Şux notlarla ilahi gücün təfsiri

12.07.2023 / Maraqlı məlumatlar
Şux notlarla ilahi gücün təfsiri

Rəssam üçün yaradıcılıq yolu sonsuz, daimi axtarışlar deməkdir. İndividuallıq isə hər zaman rəssam üçün ön planda olmalıdır. Gördüklərini, hiss etdiklərini tabloya köçürə-köçürə  öz daxili aləmini yaradaraq  ruhunun ifadəsində  rəngləri naxışa çevirməklə  rəssam, öz bədii duyğuları ilə izləyicilərinin qəlbini fəth etməkdədir. Məncə o rəssam xoşbəxtdir ki,   uzaqdan baxan kimi həmin tabloların hansı  rəssama aid olduğu tamaşaçı üçün bəllidir. Bu rəssamlardan biri də məhz Asim Rəsuloğludur. Rəssamın əsərlərini nəzər saldıqca yaradıcı insan dünyasının dəyişən fantaziya və hisslərlə zəngin olduğunun bir daha şahid oluruq. Rənglərin müxtəlifliyi rəssamın qəlbinə, onun dünyasına açılan pəncərədir desek heç də yanılmarıq. 

Səmədov Asim Rəsul oğlu  (Asim Rəsuloğlu)   3 mart 1955 – ci ildə Azərbaycanın qədim şəhərlərindən biri olan Şəki şəhərində dünyaya gəlmişdir.  Uşaqlıqdan təsviri incəsənətə böyük maraq göstərməsi onu  Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinə (1971 – 1975) aparır. O, burada  dövrünün tanınmış rəssamları G.Brijyatuk, Murad Əşrəf, Kamal Əhməd və Mircavad Mircavadovun yaradıcılığından yaxşı mənada təsirlənmişdir. Ali təhsilini  Belorusiya Dövlət Teatr-İncəsənət İnstitutunun (1975 – 1980)  Monumental rəssamlıq şöbəsində alan Asim Rəsuloğlu hələ tələbə ikən öz fərqli yaradıcılıq yolu ilə diqqət çəkirdi. 1987-ci ildə Tokioda  müasir incəsənət mövzusunda keçirilən  Sovet-yapon sərgisində Asim Rəsuloğlu “Böyük dəniz” əsəri ilə iştirak edir və  qızıl medalla mükafatlandırılır.   1978- ci ildən etibarən müxtəlif sərgilərin iştirakçısı olan rəssamın ilk fərdi sərgisi Parisdə Aleksandr Qalereyasında (1991) olmuşdur.  Maraqlı burasıdır ki, ilk fərdi sərgisində özü əyani olaraq iştirak edə bilməyən rəssamın əsərləri böyük maraqla qarşılanmışdır.İlk fərdi sərgisinin Asim müəllim üçün uğurlu olması onun bir-birinin ardınca Nyu-Yorkda  ABŞ – SSRİ müasir incəsənət sərgisi ( 1992,ABŞ),  Danimarka və Sovet rəssamlarının beynəlxalq sərgisi, “7+7”, (Odens, Danimarka,1993) iştirakı ilə nəticələndi.  Daha sonra rəssamın Almaniya,  Türkiyə, Belçika və Norveçdə fərdi sərgiləri də təşkil  olunmuşdur.

Ümumiyyətlə yaradıcı insanın dünyası dəyişik fantaziya və hisslərlə zəngindir. Abstrakt təsvirlərin müəllifləri qarşılarına obyektlərin dəqiq təsvirini çatdırmaq vəzifəsini qoymasalar da  əsas məqsədləri öz yaradıcılıqları  ilə emosiyalar oyatmaqdır. Təbiət sözzuz ki, mükəmməldir və onun hər hansı surətinin çıxarılmasını mənasız hesab etməklə abstrakt rəssamlar  ətraf aləmin harmoniyasının axtarışı və ötürülməsini ön plana çəkməyə çalışırlar. Abstrakt sənət non-fiqurativ və ya predmetsiz sənət  hesab edilisə də, daha diqqətlə baxsaq ləkə və  xətlərin  hər hansı bir kompozisiyanı təmsil etdiyini görə bilərik. Asim Rəsuloğlu   isti və soyuq rənglərin ahəngindən gözəl lövhələr yaratmaqla  palitra zənginliyi, poetik əhval ruhiyyə, kolorit gözəlliyi, orijinal üslub və bacarığı ilə milli təsviri sənətimizi zənginləşdirmişdir.   Rəssamın yaradıcılıq diapozonunda  qırmızı rəngin xüsusi çəkisi vardır.  Bu  rəng damarlarımızda dolaşan qan   və ilahi qüvvə  timsalında,  bəzən də insana  dur deyə bilmə gücü kimi  “qırmızı”  özü- özlüyündə yaradıcı insan dünyasının özündə ehtiva edən enerjidir.

Bakıda Xəzəryanı respublikaların biennalesində(1988) iştirak edən Asim Rəsuloğlu bu mövzuda bir çox tablolar yaratmışdır. Onlardan birinin üzərində məxsusi olaraq dayanmaq istərdiyim  “Xəzər dənizində gəzinti” adlı əsərdir. Küləklər şəhəri Bakının sakit dəmlərini kətana köçürən rəssam, Xəzəri də həlim, şux və qüdrətli əks etdirməyə çalışmışdır. Abşeron torpağı ilə bütünləşən Xəzərin tünd çalarlı göy suları olduca fantastik, nağılvari təsvir olunmuşdur. Monumental rəngkarlıq təhsili  almış rəssamın kompozisiyaya yanaşma tərzi olduqca unikaldır. Mistik atmosferə malik olan rəssamın palitrası “Kandinsky”nin rənglərini xatırladır. Asim Rəsuloğlunun intensiv kolorit həlli kompozisiyanın bədii gücünü artıran əsas nüanslardan biridir.

          Professional dərs almasada fleytada ifa etməyi bacaran Asim Rəsuloğlu Norveçdə keçirilmiş  fərdi sərgilərdə öz  ifası ilə  tamaşaçılarına xoş ovqatlar bəxş etmişdir. Musiqi ilə rəssamlığın sintezini bir araya gətirən rəssamın yaradıcılığında  bu  mövzu ilə bağlı  silsilə əsrləri vardır. Rəssamın kompozisiyalarındakı fiqurların musiqi ilə vəhdəti tabloya romantika, gözəllik və lirika aşılayır. Dünyaca məşhur olan italyan rəssam Mikelancelo belə qeyd edir; “Yaxşı rəsm musiqidir, melodiyadır.” Məhz Asim Rəsuloğlunun da “Fleytanın aurası” isimli rəsm əsərindən zövqlü bir melodiya duyulur.  Fleytanın səsi adətən şəffaf və güclü olur. Rəssam da məhz bu kompozisiyada duyğu və düşüncələrini şəffaf, güclü şəkildə təsvir etmişdir. Usta sənətkar ruhu, daxili aləmi ilə sənəti  arasında körpü kimi musiqini seçərək, öz estetik zövqünü izləyicilərə təqdim etmişdir.

Rəssamın dəfələrlə müraciət etdiyi mövzular arasında hər zaman seçilən, fərqlənən iki dünyanı özündə ehtiva edən “Keçid” əsəri Assim Resuloğlu yaradıcılığının bədii-fəlsəfi tərəfini izləyicilərə təqdim edir. İlk baxışdan iki yol ayrıcını izləyicilərə xatırladan bu əsərdə cənnət və cəhənnəmə açılan qapalı qapı təsvirini görürük. Hər iki qapının arasında xeyli məsafə vardır. Şux, tünd, parlaq rənglərin intensiv şəkildə işləndiyi bu tabloda rəssam bəşəriyyətə belə bir sual tuşlayır; “Cənnətə getmək istəyirsən,yoxsa cəhənnəmə?”  Seçimi tamaşaçıya həvalə edən rəssam bəlkədə insanlara şüuraltı mesaj otürməkdədir.

Sənətkar ruhunun ən qanadlı çağında təşrif buyuran, ilahi bir pıçıltı, yəni ilham pərisi yaradıcı adamların düşüncə axarından və yaxud da dilindən əsla əksik olmamaqdadır. Asim Rəsuloğlu isə bu səfər bu ilahi ovqatı öz individual üslubu ilə tamamlayaraq, kətana həkk etmişdir. Hər zaman rəssamların yanında olan bu “ilham pəriləri”, öz təbirimizcə desək “təb”i simvolizə etməkdədir.  Təbin gəlməsi bir sənətkar üçün yeni bir yolun başlanğıcı, yeni bir müəmmanın kəşfi demək, bəlkə də ilahi bir pay qədər dəyərlidir. Bədii hisslərdən doğan enerjinin tünd çalarlı inikiası Assim Resuloğlunun kompozisiya düzümü ilə bütünləşmişdir. Abstrakt üslubda həll olunan “Sənətkar və ilham pərisi” əsəri forma orijinallığı sənət əsərinin ən mühüm xüsusiyyətlərindən biridir.

Özünəməxsus üsluba malik  rəssamın bəzi əsərləri Tretyakov Qalereyasında (Moskva) , Rusiya Federasiyası Mədəniyyət Nazirliyində və Rusiya Rəssamlar İttifaqında (Moskva) ,Aleksandr Qalereyasında (Paris) Bakıda – İncəsənət Muzeyində və Azərbaycan Rəssamlar İttifaqında (Bakı), İlayda İncəsənət Qalereyasında və Orkun Ozan İncəsənət Qalereyasında(Türkiyə), “Martin Lüter Kinq” kitabxanasında (Nyu-York) və bir çox tanınmış muzeylərdə,  qaleryalarda və şəxsi kolleksiyalarda saxlanılır.

Hal-hazırda  Türkiyə Cümhuriyyətində yaşayan  Asim Rəsuloğlu Akdəniz Universitetində (1999-2005) müəllim kimi fəaliyyət göstərməklə öz bilik və bacarıqlarını tələbələrinə həvəslə yorulmadan tədris etmişdir. Vətənini xaricdə layiqincə təmsil edən və  öz üzərində daim işləyən rəssama  sənət yolunda uğurlar arzulayırıq.  

 

Könül Vəliyeva

Azərbaycan Dövlət Rəsm Qalereyasının əməkdaşı