Öz zamanının güzgüzü; pop-art sənəti…

17.03.2023 /
Öz zamanının güzgüzü; pop-art sənəti…

Hərəkat İkinci Dünya Müharibəsi başa çatdıqda və getdikcə daha çox istehlaka yönəlmiş sənaye cəmiyyətinin dinamikası bərpa olunmağa başladığı zamanlarda yaranmışdı. Populyar və ya təbii incəsənət adlanan bu hərəkatın əsas məqsədi partlayış, şok effekti yarada bilməsi idi. Pop-art hərəkatı əslində bir fəlsəfə idi və bu fəlsəfə İkinci Dünya Müharibəsinin qəzəbindən, dəhşətindən və qəddarlığından qidalanırdı.  Bu, müharibələrə, həyata, bəşəriyyəti çətin vəziyyətə salan hər şeyə qarşı bir növ “üsyan” idi.  Hətta incəsənətin özünə qarşı da üsyan hesab olunurdu. Pop-art sənət hərəkatı öz dövrünün həyat və populyar mədəniyyətin bütün aspektlərini əks etdirməsi ilə səciyyələnirdi . Bu, dövrün reallığını ifadə edən inqilabi və bədii hərəkat olmuşdur.

Bu hərəkat çərçivəsində yaradılan əsərlər təbirincə desək, o dövrdə yaşanan reallığın sosial tənqidini ifadə edirdi. Həmin dövrdə cəmiyyət əsasən istehlakçı bir kimliyə bürünmüşdü. Demək olar ki, hər bir şey kütləvi şəkildə həyata keçirilən alqı-satqının ətrafında birləşirdi. Məhz kommersiyaya olan bu maraq incəsənətə də öz təsirini göstərmişdi. Beləki, dövrün rəssamları əsasən alıcıların tələbatlarını ödəməyi öz öhdələrinə götürmüşdülər. İstehlakçılığı təmsil edən istənilən obyekt kütləvi şəkildə istehsal olunurdu. Məsələn, plakatlardan, reklam əşyaları, dekorativ aksesuarlar və s.ən çox istehsal edilən obyektlər arasında idi. Məhz belə göz aldatmacaları, bir növ sənəti bayağılaşdırır, həyatın anestezik təsirini özündə əks etdirirdi. Pop-art sənəti ilə isə rəssamlar satira və istehza vasitəsilə o dövrdə cəmiyyətdə önə çıxan prinsipləri və dəyərləri bir növ göz önünə çıxarırdılar. Bundan əlavə, bu hərəkat həm də təsviri sənətdə müəyyən edilmiş ənənəvi meyarlara olan münasibəti də dəyişməyə qadir idi. Pop-art sənətinin əsas xüsusiyyətlərindən biri dünyanın reallığını göstərmək üçün obrazlı və real dildən istifadə edə bilməsi idi. Sənətkarlar bu hərəkatı icra edərkən bir növ abstrakt ekspressionizmdən imtina edirdilər. Əsas mövzular isə şəhərlər, kino, televiziya, komikslər, sosial aspektlər və s. idi. Təqdim olunan hər bir forma ümumiyyətlə təbii və ya böyüdülmüş ölçülərə sahib idi. Əslində bir çox sənət alimlərinin fikrincə pop-art sənəti müasir incəsənətin sonu ilə postmodern sənətin başlanğıcı arasındakı incə cizgini özündə ehtiva edirdi. Bu mənada bəziləri onu müasirliyin son dəmlərinin bədii təzahürü kimi, bəziləri isə postmodernizmin sənətdə ilkin ifadələrindən biri kimi qiymətləndirirlər. Bu hərəkat kütləvi mədəniyyətdən ilham alırdı. Hər növ simvolik təsvirlər (yol nişanları, kollajlar və s.), medianın “ulduzları”, siyasi xadimlər, komikslər müraciət olunan başlıca obrazlar arasında idi. Pop sənəti düşünürdü ki, nəinki antik dövrün Venera və Madonnalarında habelə kütləvi mədəniyyət obyektlərinin özündə də gözəllik elementləri mövcud ola bilərdi. Təbii ki, bu, ziyalı və ya elit mühit üçün təxribat hesab olunurdu. Hərçənd ki, bu hərəkat incəsənətin həm də populyar mədəniyyət olduğunu nümayiş etdirirdi. Pop sənətinin ən təməl strategiyalarından biri də fiqurları və ya obyektləri kontekstsizləşdirə bilməsi idi. Məsələn, bir ədəd şorba konservi öz kontekstindən çıxaraq, bir əsərə çevrilə bilirdi. Pop-artın bu üsulunu daha əvvəl Marsel Düşan və dadaistlər istifadə etmişdir. Bu hərəkatı təmsil edən sənətkarlar virtuozluğu bir dəyər kimi üstün qəbul etmirdilər. Pop sənəti ilk baxışda olduqca bəsit görünürdü; lakin o, çox yenilikçi idi, çünki o, təsviri sənətə komiks üslublarını, tekstil ekran çapını, kollaj texnikasını, foto manipulyasiyasını kətana bəxş etmişdi. Bəzi pop sənətçiləri isə daha radikal idilər, onlar interaktiv hadisələr və şoular hazırlayır, sənət kolleksionerliyinə və sənəti əmtəələşdirməyə zərbə vururdular. Pop sənətinin bir başqa maraqlı xüsusiyyəti, onun uyğunsuzluqlardan ibarət olması idi. Buna görə də, bu hərəkat sənət sevərlərə zahirən bir-birinə uyğun gəlməyən və təxribat xarakteri daşıyan obrazlar təqdim edirdi. Pop-art adətən intellektual bir sənət üslubu kimi qəbul olunmasa da, bu üslubun əsərlərində kifayət qədər yumoristik cəhətlər mövcud idi. Əsasən də sənətkarlar buna 50-ci illərdə anqlo-sakson cəmiyyətinin bayağı aspektlərini satirikləşdirmək məqsədi ilə müraciət edirdilər. Pop-artın təxribatçı, təhrikedici və mübahisəli bir sənət olduğu fikrini isə müdafiə edənlər çox idi. Pop sənətini icra edənlər həm də, tənqidçilərin, sənət tarixçilərinin rolunu, muzey anlayışını, seçim meyarlarını, muzeyşünaslığın prinsiplərini sorğulayırdılar.

Bu baxımdan təəccüblü deyil ki, “pop-art” termini ilk dəfə müharibədən sonra böyük iqtisadi sıxıntılar yaşayan Böyük Britaniyada yaranmışdı. 1940-cı illərin sonlarında “Müstəqil Qrup”un rəssamları ilk dəfə Britaniya cəmiyyətinin tənqidinin bir hissəsi kimi məşhur jurnallarda tapdıqları Amerika həyat tərzinin ideallaşdırılmış şəkillərini mənimsəməyə başlamışdılar. Tənqidçi Lourens Allouey və rəssam Riçard Hamilton bu terminin müəllifləri hesab olunmaqdadırlar. “Populyar mədəniyyət” ifadəsindən doğan və dünyada “pop-art” kimi tanınan bu cərəyanın adı  Lourens Alloueyin öz bədii rubrikasında yazdığı məqalədə çəkilmişdi. Riçard Hamilton özü də “Müstəqil Qrup”un təmsilçisi idi. Onun, qrupun 1956-cı ildə Londonda təşkil etdiyi "Bu sabah idi" adlı sərgisini elan etmək üçün yaratdığı məşhur “Bugünkü evləri bu qədər fərqli və cəlbedici edən nədir?” kollaj nümunəsi pop-art kontekstindədir.

“Hər hansısa bir sənət nümunəsi rəssamın nəzərdə tutduğu müddətcə sənət ola bilər.”; bu fikir Marsel Düşana aiddir. Marsel Düşan məhz müasir incəsənət anlayışının ilk müdafiəçiləri arasında yer almaqdadır. Bir başqa tanınmış sənətkar Robert Rauşenberqin "sənət və həyat arasındakı uçurumda yaratmaq" arzusu isə onu pop-arta istiqamətləndirən əsas deviz hesab olunurdu. Heykəltəraş Klas Oldenburq “The Store”u yaradaraq, boş bir vitrinə bənzər instalyasiya nümunəsində markalı istehlak mallarının kobud şəkildə işlənmiş heykəllərini nümayiş etdirmişdi. Hər bir rəssam öz baxış tərzi və tənqid üslubundan istifadə edərək bu sənətə öz yanaşmasını aşılayaraq bu cərəyana fərqli bir ölçü bəxş edirdi.  Məsələn, Tom Vesselman “The Great American Nudes” adlı əsərlərində simasız cinsi obyektləri təsvir etmişdi.  Məhz bu bədii və mədəni kontekstdə pop sənətçiləri 1960-cı illərin əvvəllərində öz fərqli üslublarını inkişaf etdirirdilər. Populyar mövzunun aydın təsvirləri ilə səciyyələnən rəssam, ümumbəşəri həqiqətlərin və fərdi ifadələrin əksi kimi abstraksiyanı qəbul edən müasir rəssamlığın standartlarına zərbə vurmuşdu.

Şotlandiyalı rəssam və illüstrator Eduardo Paolozzi 1947-ci ildə çəkdiyi “Pin-up qız” isimli çalışması ilə əslində bu hərəkatın ilk müəlliflərindən hesab olunmaqdadır.  Lakin Paolozzi əsl şöhrətinə 1952-ci ildə “Bunk!” isimli kollaj nümunəsini təqdim edərkən nail olmuşdu. Böyük səs-küyə səbəb olan kollaj seriyası Paolozzinin populyar mədəniyyət və texnologiyaya olan marağı ilə yanaşı, Amerika istehlak vərdişlərini də olduqca yiyələnməsini ortaya qoyurdu.

Pop-art ilk dəfə İngiltərədə yaranmış olsa da, qısa müddətdə istehlak cəmiyyəti deyildikdə ağıla ilk gələn Amerikaya qədər uzanıb, yayıla bilmişdi.  İstehsal etdiyi  pop-art əsərləri ilə adından dəfələrlə söz etdirən Roy Lixtenşteyn, xüsusilə reklam və komiks elementlərindən istifadə etdiyi əsərləri ilə o dövr üçün diqqətçəkən və çox təsirli əsərlər ərsəyə gətirən,xüsusilə də uşaq ruhu ilə seçilən aktual sənətkarları sırasında idi. Bir digər isim isə pop-artı dünyaya sevdirən, qeyri-adi sənəti, həyatı və üslubu ilə tanınan, ən böyük sənət əsəri elə "özü" olan, şıltaq və xarizmatik sənətkar Endi Uarholdur. Uarhol hər şeyin indi qablaşdırılaraq, konserv şəkildə təqdim edildiyi bir dünyada yaşadığımızı, “Kempbell şorba qabları” və “Yaşıl Coca Cola şüşələri”kimi kütləvi mədəniyyətə aid əşyaları bir araya gətirərək kollektiv şəkildə çəkdiyi əsərləri ilə çatdırmaq istəyirdi. Gümüş saçlı, özünəməxsus üslubunu pop-sənətində əks etdirən bu qeyri-adi insan həyatda hər bir duyğu, əşya və hadisəni “pop-art hər kəs üçündür” anlayışı çərçivəsində qiymətləndirirdi

Uarholun ən tanınmış əsərləri arasında Merilin Monro, Elvis Presli və Elisabet Teylor kimi məşhur simaların əsas rənglərlə çəkilmiş portretlərini sadalamaq olar ki, bu gün də bir çox yerdə dekorativ məqsəd ilə istifadə olunmaqdadır. 4 avqust 1962-ci ildə Merilin Monronun faciəvi ölüm xəbəri ilə Uarhol onun ən məşhur əsərlərindən birinə çevriləcək silsilə əsərini icra etməyə başlamışdı. Endi Uarholun “Bir gün hər kəs 15 dəqiqə məşhur olacaq” ifadəsi bu gün də məşhurdur. O, bu ifadə ilə pul, şöhrət və uğur ideallarının hər bir şeydən əvvəl gəldiyini, həddindən artıq istehlakın mənimsənildiyi yeni həyat tərzini bu sözlərlə izah edirdi. Rəssam həm də populyarlıq anlayışına ironiya ilə toxunmağı hədəfləyirdi. Pop-artın "superstarı" adlandırılan Endi Uarhol, Nyu-Yorkda “Factory” adlandırdığı emalatxanasında fəaliyyət göstərirdi. Silsilə əsərlərdə canlandırdığı Merilin Monronun portreti üçün Uarhol 1953-cü ildə aktrisanın rol aldığı “Niaqara” filminin çəkilişləri zamanı Gene Kornman tərəfindən çəkilən fotoşəkildən ilhamlanmışdı.  Şübhəsiz ki, bu serial bütün Merilin obrazlarının ən yaddaqalanı olmuşdu.  Serigrafi (ipək çap) və ya ekran çapı texnikası ilə 20-dən çox nüsxədə bir araya gətirilən Merilin diptixində Uarhol davamlı olaraq mətbuatda yer alan məşhur ulduzun varlığını bir də öz aspektindən xatırladmağı  hədəfləyirdi. Canlı rənglər ilə yanaşı qara və ağın güclü kontrastı isə Monronun ölümünü simvolizə edirdi.

Uarhol təkcə kütləvi istehsal olunan obyektlərə diqqət çəkmirdi;  O, 150-yə yaxın qısametrajlı və uzunmetrajlı filmləri ilə də sənət dünyasına təsir göstərirdi.  Endi Uarholun "Çelsi Qızları" (1966) filmi nümayiş etdirilən ilk "underground" film idi.  “Empire” filmində isə 8 saat boyunca “Empire State Building”i sabit bir nöqtədən izləyən Endi Uorhol filmi mənasız olaraq tənqid edildiyində, hazırcavab rəssamın müdafiəsi gecikməmişdi. O bu tənqidləri belə cavablandırmışdı;“Eynən həyat kimi...”

Uarhol çətin bir uşaqlıq keçirmişdi. Gənc yaşlarından etibarən isə yaşadığı xəstəlikləri, ağrıları basdırmaq niyyəti ilə bütün duyğularını sənətinə əks etdirən rəssam, istifadə etdiyi sənət materialları və üslubu  ilə dərdlərini dünyaya anlatmağa çalışırdı. Bu mənada məhz bu pop-sənəti onun istədiyi və ehtiyac duyduğu əsas vasitəçi idi.  Çünki bu sənətin içində üsyan, tənqid, qəzəb, yumor, ən əsası isə sənətin hüdudsuzluğunu simvolizə edən azadlıq var idi.  Əsərlərini afişa və çap texnikası ilə çoxaltmaqla həm cəmiyyətin perspektivinə reaksiya verir, həm də maarifləndirirdi.  O, bütün əsərlərində rəsmdən, ipək çapdan, videodan, heykəltəraşlıqdan, musiqidən istifadə edib.

60-cı illərə iz qoymuş digər mühüm Pop Art əsərləri arasında Roy Lixtenşteynin “Whaam!” və Uarholun 2013-cü ildə 105 milyon dollara satılan “Gümüş Avtomobil Qəzası (İkili Fəlakət)” əsərləri gəlirdi.  “The Beatles” qrupunun səkkizinci albomu “Sgt.  Pepper's Lonely Hearts Club Band”ın üz qabığı da məşhur adların və tarixi şəxsiyyətlərin yer aldığı təsirli və rəngarəng obrazı ilə Britaniya Pop sənətinin ikonik nümunəsi hesab olunurdu. 1968-ci ildə radikal feminist qruplarının üzvü Valeri Solonas tərəfindən silahla vurulan Endi Uarhol sağ qalsa da, sağlamlığı heç vaxt əvvəlki kimi olmamışdı.  Endi Uarhol "Drella" adlandırdığı alter eqosu ilə, anasına duyduğu hədsiz məhəbbəti ilə və bitib-tükənmək bilməyən əyləncə hissi ilə cəmiyyət tərəfindən həmişə tənqid edilən və qəribsənən bir şəxsiyyət olmuşdu. Halbuki, video sənəti ictimaiyyətə ilk təqdim edən və ölümündən 2 il əvvəl kompüterlərin sənətə təsirini kəşf edən də məhz həmin rəssam idi. Uarhola qarşı sui-qəsd cəhdi təkcə Uarholun bədii karyerasına təsir göstərməmişdi;  Bu, Pop Artın şöhrət qazandığı illərinin sonunu da sürətlındirən faciəvi bir hadisə idi.  Buna baxmayaraq, 20-ci əsrin ən mühüm sənət cərəyanlarından biri olan Pop Art bu gün də moda, incəsənət, media və reklam sektorlarının ilham mənbəyi olmağa davam etməkdədir. Əvvəla, pop-art güclü rəngləri, canlılığı, əyləncəli oluşu və anlaşıqlılığı ilə geniş kütlələrin diqqətini çəkməyi bacarır. Bir sözlə, bu sənət cərəyanı həm ənənələri rədd edir, həm də ondan istifadə edərək yeni ənənə yarada bilir.  Pop-artın rəsmi dili;  reklam filmlərində, fotoşəkillərdə, jurnallarda, qəzetlərdə və buna bənzər yerlərdə şux rənglər ilə fiqurun birləşməsidir. Bundan başqa, pop-artın özünəməxsus və güclü cəhəti odur ki, izləyicini çaşdırmağa müvəffəq olur. Pop-art sənətkarları həmçinin kommersiya ekran çapı kimi dizayn sənayesi proseslərini mənimsəmiş və ətraflardakı dünyada reklamları, bilbordları, kataloqları və digər marketinq təbliğatını təqlid edən yüksək qrafik təsvirlərdən də istifadə etmişlər. Bu səbəbdən üslub ilkin olaraq “təbliğat sənəti” kimi tanınırdı. Bəzilərinə görə pop-art digər ənənəvi sənət cərəyanlarından daha mənasız və lazımsız görünürdü. Parlaq rənglər, məşhur təsvirlərdən istifadə, sadə formalar və qalın konturlar bu üsıubun əyləncəli bir sənət növü olduğu təəssüratını yaratsa da, buna baxmayaq, pop-art hərəkatı incəliklər və sosial şərhlərlə doludur. Əslində daha ətraflı düşündükdə, müasir dünyanın demək olar ki, hər bir şeyə biləvasitəli şəkildə toxunduğunu görmək mümkün olur. Ətraf mühitdən tutmuş məşhurların şəxsi həyatına qədər hər şey istehlak və tənqid üçün bəşəriyyətə əlçatandır. Pop sənəti də hər şeyin bir-birinə bağlı olduğunu göstərmək üçün müxtəlif mədəniyyət elementlərini bir araya gətirərək bu yanaşmanı özündə əks etdirir.

İngilis pop sənəti Amerikanın pop sənətinə bir qədər yumoristik, romantik və sentimental yanaşsa da, amerikalı sənətçilər adətən daha aqressiv və cəsarətli pop sənəti yaradırdılar. İngilislər Amerika istehlakçılığının reallıqlarından uzaqlaşmışdılar, amerikalı rəssamlar isə müntəzəm şəkildə  bunları ifşa etməyə çalışırdılar. Neo-Dadadan Pop-arta keçiddən sonra bütün dünya rəssamları öz əsərlərində populyar mədəniyyətdən istifadə etməyə getdikcə daha çox maraq göstərdilər.

Hələ də öz təsirini itirmədən, sənət dünyasında aktuallığını qoruyub saxlaya bilən üslublar arasında sadalanan pop-artın müasir təmsilçiləri vardır.

Yayoi Kusama, bugün "Nöqtələr Ustası", "Xallı Kraliça" kimi tanınan, pop-art üslubunda yaradan yapon rəssam bu hərəkatın yaşayan ən böyük əfsanəsidir. 

Yapon rəssamı Yayoi Kusamanın Uorhol və Lixtenşteyn kimi pop sənəti ilə əlaqəsinin kökləri 1960-cı illərə və Nyu-Yorka gedib çıxır. 1950-ci illərdə incəsənət təhsili üçün olduğu ABŞ-da daha çox abstrakt ekspressionist əsərlər yaradarkən, 1960-cı illərdə pop-artın həyəcanlı yüksəlişindən təsirlənən Kusama bu sahədə iz qoyacaq əsərlər yaratmağa başlayır. Uşaqlıq illərində yaşadığı travmalarla çılpaqlığı və seksuallığı sənətinin mühüm bir hissəsi hesab edən rəssam, gördüyü hallüsinasiyaların təsiri ilə əsasən ləçəklərdən, çiçək naxışlarından istifadə edir.  1993-cü ildə Venesiya Biennalesində qurduğu instalyasiya nümuməsi ilə dünyanın ən nüfuzlu müasir rəssamları arasında adı çəkilən rəssam moda, ədəbiyyat və kino, eləcə də konseptual incəsənət sahələrində də əsərlər hazırlayır. Kusama son zamanlar nəhəng miqyaslı instalyasiyaları ilə muzey/qalereya ziyarətçilərini valeh edir. Üslubunda və şəxsiyyətində, eləcə də əsərlərində populyar mədəniyyət obrazlarını və parlaq rəngləri əks etdirən Kusama anime personajlarından ilhamlanaraq parlaq rəngli paltarları və rəngli parikləri ilə də diqqət çəkir. Yayoi Kusamanın "Sabahın çiçəkləyən gülləri" (Flowers that Blossom Tomorrow) əsəri Heydər Əliyev Mərkəzinin daimi ekspozisiyasında, 2014-cü ildə nümayiş olunmuşdur.

Bundan başqa, Azərbaycanda pop-art janrında Heydər Əliyev Mərkəzində məşhur amerikalı rəssam Endi Uorholun "Həyat, ölüm və gözəllik" isimli sərgisi keçirilmişdir.

Avropanın 6 rəssamı - italiyalı Renzo Nukara (Renzo Nucara), Marko Veronez (Marco Veronese), Kikko (Kicco), fransalı Aleks Anci (Alex Angi), belçikalı Karlo Rizzetti (Carlo Rizzetti), Vilyam Svitlav (William Sweetlove) bir araya gələrək yaratdığı  "Cracking Art Group”un Heydər Əliyev Mərkəzinin parkında əsərləri sərgilənmişdir.

Azərbaycanlı sənətkarlar arasında da pop sənətini öz yarardıcılığında tətbiq edənlər vardır. Onların arasında İrina Eldarova, Ramina Saədətxan, Xurşidbanu Ələkbərovanın, həmçinin Qənbər Qənbərov və Royal Paşayevin isimlərini çəkə bilərik.

Nigar Hətəmova

Azərbaycan Dövlət Rəsm Qalereyasının kiçik elmi işçisi