“Sinesteziya; Abbas Məmmədov yaradıcılığında bədii düet…”

31.08.2023 /
“Sinesteziya; Abbas Məmmədov yaradıcılığında bədii düet…”

İncəsənət sivilizasiyanı zirvəyə daşıyan ən ümdə nərdivandır.

Kətan və onun üzərində rəqs edən rənglər həyatımızın ən dərin məqamlarına nüfuz edən, həyati funksiyamızı vizual sənət ilə birləşdirən mühüm fenomen hesab olunur. Peşəkar rəssam Abbas Məmmədov da məhz həmin fenomeni öz əsərlərində məharətlə təmsil edən dəyərli sənətkarlardan biridir. Realist və modern baxış tərzinə sahib rəssam Məmmədov bu gün milli rəngkarlığımızı peşəkarca tərənnüm edən nadir istedadlar sırasındadır. Deyirlər ki, rəsm instinktiv emosional vəziyyətin ən dolğun ifadəsidir. Peşəkar naturalist kimi kompozisiyalarının instinktiv nüanslarına diqqət ayıran rəssam bədii refleksini üslubu ilə ustaca birləşdirir. Ənənəviliyin təqdim etdiyi forma, xətt və rəngləri özünküləşdirən və öz prizmasından ifadə edən sənətkarın bəlağətli rəngləri sənətə olan sevgisinin ən gözəl əksinə çevrilir. Axı rəsm əsərini sevmək həm də ona inanmaq deməkdir... Öz bədii zövqünə, perspektivinə, mövzunu idarə etmə tərzinə, lirik münasibətlərinə inanan rəssam Abbas Məmmədovun kompozisiyalarında cizgilər harmonik aura ilə birbaşa kombinə olunur.

Perspektivli əsərlər yaradan rəssam xəttlərin vasitəsi ilə reallığı axtarır. Çünki sənətdə realizm tamam başqa bir dərya, başqa bir vizual “dildir”. Orijinal, yaradıcı, dinamik, zəruri və sərbəst ifadənin izində irəliləyən peşəkar rəssamın rəng-forma ilə işıq-kölgə balansı kətan üzərində öz səriştəli ifadəsini tapır.

Abbas Məmmədov 1986-cı il 11 fevral tarixində Bakı şəhərində anadan olmuşdur. O, 2001-2005-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət İncəsənət kollecinin Rəngkarlıq fakültəsinin, 2005-2009-cu ildə isə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının bakalavr pilləsində təhsil almışdır. Peşəkar sənətkar 2007-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.

İnsan asanlıqla öz peşəsinin ustası olmur. Oxumaq, araşdırmaq, öyrənmək həvəsini itirməmək məhz püxtələşmək üçün ən zəruri prinsiplərdəndir. Bundan başqa, rəssam Abbas Məmmədov istedadının irsi-mənəvi kökləri də mövcuddur. Beləki, o, dəyərli rəssam Şahpələng Məmmədovun davamçısıdır.

Bir ölkənin ən böyük dəyəri incəsənət və mədəniyyətdir. Mədəniyyət və incəsənət sahəsinə xüsusi qayğı göstərən hər bir ölkənin inkişafı və tərəqqisi isə danılmazdır. Çünki sənətkarlar bəşəriyyətə daha mədəni və inkişaf etmiş bir sivilizasiyanın qurulması üçün ipuçları verirlər. Realist rəssamlar təbii işıqlandırma, dəqiq proporsiyalar və real həyat obyektlərinin ətraflı təsviri kimi üsullardan istifadə edərək real dünyanı mümkün qədər dəqiq əks etdirməyə çalışırlar. Abbas Məmmədovun da üslubunun özəyində təntənəli bir “sadəlik” dayanır. Həddindən artıq bəzək, pafos və yaxud sünilikdən tamamilə qaçınan rəssam Məmmədovun kətan üzərində əks etdirmək istədiyi əsas nüans təbii gözəlliyin tərənnümü və gerçəkçiliyə xas xüsusiyyətlərdir. Bilirik ki, realist rəssamlar adətən dünyəvi mövzular ilə maraqlanırlar. Bu da həmin üslubu təkcə bədii yox, bir növ ictimai xarakterə bürüyür. Rəssam Məmmədovun da mövzulara yanaşma tərzi dünyəvi və obyektiv səciyyə daşıyır. O, təfərrüatlara böyük diqqət yetirir, dəqiq rənglərdən, işıqlandırmadan və perspektivdən istifadə edir. Qədimi ab-havanı hər bir xırdalığında hiss etdiyimiz kompozisiyaların müəllifi olan Abbas Məmmədov soyuq və isti rənglərin ahəngini kətanda məharətlə təqdim edir. Fərdi və dolayısı ilə də orijinal dizayn anlayışını özü ilə tamaşaçı arasında körpüyə çevirən rəssam canlı və enerji dolu kompozisiyalar yaradır. Rəssam daxili hisslərini xüsusilə rənglərlə vurğulayır. İnsanın daxili dünyasının rənglərlə ifadə edə bilməsi əvəzsiz bir fürsətdir. Beləki, güclü fırça vuruşları və istifadə etdiyi rənglərlə kətan üzərində yeni bir “dalğa”, milli bir “trend” yaradan rəssamın həm ənənələrə, həm şərq sənətinə, həm də qərbə olan böyük marağı özünü kifayət qədər büruzə verir.

Rəssamın maraqlı kompozisiyaları arasında “Payız nemətləri”, “Natürmort 1”, “Yazın nəfəsi”, “Liliyaların simfoniyası”, “Liliyalar”, “Üzüm və narlar”, “Avqust”, “Sehrli musiqi”, “Mis qablarla natürmort”, “Üzüm və xrizantemalarla natürmort”, “Keçmişdən gələcəyə”, “Üzüm və əncirlə natürmort”, “Muğam”, “Naxışlar”, “Abşeron yayı”, “Əcdadlarımızın mirası”, “Üzüm və narlar”, “Muğam”, “Tariximizin sədası”, “Yasəmənlər və poeziya”, “Musiqi”, “Sehrli çıraq”, “Güllərin alleqoriyası” və s.adlarını çəkə bilərik.

Rəssamın realizm cərəyanında icra etdiyi hər bir kompozisiyasında Hollandiyanın “qızıl çağı” və barok dövrünə xas xüsusi xarakteristika vardır. Bu tərz kompozisiyalarda adətən qara və yaxud da qəhvəyi arxa fonlardan istifadə görsək də, məhz Abbas Məmmədovun əsərlərində arxa fonda müxtəlif çeşnilərlə bəzənmiş xalicə nümunələri və yaxud yurdun və tarixin əzəmətini özündə təzahür edən memarlıq tikililəri görmək mümkündür.

Memarlıq tikililəri, şəhər mənzərəsi, marina janrında mövzulara da müraciət edən rəssamın “Bakı panoraması”, “Venesiya”, “Şirvanşahlar sarayı”, “Bulvar”, “Bakının işıqları”, “İlanlı dağın buludları” və s. əsərləri təqdirəlayiqdir.

Abbas Məmmədov yaradıcılığında bir başqa aspekt isə rəssamın abstrakt üsluba müraciət etməsidir. Belə ki, rəssamın realizmdən abstrakta keçid etməsi olduqca diqqətəlayiqdir. Modern kompozisiya düzümünü rəssam xüsusi kolorit həlli və həndəsi düzüm ilə icra edir. Kətan üzərində yağlı boya ilk baxışda sanki pastel boyanı və yaxud da flamasteri xatırladır. Lakin harmonik rəng keçidləri və əsəri ritmik edən cizgilər müəllifin məharətini göz önünə gətirir. Peşəkar fırça ustasının palitrası sanki günəşdən güc alır, al-əlvan çalarlarla çuğlayır. İncə və şux çalarlar rəssamın aspektindən gördüyümüz qədim dünyamızı işıqlandırır. Abbas Məmmədovun düşüncələrinin lövhəsində cızılan hər bir mənzərə kətan üzərində müasir kontekstdə həll olunur. Bu baxımdan; rəssamın “Şirvanşahlar ansamblı”, “Aşağı Gövhər ağa məscidi. Şuşa”, “Rənglər şəhəri”, “Abşeron motivi”, “İpək yolu” və bir çox əsəri, onun mücərrəd üslubda individual tərzdə yaratdığı tablolar arasındadır.

İncəsənətin formalaşmasında müəllimlərin rolu danılmazdır. Belə ki, müəllim kimi də fəaliyyət göstərən və incəsənətin gələcəyi üçün gənc sənətkarların formalaşmasında önəmli rol oynayan Abbas Məmmədova bədii yaradıcılığında uğurlar diləyir, müvəffəqiyyətlər arzu edirik.

 Nigar Hətəmova

Azərbaycan Dövlət Rəsm Qalereyasının kiçik elmi işçisi