Azərbaycan Dövlət Rəsm Qalereyasının Fondunda Şuşa sevgisi

12.07.2023 / Yeni nəşrlər
Azərbaycan Dövlət Rəsm Qalereyasının Fondunda Şuşa sevgisi

Şuşa sevgisi uzun bir emosional ekstazdır, gücü fiziki və emosional zərbələrə qalib gələ biləcək qədər qiymətlidir. Bu duyğu güclü və bir çox fədakarlıq istəyən bir  hissdir. Bu sevgi bütün türk millətinin qəlbində özünə yer etmişdir. Tez-tez qəhrəmanlıq dastanına çevrilən bu sevgi tarixdə sarsılmaz izlər buraxmışdı. Biz bu sevgini incəsənətdə də çox aşkar görə bilirik. İlk öncə diqqətimizi Vətənin qiymətini, müqəddəsliyini, kətana köçürərək bizlərə yaşatdığı bu dərin sevgini hiss elətdirən tanınmış kino rəssamı, Dövlət Mükafatı Laureatı, Azərbaycanın Xalq Rəssamı Mayis Ağabəyovun zəngin yaradıcılığı cəlb edir. Ömrünü kino və təsviri sənətin inkişafına həsr edən, öz istedadı və bənzərsiz sənəti ilə seçilən Mayis Ağabəyovun adı Azərbaycan kinematoqrafiyası tarixində xüsusi yeri olan “Nəsimi”, “Babək”, “Nizami” kimi mürəkkəb quruluşlu tarixi filmlərin yaradılması ilə bağlıdır. Dərin psixoloji dram janrında olan və mənəvi dəyərləri özündə əks etdirən “Xoşbəxtlik qayğıları”, “Təkcə adanı özünlə apara bilməzsən”, “Keçən ilin son gecəsi”, “Burulğan”, ”Özgə vaxt”, “Nə gözəldir bu dünya”, “Məkanın melodiyası” filmlərində isə Mayis Ağabəyov rejissorun ekranda yaradacaq mühiti və qoyduğu məqsədi hiss edərək, qəhrəmanların xarakterlərinə, duyğularına və zamanın tələbinə uyğun dekorasiyalar yaratmış və onun eskizləri ümumiyyətlə filmin vizual ahənginə və plastik həllinə istiqamət vermişdir. Zəngin  yaradıcılıq irsinə malik rəssamın qəlbindəki Şuşa həsrəti və bu həsrətin daha da çoxaltdığı sevgisi  “Şuşa” adlı əsərində öz əksini tapmışdır. 

Doğma vətənin gözəlliklərindən, əsrarəngiz və  qeyri-adi möcüzələrindən zövq alan və onu öz əsərlərində əks etdirən bir digər rəssam Tağı Tağıyevdir. Tağıyevin yaradıcılığının əsas leytmotivini də təbiət mövzusu, onun sirlərlə dolu həyatı təşkil edir. Məhz elə bu vurğunluğun nəticəsidir ki, rəssamın “Şuşa mənzərəsi” adı altında müxtəlif əsərlər seriyası ərsəyə gəlmişdir.

Əsərdə doğma Şuşaya olan həsrət heç də konkret bir mənzərə kimi verilməmiş, əslində rəngarəng ləkələrin nisbətində və mənalı fakturada işıq dalğalarının müəyyən rəqsini yaratmaqla keçirdiyi eyni hisslərin tamaşaçılara işıq tək əks etdirilməsidir. Birinci planda yerləşdirilən realistik və dəqiq təsvir edilmiş yaşıllaşmaqda olan otlar və yeni açan çiçəklərin fraqmenti əsərin əsas məzmununun mücərrəd tərənnümünü gücləndirir. Bu mənzərə Tağı Tağıyevin özünəməxsus dəst-xətti ilə işlədiyi, Şuşaya olan dərin hisslərinin və sevgisinin tərənnümüdür.

Yaradcılığını duyğuları ilə istiqamətlərin rəssam Şuşaya olan sevgisini bir əsərlə kifayətləndirməmiş bu sayı daha da artıraraq müxtəlif əsərlərə öz imzasını fərəhlə çəkmişdir.  Şuşa mənzərəsinin saysız gözəlliklərini çəkməklə kifayətlənməyən rəssamın bir digər əsəri “Şuşa mənzərəsi” seriyasının növbəti nümunəsidir.

Bu mənzərənin digər mənzərələrdən fərqləndirən ən önəmli nüans Şuşa torpaqlarının heyrətamiz ətrinin sanki bütün kompozisiyanı bürüməsidir. Bu baxımdandır ki, rəssamın mənzərələri çox səciyyəvidir. Əsərdə məkan – zaman sonsuzdur, tükənməzdir. Rəssam kompozisiyada məkan və zaman varlığın xarakteristikasından yola çıxaraq sevgi və həsrət kimi hisslərə keçid açmışdır. Dünyanın əvəzsiz sərvət və nemətlərindən olan Vətənə, torpağa olan sevgi Tağı Tağıyevin əsərlərində insan təfəkkürünə birbaşa əks olunmuşdur. 

Rəssam başqa bir lövhəsində Şuşa həsrətinin çox dərin olduğununu səciyyəvi detallarla göstərmişdir.

Kompozsiyada təbiəti insan siluetlərinin bəzəməsi diqqətmizi çəkir. Gənc qadın və az yaşlı qızların bəzədiyi fonda rəssam bizə təbiəti bəzəyən ən gözəl çiçəklərin xanımlar olduğunu aşılamışdır. Dağların qoynunda çiçək tək gözəllik bəxş edən qadın fiqurları mövzunun mahiyyətinə güclü təsir göstərmişdir. Əsərdə diqqəti cəlb edən ən vacib məqam rənglərin və cisimlərin müəyyən fiziki xüsusiyyətləri ilə eynilik təşkil etməsidir. Qadınların üzü təsvir edilməyib, dəri rəngi bir qarışım yayılıb üzünə-gözünə qəribədir ki, üzləri  təsvir edilməsə də, üz ifadələri var sanki... Sevincli, gülərüz bir sima canlanır çəkilməmiş üzlərində... Qara saçları ilə rəngbərəng paltarları uyum təşkil edən bu qadınlar təbiətin füsunkar gözəlliyini tamamlayır. Küləyə qarşı irəliləməyə çalışan bu qadınların irəliləməkdə çətinlik çəkməklərinə baxmayaraq simaları bir təbəssüm tək tumurcuqlayırdı. Ümumən isti bir duyğu oyadan rəsm kompozisiya baxımdan çox rəngarəng və estetik təsirə malikdir.  

Tağı Tağıyevin özünü, ruhunu, istedadını gördüyümüz Şuşa mənzərələrinə həsr etdiyi adını çəkmədiyim bir çox nümunələr Azərbaycan Dövlət Rəsm Qalereyasının fond sıralarını bəzəmişdir.

Qarabağ ruhu ilə boya başa çatmış Şuşa sevgisi ilə böyümüş yaradıcılıq yolunda bir çox uğurlara imza atmış Elşən Hacızadənin “Günəşli Şuşam” adlı əsəridə həmçinin fond sıralarında öz yerini tutmuşdur.

Əsərdə çılğınlığı və gözəlliyi ilə seçilən Qarabağ atının ecazkar gözəlliyi əks edilmişdi. Atın təsvirini gözəlliyi ilə tamamlayan qadın fiquru kompozisiyanın mərkəzinə yerləşdirilmişdi. Arxa fonda dağ qoynunda yerləşən evlərin təsviri kompozisiyaya ayrı bir gözəllik bəxş etmişdir. Qara saçları rəngli geyimi ilə bir vəhdət halında təsvir edilmiş qadın obrazı saflığın nişanəsidir.

Azərbaycan Dövlət Rəsm Qalereyasında təsviri sənətin çoxəsrlik tarixi ilə tanışlığımız zamanı hər bir sənət əsərinin daha güclü bədii estetik tutuma malik olduğunun şahidi oluruq. 

 

Sevinc Quliyeva

Azərbaycan Dövlət Rəsm Qalereyasının əməkdaşı

Məqalə "Mədəniyyət" jurnalında çap olunmuşdur.