Ekspressiv şərhin kətanda əksi; Mustafa Kurmalı yaradıcılığı…

12.07.2023 /
Ekspressiv şərhin kətanda əksi; Mustafa Kurmalı yaradıcılığı…

Duyğu və təxəyyülün bədii gücünü hər bir cizgisində, dinamik fırça vuruşlarında hiss etdiyimiz peşəkar rəssam Mustafa Kurmalı əsərləri ilə sanki özünəməxsus, maraq dolu bir utopiya yaratmışdır. Sənətkar, bu gün rəsm müəllimi kimi çalışır, bir çox tələbəsinin gələcək yaradıcılıq yolunu planlaşdırmasında mühüm rol oynayır.

Rəssamın dağınıq konturlarla bədirlənən ifadəli obrazları kətanın üzərində “üsyan” edir. Dinamika, jest və duyğu selinin lirik tərzdə sintezini yaradan rəssamın fərdiləşdirilmiş konsepsiyasında abstraksiya tamamilə müstəqildir. Fiqurasiya və abstraksiyanın improvizasiyasından məharətlə istifadə edən sənətkar öz dərin düşüncə tərzinin vizual əksini tamaşaçılarına yüksək zövqlə təqdim edir.

Onun portretləri isə bütün təfərrüatları ilə bərabər sənətsevərlərin qəlbini fəth edir, onları ovsunlayır. Həm kişi, həm də qadın obrazlarını təsvir etdiyi bu portretlərdə sevinc və kədər, həzz və istirab, xeyir və şər, ümumiyyətlə, insanın yaşadıqları, gördükləri və hiss etdikləri hər bir emosional vəziyyəti ifadə etməyi bacaran rəssam əzəmətli insan obrazları canlandıraraq oxucuda möhtəşəm duyğular aşkarlayır. Bütün bu portretlər bizim hafizəmizdə görkəmli, dahi şair Yunus İmrənin “Bir mən vardır məndən içəri” ifadəsini canlandırır. Çünki rəssam üçün obrazını yaratmağı hədəflədiyi həmin şəxslərin fiziki görünüşləri deyil, mənəvi, daxili, ən məhrəm duyğularını göstərə bilmək daha maraqlıdır. Bu duyğular mürəkkəb, qarışıq, ekspressiv və dəyişkəndir. Dəyərli rəssam Mustafa Kurmalı da bu mürəkkəbliyi, xaosu obrazları əhatə edən sanki “duyğu toruna” bənzəyən incə cizgilərin ritmik ahəngi ilə təqdim etmək istəyir.

Məhz elə buna görə də, onun insan fiqurlarının əksəriyyətinin cinsiyyətini fərqləndirmək mümkün deyildir.

1975-ci ildə Türkiyə Cümhuriyyətinin Zonquldak şəhərində dünyaya göz açan türk sənətkar Mustafa Kurmalı ibtidai və orta təhsilini burada tamamladıqdan sonra, təhsilini Trabzonda davam etdirmişdir. O, görkəmli rəssam-heykəltəraş Orhan İlyasın tələbəsi olmuşdur. 2000-ci ildə Qaradəniz Texniki Universitetinin Rəssamlıq müəllimliyi fakültəsini bitirib, elə həmin ildən etibarən bugünədək pedaqoji fəaliyyətini davam etdirməkdədir. 

Rəssamın ən çox müraciət etdiyi boya- akril boyalardır. O, bu boyaları da özünkiləşdirib, mənimsəyir. İlk baxışdan onun palitrası tünd və qaranlıq görünür. Tünd, qaranlıq, amma mənalı…

Axı qaranlığın öz bətnində saxladığı, gizlədiyi bir işıq vardır… Rəssam üçün də məhz bu işıq önəmlidir. Çünki boş bir kətan parçası və yaxud da tamamlanmamış fon rəssamın ilk addımıdır, qaranlıqdır… Həmin qaranlıq fon onun fırçasından süzülən duyğu dolu boyalarla aydınlığa çıxıb, işıqlanacaqdır. Mustafa Kurmalının bu fəlsəfi düşüncə tərzi Azərbaycanın çağdaş poeziyasının görkəmli nümayəndəsi, şair Ramiz Rövşənin bu misrasını yada salır;

“İçimin qaranlığından

 Çıxır sözüm aydınlığa.”

Necə ki, şair burada qaranlığın ünvanı kimi insanın daxili aləmini göstərir, istedadlı sənətkar Mustafa Kurmalı da kompozisiyalarında istifadə etdiyi qara rəng ilə mənəvi aləmə işarə edir. Obrazların “ruhunu” ön planda vurğulayır. Kətanda əks etdirmək istədiyi obrazları da məhz buna görə seçir. Hətta rəssam qeyd edir ki, o, boş zamanlarında fotoaparatı ilə vaxt keçirməyi çox sevir. Şəhəri, küçələri gəzir, insanların foto-şəkillərini çəkir, müşahidələr aparır. Daha sonra həmin müşahidələrini rəssam baxışı ilə birləşdirib, abstrakt kompozisiyaları üçün ilham mənbəyinə çevirir. Obrazların hər bir hərəkətində, xüsusilə də mimikalarında durulub saflaşmaq bilməyən, müxtəlif ovqatlı duyğuların çılpaq əksini görürük.  Foto-şəkillərdən əlavə, rəssamın yaratdığı xarakteristik obrazların ilham mənbəylərindən bir digəri də onun yuxularıdır. Rəssam yuxularında gördüyü simaları fiqurativ bir dil ilə izləyicilərinə təqdim edir. İnsan hisslərinin ən gözəl təzahür vasitəsi gözlərdir. Sanki mütləq bir gücə malik olan bu gözlər tanrı tərəfindən bizə bəxş edilən ən dəyərli hədiyyədir. Gözlər həm simanın bəzəyidir, həm də qəlbin…

Mustafa Kurmalı da portretlərində gözlərə xüsusi diqqət ayırır. Beləki, onun kompozisiyalarının ən həqiqi hekayəsini də məhz obrazların gözləri “danışır”. Bu hekayəni duymaq isə artıq izləyicilərin öhdəsinə buraxılır…

Əslində sənət əsərləri gerçəkliyin yox, təsəvvür gerçəkliyinin kətanda əksidir. Rəssamın bəzi əsərlərində isə ziddiyyət, təzad nəzərəçarpır. İnsanın daxilində yaşadığı savaşı bir çox rəsmləri ilə ön plana çəkən rəssamın kompozisiyalarında ikiyə ayrılmış bir dünya görmək mümkündür... Zahiri və mənəvi dünya….

Ümumiyyətlə, sənətkarın mövzu dairəsi çox genişdir. Öz peşəkarlığından və istedadından məharətlə istifadə edən rəssamın bədii ifadə manerası çox güclüdür.

Sənətə könül bağlayan rəssamın bacarığı təkcə rəngkarlıq ilə kifayətlənmir. O, qrafika sahəsində də püxtələşib, qiymətli nümunələr ərsəyə gətirmişdir. O, həm yerli, həm də beynəlxalq müsabiqələrdə yüksək dərəcələr əldə etmişdir. Ağ və qara rənglərlə öz sənət dünyasına yeni bir nəfəs bəxş edən fırça ustasının qrafika üslubuna aid yaratdığı əsərlər də vardır. Bu səfər kətanı deyil, kağızı özünə “yoldaş” bilən rəssamın istedadının tamam fərqli yönləri nəzərə çarpır.  Karikatura bədii yaradıcılıq və təsviri incəsənətin unikal sintezidir. Çünki karikatura ictimaiyyətin diqqətini asanlıqla özünə çəkə bilir. Bu sənət də həmçinin yüksək səviyyədə istedad, qabiliyyət, zəhmətkeşlik və həssaslıq tələb edir.

Müəllimin bütün cəmiyyətlərdə yeri müqəddəsdir. Minlərlə tələbənin ömür yoluna işıq saçan müəllimlərdən biri olan Mustafa Kurmalıya yaradıcılıq yolu ilə birgə, pedaqoji fəaliyyətində də yeni-yeni uğurlar, nailiyyətlər arzu edirik.

 

Nigar Hətəmova

Azərbaycan Dövlət Rəsm Qalereyasının kiçik elmi işçisi

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

A