“Ənənəvilik ilə zənginləşən sənət yolu/ Cavid Məmmədov yaradıcılığı…”

30.11.2023 /
“Ənənəvilik ilə zənginləşən sənət yolu/ Cavid Məmmədov yaradıcılığı…”

Məşhur quru Oşo deyir ki: "Əgər insan öz köklərindən möhkəm yapışsa, ən güclü külək belə ona təsir edə bilməyəcəkdir".

Hər canlı öz kökü ilə həyata tutunur. Bütün canlılar kimi insan da öz kökləri ilə öz varlığını təsdiqləməyə qadirdir. Öz qədim köklərindən asılı olmayan bəşər tarixi əsla inkişaf edə bilməz. İnsan üçün “kök” axtarışı özlüyündə bir “dəryadır”. Bu dərya ancaq aid olduğu dənizə axmaqla öz mənbəyinə, yəni kökünə sadiq qala bilər. Ənənəviliyə, milli köklərə, dəyərlərə diqqət yetirən, onları qoruyaraq, öz sənətində təbliğ edən gənc, amma peşəkar rəssamlarımızdan biri də Cavid Məmmədovdur. İncəsənəti sadəcə peşə və ya məşğuliyyət olaraq deyil də, əsasən həyatının ayrılmaz bir parçası kimi görən Cavid Məmmədovun bədii ifadə tərzi, sənətə baxış bucağı olduqca dərin, fəlsəfi və sentimental xarakter daşıyır.

 Hər bir sənətkar həyatın gözəlliklərini, rənglərini, fakturasını, duyğu və düşüncələrini izləyicilərin qəlbinə öz əsərləri ilə nəqş edən “nəqqaşdır”. Çünki həyat və incəsənət bir-birilə çox sıx bağlıdır. Kainatın özü də sevgi və incəsənət ilə yaradılmışdır. Kainatın mahiyyətində harmoniya vardır… Tarazlıq, kompozisiya, nisbət və hesablama vardır…

 Bu “bədii düsturu” hər bir kompozisiyasında məharətlə icra edən rəssamın şərq ab-havalı sənət nümunələri onun dərin düşüncələrinin və həssas duyğularının dolğun təcəssümüdür. Ümumiyyətlə, incəsənət bəşər övladının sevdiyi və heyran olduğu gözəlliklərdir. Gözəllik isə Allahın “Cəmal”  sifətində kölgələnən ümdə xəzinələrdən yalnız bir zərrəsinin süzülüb, yer üzünə faş olmasıdır. Əlbəttə ki, bəşəriyyət hər zaman gözəlliyə meyil etmiş, onun arayışında olmuşdur. Bu arayışın ən mühüm təmsilçiləri isə qeyd-şərtsiz, sənətkarlardır.

 Sənətkar Cavid Məmmədov kimdir?

Cavid Tahir oğlu Məmmədov 4 mart 1987-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, 2003-2007-ci illərdə Əzim Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbinin Rəngkarlıq fakültəsini bitirmişdir. Rəssam 2008-ci ildən etibarən professional şəkildə yaradıcılıq fəaliyyəti göstərməyə başlamışdır. Cavid Məmmədov 2009-cu ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Onun 2009-cu ildə Türkiyənin Ordu və Fatsa şəhərlərində fərdi sərgiləri keçirilmişdir. Ölkəmizdə və bir sıra xarici sərgilərdə Cavid Məmmədov öz orijinal bədii həllə malik əsərləri ilə milli rəngkarlığımızı uğurla təmsil etməkdədir.

 Rəssam Cavid Məmmədovun klassik, sentimental və romantik ab-havaya malik bədii ifadə tərzinin diqqətçəkən xüsusiyyətləri əsasən, yaradıcılığının müsbət, nikbin energetikası və sehridir. Zəngin rəng palitrası,  işıq- kölgənin yumşaq dərinliyi, ekzotik kontekst və alleqorik yanaşma rəssamın nağıla bənzəyən yuxu və röyalarını kətan üzərində təqdim etməsində önəmli faktorlar arasındadır. Gözəlliyi və dərin düşüncələri aynalayan rəsm əsərlərinin müəllifi olan Cavid Məmmədov yaradıcılığında fiqurativ obrazların şərhinə də xüsusi diqqət ayırmağı ilə seçilir. Zəngin və mürəkkəb səhnələri kətana köçürən sənətkarın bədii üslubuna ənənəvi miniatür sənəti və şərq incəsənəti olduqca təsir göstərmişdir.

O, islam fəlsəfəsi və sufizm kimi mövzuları, bütün əsərlərində insanın daxili əndişələrini, köklərini, üzləşdiyi maneələri müşahidə edir. İntəhası, Mövlanə əbəs yerə demir ki; “Hər çətinliyin sonunda bir işıq vardır. Əgər əlləriniz tikan yaraları ilə qan içərisində qalıbsa, demək ki, gülə toxunmağınıza az qalıb.”

 Rəssamın bədii fəaliyyətindəki maraqlı əsərlərindən biri “ Qırmızı Əjdaha” isimli kompozisiyadır. Şərq nağıllarını və mifologiyalarını yada  salan bu  fiqurativ rəsm əsəri olduqca maraqlı və ifadəli həll edilmişdir. Əjdahalar insan təxəyyülü ilə yaradılmış mifik varlıqlardır.  Onlar ilan, kərtənkələ kimi müxtəlif heyvanların birləşməsini təmsil edir. Rəssam əsərin əsas obrazı olan əjdaha fiqurunu mükəmməl bir şəkildə stilizə etmişdir. Bu əjdaha fiquru bizə Uzaq Şərq ab-havasını xatırlatmağı ilə yanaşı , həm də Qasımuşağı xalçalarında tez-tez rast gəldiyimiz qırmızı əjdaha çeşnilərini göz önünə gətirir. Bu əsərin mükəmməl olması əhəmiyyətli dərəcədə onun ümumi tarazlığından və harmoniyasından irəli gəlir. Burada  əjdaha fiquru nəfsi təmsil edir. Rəssam bu fiqur ilə əslində insanın ən böyük rəqibinin elə özü olduğunu, mübarizə apardığı nəfsi olduğunu göstərmək istəyir. Nəfs insanın görünməyən üzü, cəmiyyətdən gizlətdiyi, ortaya çıxsa insanlar tərəfindən xoş qarşılanmayacağı tərəfidir. Bu canlı, qırmızı əjdaha fiqurunu rəssam qara, saya arxa fon ilə tamamlamışdır. Bu arxa sanki insanın çox gizli, müəmmalarla dolu bir mağaraya bənzətməyimiz üçün mövcuddur. Çünki həmin mağaranın dərinliklərində yatan bir “qırmızı” əjdaha vardır. Əgər bu əjdaha mağaranın zifiri qaranlığında nəfəs almağa davam edə bilirsə, bu o deməkdir ki, o, sağdır və hər an oyana bilər. Onu ram etmək isə yenə insanın öz əlindədir.

 Əfsanəvi, mifik fiqurlara tez-tez müraciət edən rəssamın “Simurq quşu” əsəri də olduqca maraqlı və diqqətəlayiqdir. Bütün quşların hökmdarı olan simurq quşu feniks və ya səməndər kimi də tanınır. Bu möhtəşəm quş müdriklik ağacında yaşayır. Ən böyük özəlliyi göz yaşlarında şəfa olmasıdır. Simurq yanaraq külə dönüb, yenidən küllərindən doğulmağa qadirdir. Ümumiyyətlə, quşlar vəhdət və cisimi, “vəhdəti-vücudu” təmsil edən fiqurlardır. Rəssam burada həqiqəti dərk edənləri, yəni həqiqət yolçularını simurq quşuna bənzədir. Çünki bu quş təkamülü, fəziləti, sədaqəti, zərifliyi və ədalətin rəmzidir. Rəvayətə görə, otuz quşa xas xüsusiyyətlərə malik olduğu üçün bu quş “si-murq” adlandırılmışdır. Farsca sifət ifadəsi olan bu nomenklaturada “sî” otuz, “murq” isə quş deməkdir.

Rəssam Cavid Məmmədov simurq quşu təsvirlərini adətən kontrast rənglərlə ifadə etməyə üstünlük vermişdir. Onlardan biri də sarı fon üzərində, kəskin gözlərini “ovuna” tuşlayan, ona doğru süzülərkən təsvir olunan bir başqa simurq təsviridir.

İkinci buna bənzər kompozisiya isə “Zümrüd quşu” adlanır. Onun qanadlarında qığılcım qopmaqdadır. Səfəvilərin döyüş bayrağının başlığında da bu quş fiquruna yer verilmişdir. Zümrüd quşu bu kompozisiyada  ərşə doğru süzülərkən təsvir olunmuşdur.

 Ümumiyyətlə, heyvan və quş fiqurlarına xüsusi diqqət ayıran gənc rəssamın yaradıcılığında pələng, at, öküz ,keçi, maral, tovuzquşu, balıq kimi animalistik obrazları tez-tez görmək mümkündür.

Məhz rəssamın heyvan fiqurlarına yer verdiyi, dərin mənaya və maraqlı kompozisiya həllinə malik olan əsərlərindən biri də “Haqq söz” isimli sənət nümunəsidir. Bu kompozisiyada kiçik bir quş fiquru ilə nəhəng dəvə arasındaki mübahisənin dolğun ifadəsi təsvir olunmuşdur. Burada rəssam güc və yaxud da ədalət anlayışının böyüklükdə deyil də, cəsarətdə olduğunu vurğulayır. Çünki cəsarət böyük nemətdir, dəyərdir. Cəsarət olmadığı yerdə ədalətə də yer tapmaq mümkün olamayacaqdır. Hər iki fiqurun duruşu, pozası xüsusi diqqət tələb edir. Kiçik quş fiquru cəsur və məğrur təsvir olunmuşdur. O, heç nədən qorxmur, ədaləti təmsil edir. Dəvə fiquru isə nəhəng ölçülərə sahib olmasına rəğmən, kiçik bir quşcuğazın qarşısında olduqca tədirgin, gərgin və aciz təsvir olunmuşdur. Bu da onu göstərir ki, həqiqətən də ədalət gücdə deyil, əksinə güc ədalətdədir…

Gənc rəssamın yaradıcılığında quş fiqurları da ön plandadır  Onun bu baxımdan ən maraqlı əsəri “Quşların sirli söhbəti” isimli kompozisiyasıdır. Bu əsər tamaşaçılara sufi şair Əttarın “Quşların söhbəti” şeirini xatırladır. Bu mistik tablodan bahar ab-havası hiss olunmaqdadır. Quş fiqurları ümumiyyətlə gəncliyi, gənc ruhu, təravəti özündə ehtiva edir. 

 Fiqurativ rəssamın mövzu seçimləri arasında insan obrazı isə adətən daha qabarıq bir şəkildə ifadə olunur. Onun müxtəlif “şərq” simalı obrazlara yer verdiyi bu əsərlər arasında ən maraqlısı “Saqi” isimli kompozisiyadır. Kompozisiyada ilahi, sufi eşqin ucalığı, təmizliyi və ülviliyi ön planda verilmişdir. Əslində mənaca “saqi” sözü şərab paylayan kəsi izah etsə də, burada ehtimal ki, məcazi mənada işlədilmişdir. Saqi obrazını bir növ ilham pərisi kimi, ilahi varlıq kimi qiymətləndirən rəssamın əsas qəhrəmanı sanki xab içində yatarkən kətana köçürülmüşdür. Rəssamın kolorit seçimi şərqsayağı səciyyəyə malikdir. Cavid Məmmədov yaradıcılığının ən üstün və mübhəm cəhətlərindən biri onun insan fiqurlarının simalarının sanki xəyali bir tül ilə örtməsi, onları kölgələməsidir. Rəssam bu obrazların gözlərini izləyicilərdən bilərək gizləyir. Beləliklə də, əsərlərdəki obrazlarda mövcud olan müəmmalarla dolu ab-hava izləyicilərin marağına səbəb olur.

Rəssamın “Müəzzin” isimli kompozisiyası ilahi eşqə çatmış bir ruhun bəlağətli təcəssümüdür. Sanki hər an həmin müəzzinin yanıqlı səsi qəlbimizə toxunub, bizi kövrəltəcəkdir. Gənc rəngkar sanki bu əsərdə bir mənalı olaraq, şərqin “dilini” tapmışdır. Bu obrazın da simasında qeyri-müəyyənlik vardır. Həqiqətən də, sirr dolu dünyamızda hər bir kəsin sirli bir varlıq olduğunu əsərləri ilə təsdiq edən Cavid Məmmədovun bu kompoziyası nikbin ovqata malikdir.

“Vəcd” isimli sənət nümunəsində şərq mədəniyyətinin cazibəsini ifadəli bir şəkildə özündə daşıyan musiqi sənətini kətana köçürən mahir fırça ustasının orijinal dəst-xətti dolğun bir şəkildə şərh olunmuşdur. Lirik duyğu seli əsərin ən ümdə xüsusiyyətlərindən biridir. Həssas musiqinin miniatürsayağı yanaşma ilə vəhdəti rəssamın duyğu və mənəviyyat ilə bağlı müşahidələrinin əksidir.  Xəfifcə başını aşağı əyən xanəndə obrazında gözəgörünməz bir ritm, ahəng vardır. O, ülvi duyğuların sehrinə təslim olmuşdur. Beləki, bu əsər iki aləm arasında səslənən musiqinin feyzindən pay alan hər bir izləyicidə həyəcan və nikbin əhval-ruhiyyə oyatmağa qadirdir.

“Həzin musiqi” adlı sənət nümunəsində də rəssam musiqinin cəzb məqamından ovsunlanan obraz yaratmağa nail olmuşdur. Kətana sığmayan həzin duyğularla bəzənən kompozisiyasının əsas qəhramanı udda ifa edən musiqiçi obrazıdır. Öz həlim duyğularının ecazına qərq olan rəssamın kolorit seçimi olduqca şux, parlaq və ahəngdardır. Tabloya dinamika bəxş edən əsas amil rənglərdir. Zəngin arxa fona nəzər saldıqca isə hər bir predmet  bulanıb, durulur və sezilməməyə başlayır. Bu da kompozisiyaya mistik ab-hava aşılayır.

Kətana sığal çəkən, titrək fırça vuruşlarının rəng keçidləri ilə ritmik bir şəkildə kombinasiya olunduğu bir digər sənət nümunələrindən biri də “Aşiq”-dir. Bu əsərin əsas obrazı sanki hansısa bir sufi qəzəldən qoparaq, fövrən bir şəkildə kətan üzərində yeni bir nəfəsə çevrilmişdir. Eşq badəsindən nuş etməyə hazırlaşan aşiq fiqurunun zərif, mülayim duruşunda sitəmkar ab-hava vardır. Eşqə boyun əyən gənc obrazın simasında müəyyən qədər melanxoliya da duyulmaqdadır. Bir çox sufi şərq mütəffəkkirlərinə görə eşq ilə hüzn bir-birinə qardaşdır. Bununla yanaşı, eşqin mənəvi bir axtarış olduğu da hər kəsə məlumdur. Ruhun dərinliklərində vüsət alan qəriblik duyğusuna cavab tapmaq üçün ilk öncə eşqi dadmaq gərəkdir. Qəlbi də özü kimi məcnun olan aşiq obrazını kontrast rənglərlə təsvir edən rəssamın dinamikası, daxili həyəcanı ustalıqla kətanda öz əksini tapmışdır.

“Xan qızı” əsərində Azərbaycanın əsilzadə şairi Xurşidbanu Natəvanın obrazını yaradan rəssam olduqca həssas və kövrək ruhlu qadın təsviri ərsəyə gətirmişdir. “Dürrü yekta”  (yəni tək inci) ləqəbli Natəvanı boynunda zərif mirvari, əllərində isə xına ilə təsvir edən rəssam kiçik nüanslara və təfərrüatlara xeyli diqqət ayırmağı da unutmur. Həmçinin portret ilk baxışda qacar üslubunun bədii-stilistik xüsusiyyətlərini də tamaşaçılara xatırlatmaqdadır.

Cavid Məmmədovun “Məcnun” isimli kompozisiyası ilahi eşq şərabını içmiş Məcnun obrazı aşiq bir kəsi təmsil edir. Dərman tapa bilmədiyi eşq mərəzinə büsbütün təslim olan Məcnun obrazının dünyadan təcrid olunmuş, yalnız eşqə soyunmuş ölgün, zəbun halı sənətkar tərəfindən ustalıqla təsvir olunmuşdur.  

“Xurmayı” əsəri isə fırça ustasının bədii fəaliyyətində mövcud olan maraqlı kompozisiya düzümünə malik, lirik ovqatlı əsərləri arasındadır. Kompozisiyanı ahənglə xumarlanan ağ bənizli, xurmayı saçlı gənc qadın obrazı tamamlayır. O, elə bil nağıllar aləmindən gəlib. Sanki uzun saçlarına gücü çatmayan şərq gözəlinin duruşu, zərifliyi, jestqulyasiyası məharətlə şərh olunmuşdur.

Xüsusi mənaya, dərin və dolğun sujet xəttinə malik olan, fəlsəfi səciyyə daşıyan sənət nümunələrinə də müraciət edən Cavid Məmmədovun bu baxımdan icra etdiyi ən maraqlı kompozisiyası “Özünü azad et”dir. Ruh da azad bir quş kimi qanadlarını çırpıb, uça bilir. Burada tamamilə özündən keçmiş, sakit bir şəkildə əllərini göyə açıb, yaradana sığınmağa çalışan kişi obrazını görürük.  Onun əllərinin arasından gecənin qaranlığına doğru ətrafına işıq saçaraq ucalan quş fiquru vardır. Hər iki fiqur burada ilahi həqiqətə çatmaq istəyərək, “azad” olmağa can atır.

Yaradıcılıq fəaliyyəti ilə məşğul olan rəssam Cavid Məmmədovun fiqurativ əsərləri arasında üz cizgiləri bizə aydın olan obrazlar da görmək mümkündür. “Küsəyən” isimli qadın təsviri bu qəbildəndir. Kövrək ruhlu qadın obrazının küskün ədası ön plandadır. Burada qadının simasını, cizgilərini müəyyən qədər görmək mümkün olsa da, məhz gözlər rəssam tərəfindən boz-bulanlıq bir biçimdə həll edilmişdir.

Fırça ustasının mistik ab-havaya malik əsərləri arasında; “Xəyalpərəst”, “Rübab”, “Sahibkıran”, “İnam”, “Qırmızı yanaq”, “Parfumer”, “Əkiz bacılar” və s. mövcuddur.

Duyğularını əsərlərində canlandıraraq sənətsevərlər və hər kəslə bölüşməkdən məmnunluq duyan rəssamın mənzərə janrında icra etdiyi sənət nümunələri yüksək bədii məziyyətləri ilə seçilir. Bu əsərlər arasında “İstanbul”, “Nardaran”, “Bağ evi”, “Naxçıvan”, “Şuşa zirvəsi”, “Xəzərin sahili” kimi qiymətli nümunələr vardır. Cavid Məmmədovun orijinal bədii ifadə həllinə görə seçilən kompozisiyalarından biri “Xəzri”dir. İlk baxışdan kompozisiyada hiddətli xəzri küləyinin uğultusunu hissetmək mümkündür. Köklərinə var gücü ilə yapışan ağac fiqurunun möhtəşəm mübarizəsinə şahid oluruq. Qövr edən külək sanki bu gənc ağaca qəzəblənib, ona dərs verir. Ağac isə öz gücünü sadəcə köklərdən, dib-dəhnədən alır. Eynilə ənənələrinə bağlı olan insan kimi…

Göründüyü kimi, gənc və peşəkar rəssam Cavid Məmmədov gələcəyi parlaq bir sənətkar kimi incəsənət sahəsində dünyagörüşünün özünəməxsusluğu, həyat təcrübəsi və nəhayət, istedadı ilə seçilən önəmli isimlərdən biridir. Beləki, obrazlarla düşünən, təxəyyülünü yaradıcılıq fəaliyyətinin başlıca üslubuna çevirən Cavid Məmmədova bədii fəaliyyətində uğurlar arzu edir, fırçasından süzülən qiymətli əsərlərinin davamlı olmasını diləyirik. 

 

Nigar Hətəmova

Azərbaycan Dövlət Rəsm Qalereyasının kiçik elmi işçisi

E-mail: [email protected]