Xəzər- həmsərhəd ölkə rəssamlarının tablolarında

01.11.2023 /
Xəzər- həmsərhəd ölkə rəssamlarının tablolarında

     Xəzər- Avropa və Asiyanın kəsişməsində yerləşən Yer kürəsindəki ən böyük axmaz göldür. Dibində okean tipli yer qatı yerləşdiyinə və dəniz ölçülərinə malik olduğuna görə dəniz adlandırılan Xəzər Azərbaycan təsviri sənətinin çoxəsrlik inkişafı tarixində bir çox rəssamların ilham mənbəyi olmuşdur. İstər rəngkarlıq və qrafika, istərsə də dekorativ tətbiqi sənət sahəsində bu mövzuya həsr olunmuş saysız-hesabsız sənət əsərləri meydana gəlmişdir. Bu mövzuya müraciət etmiş rəssamların əsərlərinə nəzər salsaq Xəzərin müxtəlif maneralarda, əhval-ruhiyyələrdə işləndiyinin şahidi olarıq. Bir çox tablolarda Xəzərin obrazı, onun ümumi əhvalı gah günəşin parlaq, yaxud da solğun şüaları altında bərq vuran gah sakit, gah da coşqun dalğalarını dinamikliyini, digərlərində isə bu duyğuları lirik, romantik təəssüratla  əvəzləndiyini, bəzilərində isə Xəzərin başqa prizmadan-sırf industrial nöqteyi-nəzərdən təsvir olunduğunun şahidi olarıq. Bakı lövhələri, dəniz, dəniz axşamı, Neft Daşları, sahil kəndləri rəssamlarımızın tablolarında Azərbaycan obrazının ayrı-ayrı cizgi və boyalarıdır desək heç də yanılmarıq.

Dəniz görünüşü, dəniz döyüş səhnəsi və dəniz hadisələrini təsvir edən incəsənət janrı marinistika (ital. marina - su), dəniz təsvirləri olan əsərlər marina, onu işləyən rəssamlar isə marinist adlanır. Ümumiyyətlə, marina janrı olduqca qədim tarixə və kökə malikdir. Daha dəqiq izah etsək, bu mövzuya istinad edən əsərlərin ilkin nümunələri kimi mədəniyyətin beşiyi hesab edilən ölkəmizin Qobustan Dövlət Qoruğunda qorunan qayıqları təsvir edən qayaüstü rəsmlərini və klassik Yunanıstan dövrünə aid Odisseyin öz gəmisinin dirəyinə bağlanmış şəkildə təsvir edildiyi “Su pərisi vazasını” göstərmək olar. Bununla belə, dünya tarixinin ən qaranlıq çağı hesab olunan, qalmaqal, savaş və işğal cəhdləri ilə yadda qalan orta əsrlər dövründə də öz aktuallığını qoruyub saxlaya bilən marina janrının ən qiymətli nümunəsi XI əsrdə tamamlanan və Normanların İngiltərəni fəth etməsinə (1066) həsr olunan Bayio Qobelenləri xüsusilə fərqlənir.Xəzərin ölməz obrazlarını yaradan rəssamlar sırasında S.Bəhlulzadə, T.Salahov, B.Mirzəzadə, N.Qasımov, M.Rəhmanzadə, M.Xəlilov, F.Xəlilov, Y.Mirzə, Q.Yunus, R.Muradov, E.Qurbanov, M.Allahverdiyevin və bu sıranı zənginləşdirəcək onlarla bəlkə də yüzlərlə rəssamların adını qeyd etmək olar. Bir coxlarımız adlarını qeyd etdiyimiz rəssamların əsərlərini əyani olaraq sərgi salonlarda və ya  kataloqlarda görüb. Və bu əsrarəngiz əsərlərin sehrinə düşərək sərhədsiz, sonsuz dalğaların fırtınasına qapılaraq bir anlıq bəlkə də sirr və macəralarla dolu ümmanın  içində qeyb olaraq min bir xəyala düşərək bir neçə duyğunu eyni anda yaşamışdır. Odur ki, əcnəbi rəssamların, xüsusulə də doğma Xəzərimizlə həmsərhəd qonşu ölkə rəssamlarının Xəzərə yanaşması necədir sualını cavablandırmaq üçün bəzi araşdırmalar aparmalıyıq. Bu baxımdan ilk növbədə nəzərə almaq lazımdır ki, Xəzər dənizi Rusiya Federasiyası, Qazaxıstan, Türkmənistan və İran dövlətləri ilə su ilə   həmsərhəddir. Bu hövzə özünün gözəlliyi, sehrkarlığı və sirli aləmi ilə hələ çox qədimdən məşhur səyyahların, alimlərin, sənət adamlarının diqqət mərkəzində olmuşdur. Bu baxımdan ilk axtarışlarımızı çox da uzağa getmədən həmsərhəd qonşularımızın yaradıcı sənətkarlarının bu mövzuda işlədikləri əsərlərin bir neçəsinə nəzər salmaqla başlayaq. İlk növbədə Türkmənistan Xalq rəssamı Ovezmuhammet Mammetnurovun yaradıcılığı ilə yaxından tanış olduqda rəssamın bu mövzuda silsilə əsərlər yaratdığının şahidi olduq. Dəniz həmişə sənətkarların ilham mənbəyi olmuşdur. Xüsusilə də Bakının göz muncuğu hesab edilən Xəzər dənizini yaratmağı sevən istedadlı insanlara vəhy edilən ən gözəl təbiət möcüzələrindən biri hesab etmək olar. Dalğaların həyəcan ilə qayalara çırpılıb, narin sahil qumuna həkk etdiyi izləri ustalıqla kompozisiyaya daxil edən rəssamın sehrli fırçasının toxunduğu hər bir nöqtə fərqli rəng, işıq və motiv kimi təqdim olunmuşdur. Akvarel ustası Ovezmuhammet Mammetnurovun parlaq rəng çalarları və mənalı işıq-kölgə oyunu ilə təqdim etdiyi dəniz mənzərəsi olduqca romantik və müasir həssaslıqla tamamlanmışdır. Sənətkarın marina janrında icra etdiyi tablosunu fərqləndirən və gözəlləşdirən xüsusiyyət təkcə onun qüsursuz texnikası deyildir. Bununla yanaşı rəssamın təbiət səhnəsinə sulu boyanın cəlbediciliyi ilə birgə emosional ab-hava bəxş etməsi əsərə məna qatan əsas prinsiplərdən biridir. Rəssamın bu mükəmməl əsəri “Xəzər dənizi” seriyasına daxil olan əsərlərdin biridir.

Dəniz təsvirləri işləyən ən məşhur rus rəssamlar deyilərkən ilk növbədə   İ.Ayvazovski, V.Surikov, İ.Repin kimi görkəmli sənət ustaları yada düşür. Müasir dövrə nəzər yetirsək rus rəssamı Boris Şetkinin “Xəzər dənizi. Şıxov” adlı əsərinin də olduqca maraqlı və çox fərqli yanaşma tərzi ilə icra olunduğunu görərik. Daha çox bənövşəyi çalarlarla boyanan Xəzər dənizinin təsviri ilk baxışdan izləyicini özünə cəlb edir. Sanki rəssam bu səfər “Xəzər”i xəyal və yuxu aləmindən ilhamlanaraq təsvir edir. Əsərdə ilahi güc, yaradılış, sakit bir xaos hökm sürməkdədir. Nağıl və əfsanələri xatırladan kompozisiyada müasir baxış tərzi qabarıq şəkildə özünü biruzə verməkdədir.

Darya Kutsayevanın “Dəniz mənzərəsi” əsərində günəşin doğuşunun parlaq qızıl tonları ilə əhatə olunmuş dalğalı dəniz təsvirində romantik bir ab-hava hökm sürməkdədir. Ağ, çəhrayı, firuzəyi və mavinin bir çox çaları ilə bəzənmiş kompozisiyada səmadan sızan aydınlıq əsərə bədii güc aşılayır. Dənizin üzərində süzülən qağayılar əsəri daha da dinamik göstərir. Sanki təbiətin gözəlliyi ilə bərabər, ilahi gücünü də vurğulamaq istəyən rəssamın təfərrüatlara ayırdığı diqqət, onun ustalığını sübut edir.

Xəzərin həlim, sakit, bir çox sənətkarların qəlbini fəth edən mülayim tərəfi  olduğu kimi, qorxunc, əsəbi və asi tərəfi də vardır. Hosseyn Jajueynin təqdim etdiyi “Xəzər dənizi 2” əsərində melanxolik, tutqun, bozumtul dəniz mənzərəsi ilk baxışdan izləyicidə kədərli bir əhval-ruhiyyə oyadır. Güclü küləyin enerjisini, gərginliyini qüvvətli bir şəkildə təsvir edən rəssamın bədii ifadə manerası diqqətəlayiqdir. Fəryad edən bozumtul səmada incə bir cizgi kimi əks olunan zəif bir günəş şüası görünür. Sanki bu cılız işıq ümidsiz atmosferə ümid bəxş edən yeganə çıxış yoludur. Kompozisiyada külək ilə mübarizə aparan ağac və təbiətin əzəməti qarşısında olduqca zəif görünən insan fiqurlarına da yer verilmişdir. Sadə kompozisiya düzümü kifayət qədər emosional və intensiv həll olunmuşdur.

Nə qədər ki, yaradıcı insanların yaratmaq eşqi ilə döyünən qəlbi və təbiətin yorulmadan, dayanmadan bir-birini əvəz edən insan övladına-bəşəriyyətə təqdim etdiyi təkrarolunmaz mənzərə və təəssüratları varsa bir o qədər də əsrlər boyu yaşayacaq təsviri sənət nümunələri yaranacaq və hər birimizin mənəvi zövqünü oxşamaqda olacaq.

 

Azərbaycan Dövlət Rəsm Qalereyası

Könül Vəliyeva