“İki dünya arasında balansı qorumaq; şamanizm…”

12.07.2023 /
“İki dünya arasında balansı qorumaq;     şamanizm…”

 

   Şaman termini ilk dəfə Sibirin Tunquska bölgəsindəki müəyyən bir qrup insana şamil edilmişdir. İndi isə bu termin animist, ruhani ənənələrə malik olan bütün yerli xalqları əhatə etmək üçün ümumiləşdirilə bilər.

Şamanizm inancının ən əsas xüsusiyyəti onun ovçu və ya köçəri cəmiyyətlərə xas olması ilə əlaqədardır. Qəbilələrin köçü eramızın 200-cü və 700-cü illərini əhatə edən önəmli tarixi bir dövr olmuşdur. Bu dövrdə Şimali Asiyada məskunlaşan tayfalar uzun müddət davam edən təcavüzlər ucbatından Avropaya, xüsusilə də bataqlıq ərazilərə köç etdilər.

Qədim türklərin inanclarından biri; mövcud olan hər bir tayfanın öz seçdiyi heyvanı totemə çevirərək, onun ismi ilə adlanması olmuşdur. Hər bir türkün dilindən düşməyən “boz qurd” kəlməsi bunun ən böyük örnəklərindən biridir. Bundan başqa, Azərbaycanın qədim tarixində mövcud iki dövlət; Ağqoyunlular və Qaraqoyunlular da məhz totemlərinin ismi ilə əlaqədardır.

Kaşgarlı Mahmud onları belə anır; “Bu kəslər dağa, daşa, ağaca, suya pərəstiş edirlər, Allah onlara əzab verməsin”. 

Vaxtilə, Çingiz xan düşmən ilə mübarizə apararkən sığındığı, 15 gün gizləndiyi dağı mübarizəni bitirdikdən sonra müqəddəs elan etməsi də məhz şamanizm ideologiysı ilə səsləşməkdədir. Şamanizm müsəlmanların gözündə sözün əsl mənasında şirk hesab olunur.

Şamanizmi din hesab edənlər vardır. Bu doğru deyil. Necə ki, yoqa din hesab edilməsə də, təlim və rituallardan ibarətdir, eləcə şamanizm də təlim və rituallardan ibarət böyük bir anlayışdır. Şamanizmin dünyada ümumbəşəri və yerli ritualları olan güclü və ənənəvi ünsürləri ilə cəmiyyətlərin mədəniyyətlərində güclü təsirə malik olması kimi, sənətə də güclü təsirləri olmuşdur. Şamanizm Animist və İnisiasiya anlayışlarını özündə birləşdirən düşüncə sistemidir. Şamanizmin doğuşunun xristianlıqdan əvvəlki dövrlərdən günümüzə qədər gəldiyi qəbul edilir. Şamanizm Cənubi və Şimali Amerikada, İndoneziyada, Avstraliya aborigenlərində, Cənub-Şərqi Asiyada, Tibetdə, Çində və Yaponiyada aşkar edilmişdir. Şamanizm Şimali Asiya və Orta Asiya mənşəli hesab olunur. Bu inanc Tanrı və ruhlarla ünsiyyətə imkan verən düşüncə sistemidir. Şaman namizədi trans vəziyyətinə daxil olub bəzi şaman üsullarının gizli biliklərini öyrəndikdən sonra ekstaz (təşəbbüs ölüm) adlanan mərhələyə çatır və şaman təlimini tamamlayır. Şaman yaşadığı cəmiyyətin adət-ənənələrinə görə ruhlarla səmanın qatlarına bələdçi kimi çıxış edə bilən, eyni zamanda onlarla danışa bilən, səriştəli bir insandır. Şamanın işi insanların öhdəsindən gələ bilmədiyi çətinliklərlə üzləşməsinə kömək etməkdir.

Şamanistlərin mifoloji təsəvvür dünyası olduqca mürəkkəbdir.

Şamanizm Qərb mərkəzli sənət anlayışında Neo Şamanizm anlayışı kimi yenilikçi və Ezoterik perspektivlə şərh oluna bilər. Bu zaman Jasko Soos, Pablo Amaringo, Joseph Beuys, Nam June Paikay, Norval Marrisseau, Pat Stacy, Susan Seddon Baulet, Nil Yalter, Timofei Stepanov, Gilah Yelin Hirsch kimi rəssamların adlarını çəkə bilərik. Bizə daha yaxın olan, türk rəssamlarının yaradıcılığında da bu tərz təsirlərin mövcud olduğunu görürük. Belə rəssamlar arasında Bedri Rahmi Eyüboğlu, Neşet Günal, Gencay Kasapçı, Süleyman Saim Tekcan, Can Göknil, Hüsamettin Koçan, Rauf Tuncer, Hasan Kıran, Ramazan Canın adını çəkə bilərik.

Azərbaycan rəngkarlığını təmsil edən sənətkarlar arasında isə Cavad Mircavadov, Mirnadir Zeynalov, Nazim Rəhmanov, Fərhad Yalquzaq, Leyla Altunay, Elşən Karaca, Anar Hüseynzadə, Fəxri Abbasov, İlham Ənvəroğlu, Nazim Şah, Rəşad Mehdiyevin isimlərini sadalaya bilərik.

İlk öncə qeyd etmək lazımdır ki, simvollar şamanların ruhlar aləmi ilə əlaqə saxlamaq üçün istifadə etdikləri vasitələrdən ən önəmlisi olmuşdur.

Təbiət ünsürlərini simvolizə edən bu inanc sistemi təbii elementlər, bitki və heyvanların təbiətdəki xəyali əksindən törəyirdilər.  Bunların hər birinin özünəməxsus mənası var idi. Əsas simvollar həyat ağacı, nar budaqları və ikibaşlı qartal olmuşdur.  Bunlardan başqa sfenkslərə, qriflərə və kentavrlara  da rast gəlmək mümkün idi.  Həyat ağacı əbədiyyəti ifadə edən, həm də şəfa verən xüsusiyyətlər ilə xarakterizə olunurdu.  Nar bolluğun və məhsuldarlığın simvolu idi.  İkibaşlı qartal öz gücü ilə yanaşı qoruyucu, himayə edici xüsusiyyəti ilə də önəmli məna daşıyırdı.

Əsasən mistik, bəzən də sufi məzhəbinə bənzəyən bu inanc sistemi Anadoluda olduqca yayılmış və təsirlərini göstərməkdən çəkinməmişdi.  Metal, kaşı, keramika, relyef kimi sənət növlərində də bu inancın güclü izlərini görmək mümkündür. Xüsusən də, sultan Əlaəddin Keyqubadın hakimiyyətində qızıl dövrünü yaşayan Anadolu Səlcuqlularının həm sənətində, həm də məişətində şamanizm inancının izlərini görə bilərik.

Biz sənət nümunələrində adətən rəssamın özünün obrazını  şaman timsalında kompozisiyaya yerləşdirdiyini görürük. Diqqətlə nəzər yetirsək, görəcəyik ki, bu gün çağdaş rəssamların çoxu cadu, okkultizm və feminizm kimi mövzulara müraciət edir. Performans sənətində, fotoqrafiya nümunələrində, bədii film və yaxud konseptual portretlərdə özünü kahin və ya kult daşıyıcısı kimi təsvir edirlər. Rəssamın ümumbəşəri mənəvi həyat istəyinə olan marağı, hansısa ali gücə və ya inanca can atması heç də təəccüblü bir hal deyildir. Çünki sənət adamları, sənətkarlar hər zaman yenilik axtarışında olurlar. Hal-hazırda ritual şamanizm və transsendental təcrübəyə marağın artmasında da əsas səbəb məhz bədii axtarışdır. Biz burada şamanizmi şəfa, falçılıq və ruhlar aləmi ilə əlaqə kimi müəyyən epizodlarda kəşf edə bilərik. Bütün bu rituallarən təməlində belə bir cümlə dayanır;  "Bədən zehni məlumatlandırır”. Onlar da qəribə rəqsləri və ya jestləri ilə bu fikri təsdiqləyirlər. Şamanizm əslində bütün dünyada yerli xalqların mədəniyyətlərində müəyyən qədər köklərə malikdir. Bu Şimali və Şimal-Şərqi Asiya mənşəli konsepsiya gündəlik həyatda, incəsənətdə və sənayedə, eləcə də kütləvi və ya fərdi əyləncə sektorunda subyektləri/aktları və ya təmsilləri təsvir etmək üçün tez-tez istifadə olunur. Hər gün rok konsertində səhnədə olan musiqiçinin imici. cəmiyyətdəki ekssentrik bir insanın həyat tərzi, baxılan filmdəki personajın “şaman kimi” olduğunun vurğulanması və ya cari fantastik video oyununda iştirak edən döyüşçü obrazını “şaman” adlandırılması belə davranışlara misal ola bilər.

Pinçbek öz kitabında qeyd edir ki, “şamanizm fenomeni ağlasığmaz dərəcədə qədimdir və heyrətamiz dərəcədə geniş yayılmışdır”

Şamanizm matriarxal ictimai quruluşun izlərini daşımaqdadır. Kişi və qadın şamanlar var, lakin qadın şamanlar daha güclü hesab olunur. Qadına xas mərasimlər vacib və hörmətli qəbul edilir. Bundan əlavə, kişi şamanların uzun saç saxlamaqları da bununla əlaqələndirilə bilər.

Şamanistlər dünyanı 3 yerə bölürlər: göy, yer və yeraltı dünya. Göydə, “yuxarı dünyada” Ülgen adlı Göy Tanrı və ona bağlı olan yaxşı ruhlar yaşamaqdadır. Yer üzündəki "orta qisimdə" insanlar yaşayırlar. “Aşağı dünya” isə yeraltıdır və Erlik ilə onun şər ruhlarının məskənidir. Burdan da anlaşılır ki, şamanizm parlaq səma ilə qaranlıq yeraltı dualizminə əsaslanan bir anlayışdır.

Simvolik rezonanslarla yüklənən hər bir rəssam müasir dünyada şaman rolunu öz üzərinə götürür. Şaman xalqlarında Göy Tanrı ən yüksək səmalarda təcəssüm olunmuş və insana bənzəyən varlıq kimi təcəssüm olunur. Ülgen, nizam-intizamlı, mərhəmətli bir tanrıdır. Qadınlara, ailələrə uşaq verən də məhz həmin tanrıdır. Onun dünyanı işıqlandırmaq üçün səmaya günəş və aya iki böyük metal güzgü yerləşdirdiyi güman edilir.

“Erlik”in yeraltının ən aşağı mərtəbəsində qara palçıqdan tikilmiş sarayda qara taxtda oturduğu güman edilir. Ən böyük fəlakətlərin səbəbkarı həmişə Erlikdir. Erlik insanların ruhunu oğurlayaraq, yeraltına aparıb, onu orada sorğu-sual etdikdən sonra öz əmri ilə istifadə etdiyinə inanılır. Nəticə etibarilə, çay, dağ, dərə, meşə və ən əsası ölkə də şamanlar üçün müqəddəs sayılır.

Şamanizm kainatın, toplumun və insan varlığının müqəddəs bir bütövlükdə dərk edilməsidir. Onun əsasını insan və təbiətin birliyi və harmoniyası ideyası təşkil edir. Şamanizm yaxşı-pis ruh, işıq-qaranlıq dünya kimi ikili quruluşa malikdir. Şamanist dünyagörüşünə görə, bütün dünya yaxşı və pis ruhların təsiri altındadır. Şamanın vəcd vəziyyəti ilə cəmiyyət şamanla birlikdə “müqəddəs”lə görüşür. İnsanlar ruhların xasiyyətini və onlara necə çatacaqlarını, nəyi xoşlayacaqlarını, hansı qurbanlarla kifayətlənəcəklərini bilmirlər. Pis ruhlarla, xüsusən də insanlara və heyvan sürülərinə zərər verməyə hazır olanlarla əlaqə qurmaq bacarığı yalnız əcdadların və ya qohumların ruhlarından aldığı güc və ilhamla seçilmiş şamanda tapıla bilər.

Bu yardımçı ruhlar olmadan şaman təsirli ola bilməz. Şamanın gücü kömək edən ruhların çoxluğu ilə mütənasibdir. Böyük şamanlarda 10ruh,  kiçik şamanlarda isə təxminən 2 ruh mövcud olur. Rituallar şamanın bütün yardımçı ruhları gəldikdən sonra başlayır. Şaman ona daxil olan ruha uyğun xüsusiyyətlər qazanır (məsələn, odadavamlılığı, qoca şamanın çox hərəkətli olması və s.). Köməkçi ruhlar zaman zaman heyvan və quş fiqurlarından da ilham alırlar. Beləliklə, yalnız şamanın həm yaxşı ruhların təsirini saxlamaq, həm də eyni zamanda pis ruhların zərərli hərəkətlərinin qarşısını almaq üçün kifayət qədər gücü olur. Bu məqsədlər üçün təşkil etdiyi rituallarda şaman ruhlarla təmasda olub onları sevindirərək istədiyi nəticəni əldə etməyə çalışır. Ruhlarla bu əlaqəni qurmaq üçün şamandan müəyyən istedadlar və bacarıqlar tələb olunur. Bəs bu bacarığı necə əldə edirlər? Sadəcə müəyyən təhsil almaq insanı şaman etmir. Şamanizm anadangəlmə və qaçılmaz bir xüsusiyyətdir. Aydın şamanların ruhlar tərəfindən seçildiyini və şamanın seçiminin şəxsi iradədən asılı olmadığını bildirirlər. Bu seçimin bəzən insanda müəyyən edilən bəzi əlamətlərə görə edildiyi düşünülür. Belə ki, şaman olacaq şəxsin fövqəladə güclərini qabaqcadan göstərdiyi və ictimaiyyətin həmin şəxsi şaman kimi qəbul etməsinə şərait yaratdığı güman edilir. Məsələn, dişi çıxmış və ya altı barmaqlı doğulan körpənin gələcəkdə Şaman olacağı gözlənilir. Bunlardan başqa, uzun müddət xəstəlik səbəbindən öz qəbiləsindən uzaq olan şəxs sonradan ortaya çıxsa şaman namizədi sayılmağa başlanır. Xüsusilə uşaqlıqda epileptik tutmalar keçirən uşaqlar qeyri-adi gücün əlaməti kimi qəbul edilir. Tutmalar artdıqca adamın şaman olacağı anlaşılır. Bu vəziyyətdə olan adam nağara çalmağa başlayır və sakitləşir ki, xəstəlikdən qurtulsun. Şamanizmin mahiyyətini təşkil edən ekstazi texnikasının epilepsiya tutmaları ilə oxşarlığı bu eyniləşdirmənin əsasını təşkil edir. Şamanlıqdan qaçan adamın sonda ya dəli olacağı, ya da gənc öləcəyi, şamanlığı tərk edənlərin isə xəstəlik olaraq epilepsiyaya tutulacağına inanılır. Şamanları tez-tez ağıllı, xəyalpərəst və şair kimi təsvir edirlər. Ritual zamanı o, vəcd içində bayılır və səma və yeraltı dünya ilə bağlı maraqlı hadisələri, qəribə varlıqları danışır. Ayıldıqdan sonra isə şaman heç nəyi xatırlamır. Bunlardan başqa öz iradəsi və ya qəbilə iradəsi ilə şaman olanlar da var, lakin onların təsirinin zəif olduğu güman edilir.

Şamanlar barəsində çox maraqlı və fərqli tədqiqatlar vardır. Şimal bölgələrində və hətta şamanlar üçün Şimal qütbündə bəzi tədqiqatçılar şamanizmin mənəvi mənşəyini arktik bölgədə müşahidə olunan isteriya ilə izah etməyə çalışmışlar. Menerik adlanan şimal qütb bölgəsinin ağır iqlimi və yaşayış şəraiti bəzi əsəb pozğunluqlarına, bu bölgədə gecələrin uzun və soyuq keçməsinə, bu bölgənin xarabalığa çevrilməsinə, bitki mənşəli qidaların çatışmazlığından qaynaqlanan qidalanma problemlərinə, səbəb olduğu vitamin çatışmazlığına səbəb olur. Bu xəstəlik şaman namizədlərinin peşəyə çağırılmasına səbəb olur.Onların öz xəstəliklərinə bənzədiyi düşünülürdü. Lakin şamanizmin yayılması bu fikri tamamilə məhv edir. Belə ki, təkcə məşqlə şaman olmaq mümkün deyildir və yalnız fitri meyl və istedad da bunun üçün kifayət etmir. Şaman öz peşəsində gücü və biliyi əcdadlarından alır. Bununla da o, ayin zamanı nağara ilə ifa etməyi, məqamla dua oxumağı, ruhları çağırmağı, öz ruhunu bədənindən ayırıb onların köməyi ilə işıqlı və ya qaranlıq dünyaya göndərməklə tarazlığı təmin etməyi öyrənir. Ölən şamanların ruhları yeraltı dünyasını tərk edərək bu dünyada yaşayırlar. Bu qohum ruhlar olmadan şaman fəaliyyət göstərə bilməz. Onun maneələri dəf etmək üçün onların köməyinə ehtiyacı var. Namizəd şamanlıq təhsilini başa vurub böyüdükdən sonra mərasimlə geyindirilir və and içilir. Nəticədə şamanlıq atadan uşağa və ya qohumdan qohuma keçir. Ümumiyyətlə, cinsi yetkinlik dövründə şamanizmə dəvət var. Şamanların hazırlığı orta hesabla 3-5 ildir. Bəzən bu müddət 10 ilə qədər uzadılır.  Şamanın vəzifələri arasında; bir ildir evin ətrafında dolaşdığına inanılan ölü ruhu o biri dünyaya göndərmək,ağır xəstəlikləri sağaltmaq, ovda bədbəxtliyi aradan qaldırmaq, yaxşı və pis ruhlar arasında müvazinət saxlamaq və s. Bütün bu səylər zamanı şaman ruhlara qurbanlar təqdim edir. Şamanlar ümumiyyətlə yoxsul insanlardır, lakin yaşadıqları cəmiyyətlərdə çox fəaldırlar. Onlar cəmiyyətin həyatında tənzimləyici rol oynamış, mənsub olduqları tayfanın xeyrinə çalışmışlar. Gördükləri işin qarşılığını almırlar. Bundan əlavə, onlar yaşadıqları cəmiyyətin hər bir üzvü kimi ritualdan kənarda öz işlərini görərək həyatlarını davam etdirirlər.

Şaman ənənəsinin izlərini bu gün də türklərin inanclarında görmək mümkündür. Yas mərasimində mərhumun mindiyi atın quyruğunu kəsərək qurban kəsmək; ağacı təqdis etmək; uşaqlara Yaşar, Səxavət, Ümid, Qoşqar kimi adlar qoymaq, ziyarətgahlara nəzir vermək, bəd nəzərdən qorunmaq üçün arzu ağaclarına əski bağlamaq, göz dəymısin deyə taxta və ya döşəməyə vurmaq kimi adətlər bu kontekstdə nəzərə alınır. Uzun mantiyalar və ya cübbələr geyinən şamanların geyiminin tamamilə quş və ya heyvanı simvolizə etməsi diqqətdən yayınmır. Qartal lələkləri onların qiyafələrində olduqca tez-tez istifadə olunur. Başlıqları isə həmçinin quş simvolunu tamamlayır. Şamanın ritual zamanı geyindiyi paltarlara nəzər saldıqda mistik elementlərlə bəzədilmiş xüsusi dizaynlara malik olduğunu görürük. Şamanın geyimindəki bütün ornamentlərin və motivlərin funksiyası şamana yeni və sehrli bədən bəxş etməkdir. Təsvir edilən üç heyvan quş, şimal maralı və ayıdır. Bununla belə, quşun xüsusi yeri var. Xüsusən də qartal və ya bayquş…çünki  qartal bayquşun ruhları qorxutduğuna inanılırdı. Bundan əlavə, bəzi cəmiyyətlərdə ruhları qorxutmaq üçün maral buynuzlarından da istifadə edilirdi. Bunun səbəbi odur ki, transda o biri dünyaya səyahət üçün pis ruhların onlardan uzaq durması işlərini asanlaşdıracaqdır. Paltarlardan əlavə, nağara və şaman mahnıları trans üçün zəruri və tamamlayıcı elementlər hesab olunurdu.  Nağara səsi şamanın diqqəti cəmləmə vasitəsidir. O, konsentrasiya və təhlil atmosferi yaradır, diqqəti ruhun daxili səyahətinə yönəldir, onu dərin bir transa yola salır. Bundan əlavə, ruhları qovmaq üçün paltara bir sıra zənglər və çınqıllar yapışdırılır. Cübbəyə pis ruhlardan qorunmaq üçün kiçik yaylar, ulduzları təmsil edən muncuqlar, Ülgenin qızlarını təmsil edən gəlinciklər, ayı və günəşi təmsil edən metal hissələr, müxtəlif ruhları təmsil edən müxtəlif heyvan tükləri əlavə edilir. Cübbəsiz şamanın pis ruhlara qarşı təsirsiz olacağına inanılırdı. Şaman öləndə və ya qocalığa görə şamanlığı tərk etdikdə onun paltarı, nağara və digər alətləri meşədəki ağaca asılır. Burada qaarşımızı çıxan ağac fiquru “dünya ağacı” və yaxud da “həyat ağacı” kimi tanıdığımız həmin simvolikadır. Türklərin həyatında, mədəniyyətində, sivilizasiyasında və sənətində tez-tez rastımıza çıxmağı isə təsadüfi deyildir. Ritual üçün lazım olan ən mühüm material olan nağara isə bir növ dünyanı gəzərkən ehtiyac duyduğumuz nəqliyyat vasitəsini əvəz edir. Nağara yalnız rituallarda istifadə olunur. Dərisi zədələnirsə, bərpa olunur və köhnə dərisi meşədəki ağaca asılır. Nağaranın daxilində və xaricində qurbanlıq mərasimlərini əks etdirən formalar yapışdırılır. Nağara şamanı ruhlar aləmində müşayiət edən heyvanı simvollaşdırır. Tamburun bir tərəfi dəri ilə örtülmüş, digər tərəfi isə boş buraxılır. Nağaradan başqa, kaman, baksi kimi musiqi alətlərindən də istifadə edən şamanist cəmiyyətlər var. Şamanların dini mərasimləri monoteist dinlərdə olduğu kimi riyazi dəqiqliklə formalaşmamışdır. Şaman ayinlərində zahiri görünüş baxımından müəyyən vəhdət ola bilər, lakin şamanı yönləndirən daxili qüvvələr, yəni ruhlar olduğu üçün ibadətin forması və istiqaməti tamamilə şamanın xüsusi vəziyyətindən, transından və o zamankı əhval-ruhiyyədən asılı olur. Ritual zamanı oxunacaq dualar, ilahilər tamamilə şamanın həmin vaxt aldığı ilhamdan asılı olur. Beləki, şamanlar əcdadlarının, ağalarının, köhnə şamanların oxuduqları duaları əzbərləmək məcburiyyətində deyillər. Onlar öz qəyyum ruhlarının onlara ilham verdiyi kimi hərəkət etməyi üstün tuturlar.

Nəticə etibarilə, hiss etdiyi ağrıya cavab olaraq vəhşi meşədə əks-səda verən ilk insanın qışqırtısı həm də onun həkimə ilk müraciəti hesab olundu. Bu çağırışa cavab vermək üçün müqəddəs ruhlarından kömək istəmə vəzifəsini üzərinə götürən şamanlar, cəmiyyət üçün vasitəçi oldular və mistik kimlikləri ilə tanınmağa, seçilməyə başladılar.

Qeyd etməliyik ki,  1960-cı illərdən bəri mövcud olan “Vizyoner sənət” kimi tanınan janr, psixodeliklərin istehlakından yaranan görüntülərdən ilhamlanan kompozisiyalar irəliyə doğru bir yol axtarışını - dünyamızı yenidən təsəvvür etmək üçün ənənələri araşdırmağı nümayiş etdirir.

Şamanizmin rəngkarlıqda bir başqa inikası döyüşçü təsvirləridir. Qaya üstü təsvirlərdə, petroqliflərdə belə fiqurlara rast gəlmək mümkündür. Belə fiqurlar daha çox antropomorfik təsvirlərlə bərabər istifadə olunur.  Azərbaycanda, Türkiyədə, Anadolu yurdunda,  Orta Asiyada Qırğızıstan, Qazaxıstan,  Monqolustanda qayalar üzərinə qazma/oyma, cızma və boyama yoluyla çəkilmiş, erkən türk tarixinə və sənətinə işıq tutan rəsmlər olan petroqliflərə əsasən insan və insan qrupları, stilizə edilmiş marallar, fərqli yırtıcı heyvanlar, təkərli arabalar, ov və savaş səhnələri, günəş və ay kimi kosmogenik elementlər daxildir.

Güclü və tez-tez səmimi, bioqrafik təfərrüatlar daşıyan təsvirlərlə zəngin olan bütün işarələr ruhlarla əlaqəli, sakral aləm ilə sığ bağlıdır. Sənətkarlar da beləki bu günün tarixindən, tarixdən əvvəlki, mifoloji və mistik mədəniyyətlərdən və əfsanələrdən qidalanaraq onları öz sənətlərində təzahür edirlər. Ümumiyyətlə, məhz bu anlayışları kətan üzərində kompozisiyalaşdıra bilən sənətkarlarda sürrealist təfəkkür də xüsusilə ön plandadır.

Azərbaycan Dövlət Rəsm Qalereyasının kiçik elmi işçisi

Nigar Hətəmova