“Sənətdə sirli məna axtarışı; Cəlal Ağayev yaradıcılığı…”

01.02.2024 /
“Sənətdə sirli məna axtarışı; Cəlal Ağayev yaradıcılığı…”

 

 

 “Rəssam təmkini” ilə rənglərə dominantlıq edən şəxs modern çağda həm müdrik, həm romantik, həm də realist nümayəndə kimi bədii fəaliyyəti ilə çıxış edir, öz varlığını təsdiqləyir. Kövrək ruhlu sənətkarların sirli məna axtarışı kətan üzərində simvollaşaraq, onların xəyal aləminin kölgəsi hesab olunur. Rəssamın palitrası qəlbindən süzülən rənglərlə riqqətə gələrək, fırça ilə rəqs edir. Öz düşüncələrinin mahiyyətini çözələyən rəssam gah əski dəmlərə qayıdır, gah da gələcəyə işıq tutur. Harmoniya ilə cilalanmış sənət nümunələrinin müəllifi Cəlal Ağayev də məhz öz yaradıcılıq kredosu ilə öz dövrünün “dəbli” tablolarını yaratmaqdadır. Sənətkarın sakit görünüşü ilə əsərlərindəki coşğu dolu rənglərdə sanki bir təzad var. Bütün əsərlərində müəllifin ürəyinin saflığı, qəlbinin kövrəkliyi, eyni zamanda Abşerona böyük sevgisi görünməkdədir. Onun bədii ifadə tərzində, üslub baxımından kamil, dərin və dolğun mənalı kompozisiyalar daha çox ənənəvi üslubu özündə büruzə versə də, perspektivli cəhəti ilə də diqqəti çəkməkdədir. Düşüncələrini kətan üzərində gah yağlı boya, gah da akvarel ilə ümumiləşdirən sənətkarın təpədən dırnağa duyğu və xəyal aləmini canlandırmağa çalışması onun əsərlərini daha dəyərli edir. O, duyğu və düşüncələrini obrazlı bir biçimdə tamaşaçıların gözünün qarşısında canlandırmağı bacarır. Qısacası, ənənəviliyə fərqli mövqedən yanaşan peşəkar rəssam bədii fəaliyyətində müasir ruhda sənət nümunələri yaradır. Fərqli mövzulara, milli motivlərə, etno-tarixi elementlərə əsərlərində yer verən Cəlal Ağayev bədii təzadlardan ve dekorativlikdən istifadə etməyi çox sevir. Onun bütün kompozisiyalarında həyati, sevgi dolu, sənət yüklü aura kölgələnir.

Cəlal Ağayev 1983-cü il, sentyabrın 13-də Bakıda anadan olmuşdur. O, uşaq yaşlarından rəsmə, rəssamlığa maraq göstərmişdir. Belə ki, o, Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Kollecinin dekorativ-tətbiqi və təsviri sənət fakültəsini (1998-2002) və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Rəssamlıq fakültəsini (2006-2010) bitirmişdir. Cəlal Ağayev 2010-2015-ci illərdə Dövlət Rəssamlıq Akademiyasının emalatxanasının (“Qrafika” ixtisası) müdiri, 2015-ci ildən bu günə kimi isə “Rəssamlıq və qrafika” kursunun müəllimi, rəhbəri olmuşdur. 2009-cu ildən Cəlal Ağayev Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 2010-cu ildən həm Azərbaycanda, həm də xaricdə keçirilən bir sıra sərgilərin iştirakçısıdır. Onun əsərləri Türkiyə, Ukrayna, Rusiyada, Bolqarıstanda uğurla təqdim olunmuşdur.

Obyektiv reallığı deyil, obyektlərin və hadisələrin insanda oyatdığı subyektiv duyğuları və reaksiyaları təsvir etməyə çalışan rəssamın individual ideyalarından ilhamlanan özünəməxsus üslubu hər zaman Azərbaycan rəngkarlığında seçilib, fərqlənə bilir. Bu əsərləri “nizam və xaos arasında dinamik gərginlik” ilə xarakterizə də edə bilərik. Lakin əsərlərin mahiyyətində vüsət alan harmoniya və incəlik rəssamın aspektindən çıxış edərək, kətan üzərində yeni bir dünya yaradır. Xətt, rəng və formadan dinamik və enerjili istifadə edən rəssamın hər biri obrazlı təsvirində daha çox qavrayış keyfiyyətlərini də vurğuladığı dekorativ-ənənəvi əsərlər ilə xarakterizə olunur.

Rəssamın maraqlı işləri arasında “Gözəl”, “Natürmort”, “Gül”, “Güllər”, “At”, “Nərdivanlar”, “Çarxı fələk”, “Novxanı bağları”, “Abşeron”, “Dəvə”, “Aşıq”, “Zamanın ipi”, “İçərişəhər”, “Başmaqlar”, “Nuhun gəmisi”, “Rəhil”, “Qara çıraqlar”, “Samovar”, “Gözləmə”, “Çarıqlar”, “Mənim xəyali şəhərim”, “Mis qablar və xurcun”, “Kəndin şəcərə ağacı”, “Şuşa. Cıdır düzü”, “Xınayaxdı”, “Ailə mələyi”, “Mis qablar”, “Mənzərə”, “Yosunlar”, “Abşeron bağları”, “Bakı”, “Bakı mənzərəsi”, “Köhnə şəhər”, “Abşeron 2”, “İçərişəhər (triptix)”, “Kəhrəba”, “Qonşuluq”, “Çanaqqala döyüşü” və başqa bir çox əsərlərin adlarını çəkə bilərik.

Rəssamın yaradıcılığında Azərbaycan şairi Nizami Gəncəvinin XII əsrin sonlarında tamamlanmış, “Xəmsə” nin beşinci əsəri olan, “Yeddi gözəl”ə həsr olunmuş silsilə nümunələri vardır. Yeddi gözəl ədəbi əsərdə olduğu kimi, bədii müstəvidə də dolğun və ifadəli bir biçimdə icra olunmuşdur. Hər gözəlin öz xəyali mənası, öz simvolik mahiyyəti vardır. Bundan başqa, möhtəşəm Azərbaycan bəstəkarı Qara Qarayevin 1952-ci ildə üç ilə bəstələdiyi baletin də təsirlərini bu silsilədə görmək olar. Nizami məsnəvisi, Q.Qarayev bəstəsi və Cəlal Ağayevin sənətkar baxışını özündə birləşdirən bu silsilənin hər bir detalı əsl sənət nümunəsini xatırladır.

Rəssam həm emosional, həm də fiziki enerjini kətanda əks edə bilir. Cəlal Ağayevin əsərləri abstrakt/ekspressionizm, impressionizm və realizm arasındakı uçurumu aradan qaldırır. Rəng, faktura və tekstura vasitəsilə dekorativliyi improvizə edən rəssam hər bir əsərə xüsusi bir fəlsəfi tutum ilə yanaşır.

Onun yaradıcılığında təravətli gül təsvirlərinin də xüsusi yeri vardır. Təbiətin gözəlliyinin üzərinə ələndiyi bu güllərin hər biri xüsusi, bəlağətli palitra ilə tamamlanmışdır. Rəssamın “qəlbinin” işığı ilə, istisi ilə parlayan, şölənən hər bir kompozisiyasında  güclü emosiya, xəyal aləmi, estetik zövq dayanmaqdadır.

Peşəkar rəssam ətirlənmiş, təzələnmiş çiçəklərlə yanaşı təbiət mənzərələri, xüsusilə də doğma Abşeronu xüsusi ovqatla kətan üzərində təqdim edir.

Onun qızılı çalarlarla bəzənən, günəşdən pay alan “Abşeron” əsəri buna ən gözəl nümunədir. Abşeronu tərəbnisar ovqatıyla birgə rəngləyən rəssam tamaşaçıları sanki cənnət qədər möcüzəvi bir aləmə səyahətə yola salır. Üzərinə şölələnib nur saçan günəşin istisi ilk baxışdan izləyicini özünə valeh edir. Rəssamın qəlbini riqqətə gətirən doğma  mənzərə sanki “Abşeron şənliyini” özündə ehtiva edir.

Kölgə salındıqca daha çox nazlanan Abşeron təsvirini isə rəssam “Abşeron 2” adlı tablosunda təqdim etmişdir. Abşeronun küləkləri də özü kimi nəğməkardır. Sarı, qızılı günəş ilə təzad yaradan soyuq çalarlı kölgələr əsərin ümumi bədii gücünü daha da artırır.

Rəssamın “Novxanı bağları” əsəri isə zəngin təbiətli Bakı kəndini özündə təcəssüm etdirir.  Rəssam, xəyal dünyasını bəzəyən, keçmiş dəmləri özündə ehtiva edən səmimi ovqata malik mənzərə əsərini yaratmışdır. Bu kolorit həlli rəssamın daxili dünyasından, Abşerona bağlılığından, individual əhval-ruhiyyəsindən xəbər verir. Bu əsərdə də göründüyü kimi rəssamın bədii qayğılarından biri də, kompozisiyanın ümumi tarazlığıdır. Rəssamın təbiəti balans içində təsvir etməsi, emosional reaksiyası, bədii intuisiyası həmin əsərlərin ümdə amillərinə çevrilir.

Cəlal Ağayevin çağdaş zehniyyəti və ənənəyə bağlılığının bariz nümunəsi olan natürmort əsərləri isə innovativ çərçivədən çıxış edərək, ortaya özünəxas bir baxış açısı bəxş edir. Bu natürmort nümunələrində ilk baxışdan şərqin ab-havası duyulur. Milli və ənənələrə xas ovqat sezilir. Mis qablar, dəyərli çeşnilərimiz ilə bəzənən xalicə nümunələri, kompozisiyada orientallıq və dekorativliyin pozulmaz vəhdəti məhz bu əsərləri səciyyələndirən əsas faktorlardır.

Onun yaradıcılığında diqqəti çəkən fərqli və maraqlı nüanslardan biri də animalistik fiqurlardır. Xüsusilə də, at fiquru…

At fiqurları rəssam üçün səssiz enerji, heyvan təbiəti üçün sanki metaforadır… Beləki, rəssamın da at fiqurları öz tamaşaçıları ilə enerji və emosiya vasitəsilə sözsüz ünsiyyət qura bilirlər. At fiqurları stilizə olunmuş bir biçimdə kətanda öz əksini tapırlar. Xüsusi şux rənglərlə boyanıb, sanki müəyyən əhvalatı özlərində ehtiva edirlər. Onun fiqurlarındakı forma və rəng qradasiyası həm harmonik, həm də təzad səciyyə daşıya bilməkdədir.Ağayevin dolğun və ifadəli əsərlərinin arxasında ümumiləşdirdiyi qədim bir tarix, milli və adət-ənənələrimizi özündə ehtiva edən mənalı bir dünya gizlənməkdədir. O, həm əsərlərinin hər incə detallarında qəlbindəki sirrləri faş edir, həm də eyni detalların arxasında bir çox müəmmanı kölgələyir. Rəssamın sənət dünyasına bəslədiyi səmimi, estetik münasibət öz individuallığı, fərdiliyi ilə seçilir. Vətəni, hiss və düşüncələrini, insanı, gözəli tərənnüm etməkdən əsla çəkinməyən usta sənətkara həyat və yaradıcılıq yolunda bitib-tükənməyən uğur və nəaliyyətlər arzu edirik.

Azərbaycan Dövlət Rəsm Qalereyasının kiçik elmi işçisi

Nigar Hətəmova

Email: [email protected]