Göz yanılması və xəyal gücü; incəsənətdə op-art…

12.07.2023 /
Göz yanılması və xəyal gücü; incəsənətdə op-art…

Optik illüziya sənəti - "Op art" - mücərrəd sənətin bir formasıdır. Qrafik və rəng effektləri baxımından Op-Artın kökləri impressionizm, kubizm, futurizm və dadaya gedib çıxır. Lakin hərəkat, Bauhausun konstruktivist təcrübələrindən qidalanaraq, daha da püxtələşmişdir. Beləliklə, bu bədii cərəyanın tətbiqində  dalğalı xətlər, pulsasiya edən formalar və ritmik naxışlar gözümüzün qabağında canlanaraq, baş gicəlləndirən optik illüziyanı yaradır. 

Op sənəti 1960-cı illərin bədii cərəyanıdır və optik rəsm kimi də tanınır.  Burada rəng və xətt kimi elementlər optik illüziya yaratmaq üçün istifadə olunur. Əsərlər çox vaxt mücərrəd və bir çox hallarda ağ-qara olur.

ABŞ-a xas olmasa da, bu bədii cərəyan həmin ölkədə 1960-cı illərə doğru təxminən Pop Art cərəyanı ilə eyni vaxtda inkişaf edən mücərrəd sənət hərəkatlarından biri olmuşdur.

Əslində Op Art, Pop Art kimi, lakin tamamilə fərqli bir istiqamətdə, qeyri fiqurativ hərəkət sənətinə reaksiya olaraq doğulmuşdur.

Op Art termini bütün sadəliyi ilə anlaşıla bilən, asan termin kimi ortaya çıxmışdır. Lakin onun istinad etdiyi bədii anlayış müxtəlif ölkələrdən olan müəyyən sayda rəssam tərəfindən qəbul edilmiş ümumi estetik anlayışın ABŞ-a xas şərhi kimi görünürdü. Üstəlik, bu anlayış Mondrian və Van Doesburq tərəfindən qurulan neoplastisizm, konstruktivizm və supermatizm kimi mücərrəd təcrübələrin genişlənməsindən qidalanırdı.

Bütün bu təcrübələrdən əlavə, 1920-ci illərin əvvəllərində El Lissitzki və Berlew-in tədqiqatları, Pikabiyanın vizual ifadə cəhdləri (qara və ağ optik akvarellər), Man Rey və Marsel Duchampın fəaliyyəti (roto-relyeflər, 1935-1940), Vasarely-nin çoxölçülü məkan üzərində iş, xüsusilə Bauhausda dərs deyən və 1950-ci ildən sonra Yale Universitetində işləyən Cozef Albersin dərsləri gənc Amerika rəssamlarının bu üslubda yetişməsinə birbaşa təsir etmişdir.

Mürəkkəb və geniş miqyaslı “periferiyalar” (qaranlıq otaq, tunel, labirint) yaratmaq və onlara müxtəlif üsullarla canlandırılan və tamaşaçının gözündə dəyişə bilən şəkillərin proyeksiyasını ərsəyə gətirmək xeyli səy tələb edirdi.

Op Art təkcə ABŞ-a xas olmasa da, 1965-ci ildə Nyu-Yorkdakı Müasir İncəsənət Muzeyində keçirilən “The Responsive Eye” sərgisindən sonra ictimaiyyət arasında çox populyarlaşdı.  Qısa müddətdə müxtəlif disiplinlərdə televiziya reklamlarında, moda və dizaynlarda görünməyə başladı.

“Op Art” termini 1960-cı illərdə doğulsa da, bir çoxları Viktor Vasarelinin 1938-ci ildə yaratdığı “Zebra” əsərinin bu hərəkatın başlanğıcı olduğu qənaətindədir.

Bu sənətlə məşğul olan digər sənətkarlara misal olaraq;  Bridget Riley, Richard Anuskiewicz, Larry Poons, Jeffrey Steele və digərlərinin adını çəkmək olar. Xüsusilə,  Fransada Vizual İncəsənət Təcrübə Qrupunun (GRAV) üzvləri və Çili əsilli İsa Raphael Soto kimi Op Art prinsiplərini tətbiq edən rəssamlar irihəcmli heykəllərində hərəkət illüziyası yaratmaq üçün işıq və müxtəlif mühərriklərdən istifadə etmişlər.

Op Art əslində gözü aldatmaq üçün mövcud olan bir üslub olmuşdur.  Bu janrın kompozisiyaları insan beynində vizual effekt yaradaraq hərəkət illüziyası meydana gətirməyi hədəfləyir.

Op Art reallığı əks etdirmir.  Həndəsəyə əsaslanan Op Art əsərlərində rəssamın məqsədi həqiqəti əks etdirmək deyildir.  Bunun əvəzinə rəssam daha mücərrəd, forma əsaslı kompozisiyalara diqqət yetirməyə səy göstərir.

Op Art, əsasən iki texnikaya əsaslanır: perspektivaya və rənglərə…

Ümumiyyətlə, qara, ağ və boz kimi rənglərdən istifadə olunsa da, digər rənglərdən istifadə edildikdə adətən sənətkarlar yüksək kontrastlara üstünlük verirdilər.

Əsərlərdə rəng qarışığına və kölgəyə üstünlük verilmidi.  Bir rəngdən digərinə keçərkən iki yüksək kontrastlı rəng yan-yana yerləşdirilirdi.  Bu kəskin keçidlər gözləri aldadır, hərəkət təəssüratı yaratmağa nail olurdu.

Daha əvvəl də qeyd etdiyimiz kimi Viktor Vasareli 1938-ci ildə çəkdiyi “ Zebra ” əsəri ilə bu cərəyanın öncülü kimi tanınmışdır. 1906-cı ildə Macarıstanda anadan olan rəssam , op-art tarixində mühüm şəxsiyyət olmuşdur. O, texniki tərəqqinin  mərkəzində dayandığı hesab olunan Budapeştdəki Bauhausda təhsil almışdır. 1938-ci ildə çəkilmiş ''Zebra'' onun ən məşhur rəsmlərindən biridir.  Bu rəsm əsəri mücərrəd sənətin intibahını özündə təcəssüm etdirir. Kompozisiya tamamilə əyilmiş zebranın üçölçülü təəssüratını verəcək şəkildə bükülmüş qara və ağ diaqonal zolaqlardan qurulmuşdur.

Op sənətini tətbiq edən sənətkarlar arasında ən məşhuru britaniyalı rəssam Bridget Rileydir, onun 1964-cü ildə çəkdiyi “Current” isimli sənət əsəri, vibrasiyanı canlı bir şəkildə özündə təcəssüm etdirən, MoMA-nın əsas sərgisi “The Responsive Eye” üçün nəzərdə tutulan kataloq üzlüyünü bəzəmişdir. Onun sənət nümunələri əsasən həndəsi formalar, yüksək kontrast, başgicəlləndirici optik illüziyalar, qara-ağ formalar və canlı rənglərlə səciyyələnirdilər.

Karyerasının əvvəlində Riley yarı impressionist üslubda obrazlı rəsmlər yaradırdı. Təxminən 1958-ci ildən etibarən isə o, nöqtələrdən qurulmuş mənzərə təsvirlərinə keçid edir. 1960-cı ildən başlayaraq, gənc və istedadlı rəssam xanım əsərlərində optik illüziyalar və hərəkətlər yaratmaq üçün həndəsi fiqurlar, abstrakt formalar, qara və ağ xətlər və müxtəlif rənglərlə təcrübələr aparmağa başlayır. Optik illüziyalar Bridget Riley yaradıcılığının mühüm xüsusiyyəti olmaqda davam edərkən, rəssam 1967-ci ildə daha çox rəngdən istifadə etməyə başlayır. Onun əsərlərinin həndəsi formaları bəzən dalğavari hərəkət yaradan əyri xətlərlə əvəz olunurdu. Demək olar ki, başgicəlləndirici effekti olan bu rəngli və dalğavari rəsmlərdən biri 1974-cü ilə aid “Qala” əsəridir.

Tarixin ən məhsuldar və ən məşhur Op sənətçilərindən biri kimi şöhrət tapan İsa Rafael Soto Venesuelanın Syudad Bolivar şəhərində anadan olub və yeniyetməlik illərində məmləkətindəki yerli kinoteatrlar üçün afişalar yaratmaqla başlayıbmış. O, yaradıcılığa post-impressionizm və kubizm üslubunda başlamış olsa da, sonralar

Op sənətinin qabaqcıllarından biri kimi tanınmışdır.

Omar Rayo tarixin ən tanınmış Kolumbiyalı rəssamlarından biri hesab edilə bilər. Cənubi Amerikalı rəssam Rayo rəngkarlıq ilə yanaşı, heykəllər və karikaturalar da yaratmışdır. 1980-ci illərdə o, tez-tez qara, ağ, qırmızı və sarıdan istifadə edərək minlərlə abstrakt həndəsi sənət əsəri yaratdı. O, Op sənət hərəkatının aparıcı sənətçilərindən biri idi və karyerası boyunca diqqətəlayiq üslubunu inkişaf etdirməyə davam etdi. 1981-ci ildə doğulduğu Roldanillo şəhərində “Museo Rayo de Dibujo y Grabado Latinoamericano” adlı öz muzeyini açdı . Açıldığı anda onun 2000-dən çox əsəri və digər Latın Amerikası rəssamlarının 500-dən çox əsəri nümayiş etdirilməyə başlanmışdı.

Op sənəti hərəkatının qabaqcıllarından biri olan başqa bir Polşa-Amerika rəssamı Julian Stanczak olmuşdur. Onun 1964-cü ildə Nyu Yorkdakı Martha Cekson Qalereyasında “ Julian Stançak: Optik rəsmlər ” adlı sərgisi bu hərəkatın ən məhsuldar sənətkarlarından biri olduğunun sübutudur.

Heç bir rəssam rəng anlayışımıza alman əsilli rəssam, yazıçı və pedaqoq Yozef Albersdən (1888-1976) daha çox töhfə verməmişdir . Bauhausda Albers müxtəlif rənglərin bir-biri ilə qarşılıqlı əlaqəsini öyrənməyə həsr olunmuş bəlkə də ilk kursun tətbiqini həyata keçirmişdir. Bauhaus, Black Mountain Kollecində və Yale Universiteti İncəsənət Məktəbində rəng nəzəriyyəsi ilə bağlı 30 illik tədqiqatlarının toplusu olan Rənglərin Qarşılıqlı Təsiri üçün "Rəngdən səmərəli istifadə etmək üçün rəngin daim aldatdığını başa düşmək lazımdır" dedi. Albers rənglərin yalnız fiziki xüsusiyyətləri ilə başa düşülə biləcəyi fikrini rədd etdi. Əksinə, o, onların qeyri-sabit, cazibədar, xarakterini və müxtəlif kontekstlərdə özəlliklərini müşahidə etməyin zəruriliyini vurğuladı. “Əgər biri əlli nəfərə"qırmızı" - rənginin adını söyləyirsə, o zaman, həmin əlli nəfərin zehnində müxtəlif çalarlı əlli qırmızı rəng canlanacaqdır.” Albersin əsərləri rəng qavrayışına dair tədqiqatlardır. Onun 1950-ci ildə başlanmış və 25 ildən çox davam edən ən simvolik seriyası olan “Homage to the Square” buna böyük nümunədir. Bu seriyalarda Albersin rəngə metamorfozlaşdırıcı, sehrli element kimi yanaşması Op sənəti hərəkatının inkişafı üçün çox vacib idi.

Richard Anuszkiewicz, Yaledə Cozef Albersin rəhbərliyi altında rəng nəzəriyyəsini mənimsəmişdi. O,  Albersin yanaşmasından olduqca təsirlənmişdi. Anuszkiewicz 1974-cü ildə bir belə izah edir: "Əsərlərimdəki görüntü həmişə rəngdən nə tələb etdiyim ilə müəyyən edilmişdir. Rəng özü mənim mövzum ola bilir və onun tətbiq tərzi mənim rəsm əsərimə çevrilir." Anuszkiewicz bütün karyerasını xətt və rəngin manipulyasiyası yolu ilə optik effektləri tədqiq edərək möhtəşəm və zamansız sənət əsərləri yaratmağa sərf etdi.

Venesuelalı rəssam Carlos Cruz-Diez üçün rəng kətan üzərində və yüngül instalyasiyalarda çəkməyə çalışdığı göz qamaşdırıcı, keçici effektin özü idi. Onun karyerası ərzində hazırladığı heyrətamiz kompozisiyalar onu Latın Amerikasının müharibədən sonrakı ən böyük rəssamlarından birinə və Op sənəti hərəkatının aparıcı simasına çevirdi. Rəssam Ser İsaak Nyuton, Corc Seurat və Cozef Albersin xromatik tədqiqatlarına əsaslanaraq, parıldayan təzadlı rənglərdən ibarət cizgilərdən qurulmuş heyrətamiz rəsmlər yaratdı. O, bu işləri fizixromiya adlandırırdı.

Mücərrəd ekspressionizmin hakim olduğu, vəhşi və kobud təsvirlərin  zirvədə hesab olunduğu zamanlarda, Frank Stella kətan üzərində nazik xətlər ilə növbələşən qalın qara boya zolaqlarından ibarət səssiz və dəqiq “Qara Rəsmlər” seriyasını yaradaraq bir növ partlayışa səbəb olmuşdu. Onun cəsarətli, pulsasiya edən rəng zolaqlarından istifadə etməsi və MoMA-nın 1965-ci ildə "The Responsive Eye" şousuna daxil olması onun Op sənət hərəkatındakı yerini möhkəmləndirmişdi. Başlanğıcdan Stellanın məqsədi simvolik məna olmadan maksimum vizual təsir yaratmaq idi. İlk rəsmlərində o, ikiölçülülüyün hüdudlarını aşmağa çalışırdı. 60-cı illərin sonlarında Stella, İrana səfəri zamanı gördüyü İslam sənətindəki motivlərə əsaslanan “İlətici” seriyasında bu təcrübələrini kətan üzərində tətbiq etmişdi. Bu parlaq rəngli, sferik kətanlar Stellanın ən tanınan əsərlərindəndir. Daha sonra Herman Melvilin “Moby Dick”əsərindən ilhamlanaraq kütləvi multimedia relyeflərində üçölçülüliyini qəbul etdi.  Onun həm minimalizm, həm də maksimalizmlə apardığı təcrübələr onun yaradıcılığını müasir incəsənətin ən öncüllərindən biri kimi qiymətləndirməyimizə kömək edir.

Azərbaycan rəngkarlığında nadirən qarşımıza çıxan bu bədii cərəyanın ən məşhur təmsilçisi Ənvər Əsgərov olmuşdur. Onun kompozisiyalarında mpvcud olan həndəsi quruluşlar ciddi və harmonikdir. Qəfil manevralar və göz yanıltmacları rəssamın əsərlərinin ən maraqlı xüsusiyyətləridir.  

Beləki, Op-artın əsas vəzifəsi insan gözünü aldatmaq, onu mövcud olmayan şəkilləri görməyə məcbur etməkdir.  Vizual illüziyalar, ritmik təkrarlar, rəng kontrastları və təsvirə spiral və əyri xətlərin daxil edilməsi bütün bu aldatmacanın bir parçasıdır.  Belə izah etmək olar ki, izləyicilərin gördüyü hər bir şey, əslində, vizual uydurmanın gedişatında ortaya çıxan, yalnız izləyicilərim duyğularında mövcud olan individual düşüncədir.

 

Nigar Hətəmova

Azərbaycan Dövlət Rəsm Qalereyasının kiçik elmi işçisi