XƏBƏRLƏR
“Mədəniyyətin incisi, Qarabağ xalçaları”
Türklərin ənənəvi sənəti olan xalça sənəti tariximizdə mühüm yer tutur. Orta Asiyada türk toplumlarının yaşadığı bölgədə böyük inkişaf yolu ilə xalça ilk dəfə Yaxın Şərqə və İslam dünyasına türklər tərəfindən təqdim edilmişdir. Xalçanın ilk dəfə Orta Asiyada inkişaf etməsinə səbəb köçəri çöl mədəniyyətinə malik türklərin əsas iqtisadi mənbəyinin heyvandarlıq olmasıdır. Xalçanın xammalı əsasən qoyun yunudur.
Xalçalar firavanlıq simvolu, yaşayış yerlərinin bəzədilməsi, isidilməsi üçün ən qədim ixtiralardan, həmçinin incəsənətin ən yaxşı növlərindəndir.
Xalçaçılıq qədim və geniş yayılmış sənət növüdür. Azərbaycanda xalça toxuculuğu tunc dövründə, hələ beş min il bundan əvvəl meydana gəlmişdir.
Bildiyimiz kimi, Quba-Şirvan, Gəncə-Qazax, Qarabağ,Təbriz xalçaçılıq məktəbləri bütün dünyada məşhurdur.
“Qarabağ xalçası” adlandırılan xalçalar həm Azərbaycanda, həm də Dağıstanda istehsal olunurdu, hal-hazırda da istehsal olunur. İstehsal yerindən aslı olaraq müxtəlif adlandırılsalar da, sənətşünaslar bu xalıları ”Xan xalçası”, “Xan Qarabağ xalçası” adlandırırlar.
Azərbaycanın qədim bölgələrindən olan Qarabağ, sənət mərkəzi kimi şöhrət qazanmışdır. Burada müxtəlif dulusçuluq, daşişləmə, metalişləmə, xalçaçılıq kimi sənət növləri mövcud olmuşdur. Xalçaçılıq sənət növü isə xüsusilə fərqlənmişdir.
“Qarabağ xalçaları” nın otuz üç kompozisiyası mövcuddur. “Aran xalçası”, “Balıq xalçası”, “Çələbi xalçası”, “Xanlıq xalçası”, “Qarabağ xalçası” və s. çeşnili xalça kompozisiyaları Qarabağ xalçaçılıq məktəbinin klassik nümunələrindəndir.
XVIII əsrdə Qarabağ xalçaçılıq məktəbi Şuşada inkişaf edərək, xüsusi şöhrət qazanmışdır. Şuşada toxunan xalçalar Rusiya, Avropa və Asiya ölkələrində yüksək qiymətləndirilirdi.
Qarabağ xalçalarının motivləri öz bədii dəyərinə və təfsirinin orijinallığına görə bənzərsizdir. Bu xalçalar üfuqi simmetriya prinsipi üzrə mövzunu dekorativ cəhətdən mənimsənilməsinin əsl xalq manerasında qurulmuşdur. Əvvəllər Qarabağ xalçalarında gözəl rəsmlərlə yanaşı, ovçuluq süjeti əsaslıq təşkil edirdisə, sonralar xalçaçılığın ovçuluq süjetinə marağın azaldığı aydın görünür. Onlarda dinamik ov səhnələri demək olar ki, yoxdur, ovçuluğun ancaq atributları, simvolları göstərilmişdir. Sonralar həmin proses getdikcə dərinləşir və XX əsrin ilk rübündə ovçuluq bir mövzu kimi tamamilə yox olur, öz yerinin bir-birilə ancaq kompozisiya baxımından əlaqəli heyvan təsvirlərinə verir.
Qarabağ xalçaları öz keyfiyyət və kəmiyyətinə görə Qafqazda birinci yerdə olmuşdur. Qarabağda bu sahənin yüksək inkişafı xammal bazasının zəngin olması ilə bağlı idi.
Qarabağda elə bir ev yox idi ki,orada xalça dəzgahının, həvənin səsi eşidilməsin.
Azərbaycan xalçaçılıq məktəbinin qrupundan biri olan Qarabağ xalça qrupuna Şuşa, Ağdam, Tərtər, Xocalı, Kəlbəcər, Ağdərə, Qubadlı, Laçın, Beyləqan, Bərdə və Zəngilanda toxunmuş xalçalar daxildir.
Azərbaycan xalçaçılıq sənəti qədim, sehrli, rəmzlərlə və sirlərlə dolu illər boyu öyrənilməyə çalışan olduqca nadir sənət sahələrindən biridir. Xüsusilə, Qarabağ xalçaları isə çoxəsrlik bədii və sosial təkamülü əks etdirən unikal dizaynı ilə Azərbaycanın zəngin mədəni irsinin və tarixini sübut edən sənət sahəsidir. Məhz Qarabağ xalçaları estetik cəlbediciliyi ilə yanaşı, həm də hekayə və ünsiyyət forması kimi də önəmli vəzifəyə malik olmuşdur. Beləki, toxucular hekayələri, mesajları və hətta şəxsi təcrübələrini dizaynlarına, naxışlarına kodlaşdıraraq zaman və məkanı aşan vizual dil yaratmağa nail olmuşlar.
Dünya ictimaiyyəti bilməlidir ki, xalçaçılığın tarixi kökləri türkçülüklə bağlıdır. Xüsusilə, Qarabağ xalçaları üzərində türkçülüyü əks etdirən türk tayfalarının rəmzi olan eləməntlərə də rast gəlinir.
Hər zaman olduğu kimi Azərbaycanın torpaqlarına, sərvətlərinə və dəyərlərinə göz dikən ermənilər Qarabağ xalçalarını özünküləşdirmək istəyərək, daha bir məkirli plana əl atmışlar. Lakin xalça elə nadir sənət növüdür ki, toxunduğu bölgənin, aid olduğu xalqın zəngin informasiyalarını özündə daşıyır. Ermənilər Cənubi Qafqaza köçürülməmişdən əvvəl Qarabağ xalçaları artıq bütün dünyada məşhur olmuşdur.
Ermənistanın Azərbaycana hərbi təcavüzü zamanı xalqımıza aid olan milli sərvətlər, həmçinin xalçalar qarət edilib, məhz bugün ermənilərin öz sənət nümunələri kimi təqdim edilməkdədir. Həmin xalçalar əslində Azərbaycandan qarət etdikləri xalçalardır.
Minilliklər boyu öz yolunu davam etdirən Qarabağ xalçaları hazırda UNİCEF-in Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmiş Azərbaycan xalçalarının bir qolu olan Qarabağ xalçaları ölkənin mədəniyyəti üçün olduqca önəmli rol oynamaqdadır.
Xalçaçılığın xalqımızın qədim sənət növü olduğunu nəzərə alan Azərbaycan dövləti ölkəmizdə xalçaçılığın geniş şəbəkisini yaratmışdır. Hazırda “Azərixalça” ASC-nin 21 filialından üçü Qarabağda, biri isə Cəbrayıl rayonunda fəaliyyət göstərir və yüzlərlə zəhmətkeş Azərbaycan qadını qədim çeşnilər əsasında Qarabağ xalçaları toxumaqdadır.
Son olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi kimi: Azərbaycan xalça sənətinin vətənidir, xalça, muğam, memarlıq abidələri kimi bizim milli dəyərimizdir, sərvətimizdir.
Mənbə;
- AMEA Arxeologiya fondu
- Göyüşov R.Qarabağın keçmişinə səyahət. BAKI 1993
- Vəliyev K.N. Elin yaddaşı, dilin yaddaşı. BAKI 1987
Azərbaycan Dövlət Rəsm Qalereyasının kiçik elmi işçisi
Günel İsayeva
Email: gunelisayeva.8484@gmail.com