XƏBƏRLƏR
Sözün bitdiyi an rənglər danışır...
Əməkdar rəssam İsa Məmmədov 1956-cı ilin 5 martında Zəngəzur mahalının Qafan rayonunda dünyaya göz açıb. İncəsənətə kiçik yaşlarından həvəs göstərib, məktəb illərində rəssamlıq və musiqi ilə məşğul olub. Qarmon ifa etməyi məharətlə bacaran İsa bu sevgisinin keçici olduğunu, rəssamlığın ona daha yaxın, doğma olduğunu anlayır. Beləliklə, 1974-cü ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə daxil olur.
İlk müəllimi olan Rəşid Heydərzadədən sənətin incəliklərini sevgi ilə mənimsəyir. 1979-cu ildə məktəbdə təhsilini başa vurur. Sonra bir müddət Moskvada da rəssamlıq dərsləri alır. Oradan qayıtdıqdan sonra 1982-ci ildə indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rəngkarlıq fakültəsinə daxil olur. Mikayıl Abdullayev, Nadir Əbdürrəhmanov, Böyükağa Mirzəzadə kimi böyük rəssamlardan dərs alır. Diplom müdafiəsi zamanı istedadlı rəssam zəhmətkeş kəndli qadınlar mövzusunu seçir. Kətan üzərində yağlı boya texnikası ilə “Lerik qadınları” adlı çoxfiqurlu kompozisiyasını ərsəyə gətirir. Kənd həyatı, üzərində tarixi geyimlərimiz olan qadınların obrazları əks olunan tablo müəllimləri tərəfindən çox bəyənilir. 1988-ci ildə ali təhsilini də tamamlayan rəssam daim yaradıcılıq axtarışında olaraq, müxtəlif miqyaslı sərgilərin iştirakçısına çevrilir.
İsa Məmmədovun əsərlərinə nəzər yetirdikdə onun yaradıcılığını səciyyələndirən ifadə tərzinin impressionizm üslubu ilə yaxınlıq təşkil etdiyini deyə bilərik. Yaradıcılığında zaman-zaman müxtəlif janrlara müraciət etsə də, daha çox mənzərəyə üstünlük verən rəssam bu janrda rəngarəng tablolar ərsəyə gətirir. Mənzərə janrı vasitəsilə o, əhatə olunduğu gerçəkliyi, təbiətdən ilhamlanaraq aldığı xoş təəssüratlarını sənətsevərlərə özünəməxsus bədii şərhlə çatdırır. Əsasən kətan üzərində yağlı boya texnikasında əsərlər yaradan rəssam işıq-kölgədən məharətlə istifadə edir.
Onun yaradıcılığını fərqləndirən ən önəmli xüsusiyyətlərdən birincisi Bakı mövzusuna xüsusi diqqət ayırmasıdır. Paytaxtımıza insanların görmədiyi baxış bucağından baxaraq təsvir etdiyi əsərlərinin mövzu sərbəstliyi, kompozisiya quruluşu, real həyata olan lirik, romantik baxışının canlı şahidi oluruq. Buna misal olaraq onun “Bakı mənzərəsi”, “Dənizkənarı Milli Park”, “Paytaxtın Nizami küçəsi”, “Payız” adlı mənzərə əsərlərini qeyd edə bilərik. Hər bir tablosunu fərdi müşahidələrinə və ilkin təəssüratlarına əsaslanaraq təsvir edir. Fəsillərin bir-birini əvəz etməsi ilə təbiətdə, açıq havada daim dəyişən rənglərin ahəngi rəssamı yeni əsərlər yaratmağa sövq edir. Rəssam rəngarəng koloriti vasitəsilə Bakının müxtəlif fəsillərdə olan yaddaqalan görüntüsünü yaratmağı üstün tutur. Şəhəri ilin müxtəlif vaxtlarında təsvir etdiyi “Bakı motivi”, “Vağzalyanı meydan”, “Fəvvarələr meydanı”, “Bakı. Bizim küçə”, “Bakı vağzalı” və s. kimi əsrlər bu qəbildəndir.
İsa Məmmədovun yurdumuzun dilbər guşələrindən biri olan Şəkinin ürəkaçan təbiətinə, əsrarəngiz gözəlliklərindən ilham alaraq təsvir etdiyi tabloları da diqqəti cəlb edir. Müəllif bu mənzərə əsərləri vasitəsilə Şəki təbiətinin füsunkarlığını əlvan palitrası ilə əks etdirməyə nail olur. Bu silsilədən “Şəki mənzərəsi”, “Şəki motivi”, “Şəki. Kiş kəndi” və s. əsərlərini qeyd etmək olar.
“Payız” adlı ilk fərdi sərgisini Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına qalereyasında təqdim edən rəssamın İstanbulda (2007), Almaniya paytaxtındakı Bakı-Berlin qalereyasında (2011) da sərgiləri gerçəkləşib. Əsərləri Türkiyə, Rusiya, Fransa, İtaliya, ABŞ və s. ölkələrdə şəxsi kolleksiyalarda saxlanılır. 2022-ci ildə “Əməkdar rəssam” fəxri adına layiq görülən İsa Məmmədov hazırda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Rəngkarlıq kafedrasında pedaqoq kimi fəaliyyət göstərir. Azərbaycan Rəssamlar İttifaqının və UNESCO-nun nəzdindəki rəssamlar birliyinin üzvüdür.
Ziyarət Cabarova
Azərbaycan Dövlət Rəsm Qalereyasının böyük elmi işçisi
Məqalədə "Mədəniyyət" qəzetində çap olunub.