
XƏBƏRLƏR
"Kətanda bərq vuran günəş işığı" rəssam Xanlar Əsədullayev.

Xanlar Əsədullayev 1988-ci il dekabrın 9-u Siyəzən şəhərində dünyaya göz açmışdır. O, 2003-cü ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının nəzdində fəaliyyət göstərən İncəsənət Kollecində “İnteryer dizayner” ixtisası üzrə təhsil almış, 2007-ci ildə həmin kolleci bitirmişdir. 2007-2011-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Təsviri sənət fakültəsində “Rəngkarlıq” ixtisası üzrə təhsilini davam etdirmişdir. 2010-cu ildən etibarən isə Xanlar Əsədullayev Azərbaycan Rəssamlar İttifaqı gənc rəssamlar birliyinin üzvüdür.
Gənc rəssamın həssas müşahidəsi və təbiətə bəslədiyi dərin sevgisi onun yaradıcılıq fəaliyyətində də özünü biruzə verir. O, işığın və rəngin saf bir şəkildə qarşılıqlı əlaqəsindən ilham alaraq, geniş rəng diapazonundan istifadə edir.
Açıq və canlı rənglər təsvirlərin emosional duyumunu müəyyən edir. Yağlı boya texnikasını kətan üzərində məharətlə icra edən Xanlar Əsədullayevin ən maraqlı mənzərə əsərləri arasında “Mənzərə”, “Qış mənzərəsi”, “Kəlbəcər”, “Abşeron torpağı” və s. adlarını çəkə bilərik. Bu mənzərə nümunələrinin hər birində rəssamın impressionist və realist baxış tərzinin birlikdə eyni kompozisiyada necə dolğun ifadə olduğuna şahid oluruq. Rəssamın romantik hissləri, realist baxış tərzi və xəyali əlavələri ilə zənginləşmiş peyzaj nümunələri ilə yanaşı, onun natürmort janrında işlədiyi əsərləri də öz xüsusi estetikası ilə seçilir. “Nar”, “Natürmort”, “Güllər”, “Pionlar”, “Yasəmənlər”, və s. isimli natürmort nümunələri məhz rəssamın müşahidə bacarığını ortaya qoyan dəyərli əsərlər arasındadır.
Xanlar Əsədullayevin yaradıcılıq diapozonunda işıq və kölgənin xüsusi yeri vardır. Hazırda öz şəxsi emalatxanısında rəsmləri üzərində çalışan rəssamın müxtəlif çərçivələrdə formalaşan mövzu seçimləri olduqca ifadəli bədii həll ilə daha da inkişaf etməkdədir. Gənc rəssamın kolorist yanaşması ilə bərabər faktural fırça vuruşları kətan üzərində rəngləri naxışa çevirərək, onları zənginləşdirir.
Rəssamın adətən, müraciət etdiyi kətan üzərində yağlı boya texnikası qat-qat yaradılan dərin və fakturalı əsərlərdə özünü daha gözəl biruzə verir. Əsasən təcrübə nəticəsində formalaşan özünəməxsus üsluba malik rəssamın xarici dövlətlərə etdiyi səyahətlərin də yaradıcılığında xüsusi yer oynadığını qeyd etmək lazımdır. 2004-cü ildən başlayaraq, müxtəlif beynəlxalq sərgi və dövlət tədbirlərində aktiv iştirak etməyə başlayan rəssam Xanlar Əsədullayevin yaradıcılığı bu baxımdan silsilə əsərlərlə zəngindir.
Gənc və peşəkar rəssam üçün rəsm çəkmək duyğu işidir. Bu sənəti həyat tərzinə çevirən Xanlar Əsədullayev rəngləri duyğuları ilə seçir, işığın dalınca qaçır.
Xanlar Əsədullayevin əsərlərində xüsusi romantika vardır. Rəngləri sanki kətan üzərində rəqs etdiyi hər bir rəsm əsərində rəssamın romantik duyğu seli, həssas baxış tərzi izləyicilərin qəlbini fəth edir. Rəssam sözlərlə ifadə edə bilmədiyi fikrini və ya duyğusunu boyalarla çatdırmağa çalışır.
Rəssamın yaradıcılığında portret janrını da görmək mümkündür. Portret rəssamın özünü ifadə etmə cəhdini müəyyən qədər məhdudlaşdıran janrlardan hesab olunmaqdadır. Lakin gənc rəssamın portretlərində özünə xas emosionallıq və individuallıq hər zaman ön plandadır. Buna nümunə kimi karton üzərində yağlı boya ilə icra etdiyi “Portret” əsərini, nisbətən kiçik ölçülərə malik “Külək”, “Kiçik rəssam”, “Rəssam”, “Kapitan”, “Klod Mone” və s. kimi qiymətli əsərlərinin adını çəkə bilərik.
Əbəs yerə demiyiblər ki, sənətkarın gözündən bütün dünya sənət əsəri kimi görünür. Günəş, qürub, dənizin dalğaları, quşların səsi, bir sözlə, ətrafda baş verən hər bir təbiət hadisəsi rəssamın kətan üzərinə köçürmək istədiyi yeni bir kompozisiyaya çevrilir. Yəni, bəyaz bir kətan sanki sonsuz bir dənizdir, rəssam isə onu kəşfə çıxan həvəsli bir dənizçidir. Lakin unutmamalıyıq ki, rəssamlıq həm zehni, həm də fiziki cəhətdən olduqca yorucu bir sahədir. Saatlarla molbert arxasında duran rəssamın zehni daima aktiv olur, buna görə də o, yorulur. Təbii haldır ki, eyni pozada saatlarla rəsm çəkmək ilə məşğul olan rəssamın vücudu da yorulacaqdır. Düşünürəm ki, sənət sənətkarın əvvəlcə özü üçün, sonra tamaşaçısı üçün yaratdığı ünsiyyət vasitəsidir, onun vasitəsilə sənətkar öz hiss və düşüncələrini çatdırır, öz duyğu və ideyalarını canlandırır.
Rəssamın ən çox müraciət etdiyi rənglər həlim, yumşaq tonlardır və bu rənglərlə sanki duyğularını rəngləyir. İlk baxışdan olduqca cəsarətli görünən bu rənglər bir-birinə qarışmır, lakin harmoniya təşkil edir. Xanlar Əsədullayevin firçası kətanı ilk öncə cəsur və işıltılı parlaq rənglərə boyayır. Daha sonra isə elə eyni fırçanın köməyi ilə daha kiçik detallarla yaxmalarını zənginləşdirir. Məsələn, rəssamın fırçasından süzülən ağ rəng nə qədər saflığı göstərirsə də, qırmızı və çəhrayı rəng bir o qədər canlılığı, dinamikanı, romantikanı özündə ehtiva edir. Ümumiyyətlə, romantika öz yaradıcılıq ilhamını insanın özəyində olan hiss və duyğularında , təxəyyülündə tapır.
Rəssamın yaradıcılığında ən çox rastlaşdığımız mövzu təbiət və çiçəklərdir. Qeyd edək ki, təbiət rəssamlar üçün sonsuz bir ilham mənbəyidir. Havanı işıqlandıran sübh günəşinin gözəlliyi, təbiətin zənginliyini özündə ehtiva edən müxtəlif çalarlı ağaclar, yumşaq rəng keçişləri kompozisiyanı tamamlayan əsas amillərdir. Rəssam burada müəyyən bir günün gözəl rəng harmoniyasını kətan üzərinə köçürmək istəmişdir.
Əsərin adı “Rəssamın evi”-dir. Gördüyümüz kimi, rəssamın evi də palitrası kimi rəngarəng, həlim və parlaqdır. İşıq kölgə oyunundan məharətlə istifadə edən rəssam burada bir sıra çalarla - yaşıllar, mavilər, sarılar və bənövşəyi rənglər ilə ahəng yaradır. Rəssamın kompozisiyaları həm impressionist, həm də bəzən sehirli bir realizmə bənzəyir. Onun əsərləri rəng ilə formanın dolğunluğu ilə yanaşı, ümumi kompozisiyanı əhatə edən impressionist xarakterli realizmi təzahür etdirir.
Xanlar Əsədullayevin yaradıcılığında tez-tez keçmişə açılan pəncərənin mövcud olduğunu unutmamalıyıq. O, sənət tarixinin qocaman rəssamlarından təkcə ilham almır, rəssam həm də onları özünəxas bir biçimdə kətana köçürərək, sənət əsərinə çevirir. Buna nümunə kimi “Klod Mone”-nin ifadəli portretinin adını çəkə bilərik.
Rəssamın yaradıcılığında sənət tarixinin usta rəssamlarının əsərlərinin sürətlərinə də rast gəlmək mümkündür. Daha fiqurativ yanaşdığı bu kompozisiyalarda rəssam öz yaradıcılıq bacarığını da əlavə etməyi unutmur. Belə əsərlərdən biri “The Judgment of Solomon”-dur.
Xanlar Əsədullayevin əsərləri arasında diqqət çəkən bir digər əsər “Kiçik rəssam” isimli tablodur. Azyaşlı bir uşaq olmasına baxmayaraq kompozisiyadakı obraz olduqca qüdrətli görünür. Baxışlarında yaradıcılıq eşqi hiss olunur. Məğrur duruşu, özünə olan inamı onun parlaq gələcəyinən xəbər verir. Əlində bərk-bərk tutduğu fırçası isə sənətinə məhəbbətini nümayiş etdirir. Kompozisiya və obraz ümümilikdə barokka dövrünü bizlərə xatırladır.
Öz üzərində daim işləyən gənc rəssama sənət yolunda uğurlar arzulayırıq.
Nərmin Quliyeva
Azərbaycan Dövlət Rəsm Qalereyasının Elmi işçisi