“Ənənəvilikdən müasirliyə açılan qapı; Aydın Əsgərov yaradıcılığı…”

15.08.2023 /
“Ənənəvilikdən müasirliyə açılan qapı; Aydın Əsgərov yaradıcılığı…”

İncəsənət individual bir şəkildə inkişaf edən daxili və mənəvi aləmi özündə birləşdirən fərdi və bədii ifadə refleksidir.  Beləki, incəsənət; sənətkarın ilk olaraq özü üçün ərsəyə gətirdiyi əsəri, hiss və düşüncələri ilə zənginləşdirdikdən sonra, tamaşaçı ilə arasında mənəvi bağ qura bilməsi üçün qiymətli vasitədir.

Məhz bu baxımdan individual bədii ifadə tərzi sərbəst bir şəkildə, olduqca müasir kontekstdə inkişaf edən, istedadlı rəssam Aydın Əsgərovun özünəxas təsvir ədası ilk baxışdan fərqlənərək, sənətsevərlərin diqqətini öz üzərinə toplaya bilir.

Xaçmaz şəhərində anadan olan rəssam Aydın Əsgərov 1999-2003-cü illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Qrafika fakültəsində bakalavr, 2003- 2005-ci illərdə isə həmin Akademiyada magistr təhsili almışdır. O, 2011-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. İstedadlı rəssam rəngkarlıq ilə yanaşı quruluşçu rəssam kimi də fəaliyyət göstərməkdədir.

Rəssam A. Əsgərovun bədii tərzi çox maraqlıdır; onun kolorit seçimi fovistləri xatırladır, cizgi və formaları isə ekspressionistləri yada salır. Abstrakt sənət nümunələri olduqca emosional, ifadəli və müasir bir biçimdə təqdim olunur. Fiqurativ səhnələri kətan üzərində icra edən rəssamın ən çox müraciət etdiyi obraz; qadın obrazlarıdır. Şux çalarlardan cəsarətlə istifadə edən rəssam, rənglərə dərindən bələddir. Aydın Əsgərovun əsərlərində canlılıq, cəsarət, azadlıq kimi qarışıq auralar hiss olunmaqdadır. Ritmik fırça vuruşları ilə rənglərin intensivliyini vurğulayan sənətkar realizmdən uzaqlaşmağı seçir. Kontrast rənglərin bərabərində, təhrif edilmiş formalar Aydın Əsgərovun innovativ baxış-nöqtəsini özündə ehtiva edir. Ənənəvi baxış bucağını məhv edən bu kompozisiyalar daxili əhval-ruhiyyəni ustalıqla təmsil edir. Sənətkarın kompozisiyalarında bir digər əsas ünsür; ümumi tarazlıqdır. Sadələşdirilmiş formalar və doymuş rənglər kətanın üzərində diqqətlə öz yerini tapır. Həmin kompozisiyadakı hər bir element isə özünəməxsus xüsusi rol oynamağa başlayır. Diqqətlə nəzər yetirdiyimizdə, bu kompozisiyalarda saf rəngin sıx konsentrasiyasının təcəssümünü görə bilərik. Daha sadə və daha az naturalist ifadə formasına üstünlük verən fırça ustasının dekorativ kompozisiya düzümü, onun daxili hiss və ideyalarını vurğulayan ekspressiv emosionallıq ilə zənginləşir. Parlaq və şən rənglərlə dolu, xəyali bir mənzərəni bizə xatırladan sənət nümunələrində sanki alleqorik məna gizlənir. Müasir dövrdə, abstraksiya və fiqurasiya arasında çox incə bir kəsişmə nöqtəsi vardır. Rəssamın özünəxas dəyərləri, meyarları, sənətə yanaşma düşüncəsi də məhz bu incə kəsişmədən qidalanaraq, kətan üzərində təcəssüm olunur. Bu mücərrəd kompozisiyalar estetik ünsürlər ilə zəngindir. Həlim işıq-kölgə oyunundan istifadə edən Aydın Əsgərov orientallığa və ənənəviliyə də biganə yanaşmır. Onun yaradıcılığında milli ruh öz bədii qüvvəsini qoruyub saxlaya bilir. Odur ki mənəvi dünyasını ekzistensial, psixoloji, ekspressiv əyarlarda kətana köçürən rəssamın bədii-estetik ifadə metodu öz axarındadır.

Rəssamın əsərlərinin əksəriyyətində munis auranın ifadəli inkarnasiyası duyulmaqdadır.

Beləliklə, sənətkar üçün yaradıcılıq müşahidədən başlayır. Görmək və ya müşahidə etmək özü yaradıcı bir prosesdir. Yaradılışa doğru ilk addımlardan biri demək olar ki, hər bir xırdalığı olduğu kimi görməkdir. Rəssam Aydın Əsgərov da çox diqqətli bir müşahidəçidir. Bu müşahidə qabiliyyəti, onun təcrübəsi və dünyagörüşü ilə birləşərək, bədii yaradıcılıq fəaliyyətinin vahid strukturuna çevrilir.

Rəssamın toxunduğu mövzular; portretlər, fiqurlar, peyzajlar, marinalar, şəhər mənzərələri və s. olsa da, A. Əsgərov natürmortlara daha çox diqqət ayırır. Fırça ustası sanki hər dəfə natürmort üçün kompozisiya qurduğunda, ona daxil olan bütün predmetləri “baş rol” kimi görür. Bu natürmort nümunələri abstraksiya və fiqurasiyanın harmonik kombinasiyalarının kətan üzərində təzahür tapmasıdır. Aydın Əsgərovun natürmort əsərlərinin timsalında ifadə etmək istədiyi əsas ideya ekspressiv xarakter daşıyır. Bu natürmortlarda kodlaşan duyğu seli rəssamın bədii-vizual yanaşma tərzinin mistik-ezoterik formasını özündə qərarlaşdırır. Əksər kompozisiyalardan duyulan ekzotik aura isə həmin əsərlərə estetik həzz aşılayan önəmli xüsusiyyətlərdən biridir.

Aydın Əsgərovun “formanın mahiyyətini” ön planda vurğuladığı, natürmort janrında həll etdiyi əsərlərdən biri “Ananasla natürmort” isimli kompozisiyadır. Şux və bir-birinə zidd rənglərdən ibarət olan kompozisiya bizlərə biraz Matissi xatırladır. Rəssam burada gerçək görüntüdən ziyadə, formanın mahiyyətini vurğulamaq istəmişdir. Qısa, dalğalı fırça vuruşları, kontrast rənglərin yaratdığı dinamika ilə bərabər şərti cizgilərin və sərt konturun qarşılıqlı əlaqəsinin arxasında tamamlanır. Əslində, bu natürmort Aydın Əsgərov yaradıcılığında ümumi ideyanın qayəsini və məzmununu özündə ehtiva edir. Kompozisiya nikbin bir aurada icra olunmuşdur. Armud, heyva və ekzotik ananasdan ibarət kompozisiyanın güclü, tünd və parlaq rəngləri kətanın üzərində təlqinedici potensialda və avanqard tərzdə icra olunmuşdur.

Məhz rəssamın ananas motivinə yer verdiyi bir başqa kompozisiyası isə kətan üzərində akril ilə icra etdiyi, “Ananas şirəsi” isimli natürmort nümunəsidir. Sakit və həlim çalarlarla bütünləşən kompozisiyada harmoniya vardır. Əsərin kompozisiyasında  olduqca güclü balans mövcuddur.

“Calaq” isimli sənət nümunəsinə nəzər yetirək; burada iki bitki motivinə yer verilmişdir. Bu bitkilərdən biri kaktusdur. Digər bitki ilk baxışdan əzvayı xatırladır. Amma aqava bitkisinə də oxşamaqdadır. Rəssam bu səfər də kontrast rəng seçimlərindən istifadə etmişdir. Arxa fon ağ və qırmızı rəngdən ibarətdir. Kompozisiya qeyri-adi, maraqlı və müasir təəssürat yaradır.

Aydın Əsgərovun yaradıcılığında daha milli nöqteyi-nəzərdən yanaşdığı natürmort nümunələri də vardır. Onlardan biri “Adsız kilimlə” isimli kompozisiyadır. Təzad rəngləri ahəngdar bir şəkildə, ustalıqla kompozisiyada bütünləşdirən sənətkar öz zərif estetika duyumunu izləyicilərə təqdim etmişdir. Səhəng, kasa kimi mis qablardan ibarət natürmort kilim və dibçəkdə bitki ilə zənginləşdirilmişdir.  

Aydın Əsgərovun fiqurativ aspektdən yanaşdığı, daha çox qadın obrazlarına yer verdiyi əsərlər isə optimist əhval-ruhiyyəyə malikdir. Qadın obrazları ilə birlikdə pişikləri də təsvir edən rəssamın “Nəvaziş” isimli kompozisiyasi olduqca müstəsna nümunələrdəndir. Bu zaman məşhur yazıçı Robert Haynlaynın bu sözləri yada düşür; “Qadınlar və pişiklər adətən ürəkləri necə istəyirsə elə davranırlar; kişilər buna öyrəşsələr yaxşı olar.” Əksər yazıçılar, şairlər, sənət adamları bu iki varlığı bir-birinə bənzədirlər. Pişiklərlə qadınlar arasında ən böyük oxşarlıq da onların qısqanclıq duyğularıdır. Rəssam da öz əsərində bu iki fiquru bir-birinə bənzər təsvir etmişdir. İkisinin də siması, üz cizgiləri aydın deyildir. Ümumi kompozisiyada həlimlik, sakitlik hökm sürməkdədir. Rəssam parlaq və zidd rəngləri harmonik bir şəkildə kombinə etmişdir.

Aydın Əsgərovun “Nəvaziş” isimli bir başqa əsəri daha vardır. Bu əsər, ilk haqqında söz açdığımız əsərdən daha dinamik, daha ekspressiv təsvir olunmuşdur. Kompozisiyada əks olunan qadın obrazı coşğulu əks olunmuşdur. Qucağındaki şıltaq pişik də dəlisov şəkildə təqdim edilmişdir. Rəssamın kompozisiya üçün seçdiyi kolorit həyəcanlıdır. Sanki bu çalarlar əsərin hər iki obrazının daxilli dünyasından xəbər verir.

Qadın və pişik fiqurlarına rast gəldiyimiz başqa bir sənət nümunəsi “Ani paxıllıq” isimli tablodur. Burada rəssam həm koloritdə, həm vizual formada, həm də əsas “məna”nın özündə kontrastlar yaratmışdır. Burada ən maraqlı nüans baxımsız, aqressiv və yorğun çöl pişiyinin öz sahibi ilə birgə gəzintiyə çıxan baxımlı və ürkək pişiyə tuşladığı baxışlardır. Bəs burada paxıllıq edən tərəf hansıdır? Bu sualın cavabını güman ki, müəllif izləyicilərə buraxmışdır.

Aydın Əsgərovun yaradıcılığında dərin, fəlsəfi görüşlərinin də təcəssümünü görmək mümkümdür. Bu mahiyyətli düşüncələr daha çox simvolik biçimdə kətan üzərində öz yerini tapır. Buna misal olaraq; “Səs” isimli kompozisiyanın adını çəkə bilərik. Bu həlim, zərif kompozisiyada fleytada ifa edən qadın obrazına yer verilmişdir. Zərif bir şəkildə, nəfis plastika ilə təsvir olunan qadın musiqinin sehrinə qapılmış, gözlərini qapadaraq tamamilə ruh aləminə keçid etmişdir. Burada diqqətçəkən detal arxa fonda göstərilən açıq qəfəs və fleytanın kənarına qonan kiçik quşcuğaz fiqurudur. Bu quş həmin musiqiçi qadının azad ruhunu simvolizə etməkdədir.  

Məhz yenə quş və qəfəs ilə zənginləşdirilmiş kompozisiyalar arasında “Ana” isimli tablo fərqlənir. Buradakı qadın obrazı yaxın zamanda ana olacaq, körpəsinə qovuşacaqdır. Onun qırmızı libası həyata olan bağlılığından xəbər verir. Qarşısındakı qapısı açıq qəfəs və eyni libası rəngdə olan quş fiquru isə yenə ruhu simvolizə edir. Rəssam burada ana olmağın çətinliyini, analıq duyğusunu, təşviş və əndişələri ustalıqla təsvir etmişdir.

Rəssamın eyni mövzuya toxunduğu digır əsəri “Qadın” isimli kompozisiyasıdır. Buarada da tamaşaçıyla göz-gözə gəlməyən, gərgin və yorğun siması ilə diqqət çəkən ana obrazı əks olunmuşdur.

Aydın Əsgərov yaradıcılığında mənzərə janrına da rast gəlmək mümkündür. Məhz onun kimi müasir və innovativ yanaşma tərzinə sahib bir sənətkarın mənzərə əsərləri də ifadəli, qeyri-adi və maraqlıdır. “Haça dağı” isimli peyzaj nümunəsinə diqqət yetirək; Naxçıvanın əzəmətli, təbii abidəsi “İlandağ” kimi də tanınan dağın təsvirini yaradan Aydın Əsgərovun palitrası tamam fərqlidir. Burada rəssam sanki öz duyğularını təbiətin dili ilə uyğunlaşdırmışdır. Ümumi kompozisiyada sarsıdıcı təzad və cəsarətli çalarlar mücərrəd atmosfer yaratmışdır.

Bakının, eləcə də Abşeronun ən möhtəşəm və sirli memarlıq abidəsi hesab edilən Qız qalasını da kətana köçürən rəssamın baxış-tərzi, bədii ifadə manerası, forma və kompozisiya kamilliyi ilk baxışdan sənətsevərləri özünə heyran edir.

Quş baxışı ilə təsvir olunan şəhərin Qız qalası tamam fərqli rakursda həll olunmuşdur. Əsər posterləri xatırladır. Nağılvari, olduqca fantastik bir yanaşma ilə təsvir olunmuşdur. Xəyali şəhər mənzərəsi bütünlüklə ənənəviliyi alt-üst edərək “Qız qalasına” yeni bir nəfəs gətirmişdir.

Sirli, müəmmalı Bakı Aydın Əsgərov yaradıcılığında önəmli yer turmaqdadır. Xüsusilə də İçərişəhər motivləri peşəkar rəssamın araşdırıb, kətan üzərində tətbiq etdiyi mövzulardandır. İçərişəhərin qapılarını araşdıran rəssamın bu maraqlı yanaşması “Tanımadığınız İçərişəhər” və “Təkkülbab” əsərlərində öz əksini tapmışdır. “Təkkülbab” isimli kompozisiyada iki fərqli cəftəli qapı görürük. Bu qapı qədim İçərişəhər qapılarındandır. Təkkülbab sözü iki fərqli cəftənin adıdır. Rəzə və ya təm də adlandırılan bu cəftələr Bakının qədim məişət həyatından, tarixindən az da olsa xəbər verir.

Aydın Əsgərov həm də modern və maraqlı posterlərin müəllifidir.

Hərtərəfli bacarığa malik sənətkar Aydın Əsgərovun yaradıcılıq fəaliyyəti müasir kontekstdə inkişaf etməkdə olan Azərbaycan rəngkarlığı üçün misilsiz bir nümunədir. İncəsənətin gələcəyi üçün Aydın Əsgərov kimi müasir aspektli rəssamları həm milli, həm də xarici “art space”-də tanıtmaq mühümdür. Əbəs yerə deyilmir ki, sənət əsərləri gələcək nəsillərə bir mədəniyyətdən bəhs edən şahidlərdir. Bu mədəniyyəti gələcəyə çatdırmaq üçün yaradıcılığı ilə körpü quran şəxslər isə sənətkarlardır. Sənətində usta olan sənətkar Aydın Əsgərova yaradıcılıq fəaliyyətində uğurlar arzu edirik.

 

Nigar Hətəmova

Azərbaycan Dövlət Rəsm Qalereyasının kiçik elmi işçisi