Xalq rəssamı Sakit Məmmədov və ardıcılları...

06.09.2023 /
Xalq rəssamı Sakit Məmmədov və ardıcılları...

Sənət tarixini vərəqlədikdə istedadlı ailələrin özəl yeri olduğunu görürük. Sual yarana bilər, doğrudanmı istedad ailə üzvlərinin hər birində təzahür edir?! Bu sualın ardınca onların yaradıcılığına diqqət yetirdikdə, əmin oluruq ki, istedad genetik, irsi hadisə sayıla bilər. Sənət tariximizə misilsiz əsərlər bəxş edən Məmmədovlar ailəsi haqqında da eyni fikirləri söyləmək olar. Xalq rəssamı Sakit Məmmədov və övladları....

Deyirlər, rənglər özü bir dünyadır. Gözün nuru qədər rənglər də bu dünyanın zinətidir. Bəlkə elə buna görə də rəngləri duyan, onlarla öz dili ilə danışmağı bacaran rəssamlar həmişə azad ruhun daşıyıcıları kimi qəbul olunub. Onlar bu dünyaya öncə rənglər aləmindən baxırlar. Molbertin qarşısına keçib çox asanlıqla həmin an dünyanı hansı ovqatda görürlərsə, elə o cür də kətana köçürürlər.

Haqqında bəhs olunan, Xalq rəssamı Sakit Məmmədovun yaradıcılığı təkcə ölkəmizdə deyil, vətənin hüdudlarından qat-qat uzaqlarda da sevilir.

Əsərlərinə böyük qayğı ilə yanaşan rəssam qeyd edir ki: "Rəssamlıq mənim aləmimdə böyük sənətdir. Deyərdim, incəsəntin ən çətin sahəsidir ki, tamaşaçı burada həm rəngi, həm obrazı, həm də hissələri görə bilir. Bu sənət insan kimi dünyaya gəlir, öz ömrünü yaşayır. Mən rəssamlığı qız övladına bənzədirəm. Kimsə rəsmi alıb aparırsa, məni onun taleyi maraqlandırır: o, hansı evə düşəcək, onu orda nələr gözləyəcək?”.

İlk öncə Sakit Məmmədovun “opalizm” adlı akademik cərəyanın yaradıcısı olduğunu qeyd etmək yerinə düşər. Dünya təsviri sənətinə yeni üslub gətirmək hər sənətkara müyəssər olmur. Möcüzəvi opal daşındakı isti rəng çələngi rəssamın hələ erkən yaradıcılıq dönəmində özünü büruzə verməyə başlayıb. Lakin özünün də qeyd etdiyi kimi o, əsərlərindəki  çalarların opal daşının rənglərini xatırlatdığının fərqinə çox sonralar varıb. Sakit Məmmədovun palitrasında rənglər bəzən monoxrom olsa da, əksər hallarda  rənglərin intensiv şəkildə bir-biri ilə yarışaraq, sayrışdığının şahidi oluruq. Bu fərqli rəng texnikası sənətinin cəngavəri sayılan rəssamın ölməz əsərlərinə nikbinlik və incə poetika ilə bərabər bayram ovqatı bəxş edir.

Sakit Məmmədov hər zaman qeyd edir ki, o, zərif cinsi ən ali pillədə görür, təsvir etdiyi qadınların əksəriyyəti isə Azərbaycan xanımlarıdır. Mahir rəngkar, zərif varlıqları rahat və əzablardan uzaq, cah-cəlal içində görmək istədiyi üçün qəhrəmanlarını məhz şahzadə kimi əsilzadə obrazlarda təsvir edir. Bu əsərlərdə qadınlar müxtəlif yaş hədlərindədirlər. Şən əhval ruhiyyətli uşaqlar, yelləncəkdə uzanan gənc qızları, yaxud da çöhrəsinə illərin ifadəsi çökmüş yaşlı qadınları bu personajlar sırasında görmək olar. Sakit Məmmədov “Qırmızı libaslı qadın”, “Şərq gözəli”, “Aytac”, “Səbinə”, “Aktrisa”,  “Türk qızı” adlı portretlərdə və digərlərində dərin və mənalı baxışlara sanki bu obrazlara məxsus dünyanı sığdırmışdır.

İdeyalarla dolu təxəyyülü daim axtarışda olan sənətkarın əsərlərindəki fəlsəfənin özəyində dünyanın mənəvi dəyərlərinin qorunması, insanların cəmiyyətdə  birgə mehriban yaşayışının tərənnümü dayanır. Rəssamın adətən xoş günlərin - karnaval və bayramların təsvir olunduğu tablolarında mistik atmosfer hökm sürür. Əsərlərdəki fəlsəfəni duya bilmək üçün süjet xəttini diqqətlə izləmək lazım gəlir. Sirlərin, müəmmalı hadisələrin cərəyan etdiyi bu kompozisiyalarda insanların bir-biri ilə pıçıltısını, müzakirə və mübahisəsini tabloya nəzər yetirdiyimiz andan duya bilirik. Qəribəsi odur ki, “Ad günü”, “Balerinalar”, “Biz klounlarıq”, “Yeddi gözəl”, “Bayram”, “Quşlarla söhbət”, “Klounlar”, “Mən də buradayam”, “Ziyafət”, “Səhnə arxası”, “Sabah haqqında müzakirə” kimi tablolarındakı şux rənglərdən çətinliklə sezilən obrazların ifadəli jestləri, həyəcan, təəccüb, qorxu, sevinc, düşüncə, kədərin və istəklərin coşub-daşdığı səhnələri tamaşaçını da bir anlıq işitrakçıya çevirir. Tamaşaçı söhbətləri eşitmək və nələrin baş verdiyini anlamaq istəyir. Konkret baş qəhrəmanın olmadığı, dekorativliyin üstünlük təşkil etdiyi bu səpkidən olan əsərlərdə obrazları bir-birindən ayırmaq olmur.

Dünyanın dörd bir yanına səyahət etməsi rəssamın yaradıcı dünyasını daha da zənginləşdirib.  Bunun nəticəsidir ki, görkəmli rəssamın yaradıclığında rəsmin dili ilə bəhs edə biləcəyi mövzular silsilə şəklini alıb. Ustad rəngkarın sənət dünyasına bəxş etdiyi yüksək bədii dəyərə malik “14 gözəl” əsərini xüsusilə qeyd etmək lazımdır. Miniatürsayağı süjetə malik əsərdə müxtəlif xalqlar gözəllərin timsalında təmsil olunur. Başdan-başa detallar, atributlarla zəngin bu əsər hər bir xalqın tarixini, adət-ənənəsi, əfsanə və mifləri, memarlığı, dinini dolğun ifadə edən sənət incisidir.

Adətən duyğular başımıza gələn hadisələri xüsusi rənglərə boyayır. İzləyici öz təxəyyülündən keçirdiyi əsər ilə dialoqdan sonra müəyyən nostalji hislərə köklənir. Fırça ustasının əsərlərində rənglərin sehrinə düşmüş tamaşaçı süjet daxilində cərəyan edən hadisələrin birindən digərinə yönəlir, incə zövqün seyrinə dalır, sevinc və həyəcan hissi keçirir. Ustad sənətkar məhz bədii zövqü və geniş dünyagörüşü sayəsində əsəri mənəvi cəhətdən zənginləşdirərək, onun tamaşaçıya ötürdüyü məna yükünü artırmağa müvəffəq olur. Mürəkkəb kompozisiyalı, çoxfiqurlu əsərlərdə reallığın dekorativ tərzdə həlli insanı sanki nağıllar aləminə səyahətə səsləyir.

Natürmort janrı da rəssam üçün digər janrlar qədər əhəmiyyətlidir. Milli atributlar, vazada güllər, novruz xonçası, əntiq qablar ilə meyvələrin bir arada çizildiyi isti çalarlı natürmortlar heyrət doğurur.

Onun göz qamaşdırıcı mənzərələrindən olan "Səhər", "Bizim bağ", "Kürün sahilində", "Neftçalada bahar" kimi əsərlərində Azərbaycan təbiətinin təbii çalarları pozitiv enerji saçan al-əlvan rənglərlə əks olunub.

Qeyd etdiyimiz kimi, Sakit Məmmədovun yaradıcılığının kökündə fəlsəfi yanaşma tərzi dayanır. Bu da sirr deyil ki, o, istənilən mövzuya müraciət edərkən ən incə detalları belə gözdən keçirir. Məsələn, "40-cı otağın açarı" əsərində əlində çoxlu açarlar tutmuş gənc qadın təsviri xüsusilə maraqlıdır. Taxtında, özünəməxsus əminliklə əyləşən bu qadın 40-cı otağın açarının onda olduğuna işarə edir. Maraqlıdır, bu hansı otaqdır? Rəssamın açıqlamasında bəhs olunan açarın dəyəri belə təhlil olunub: “Nağıllardan da məlumdur ki, insanlar qırxıncı otağa daxil ola bilmək üçün müəyyən mərhələlərdən keçirlər, yetər ki, o otağı aça bilsinlər... Bu otaq insanın  qəlbini, ruhunu simvolizə edir. Axı o da bir "evdir",  "ocaqdır"... Bir insan görəndə istəyirsən onun hislərini, istəyini anlaya biləsən. O da elə bir növ qırxıncı otağa bənzəyir. Heç kim həmin qapıya gedib çata bilməyib. Həmişə də nağıllarda müəmmalı şəkildə qalıb."

"Dünyadan qovulanlar" fəlsəfi əsərində rəssam dünyanı bütün pisliklərdən arınmış şəkildə təsvir edib. Əsərdə yer kürəsi saflıq, təmizlik rəmzi olan bəyaz çalarlara bürünmüşdür. Qarmaqarışlığın, xaosun hökm sürdüyü kompozisiyanın aşağı hissəsində bəşəriyyətin bəlasına səbəb olan ünsürlərə yer ayrılıb.  Rəssam çirkli oyunlar, sehrli əməllər, şərab, nəfs kimi detalları göstərməklə mövzunun əsas ideyasını ifadə edib.

Əsərlərində bayram əhval-ruhiyyəsini əks etdirən Sakit Məmmədov həmişə zəfər çalmış Azərbaycanı çəkmək arzusunda olub. Odur ki, 2020-ci ildə böyük zəfərimizdən ruhlanaraq "Qarabağnamə" əsərini yaradır. Böyük ölçülü tablo o qədər zəngindir ki, ona saatlarca baxmaq lazım gəlir. Burada Azərbaycanın görkəmli şəxsiyyətlərinin portretləri, Qarabağın qədim musiqi alətləri, xalçalar, memarlıq abidələri, atlar,  milli atributlar kətana ayrı-ayrı səhnələr şəklində düzülüb. Bu gün üçün “Qarabağnamə” əsərini Sakit Məmmədov yaradıcılığının şah əsəri adlandırsaq, yanılmarıq.

Xalq rəssamının təsviri sənətimizə bəxş etdiyi çoxsaylı tövhələri onun əsərləri ilə bitmir. Sakit müəllim bu gün saysız-hesabsız tələbələr yetişdirib, onların sərbəst şəkildə incəsənət meydanına atılmalarına kömək edib. Rəssamlıq sənətinin sirlərini öyrətməyə öz ailəsindən başlayan rəngkarın ilk övladı Nizar Məmmədov müasir rəngkarlığımıza yeni ideya, fərqli çalarlar gətirib. Sakit Məmmədov hər zaman tələblərinə özünəməxsus yaradıcılıq yolu seçməyi israrla tövsiyə edir. Gənc olmasına baxmayaraq, əsərləri insanın ruhuna xüsusi bir sakitlik, rahatlıq gətirir.

Rəssam düşüncəsinin kətanda əksi üçün rənglər ən əhəmiyyətli ifadə vasitəsidir. Rəssamın fitri istedadı rənglərin "dil açıb danışması" ilə ortaya çıxır. Çünki əsərin ideyası, çalarları insanın ruhunu oxşaya bilmirsə, o, sönük təsvirdən başqa bir şey deyildir. Rənglər dünyası Nizar Məmmədov üçün də çox dəyərlidir. Realizm ənənələri üzərində qurduğu kompozisiyalarının rəng qamması göy qurşağının daşı  - "opal" daşının al-əlvan rənglərini xatırladır. Atasının yaratmış olduğu opalizm üslubunu davam etdirən Nizar yaradıcılığında həm də Böyükağa Mirzəzadə, Davud Kazımov kimi rəssamlardan da təsirlənib.

"Rəssamın evi emalatxanadır", - deyən Nizar fırçasını rəngkarlığın bir çox janrında sınayıb. Onun istər mənzərələrində, istərsə də portretlərində diqqət çəkən məqam dahi sənətkarın palitrasından özünə pay götürməsidir. Uşaqlıqdan möcüzəvi sənət aləminə düşən rəssamın dünyaya baxışı da sanki atası ilə eyniləşib. Daim öz üzərində çalışaraq, istedadını mükəmməlləşdirən rəngkar məişət, mənzərə, natürmort və portret janrlarında bir-birindən maraqlı əsərlər yaratmışdır. Gərgin əməyinin nəticəsidir ki o, bugün çoxsaylı tələbələr yetişdirir, Azərbaycanı ölkəmizdən kənarda uğurla təmsil edir.

Nizarın portret əsərləri arasında qadın obrazları üstünlük təşkil edir. Sakit Məmmədovun yaradıcılığında qadın təsvirləri silsilə təşkil etdiyi üçün o, atasının təvəllüdünə həsr olunmuş qadın portretləri çəkməyi də qarşısına məqsəd qoyub. Bu zərif xanımlar arasında müxtəlif xalqların nümayəndələri, eyni zamanda rəssamın öz təxəyyülündən yaranan  portretlər də yer alır. Şərq gözəli, Kuba, Kamerun, Efiopiya, yapon, Afrika, Nigeriya, türkmən, Avstriya gözəlləri, "Sirli baxış", "Həyat eşqi" və s. kimi tabloları sözügedən silsiləyə daxildir. "Aylin", "Jasmin", "Güllərin ətri", "Nurlu gecə", "İstirahət" əsərlərində Nizar qadınları öz sirli dünyaları ilə baş-başa buraxır. Bu qəhrəmanların qəlblərindəki sevgi  gözlərindən oxunur. Qadın gözəlliyi ilə bərabər geyimlərdəki zərif krujevalar, baş örtükləri, bəzək aksessuarları füsunkar görünüşləri ilə cazibə saçır. Ornamentlərin ən incə detalına qədər işləndiyi bu ürəkaçan tablolarda materiallığın dəqiqliklə təsvirinə isə təəccüblənməmək olmur.

Bakı şəhərində boya-başa çatan Nizar Məmmədov mərkəzi küçələrə o qədər gözəl bələddir ki, doğma şəhərin hər qarışını eyni məhəbbətlə təsvir edir. Uşaqlıq xatirələrində iz salmış keçmiş "Sovetski"nin nostalji səhnələrini o, bir dostunun xahişi ilə kətana köçürüb və bu təsvirlər "Sökülmüş xatirələr" silsiləsinin yaranmasına səbəb olub. “Sovetski”nin ara məhəllələrinin, dar küçələri və  köhnə damlarının təsvirlərində bu yerlərin gecəsi də, gündüzü də, qışı da, yayı da soyuq rəng çalarların müşayiəti ilə yaranıb. Bəzən bu tablolarda müasir Bakının göydələnləri “Sovetski”nin fonunda təsvir olunur. Görünür, bütün bunlar gənc rəssamın uşaqlığının keçdiyi  "Sovetski"nin yalnız xatirələrdə qalacağı ilə bağlı hicranını ifadə edir.

Azərbaycan ordusunun tarixi zəfəri Nizar üçün də ilham mənbəyinə çevrilib. Təkcə onu qeyd etmək kifayətdir ki, 44 günlük müharibə müddətinə o, Qarabağ mövzusunda 40-a yaxın əsər ərsəyə gətirib. Şuşa, Ağdam, Kəlbəcər, Xankəndi, Laçının füsunkar təbiətinə bir də rəssamın gözü ilə nəzərə yetirə bildik. Beləliklə, Qarabağın yamyaşıl meşələri, bol çiçəkli çəmənləri, dumanlı, qarlı uca dağları, geniş dərələri Nizar Məmmədovun da tablolarda öz əksini tapıb.

Sənətkarın yaratmaqla döyünən ürəyi zərif natürmortlarda da öz sözünü deyib. Onun gülləri  o qədər təravətli və canlıdır ki, bu əsərlərə baxarkən uzunmüddət gözlərini çəkə bilmirsən. Bu sənət nümunələrində bəzən natürmort janrı ilə mənzərə janrının qarşılaşdığının şahidi oluruq. Vazada güllər təbiət ilə ahəngdar şəkildə bütövləşir.

Xəzərin romantik ab-havası bir çox rəssamlar kimi Nizarı da ilhamlandırmışdır. Səmanın bənövşəyi-çəhrayı çalarlı buludlarla örtüldüyü, dalğaların qayalara çırpıldığı Xəzərin axşamçağını əks etdirən mənzərələrdə ekspressiya hökm sürür. Marina janrında çəkilmiş bu rəsmlərdə səlis fırça vuruşları, isti və soyuq çalarların ustalıqla həlli onun sənətin yüksək pillələrinə doğru sürətlə irəlilədiyini sübut edir.

2019-cu ildə ilin ən yaxşı rəssamı seçilən Nizar Məmmədov, bir çox yerli və beynəlxalq sərgilərin fəal iştirakçısı olmaqla yanaşı, həm də YUNESKO-nun Rəssamlar İttifaqının fəxri üzvüdür.

Sakit Məmmədovun ortancıl övladı-Cəsar Məmmədovun da bədii zövqünün formalaşmasında atasının böyük təsiri olub. O, yaradıcılığında öz yolunu, dəst-xəttini müəyyənləşdirmək üzrə olsa da, istər kompozisiya quruluşu, istərsə də fırçasından kətana həkk olan rəng yaxılarında görkəmli rəssamın yetişdirməsi olduğu aydın sezilir. Onun sənət həyatı da atası kimi, rəngarəng və çoxşaxəlidir.

Adətən yaradıcı insanlar öz əsərlərini ilham qaynağı olmadan yarada bilmirlər. Bəs Cəsarın ilham mənbəyi nələrdir? Rəssam ailəsində dünyaya gəlməsi, həyat tərzi, ətrafı, gördükləri heç şübhəsiz,  onun rəssam qəlbini enerji ilə doldurur.

Cəsar Məmmədov yaradıclığında dünyanı olduğu kimi, onun gözəlliklərini, ecazkar təbiətini özünəməxsus tərzdə, optimist rənglərin köməyi ilə kətana köçürmək niyyəti duyulur. Rəssam tablolarında ən xırda detalı belə dəqiqliklə kətanda əks etdirə bilir. Əsərlərini izləyərkən onun xarakterindən qopan səmimiyyət, gözəllikləri duymaq qabiliyyəti dərhal hiss olunur.

Rəssamın yaşayış məntəqələrinin fərqli baxış nöqtələrindən təsviri, qayıqların yan aldığı limanlar, çimərliklər, səfər etdiyi ölkələrin tarixi memarlıq abidələri, insan həyatının gündəlik qayğılarını əks etdirən məişət mövzusunun geniş şərh olunduğu tablolarında kompozisiyanın aydınlığı, detalların dəqiqliyi, assimmetriya və kontur xətlərin səlis vuruşu xarakterikdir. Romantik ab-havalı, optimizmin və ümidin sonsuzluğu onun bütün əsərlərinin qayəsini təşkil edir.

Səyahətlərdən qalan xatirələrini həkk etdiyi əsərlərində şəhərin bu başından - o başına sonu görünməyən, ucsuz-bucaqsız yollarına vizual səyahət edənlər insan zəhmətinin əzəməti qarşısında həyacan keçirir.  Şəhər mənzərələrində geniş küçələrdə uzaqdan görünən insanların sel kimi axan siluetləri canlılıq bəxş edir. Bu səfərlərdə ölkələrin tarixi memarlıq abidələri rəssamın diqqətindan yayınmır. O, detalların işlənməsinə xüsusi əhəmiyyət verir və məharətlə kətana köçürür. Bunun üçün Paris, Venesiya, Praqa, London və başqa  şəhərlərdən olan fraqmentlərə nəzər yetirmək kifayət edir. Bu sənət nümunələri sanki mozaik hissəciklərdən yığılıb. Rəssam yüksəkliklərdən çəkilmiş şəhər mənzərələrinin həndəsi dəqiqliklə təsvirində böyük ustalıq nümayiş etdirir. “İstanbul”, “Paris”, “San Marko”, “Venesiya” kimi tablolar bir sənət nümunəsi olmaqdan ziyadə, memarlıq tarixinin inciləridir. Səyahətləri zamanı rast gəldiyi füsunkar mənzərələri izləyicilərə ötürməyə tələsən rəssam, təxəyyülündə iz salmış şəhər panoramını bütün gözəlliyi ilə tamaşaçılarla bölüşür.

Qədim küçələr və kanallar, tağlar və körpülər, bütün bunlar zamanın süzgəcindən uzun illər öncədən keçmiş olsa da, hələ də bütün ölkə rəssamlarını və turistləri Venesiyaya cəlb edir. Dünyanın ən gözəl şəhərlərindən biri olan Venesiyadan görüntülər onun sənət yolunda ayrıca bir səhifə təşkil edir desək, yanılmarıq. Sirli və həyəcan dolu şəhərin ağuşunda üzən qondolalar, suyun ipək kimi hamar səthi, qırmızı damlı evlərin təsvir olunduğu  əsərlərdə rəssam Venesiyanın  ruhunu kətanda əks etdirib. Silsilə şəkli almış “Venesiya” motivlərində rəssam su üzərində şux çalarlara bürünmüş bu cəlbedici şəhərin əzəmətli forma və ritmlərindəki gözəlliyi ələ keçirməyə çalışır, rəng zənginliyi ilə müstəsna lirizm və ifadəliliyə nail olur.

“Dənizkənarı”, “Qayıqlar”, “Qara dənizin kənarında”, “Bodrum”, “Liman”, “Türk motivi” kimi tablolarda dənizin səthində sükut içində yer alan kimsəsiz qayıqlar həzin ləpələrin ritminə qərq olur. Pozitiv duyğular saçan, sahildə yanbayan düzülən qayıqların təsvirlərində bəyaz və mavi rəngin rəqabəti müşaiyət olunur. Hökm sürən dərin sükut sanki daimidir, bu sakitliyin nə zamansa pozulacağı insan beyninin ucundan belə keçmir. “Dəniz portu”, “Bodrum balıqçıları”, “Liman” “Sükut zamanı” kimi əsərlərində nizamsızlıq və detalların işlənməsi rəssamın kompozisiyaya səbrlə yanaşmasının, necə deyərlər, sənətinin çətinliklərinə atılmaqdan çəkinməməsinin göstəricisidir.

Təbiət gözəlliklərinin əks olunduğu tablolar isə başqa bir xoş auranın daşıyıcılarıdır. Bu səpkidən olan əsərlərində diqqəti cəlb edən odur ki, Cəsar nədənsə, daha çox səmanı ön plana çəkməyə üstünlük verir, yəni əsas obyekt kimi müxtəlif istiqamətlərə dağılmış buludlu, mavi səma çıxış edir. “Xəzər dənizi”, “Quba”, “İsmayıllı”, “Qürub”, “Şəfəq”, “Kəlbəcər”, “Xudafərin körpüsü” və s. vətənin doğma təbiətinin əks olunduğu əsərlərində sadalanan xüsusiyyətlər ilə yanaşı onun milli koloritə müraciət etdiyini də görə bilərik.

Cəsar Məmmədov qrafikalarında da son dərəcə dəqiqlik nümayiş etdirir. “Nyu-York şəhəri”, “Qanq çayı”, “Hindistan. Dehli”, “Hər kəsin öz növbəsi” kimi əsərləri bu baxımdan heyrət doğurur. Müxtəlif janrlara müraciət edən rəssam portret və natürmort janrlarında da sənətsevərləri təəccübləndirməyi bacarır. Təkcə onu qeyd etmək yetərlidir ki, o, Böyük Britaniya və Şimali İrlandiya Krallığının mərhum kraliçası II Yelizavetanın optimistik portretində yaşlı qadının üz ifadəsini, qırışlarını real təsvir etməyə müvəffəq olub.

Cəsər Məmmədovun həyat dolu əsərlərinin fəlsəfəsində təbiət gözəlliyinin romantik tərənnümü, rənglərin dili ilə insan ruhunu oxşaması, mənəvi aləmin gözəlliklərə bürüməsi dayanır. Ən xırda detallara vararaq, tamaşaçıda çaşqınlıq yaratmadan, bədii ifadəliliyə nail olmaq rəssamın istedadının əsas göstəricisidir.

Məmmədovlar ailəsinin nümayəndələrindən biri də tanınmış Xalq rəssamı Arif Əzizin kiçik qızı Ayan Əziz Məmmədovadır. Ayan Cəsar Məmmədovun həyat yoldaşıdır. O da ailənin digər üzvləri kimi, kiçik yaşlarından rəssamların əhatəsində böyüyüb. Ayanın istedadlı insanlarla dövrələnmiş dünyası onun sənət seçimini müəyyənləşdirib. Bu gün o, təkcə rəssam deyil, həm də sənətşünaslıq üzrə fəlsəfə doktoru və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının baş müəllimidir. Zaman keçdikcə mücərrəd üslub bu həssas qəlbli xanımın əsas istiqamətinə çevrilib. Ayanın əsərlərində milli ənənələr müasir üslubda təqdim olunur.

Boyalar rəssamın əsas ifadə vasitələridir. Rəngin gizli mənaları olduğu kimi olduqca güclü və təsiredici enerjisi də vardır. Bu enerji, hətta izləyicini müəyyən əhval-ruhiyyədən çıxararaq, bir başqa duyğu selinə qərq edir. Bir-birini tamamlaya bilən, harmonik səciyyəyə malik rənglər güclü bədii, vizual təsir yarada bilir. Onların içərisində ən güclü enerjiyə sahib olan rəng qırmızıdır. Qırmızı romantikanın, həyəcanın, iddianın, gücün və hətta təhlükənin impulsiv simvoludur. Nar təsvirlərində bu rəngə Ayan xanım özünəməxsus tərzdə yanaşıb. Həmin silsilədən olan əsərlərində qırmızı rəng başqa çalar ilə qaynayıb-qarışıb. Onun öz həqiqi ölçüsünü itirmiş dekorativ narlarında qədim şəhərin memarlıq abidələrinin təsvirini görə bilərik.

Bəzən, o sadəcə boyaların köməyi ilə ideyalarını təcəssüm etdirir. Rənglər, xətlər, dairələr və başqa formalar kətan üzərində xüsusi bir ahəng yaradır.

Rəssamın palitrasında fərqlənən bir digər rəng narıncıdır. Bu parlaq və canlı rəngin başlıca xüsusiyyəti şən əhval-ruhiyyə yarada bilməsidir. Rəng rəssamın fırçasının dinamikliyini və gəncliyini simvolizə edir. Rəssamın paltirasından söz açarkən işığın və günəşin təmsilçisi olan sarı rəngi qeyd etməliyəm. Optimist duyğuları özündə cəmləyən bu rəng melodramatik və bəzən də romantik ab-hava yaratmaq üçün olduqca əlverişli hesab olunur. İşıq və onu müşayiət edən kölgə arasında bir-birini tamamlayan rəng əlaqəsi rəssamın bacarığından xəbər verir.

Ayan Əziz qəlbinin dərinliklərində yaşadığı hisləri emosional şəkildə əsərlərində əks etdirir. Mücərrəd formalar onun yaradıcılığında geniş yer tutur. Bu səpkidən olan "Günəşin illüziyası", "Arzu", "Güllərin ətri", "Göz dəyməsin" kimi əsərlərdə rənglərdən törənmiş halqalar diqqəti cəlb edir. Rəssam dairəvi fırça vuruşlarından istifadə etməklə dinamikaya nail olub, müraciət etdiyi mövzularda milli ruh, ənənələrə sadiqlik də duyulur. Xalqın qədim inanclarından gələn göz muncuqları rəssamın yaradıcılığında geniş silsiləni təşkil edir. Müxtəlif rəng çalarları ilə təsvir olunmuş bu ovqat yaradan əsərlər “Göz dəyməsin” adlanır.

Ayan Əziz Məmmədovanın ornamental kompozisiyalarında rəng torunun altında müxtəlif elementlər gizlənir. “Payız natürmortu”, “Qayalar”, “Qalatasaray”, “Bosfor”, “Şəki motivləri”, “Yelkənlər” və s. kimi  orijinal sənət nümunələrində qeyd olunan nüanslar öz təsdiqini tapır.

Səyahətlərdən olan xatirələrini də kətana köçürən gənc rəssamın mənzərələrində müəyyən qədər gerçəkliklə üzləşirik. Lakin elə əsərlər var ki, onlar tamamilə  mücərrəddir. Onun “Rənglərin simfoniyası” silsiləsində, eləcə də, “Rəqs”, “Soyuq”, “Güllərin sirri”, “Yuxu”, “Döyüş”, “Fırtına", "Oyun", "Uçuş", "Birlik", "Tale" əsərləri üçün ritmik rəng oyunu səciyyəvidir.

Xalq rəssamının kiçik övladı Aynur Məmmədova Azərbaycan Dillər Universitetinin məzunu olsa da, sonraki təhsilini ailə ənənəsinə sadiq qalaraq davam etdirib. O, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının doktorantura dərəcəsinə qədər yüksəlmiş və pedaqoji fəaliyyət göstərməkdədir. Bir çox yerli və beynəlxalq sərgilərin iştirakçısı olan gənc rəssam, poetik və lirik ruhlu əsərləri ilə müxtəlif mövzulara müraciət edir. Vazada güllərin, meyvələrin dekorativ təsvirlərində isti rənglərin hərarəti duyulur. Aynur xanımın əsərlərinə yansımış həssas qadın emosiyası onun bədii zövqünün göstəricisidir. Bu gün o, bir-birindən maraqlı əsərlər yaratmaqla öz yaradıcılığı üzərində işləyir və sənətində yeni üfüqlərə doğru irəliləyir.

Beləliklə, görkəmli rəssam Sakit Məmmədov, onun ailəsi və tələbələri Azərbaycan təsviri sənətini qiymətli əsərləri ilə zənginləşdirməkdə davam edir. Məmmədovlar ailəsinin gələcək nəslin estetik dünyagörüşünə müsbət təsiri danılmazdır və ölkəni xaricdə təmsil edən bu istedadlı ailə üzvlərinin yaradıcılığı sənətsevərlər tərəfindən hər zaman maraqla izlənilir.

 

Dürdanə Qurbanova

Sənətşünas, Azərbaycan Dövlət Rəsm Qalereyasının kiçik elmi işçisi.