovun çəkdiyi mənzərələrdə Azərbaycan motivləri ilə yanaşı, xarici ölkələrin təbiətinə, tarixinə dair təsvirlər diqqəti cəlb edir. Onlardan bir neçəsi Şimali Kiprə həsr olunub. Şimali Kiprin Yaxın Doğu Universiteti ilə bağlanan əməkdaşlıq sazişinə əsasən 2006-cı ildə öz tələbələri ilə dost ölkədə yaradıcılıq ezamiyyətində olan Rəsul Hüseynov zəngin təsviri material toplamış, sonra da onları akvarellə çəkdiyi tablolara köçürmüşdür. Belə lövhələrdən biri “Şimali Kipr. Girna” (2007) adlanır.

       Rəssamın Kipr təəssüratını özündə ehtiva edən lövhələrdən biri də “Şimali Kipr. Liman” (2006) adlanır. Heç şübhəsiz ki, bu motiv rəssamı  ilk növbədə öz tarixiliyi  ilə cəlb edib . Aydın səma altında görüntüyə gətirilən limanın sükuta qərq olmuş aurası hər şeydən əvvəl, onun sakit səma ilə “çətirlənən” qədim görkəmində, qürur doğura bilən tutumdadır. Kompozisiyanın yuxarı yarısı ilə uyuşan bozumtul səma  və eyni zamanda görüntünü dövrələyən mavi sular göz oxşayır, uzunmüddət yaddaşdan silinmir.

        Rəsul Hüseynovun 1999-cu ildə çəkdiyi “Xəzər axşamçağı lövhəsi” bədii həllinə görə bu motivdən olan əsərlər arasında xüsusilə seçilir. Lövhədə günəşin qüruba enməsi təsiredici gücə malikdir. Məkanın ecakarlığını şərtləndirən qəribə aura da məhz gecə il gündüzün qovuşmasından doğan koloritdir. Burada dənizin üstündə pərvazlanan qağayılardan savayı demək olar ki, hər şey öz rəngini dəyişməkdədir. Günəş, dəniz, sahil, onun qarşısında sıralanan qayıqlar da günəşdən daha çox, gecəyə “yaxın” görünür, onun rənglərinə bələniblər. Amma bu duyulası rəng itkisində gözəllik ilə bərabər, romantik əhval-ruhiyyə və lirika mövcuddur. Sözlə ifadəsi bəlkə də çətin olan bu mənzərəyə sulu boya ilə bələdçilik edən Rəsul Hüseynov həcmcə kiçik olan əsərdə qəribə bir möhtəşəmliyə nail ola bilib. Doğurdan da, batmaqda olan günəşin sularda əksi, dalğaların pıçıltısı, qağayıların uçuşu belə tamaşaçını sanki ovsunlayır.

       Rəsul Hüseynovun “Qanqallar” (1996) lövhəsi rəssamın atribut seçimi ilə fərqlənir. Başqa sözlə, hamıya maraqsız görünən əşyanı, adi otu-əncəri belə bədii-mənəvi qaynağa çevirmək mümkünmüş.

       Özünəməxsus üslubu, rəngkarlıq texnikalarından düzgün yararlanması  geniş dünyagörüşlü rəssama bir çox müsabiqələrin qalibi olmasına şərait yaratmışdır. Elə Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsinin “Olimpiya, incəsənət və idman-2000” adlı sərgi- müsabiqəsində  fırça ustası “Uğuzsuz sıçrayış” adlı əsəri ilə müsabiqənin qalibi olmuşdur. At yarışları mövzusu və sulu boya texnikasında çəkilmiş bu əsər dramatik xarakterlidir. “Uğursuz sıçrayış” əsərinin mərkəzində maneələri dəf edən yarış atının uğursuz sıçrayışı təsvir olunub. Elə uğursuzluq ki, atın ayağa durmaq imkanı belə yoxdur. At, kürəyi üstə yerə yıxılmış, ayaqları göydə qalaraq çabalayan vəziyyətdədir. Arxa fonda təsvir olunmuş atlar və insan fiqurları süjeti açıqlamaq məqsədi daşıyan şərti fon rolunu oynayır. Əsərin dərin emosional xarakteri isə tamaşaçıya uğursuzluğu dərindən-dərinə hiss etmək imkanı verir. Rəssam təxəyyülünün məhsulu olan əsərin bu qədər uğurlu alınması rəssamın məhz plastikliyi düzgün verə biləsi və atın anatomiyasına bələd olması ilə bağlıdır. Müsahibələrinin birində rəssam qeyd etmişdir ki, o, vaxtilə Bakıdakı Cıdır yarışlarına getmiş  və çoxlu eskizlər etmişdir.  Əsər oradakı təəssüratlardan sonra fantaziya əsasında ortaya çıxıb.

       Rəssam yaradıcılığında Xəzərə vurğunluğunu da gizlətməyib. Onun tablolarında küləklər şəhəri Bakının ağuşunda yer almış, səngiməz küləklərdən tufanlar qoparan Xəzər daima dalğalı, dinamik və “həyacanlıdır”. “Xəzərin lovğalı dalğaları” əsəri də bu silsilədəndir.

        Sulu boyanın bütün imkanlarından yüksək peşəkarlıqla istifadə edən sənətkarın mənzərə janrındakı təsvirlərində  təbiət fərqli çalarlarda təqdim olunur. Rəssamın yaradıclığını araşdırarkən aydın olur ki, onun ən çox müraciət etdiyi payız fəslidir. Belə ki, əsərlərin bir çoxunda hadisələr payız mənzərəsi fonunda cərəyan edir. Payız mövsümündə sarı, qırmızı rənglərə boyanmış təbiətin doğma rəngini ələ keçirən rəssamın tablolarında şux rənglər daha emosional təsir gücünə malik olur.

       Rəngkarlığın mənzərə, dəzgah qrafikası, rəngkarlıq janrlarında özünü sınayan rəssam kitab qrafikası ilə də məşğuldur. O, A. Şaiqin “Ay pipiyi qan xoruz”, M.Ə.Sabirin “Uşaq və buz”, A.Səhhətin “Gün dağlara yayıldı”, Almas İldırımın “Qara dastan” əsərlərinə və bir neçə dərsliklərə illüstrasiyalar çəkmişdir.

    O, rəng çalarlarından lakonik istifadə edir, gördüyünü hiss etdiyi kimi çatdırmağa çalışır. Ətrafa, insanlara, təbiətə bəslədiyi sevgisini  tablolarında ifadə etmək məharətinə malik olduğuna görə onun bütün əsərlərində ayrı bir incəlik və zövq duyulur.

        Onun “Uzun əks-səda” əsəri Rusiyanın Dövlət Tretyakov Qalereyası tərəfindən əldə edilib və azərbaycanlı rəssam olaraq yalnız Rəsul Hüseynovun bu əsəri 1985-ci ildə çap olunmuş "XX əsrin Qrafikası" kitabına daxil edilmişdir. Sulu boya ilə təsvir olunmuş bu silsilə dörd lövhədən ibarətdir. “Quzğunlar”, “Yenilməz”, “Gözətçi” və “Xəbislərin aqibəti” adlı bu əsərlər Böyük Vətən Müharibəsinin qələbəsinə həsr olunmuşdur. Geniş bədii ümumiləşdirmələr, rəmz və metaforalar ilə zəngin əsər qeyri-adi kompozisiya həlli ilə diqqəti cəlb edir.
       Onun “Arabaçı Əşrəf” əsəri isə Moskvadakı Şərq Xalqları İncəsənət muzeyində sərgilənir. Bu qrafik tabloda misgər emalatxanası qarşısında təsvir olunmuş arabaçının daxili aləmi, kənddə yaşayan el sənətkarının gündəlik qayğıları ilə vəhdətdə verilmişdir.

       Onun natürmort janrında əsərləri də diqqətə layiqdir.  Qrafik lövhələrdə əks olunmuş “Tikanlar” silsiləsi, “Rəssamın masası”, “Yay”, “Axşam”, “Payız”, “Natürmort” əsərləri rəssam  məhz natürmort janrda yaratmışdır.

       Sənətkarın  “İçərişəhər” əsəri isə “Azərbaycan Yurdum mənim” silsiləsinin ilk əsəridir. Daha sonralar o, İçərişəhərin köhnə memarlığını dəfələrlə öz tablolarında əks etdirib. Qədim şəhərin doğma küçələri sənətkarın fırçası ilə gah əlvan rənglərə boyanmış, gah da monoton xarakter daşımışdır. “Bizim köhnə məhləmiz”, “Günəşli şəhər”, “İçərişəhər” tabloları belələrindədir.

       Rəsul Hüseynovun həyatının ayrılmaz hissəsi olan pedaqoji fəailliyyəti ona imkan vermişdir ki, bacarıqlarını tələbələrinə də öyrədə bilsin. O, 1982-ci ildən pedaqoji fəaliyyət ilə məşğuldur. Bu gün müasir Azərbaycan rəngkarlığında Rəsul Hüseynovun tələbəsi olmuş tanınmış, öz yaradıcılıq istiqamətini formalaşdırmış saysız-hesabsız sənətkarlar var.   

   Rəsul Hüseynov müsahibələrində qeyd edir: “Mən həmişə tələbələrimə deyirəm ki, diploma aldanmaq olmaz. Ən böyük diplom yaradıcılıqdır. Hər bir şəxs yaradıcılıq zamanı həqiqi rəssam olur. Yaradıcılığı olmayanı necə sənətkar saymaq olar?! Rəssamın dünyagörüşü geniş olmalıdır, o həm din, həm siyasət, həm kosmos haqqında kitablar oxumalı, biliklərə yiyələnməlidir ki, formalaşa bilsin və bütün bunlar rəssamın yaradıclığında böyük rol oynayır”.

      Sənətkarın “Nifrət”, “Dalğalı Xəzər”, “Uşaqlıq təəssüratları”, “Polad əridənlər”, “Qanqallar”, “Amerikalı qonaq” (2009), “20 Yanvar”, “1990-cı il”, “Çılpaq qadın”, “Pəri”, “Qocanın portreti”, “Portret” (1990), “Təsbehli qoca”, “Xəzər”, “Azərbaycan mənzərələri”, “Natürmortlar”,  “Çətinliyə düşmüş insan” (1995), “Uğursuz sıçrayış” və s. kimi müxtəlif janr və mövzularda təsvir etdiyi sənət əsərləri bədii, poetik imkanlara malikdir.

        Qrafikada portretin özünəməxsus xüsusiyyətləri var. Təsviri sənətin rəngkarlıq növünə üstünlük vermiş rəssamlar ilə müqayisədə  yaradıcılıqlarını bu sənət növünə həsr etmiş rəssam sayı xeyli azdır. Qeyd etmək lazımdır ki, bu əsərlər son dərəcə cəlbedicidir və özünəməxsus fərqli cəhətlərə malikdir.  Bundan əlavə, bir çox rəssamlar yalnız sadə karandaşla, bir insanın xarici görünüşünə, əhval-ruhiyyəsinə, xarakterinə bələd olmaqla, işıq və kölgə effektlərindən istifadə etməklə, əsl şah əsəri yarada bilmiş, qrafik portetlər yaradaraq öz “sözünü” demişdir. Rəsul Hüseynov da məhz belə sənətkarlardandır. Portret janrı rəssamın ən çox müraciət etdiyi janr olduğunu deyə bilərik. Onun çoxsaylı insan obrazlarının ən müxtəlif manera və formalarda əks etdirdiyi bu portretlərinin əsas xüsusiyyəti insanın real görünüşü ilə onun psixoloji vəziyyətini aydınlaşdıran tərzdə təsvir edilməsidir. Gənc yaşlarından rəssamın müxtəlif yaş təbəqələrində insanların xarakteri, onların daxili aləmi, psixolji durumu göstərmək istəyi bir-birindən maraqlı lövhələrin yaranması ilə nəticələnir.  Dünya görmüş insanların, ahıl qocaların, uşaqların, yaxın dostlarının,  hətta tanımadığı insanların cızma qara kimi görünən əslində isə böyük psixoloji amil daşıyan bu yaddaqalan obrazlar onu deməyə əsas verir ki, rəssam bu janrda kifayət qədər professionaldır və xarici bənzərliyi deyil, daxili insani keyfiyyətləri açıqlamaq məqsədi daşıyır. Onun portret janrında işlədiyi “Qoca kişi” əsərində qocanın ənənəvi görkəmini itirmiş əzalarının daşıdığı ağrıları,  onun alınının dərdə bələnmiş qırışları, qıyılmış gözü, kip sıxılmış dodaqları deyilənləri çox gözəl əks etdirir.

      O, bir çox tanınmış şəxsiyyətlərin simasını təsvir etməklə də portretlər yaratmışdır. Bunlardan tanınmış muzeyşünas Martin Rot, dünya şöhrətli azərbaycanlı alim “Elm azarkeşi Lütfi Zadə”-nin, tələbəlik  illərinin dostu, rəssam Klim Li-nin və s. bu səpkidən bir çox portretlərin müəllifidir.

        Rəssam bununla yanaşı öz avtoportretini də yaratmışdır. O, cizgilər,  işıq və kölgənin köməyi ilə portretlərini yalnız simasını çəkməklə kifayətlənmişdir.

       Onun “Bezmiş” əsəri də portret janrında çəkilmişdir. Burada yaşlı, yorğun qocanın  profildən görünən simasında min bir əziyyət və narazılıq duyulur. Üzündəki qırışlar, qocalıqdan yığılmış dərisi rəssam tərəfindən elə ustalıqla həll edilmişdir ki, sadəcə cizgilərin ağ və qara rəngin köməyi ilə yaradılmış bu sənət əsəri insanda istər-istəməz təəccüb və heyrət yaradır. Rəssam sadə qələmin köməyi ilə ustalıq nümayiş etdirmiş və güclü fırça ustası olduğunu sübut etmişdir.

       Rəssamın ofort, akvarel və qara qələm texnikalarında yaratdığı qrafik əsərlər özünəməxsus bədii estetikliyi ilə seçilir. Sənətkarın neft buruqları, portretlər, təbiət mənzərələri, memarlıq abidələri, dəniz və s. kimi müraciət etdiyi mövzuları yaradıclığının rəngarəngliyindən xəbər verir. Bu o deməkdir ki, rəngkar sənətə yeknəsək və dar prizmadan deyil, geniş aspektdən baxır və məhz bu cür yanaşma ilə də öz yaradıclığını inkişaf etdirməyə müəssər olmuşdur.

        Sənətkarın yaradıcılığı bir çox sənətşünasların diqqətini çəkib, onun müasir Azərbaycan rəssamlığına verdiyi tövhələr və üslubiyyəti haqqında dissertasiyalar, elmi və publisistik məqalələr yazılıb.

         Rəsul Hüseynovun yaradıcılığı sənət biliciləri tərəfindən həmişə yüksək qiymətləndirilib. Odur ki, 2006-cı ildə o, əməkdar rəssam fəxri adına layiq görülüb,  2021-ci ildə isə “Tərəqqi” medalı ilə təltif edilib.

 

Azərbaycan Dövlət Rəsm Qalereyasının kiçik elmi işçisi

Dürdanə Qurbanova