“İncəsənətə çağdaş və gənc baxış; Sahib Yaqubov yaradıcılığı…”

12.07.2023 / Yeni nəşrlər
“İncəsənətə çağdaş və gənc baxış; Sahib Yaqubov yaradıcılığı…”

 

        İncəsənət hər bir şeydən öncə insanın özünün kəşf etməsi deməkdir. Özündə bu işığı görən bir kəs isə qaranlıqlar içərisində parlayaraq, ətrafı üçün sonsuz işıq mənbəyi olan bir çırağa çevrilə bilər. Əslinə qalsa, bu düşüncə həyatın təməlində dayanan əsas təzadlardan biridir. Bu işıq və qaranlığın kövrək əlaqəsini, əsas balansını qoruyan isə sənətkarlardır.   

       Sənətdə mövcud olan baxışlara meydan oxuyan, yeni ideyalar təqdim etməyə çalışan gənc, amma bir o qədər də peşəkar fəaliyyəti ilə tanıdığımız avanqard rəssam Sahib Yaqubov yaradıcılığı özünü ifadə cəhdi ilə zahiri aləmi, habelə  sosial sferanı fərqləndirə bilmə potensialına malik olub, innovativ səciyyə daşımaqdadır. Rəssamın yaradıcılıq fəaliyyəti, bədii üslubu çox orijinaldır, onu başqalarından fərqləndirən meyarları, “özünəxas siması” vardır. Belə bir üslubun özəyində dayanan istedadı isə inkar etmək günah olar…Yenilikçi ideyalarını kətan üzərində sınaqdan keçirən sənətkar üçün bütün ideologiyalar sosial fəaliyyətin həyata keçirə biləcəyi simvolik formalardır. O, kosmosu, enerjini ustalıqla motivə çevirə bilir, kətanının üzərində həkk etdiyi hər bir fiqur isə durğunluqdan dinamizmə keçidin mükəmməl əksini özündə simvolizə edir. Sahib Yaqubovun yaradıcılıq prosesində utopik impuls hər zaman sənət və duyğularda özünü qabarıq şəkildə biruzə verir. Axı incəsənət mütləq ruhun təcəssümüdür… Rəssam da məhz buna görə yaradıcı ruhunun fövqündən bəhrələnərək, fəaliyyətində gündən-günə püxtələşir.

Biz, S.Yaqubovun yaradıcılığında utopik və avanqard nüanslarla yanaşı, olduqca modernist yanaşmanın da bədii təzahürünü görürük. Duyğu və düşüncələrinin təhkiyəçisinə çevrilən sənət aşiqi Sahib Yaqubovun kompozisiyalarında ənənəvi cizgilər xüsusi vurğulanmaqdadır. Onun bəzən mücərrəd, stilizə obrazlar ilə işlənmiş kompozisiyalarının ritmi öz sadəliyi ilə seçilsə də, ikona və freska nümunələrinə bənzərliyi ilə xüsusi bir atmosfer qazanır. Rəssamın personajları tam olaraq ənənəvi və realist təsvir edilməsələr də, onların plastikliyi və kətan üzərində kompozisiya düzümü, eləcə də təqdirəlayiq rəng həlli ilə qeyri-adi təəssüratlar yaradıb, asanlıqla “oxunurlar”. Metaforik obrazlarla dolu olan tablolar sanki maraqlı bir oyun içərisindədirlər. Hətta dərin mənaları ilə seçilən bu kompozisiyaların müəllifini rəssam-filosof belə adlandırsaq, yeridir. Bu kompozisiyalar maraqlı simvollar, oxlar, hərflər, bəzən tac, bəzən də şahmat taxtasını andıran naxışlarla daha düşündürücü, daha dolğun və mənalı olur.  Buna baxmayaraq gənc rəssamın əsərlərindəki obrazların şıltaq baxışları, mənalı gözləri daha təsirlidir. Ümumi forma və fiqurdan fərqli olaraq bu gözlər daha realdırlar. Əksər tablolarda isə obrazlar bu təsirli gözləri ilə birbaşa tamaşaçının gözünün içinə baxırlar. Bu cür bədii həmlələr də kompozisiyalardakı “canlanma” effektini vurğulamağa kömək edir. Sahib Yaqubov yaradıcılığında mövzular müxtəlifdir. Bəzən aktual, bəzən tarixi, bəzən məişət, çox zaman da nağılvari, fantastik sujetə malik olan bu tablolarda sadə, həndəsi fiqurları da görmək mümkündür. Üçbucaq, dairə, kvadrat kimi fiqurlar isə əsərdəki “mənanı” müəyən edə bilmək üçün əsl ipucuna çevrilir. Buna misal olaraq, Sahib Yaqubov yaradıcılığında diqqəti çəkən, müasir dövrün simvolik səciyyəsinə malik olan qr (Quick Response)  kod təsvirləridir. Bu iki ölçülü ştrixkodları kompozisiyanın əsas qəhramanına çevirən rəssam sanki dünyanın özəyində məhz elə bu şifrələrin mövcudluğundan bizlərə xəbər verir. Sanki gizli bir dünyanın qapısını açan bu qr kodlar həm ənənəviliyi, həm də high-tech, yəni yüksək texnologiyalar çağını özündə birləşdirə bilir. Geniş və titrək fırça vuruşları ilə detallı bir şəkildə həll olunan bu təsvirlər şux kolorit seçimi ilə tamamlanır. Kətan üzərində məhdudiyyətlərə əsla məhəl qoymayan rəssamın “Dünya xəritəsi” isimli tablosu bu qəbildəndir.

       Sahib Yaqubovun yaradıcılığında rəng həlli, kolorit seçimi də olduqca zəngindir.Axı rəng sənətin ruhudur… Mavinin bir neçə tonu, zümrüd yaşılı, narıncı, Van Qoqun təbirincə desək; “xoşbəxtliyin rəngi” sarı, krallığın rəmzi hesab olunan bənövşəyi, oxra kimi rəngləri Sahib Yaqubovun yaradıcılığında tez-tez görməkdəyik.

      Gənc rəssamın əsərlərini əminlik ilə hər hansı bir incəsənət cərəyanına aid edə bilmərik. Hər zaman bədii estetika axtarışında olan, üslubunda obrazlı düşüncə tərzini formalaşdıran rəngkar bir çox tərzə uyğun, ifadəli əsərlər yaradır. Rəssamın yaradıcılığına aid edə biləcəyimiz üslubların arasında impressionizm də vardır. İmpressionizm bəlkə də bütün müasir rəngkarlığın təməlində dayanan ən ümdə hərəkatdır. Rəssam Yaqubovun yaradıcılığında işığın optik effektlərindən geniş şəkildə istifadə də görə bilirik.

        Rəssamın fərqli yanaşma, maraqlı təqdimat ilə ərsəyə gətiridiyi “Hamam” əsərinə diqqət yetirək; rəsmdə şərq məişətinin ab-havasını özündə ehtiva edən, çimərkən təsvir olunan çılpaq qadın fiqurları vardır. Rəssam həlim və tonal effektləri ifadə edə bilmək üçün boş, titrək və görünən fırça vuruşlarından, qarışıq palitra seçimindən istifadə etmişdir. Sahib Yaqubovun məhz bu temada həll etdiyi karton və kətan üzərində icra etdiyi “Duş” isimli sənət nümunələri də vardır. Burada rəssam mükəmməl, qüsursuz çılbaq bədən və ya nü qadın fiqurları yaratmaq deyil də, ümumi kompozisiya həllinin ideal bir şəkildə düzümünü ön plana çəkmişdir.

Müəllifin ideya ümumiliyi və mövzu ardıcıllığı ilə birləşən silsilə əsərləri də mövcuddur. Bu silsilələr arasında “Ağ əllər” trilogiyası diqqəti cəlb edən, kompozisiya həlli avanqard olan sənət nümunələrindən biridir. Rəssamın karton üzərində yağlı boya ilə çəkdiyi “Qumarbaz” isimli tablosu da məhz bu seriyaya mənsubdur. İsmindən aydın olur ki, bu əsərin baş qəhrəmanı qumar oynamağı sevən, ilk baxışdan parıltılı gözlərini izləyiciyə tuşlayan kişi fiqurudur. Obrazın hiss və həyəcanı, hiylə dolu fikirləri rəssam tərəfindən məharətlə təsvir edilmişdir. Qumarbaz obrazının bütünündən yüksək plastika duyulmaqdadır. Rəssamın burada tətbiq etdiyi fırça vuruşları həm görünən, həm də kifayət qədər qabarıqdır. Qumarbazın əllərinə diqqət yetirək. Xurma yarpağına bənzəyən əl forması plastik və yastıdır. Əllər biləyə doğru qalınlaşır. Barmaqların ucuna doğru isə incələşir. Əllər ilə beyin arasında sıx əlaqədən hər kəsin xəbəri vardır. Qumarbazın da ağ və iri əlləri onun beynində dolaşan qurnaz fikirlərini simvolizə edir. “Ağ əllər” trilogiyasına aid olan bir başqa sənət nümunəsi “Rəssam” adlanan rəngkarlıq nümunəsidir. Bir növ avtoportretini yaradan gənc rəssam bu kompozisiyada da sənətkar obrazının hər daim “yaratmağa can atan” əllərini ön planda verməyə çalışmışdır. Bir əlində palitrası, bir əlində fırçası, qarşısında isə ona yeni nəfəs gətirəcəyi molbert üzərində ağ kətanı ilə təsvir olunan dəli-dolu rəssam fiquru tamaşaçılar üçün kifayət qədər fantastik görünməkdədir. Həmin trilogiyaya aid olan sonuncu əsər “Politik” isimli kompozisiyadır. Digər iki əsərə nəzərən, burada daha qapalı, daha müəmmalı bir ab-hava sezirik. Əsərdəki əsas obraz olan politoloq sanki ağ vərəqin arxasında nədənsə gizlənməkdədir. .

        Sahib Yaqubovun yaradıcılığında sənətkarlar üçün cənnəti təmsil edən Abşeronun, Abşeron torpağının xüsusi yeri vardır. Xəzərin qoynunda yurd salan Abşeronun doğma qucağından ənginlərə yol açan mənzərəsi hər bir rəssamın ağlını başından almağa, qəlbini fəth etməyə qadirdir. Sumqayıt şəhərinin, Corat qəsəbəsində dünyaya göz açan rəssam üçün əziz, doğma hesab edilən Abşeron olduqca dəyərlidir. Özünəxas, müasir estetik təfəkkür kontekstində sənət nümunələri ərsəyə gətirən Sahib Yaqubovda Abşerona olan marağı tələbə vaxtı, müəllimi Lətif Feyzullayev və Vəcihə Səmədovanın qızı Fatimə Feyzullayeva formalaşdırmışdır.

      Rəssamın “Abşeron madonnası” əsəri olduqca fərqli prizmadan, müasir aspektdən icra edilmişdir. Madonna adətən xristian ikonoqrafiyasında Məryəmin və onun qucağında uşaq obrazı İsanın birlikdə təsvir olunduğu rəsm növüdür. Biz adətən belə səhnələri ya intibah rəssamlarının fırçasından, ya da barok rəssamların fırçasından müşahidə etmişik. Bu dəfə isə Sahib Yaqubovun fırçasından nəzər yetirəcəyik; kompozisiyada müasir geyimli, modern bir qadın obrazı vardır. Rəssam bu əsərdə Madonna motivinin ikonik və ənənəvi meyarlarını alt-üst edərək, tamamilə individual şərhini təqdim etmişdir.

     İkonalara, dini, sakral motivlərə yaradıcılığında xüsusi yer verən peşəkar rəngkarın bu konsepsiyada yaratdığı bir başqa əsəri “The man from Nazharet”-dir. İsanın 21-ci əsrin tələblərinə cavab verən bu ikonik təsviri onun yəhudi əsilli olduğunu vurğulamaqdadır. Kövrək baxışı, daha çox dünyəvi obrazı “selfie” stilində icra olunmuşdur. Bibliyaya istinad olunan ən məşhur səhnələrdən biri də “Son axşam yeməyi” isimli tablolardır. Rəssam Yaqubov da bu mövzunu özünəxas şəkildə şərh etmişdir. Eyni mövzunu daha böyük ölçüdə akril ilə kətanın üzərində yenidən təsvir etmişdir. Tamamilə simvolik və abstrakt yanaşılan bu səhnədə “bir tikə çörək və bir badə şərab” ayini, yevxaristiya təqdis edilərkən əks olunmuşdur.

      Sahib Yaqubov yaradıcılığını çoxyönümlü edən bir başqa nüans əsərlərində hiss olunan abstraksiyadır. Buna ən gözəl nümunələr arasında “Zevs və Danaya”, “Qolf”, “Küləkli şəhərdə yağış”, “Arzular” əsərlərini sadalaya bilərik.

      Sahib Yaqubov yaradıcılığını zənginləşdirən ən önəmli xüsusiyyət, rəssamın silsilə əsərlər yaratmaq cəhdidir. Belə silsilələrə; “Toy çiçəkləri”, “QR-Code Flowers”, “QR- Code Planets”,  “Dərvişlər”, “Qapı”, “Puzzle”, “Musiqi”, “The Loading”, “Retro cars”, “Violet”, “Gəmilər”, “Güllər”, “Döyüşçülər”, “Milli pullar”, “Sofa”, “Mifologiya”, “Qarabağa doğru” və s.aiddir.

        Sahib Yaqubov rəngkarlıq ilə yanaşı heykəltəraşlıq üzrə də təhsil almışdır və o, Fuad Salayevin yetirmələrindən biridir. Sahib Yaqubovun yaradıcılığının abstrakt və xəyalpərəst tərəfini onun heykəl nümunələrinə baxarkən qəti anlamaq mümkün olur. Heykəltəraşın öz sənətinə yanaşma fərqliliyi, baxış orijinallığı birmənalı olaraq tamaşaçılara zövq aşılayır. Sahib Yaqubovun sənət nümunələri təqdimat üsulunun bədii qüvvəsi ilə bütünləşərək, fiqur və həmin fiqurdan doğan təəssüratları oyadıb, tamaşaçıların baxış akkomodasiyasına birbaşa təsir edir. Sənətkarın gerçəkliyə yanaşması, onun daxili enerjisinin dinamikası ilə müqayisə edilə bilər. Sahib Yaqubov heykələ münasibətdə sərbəst, olduqca rahat və azaddır. O, alışılanlardan tamamilə uzaqlaşıb, öz xəyallarının obrazlarını yaratmağa üstünlük verir. Bu da bir növ rəssamın əsərlərinin struktur olaraq inqilabi xarakter daşıdığını bizlərə bəyan edir. Heykəltəraşın heykəl fiqurları ilə yanaşı, seçdiyi mövzuları da özü qədər maraqlı və yaddaqalan olur, izləyicidə sənətin bu sahəsinə fərqli münasibət oyadır. Çağdaş sənətkarın düşüncə kodlarının incəsənətin hər bir sahəsində öz innovativ səciyyəsini qoruyub saxladığına şahid oluruq. Heykəltəraşın heykəl nümunələrinə öz plastikası ilə seçilən “Duş” isimli kompozisiyası, təbiət ilə əylənən çərpələng uçuran qız obrazını gördüyümüz “Sevinc” kompozisiyası, tanınmış caz ifaçısı və pianoçu İsfar Sarabskinin obrazına yer verdiyi “İsfarın rəqsi” isimli heykəl nümunəsi, romantik səciyyəyə malik “Tanqo” əsəri, qadın zərifliyi ilə macəra doğuran hissləri kombinə etdiyi, olduqca dinamik tərzdə həll olunan “Yelləncək” kompozisiyası, “Öpüş” əsəri, bir başqa pianist, caz əfsanəsi adlanan Rey Çarlzı ölümsüzləşdirdiyi “Mess around” kompozisiyası, çoxfiqurlu kompozisiya hesab edə biləcəyimiz “İmmiqrantlar” əsəri, ənənəvilikdən tamamilə arınmış, aya meydan oxuyan bir fıqurla rastlaşdığımız “Cazibə Qanunu” isimli kiçik dəzgah nümunəsi və daha adını çəkə biləcəyimiz bir çox maraqlı sənət əsərləri daxildir.

      Gənc rəssam Sahib Yaqubovun bir digər həyati missiyası da müəllimlikdir. O, öz tələbələrini həm bir dünya görüşlü şəxsiyyət, həm də əsl rəssam kimi yetişdirməyə çalışır. Təbii ki, sənəti tədris etməyin məqsədi təkcə rəssam yetişdirmək deyil.  Burada məqsəd həm də sənətin insanlara bəxş edəcəyi ülvi hisslərlə gözəl ruhlar da yetişdirməkdir. Əbəs yerə deyilməyib ki; “Gələcək gənclərin, gənclər isə müəllimlərin şah əsərləridir. “ Bugün incəsənətin də gələcəyi Sahib Yaqubov kimi peşəsinə bağlı, istedadlı və peşəkar rəssam-pedaqoqlarımızın əllərindədir. Sahib Yaqubova yaradıcılıq fəaliyyətində uğurlar diləyir, sənətə olan bağlılığının və məhəbbətinin əsla bitib-tükənməməsini arzulayırıq.

 

Azərbaycan Dövlət Rəsm Qalereyasının kiçik elmi işçisi

Nigar Hətəmova